"Həmin gün keçirdiyim acı hissləri heç vaxt unuda bilmirəm..."

17:13 12-11-2020 | icon 594 | Cəmiyyət
"Həmin gün keçirdiyim acı hissləri heç vaxt unuda bilmirəm..."

Mikayıl Zeynalov: “Bu savaşa baxanda deyirəm: - kaş ki…”

 

Versus.Az “Həftə içi” qəzetinin 1-ci Qarabağ müharibəsi döyüşçülərinin bu günün Vətən Müharibəsinə ötürdyü nəsnələrə mayak rubrikasını təqdim edir.

 

Biz bu gün ötən döyüşlərdən əsgər xatirələrinin dili ilə danışacağıq. Və Görəcəyik ki, "VƏTƏN MÜHARİBƏSİnə I QARABAĞ DÖYÜŞLƏRİndən BAXAN O ƏSGƏR” kimdir və bu günün əsgəri kim… Onun qorxmazlığının, bugünkü qalibiyyətimizin nüvəsinə ötürdüyü enerjinin, ənənənin əsasında nə dayanır"...

 

Əslində biz bu gün VƏTƏN MÜHARİBƏSİndə döyüşən əsgərin öz cəngavər ruhunu hardan, kimdən aldığını biləcəyik…

 

…Bu VƏTƏNİN başı nələr çəkmədi ki...

 

Tariximiz neçə dəfə saxta möhürlərlə damğalandı. Torpaqlarımız Ermənistan adlı terrorçu dövlətin həmlələri hesabına neçə dəfə parçalandı. Erməni əli ilə Vətənin sinəsinə vurulan çapıqlar, sızlatdı vətən içində vətənsiz qalan ürəkləri.

 

Millitarist qüvvələr sevgili Azərbaycanımın müqavimətini qırmaq üçün düşməndən bir maşa kimi istifadə etdi. Kürəkçay (1805), Gülüstan (1813), Türkmənçay (1828) müqavilələri əsnasında bölündü vətən, yağmalandı torpağım. Qaniçənlərin ürəkləri soyumadı. Azərbaycana qarşı hücumlar onun dövlətçilik əzmini, azadlıq mübarizəsini soyqırımlar, deportasiyalar, köçkünlük, qaçqınlıq taleyi yaşatmaqla davam etdirdi. Lakin milli dəyərlərə, tarixi qan yaddaşına, milli-mənəvi, ruhi dəyərlərə malik olan bu millət, xalq, dövlət bütövlükdə özünün ana nüvəsini qoruya bildi. Mübarizlik əzmini itirmədi. Və bu gün Vətənin müdafiəsinə qalxıb və torpaqları azad edir…

 

Hansı ki, 1-ci Qarabağ müharibəsində o torpaqları itirmişdik. Torpaq işğaldadır deyə, düz 30 il için-için əridik, səbr etdik. Artıq dərindən nəfəs alma zamanıdır. Azərbaycan Ordusu Vətən Müharibəsində qalibiyyətlərə imza atır. Bu şanlı tarix keçmiş döyüşçülərin ruhunda hansı hissləri göyərdirsə, bütövlükdə Azərbaycan olaraq onu hiss edirik, yaşayırıq. Artıq Vətən sevən oğullar geriyə buraxdığı o qanlı, qadalı itkilərlə dolu savaşdan bu günə baxanda hər şeyə rəğmən “şükürlər olsun”- deyə bilir…

 

Ordumuzun qələbə dolu günlərini böyük şükranlıqla, mübarizlik əzmi ilə izləyənlərdən biri qonağımız, keçmiş döyüşçü, İqtisad Universitetinin prorektoru, hüquq üzrə fəlsəfə doktoru, Laçın rayonunun Qovuşuq kəndində dünyaya gəlmiş Mikayıl Zeynalovdur.

 

 

 

“…o zaman torpaqlarımız işğal olunmaz və bu qədər şəhidlər verməzdik”

 

Mikayıl müəllim dedi ki:

Azərbaycan dövləti müstəqillik illərinə ilk qədəm qoyduğu vaxtdan bədnam qonşularımızın və onların havadarlarının torpaq iddias ilə üz-üzə qaldı. O zaman, dünyada və süquta uğramış SSRİ-dən ayrılan respublikalarda, həmçinin Azərbaycanda gedən ictimai-siyasi prosesləri və siyasi prosesləri düzgün qiymətləndirməyi bacarmayan şəxslərin Azərbaycanda hakimiyyətə gəlməsi ölkəmizi fəlakətə sürükləyirdi. Hakimiyyət uğrunda gedən siyasi çəkişmələrdən istifadə edən ermənilər isə öz havadarlarının köməyi ilə torpaqlarımızı işğal etməyə başladılar. Həmin döyüşlər zamanı on mindən çox qəhrəman Azərbaycan oğulları vətən uğrunda Şəhidlik zirvəsinə yüksəldi, minlərlə qəhrəman oğullarımız xəsarət alaraq sağlamlığını itirdi, bir milyona yaxın vətəndaşımız öz dogma torpaqlarından didərgin düşdü.

…Azərbaycan dövləti öz müstəqilliyinə qovuşanda Ulu Öndər Heydər Əliyev ölkə rəhbərliyinə gətirilsəydi, o zaman torpaqlarımız işğal olunmaz və bu qədər şəhidlər verməzdik.

Bu gün başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Azərbaycan Ordusu tərəfindən işğal altında qalmış ərazilərimiz düşmən tapdağından təmizlənərək ərazi bütövlüyümüz bərpa olunur. Bu savaşa baxanda deyirəm: - kaş ki, bu keçən illər ərzində vətən həsrəti ilə həyatını itirmiş soydaşlarımız bu sevincli günləri görmüş olaydılar və şükr edirəm ki, torpaqlarlarımız işğaldan azad olunmaqla ərazi bütövlüyümüz təmin olunur.

 

“Tanka və topa qarşı ov tüfəngi, ən yaxşı halda isə avtomat silahı ilə mübarizə aparılırdı”

 

Bu günün Qarabağ müharibəsi, o Qarabağ müharibəsindən fərqlənir.

 

O zaman, yeni yaradılmış ordunun maddi-texniki təminatı çox acınacaqlı vəziyətdə idi. Bizim arsenalımızda olan silahlar köhnə və yararsız vəziyyətdə idi. Ermənilərə isə havadarları tərəfindən maddi-texniki dəstək verilməklə yanaşı, ən müasir silahlar pulsuz olaraq verilirdi. Bu da müstəqilliyini yeni qazanmış, təklənmiş, maddi imkanları yox səviyəsində olan ölkəmiz üçün faciə idi. Tanka və topa qarşı ov tüfəngi ilə, ən yaxşı halda isə avtomat silahı ilə mübarizə aparılırdı.

 

Hal-hazırda isə cənab Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında Azərbaycan silahlı qüvvələri dünyanın ən inkişaf etmiş ölkələrinin silahlı qüvvələri arasında birinci əllilikdə yer almışdır ki, bu da hər bir azərbaycanlı kimi məni də qürurlandırır. Bu gün ən müasir silahlarla təchiz olunmuş Azərbaycan ordusu düşmənə layiqli cavab verməklə torpaqlarımızı işğaldan azad edirlər.

 

“ermənilər atəşkəsə razılıq verməyə məcbur oldular”

 

Ulu öndər Heydər Əliyev ikinci dəfə xalqımızın təkidli, tələbi ilə Azərbaycan rəhbərliyinə gəldikdən sonra orduda vahid komandanlıq yaranmağa başladı. Bunun nəticəsində 1994-cü ilin yanvar ayının 4-dən 5-nə keçən gecə Azərbaycan silahlı qüvvələri əks hücuma keçərək işğal altında olan Füzuli rayonunun 22 kəndini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini düşmən tapdağından azad etdi. Bununla da ermənilər atəşkəsə razılıq verməyə məcbur oldular. Həmin döyüşlər, igid övladlarımıza hər bir çətin və imkansızlıq şəraitində belə vətəni daha da sevməyi və bu yolda şəhidlik zirvəsinə yüksəlməyin şərəf olduğunu anlamaq imkanı verdi.

 

“…bu döyüşlər zamanı şəhid olan dostlarımı unuda bilmirəm”

 

Bu döyüşlərdə, ilk dəfə 1994-cü ilin yanvar ayının 4-dən 5-nə keçən gecə əks-hücum nəticəsində işğal altında olan torpaqlarımızı geri alarkən keçirdiyim sevinc hisslərini və bu döyüşlər zamanı şəhid olan dostlarımı unuda bilmirəm. Və düşünürəm ki, heç vaxt unutmayacağam. Mənim qəhrəmanım Ulu Öndər Heydər Əliyev və cənab Ali Baş Komandan İlham Əliyevdir. Hesab edirəm ki, mən məni çox yaxından tanıyan insanların qəhrəmanıyam.

 

“...gözü yollarda qalan vətənimiz öz övladlarına qovuşacaq”

 

Vətən hər zaman müqəddəsdir. Dünənə qədər, bu gün və həmişə vətən sevgisi tükənməyəcək. Düşmən tapdağı altında olan torpaqlarımız azad olunduqca vətən borcumuzun yerinə yetirildiyini düşünürəm.

 

Əlbəttə ki, bir döyüşçü, əsgər hər şeydən əvvəl dövlətçiliyimizi və vətənimizin bütövlüyünü düşünür. Eyni zamanda mən bu gün doğulduğum yerlərdən uzaq olduğum illərimə heyfslənirəm.  Lakin bu döyüşlər bizə çox şeyi xatırlatdı. Öyrətdi ki, sahib olduğumuz hər şeyi xüsusilə də vətənimizi sevmək azdır. Onun hər qarışına sahib çıxmaq və onu göz bəbəyi kimi qorumaq lazımdır. Bu gün hər kəs öz üzərinə düşən işləri yerinə yetirməklə yanaşı vətən qarşısında olan öhdəliklərini də yerinə yetirməlidir. Düşməndən qisasımızı tam almaq üçün mən də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatdan keçmişəm və Azərbaycanımızın ərazi bütövlüyü uğrunda müqəddəs mübarizədə döyüşə qatılmağı səbirsizliklə gözləyirəm. Tezliklə işğal altında olan torpaqlarımızın hamısını Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edəcəyik və gözü yollarda qalan vətənimiz öz övladlarına qovuşacaq.

 

Bir şeyi heç vaxt unuda bilmirəm... 1994-cü ilin aprel ayının 21-də hazırda düşmən tapdağından azad edilmiş Horadiz kəndi yaxınlığında gedən ağır döyüşdə mən və 10 il mənimlə bir sinifdə təhsil almış dostlarım Vüqar, Həbib və dayım oğlu Həmid düşmən tankının atdığı mərmi partlayışı nəticəsində eyni vaxtda xəsarət almışdıq. Lakin, mən aldığım xəsarətdən sonra düşdüyüm vəziyyətlə əlaqədar olaraq onların həmin partlayışdan Şəhid olmalarını 6 aydan sonra bilmişəm... həmin gün keçirdiyim acı hissləri heç vaxt unuda bilmirəm...

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ