“Ermənistan bu bəyanatı öz xoşu ilə imzalamadı”

22:00 13-11-2020 | icon 490 | Siyasət
“Ermənistan bu bəyanatı öz xoşu ilə imzalamadı”

Natiq Miri: “Rusiyanın gələcəkdə Azərbaycana hansısa təhlükə yaratma ehtimalı Türkiyənin prosesdə iştirakından sonra minimuma enir”

 

Azərbaycan Ordusu ərazilərimizin bir qismini hərbi yolla azad etdi və dərhal sonra Azərbaycan, Rusiya və Ermənistan rəsmilərinin diplomatik müstəvidə imzaladığı bəyannaməyə əsasən işğalçı dövlət öz məğlubiyyətinə imza atmağa məcbur edildi. Hazırda torpaqlarımızın azad olunması prosesi Rusiya sülhməramlılarının müdaxiləsi ilə həyata keçirilməlidir. Sülhməramlılar Qarabağda proseslərə hansı təsirini göstərəcək?

 

Versus.Az xəbər verir ki, vəziyyəti şərh edən politoloq Natiq Miri mövcud vəziyyəti dəyərləndirən zaman qaneedici və qeyri-qənaətbəxş məqamlara diqqət çəkib.

 

Bildirib ki, həqiqəti bilmək qəhrəman Azərbaycan xaqlının haqqıdır və heç bir korporativ maraq güdülmədən, bir çox qaranlıq məqamlara aydınlıq gətirilməlidir:

 

“Azərbaycanın işğalda olan torpaqlarının azad olunmasına verilən qərar, xalqın bir ürək, yumruq kimi prosesə qoşulması qaneredici və qürurlu məqamdır. Ortada xalqın çox ciddi qələbəsi var. Çünki Qarabağda işğal olunmuş ərazilər məhz qəhrəman əsgərlərimizin vasitəsi ilə azad olunub. Doğrudur, bu zəfər hələ ki, tam deyil, amma...”

 

N.Miri bununla yanaşı bu prosesdə geosiyasi maraqların nəzərə alınmasını mühüm amil kimi önə çəkib:

 

“Biz bir reallığı da düşünmək məcburiyyətindəyik. Burda Rusiya amili xüsusilə qabarıq görünür. Çünki Rusiya digər həmsədr ölkələrdən fərqli olaraq, qonşu ölkədir və ayrıca böyük dünya gücüdür. Elə məsələlər var ki, Azərbaycan kiçik dövlət olduğu üçün bəzi geosiyasi reallıqlarla üzləşmək məcburiyyətindədir. Digər tərəfdən, müəyyən geosiyasi vəziyyət və maraqların təhlili nəticəsində müəyyən qənaətlər ortaya çıxır.  Söhbət ondan gedir ki, digər həmsədr dövlətlər - Fransa ilə ABŞ  gələcək perspektivdə Azərbaycandan yana olmaya bilərdi.  Fransa ilə bağlı məsələ artıq birmənalıdır. Prezident Makronun Ermənistanı dəstəkləyəcəyi artıq heç kimə sirr deyil. O ki qaldı ABŞ-a, bu məsələdə müəyyən qaranlıqlar olsa da, Baydenin prezident seçilməsi Azərbaycan üçün bəzi xoşagəlməz məqamları ortaya qoya bilərdi. Çünki Bayden Soros-çudur və o,  Sorosun böyük maliyyəsi nəticəsində Donald Trampı bu seçkilərdə məğlub edə bildi. Ermənistanın baş naziri Paşinyanın da bir Soros uşağı olduğunu düşünsək, onda ABŞ-ın da gələcək perspektivdə Ermənistandan yana ola biləcəyi ehtimalı çox böyük idi. Ona görə də Cənubi Qafqaz uğrunda mübarizədə, xüsusilə Qarabağ məsələsində əldə edilən uğurlar kontekstində  bu problemin siyasi çözümündə xoşagəlməz nəticələrin ortaya çıxa biləcəyi ehtimalı çox böyükdür. Ən nəhayət, bizi dəstəkləyən qardaş Türkiyə amili də var. ABŞ və Fransanın prezidentləri qardaş ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğanı da sevmirlər. Hətta gələcək perspektivdə Ərdoğanın hakimiyyətdən devrilməsi ilə bağlı verdikləri bəzi vədlər də var.  Bunu da unutmayaq. Ona görə də düşünürəm ki, münaqişənin üçtərəfli formatda həlli məhz Türkiyə, Azərbaycan və Rusiya arasında çox ciddi geosiyasi təhlillərdən sonra ortaya atılıb”.

 

Politoloq bildirib ki, Ermənistan bu bəyanatı öz xoşu ilə imzalamayıb, bunu Azərbaycan ordusu etdi. N.Miri hesab edir ki, 2-3 gün də hərbi əməliyyatlar davam etsəydi, ermənilər birmənalı olaraq işğal olunmuş ərazilərdə mühasirəyə düşəcəkdilər:

 

“Bu da bütün ordunun tamamilə məhv olmasına  və yaxud da ki, təslim olmasına gətirəcəkdi. Bu, Ermənistan və onun havadarı olan Rusiya üçün arzuolunmaz amildir. Bütün işğal olunmuş ərazilərdə Azərbaycan öz suverenliyini öz gücü ilə əldə etmiş olsaydı, Rusiyanın burda hər hansı quyruq bulamasına ehtiyac qalmayacaqdı. Bu həm siyasi, həm də hüquqi cəhətdən belədir.  Ona görə də qatar tamamilə getməmiş, Rusiya və Ermənistan dərhal bu prosesə qoşuldular və onların razılığı ilə bu bəyanat imzalandı”.

 

Politoloq qeyd edib ki, bizi bu məsələdə qane etməyən yeganə məqam Rusiya sülhməramılı qoşunlarının Azərbaycana - Qarabağa gəlməsi ilə bağlıdır:

 

“2008-ci ildə dünyanın gözünün qarşısında, hər kəsin müşahidə etdiyi praktika var. Həmin təcrübəyə əsasən Gürcüstanda -Abxaziya və Osetiyada Rusiyanın BMT-də aldığı mandat çərçivəsində bir sülhməramlı missiyası var idi. Rusiya az sonra  bu sülhməramlı missiyadan işğalçı ölkyə çevrilərək Gürcüstanın bölgələrini işğal etdi. Bu günün özündə də bu ərazilərin Rusiyaya birləşdirilmə prosesi gedir. Doğrudur, bu proses hələlik həyata keçirilməyib, ancaq “Demokl qılıncı” kimi Gürcüstan hakimiyyətinin başı üzərində dayanıb. Bu da Gürcüstana qarşı bir təzyiq mexanizmidir. Buna görə də  Rusiyanın “sülhməramlı” çətir altında işğalçı olaraq Qarabağa gəlməsi bizi qane edə bilməz, həm də narahatedici bir məqamdır”.

 

Politoloq bu məsələdə Türkiyə amilinin olmasını mühüm hesab edib. Bildirib ki, məhz buna görə də mütləq mənada Türkiyə ilə Rusiya arasında əlavə anlaşmaya ehtiyac olduğu vurğulanırdı. Əks halda bu, gələcək perspektivdə çox böyük təhlükə yarada bilərdi:

 

“Rusiya indiyədək sülhməramlı kimi getdiyi regionlardan çıxmayıb. Əgər çıxıbsa da işğalçı bir dövlət olaraq çıxıb. Bizi naharat edən əsas məqam odur ki, Azərbaycan istənilən an müstəqil qərar verərsə, Rusiya Qarabağ yarasını qanatmaq imkanı qazanacaq. Ona görə də Türkiyənin bu məsələdə balansyaradıcı qüvvə olaraq iştirakına mütləq mənada ehtiyac var idi. Belə bir anlaşma da dünən Rusiya ilə Türkiyə arasında imzalandı”.

 

N.Miri bildirib ki, ictimaiyyətin bilməli olduğu məqamlardan biri də budur ki, Türkiyə Rusiya kimi sülhməramlı statusunda çıxış etmir:

 

“Türkiyə bu prosesdə yalnız Rusiya ilə birlikdə yaradılacaq monitorinq mərkəzində texniki cəhətdən iştirak edən bir qüvvə kimi çıxış edir. Bütün prosesdə əsas tənzimləyici güc olan qüvvə  Rusiyadır. Rusiya Laçın dəhlizi ilə paralel olaraq Ermənistanın işğaldan azad olunmayan bütün ərazilərdə yerləşən erməni ordusunun çıxarılması ilə bağlı öhdəlik götürüb. Bu məsələ bir qədər çirkli məsələdir və bu çirkli məsələnin dolayısı ilə Rusiyaya həvalə edilməsi doğru bir addımdır. Çünki Rusiya qaba güc olduğu üçün bunu çox gözəl bacarır. Artıq faktlar var ki, Kəlbəcər və digər bölgələrdə Rusiya ordusu erməniləri zorla da olsa evlərdən çıxarır. Ayrıca Ermənistan ordusunun ayın 15-nə kimi Kəlbəcəri boşaltmaqla bağlı göstəriş verildiyi barədə konkret informasiyalar var. Bu işin Rusiya tərəfindən həyata keçirilməsi Azərbaycan adına qəbul edilən məqamdır.  Türkiyənin də bu prosesdə ən azından texniki cəhətdən iştirak etməsi müsbət addımdır. Çünki bütün müşahidə nöqtələrində olan hadisələr dərhal Türkiyə-Rusiya monitorinq mərkəzinə ötürüləcək. Heyətin qəbul etdiyi qərarlar nəticəsində strateji qərarlar qəbul olunacaq. Bu məsələnin özü də Azərbaycan adına qəbul edilən müsbət məqamdır. Türkiyə prosesdə Rusiyanı çəkindirici tərəf kimi iştirak edir. Məsələnin ən müsbət tərəfi də  budur. Rusiyanın gələcəkdə Azərbaycan üçün hansısa təhlükə yaratmaq ehtimalı Türkiyənin prosesdə iştirakından sonra minimuma enir”.

 

Politoloq hesab edir ki, bundan sonrakı proseslər Azərbaycan dövlətinin qəti davranışlarından asılı olacaq:

 

“Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət çərçivəsi hələlik  müəyyən olunmayıb. Bu prosesdə əsas həlledici ölkə Azərbaycandır. Ona görə də düşünürəm ki, Azərbaycan dövləti  Rusiyanın fəaliyyət sferasını məhdudlaşdırmalıdır. Rusiya ən böyük imtiyaz və səlahiyyətlərə malik olmamalıdır. Əgər olacaqsa, bu, bərabər statusda Türkiyəyə də verilməlidir. Rusiya üçün çərçivə məhdudlaşmalıdır. Çünki biz Rusiyanın geosiyasi niyyətlərini də bilirik”.

 

O ki qaldı Azərbaycan xalqının bundan sonra hansı davranış sərgiləməsinə, politoloq hesab edir ki, xalq dövlətin arxasında durmağa davam etməlidir. Azərbaycan suverenliyi bütün işğal olunmuş ərazilərdə, o cümlədən Xankəndində və digər yerlərdə bərqrar olmalıdır”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ