“Bütün nəzarət Azərbaycan dövləti tərəfindən aparılacaq”

18:43 14-11-2020 | icon 544 | Qarabağ
“Bütün nəzarət Azərbaycan dövləti tərəfindən aparılacaq”

Azərbaycan ərazilərinin erməni işğalçılarından təmizlənməsini özündə ehtiva edən bəyannaməyə uyğun olaraq, Rusiya sülhməramlılarının, eləcə də Türkiyə-Rusiya nəzarət mərkəzinin iştirakı ilə missiya həyata keçirilir. Artıq Azərbaycan ərazilərinin işğalçılardan boşaldılması prosesi başlanıb. Belə bir ərəfədə sülhməramlı missiyasının nədən ibarət olması və nəzarət mexanizmlərinin fəaliyyəti təhlil olunur.

 

Versus.az xəbər verir ki, bu və digər məsələlərlə bağlı müsahibə verən hərbi  ekspert Şair Ramaldanov sülhməramlı missiyanın Azərbaycanın dövlət maraqlarını ifadə edən hərəkət mexanizmləri ətrafında bir sıra nüanslara diqqət çəkib.

 

-Şair müəllim, 10 noyabr razılaşmasından sonra artıq Rusiya sülhməramlıları Qarabağdadır. Necə hesab edirsiz, bu missiya hansı əsaslarla nizamlanacaq və bu istiqamətdə cərəyan edən proseslər ilkin mərhələdə özünü necə ifadə edir?

- Bəyanatı diqqətlə oxusaq, Azərbaycanın maraqlarına tam uyğun olduğunu görəcəyik. Həmin sənədə əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistanla sərhədlər bərpa edilir. Bütün işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Qarabağda dövlət idaredici qurumlarının bərpası nəzərdə tutulub.

Sülhməramlı qüvvələr sadəcə təhlükəsizliyi təmin etmək və qayıdıb orda yaşamaq istəyən erməni əsilli əhali ilə azərbaycanlıların arasında hər hansı bir iğtişaşın olmasının qarşısını almağa yönəlib. Yaxud da bu missiya hansısa münasibətlərin gərginləşməsi zamanı ayırıcı rol oynayacaq. Eyni zamanda, sülhməramlı qüvvələr Laçın dəhlizinin təhlükəsizliyini təmin edəcək. Qalan qurumlar - gömrük, sərhəd xidməti və sair hamısı normal olaraq öz funksiyalarını daşıyacaqlar. Bütün nəzarət Azərbaycan dövləti tərəfindən aparılacaq. Digər tərəfdən, bilirsiz ki, bizim Laçınla əlaqələrimiz bərpa olunur və orada yol yox, kommunikasiyaların çəkilməsi nəzərdə tutulur. Azərbaycan bütün kommunikasiya xəttlərini Naxçıvanla birləşdirə və öz maraqları üçün o ərazilərdən istifadə edə bilər.

- Bəyannaməyə əsasən, azad olunan Xankəndindən, Xocalıdan, Ağdərədən və sair Azərbaycan ərazilərindən işğalçıların təmizlənməsi işi necə aparılacaq və nəzarət mexanizmi necə qurulacaq?

- Bilirik ki, artıq Türkiyə-Rusiya arasında nəzarət mexanizminin yaranması ilə bağlı memorandum imzalanıb. Orada hər iki dövlətin nümayəndələri var. Azərbaycan ərazisində dövlətimizə tabe olmayan heç bir silahlı qüvvələrin nümayəndələri olmayacaq. Sadəcə, orada Rusiya sülhməramlıları olacaq.  Erməni əsilli, Ermənistana tabe olan hansısa qüvvələr olmayacaq.

- Şair müəllim, bu günlərdə 400 ədəd texnikanın Qarabağa gətirilməsi barədə də deyildi. Ümumiyyətlə, sülhyaratma missiyasının heyəti hansı hərbi texnika ilə təchiz olunmalıdır. Ağır texnika ilə silahlanmaq sülhməramlılar üçün nə dərəcədə xarakterikdir?

- Bəzi məlumatlarda deyildiyi kimi, regiona gələn sülhməramlılarda elə də ağır silahlar yoxdur. Sülhməramlılarda atıcı silahlardır və zirehli transpartyorlardır. Ağır artilleriya yoxdur, hansısa zirehli texnika ora yeridilmir. Heyətin sayı da orda olan postlara görə müəyyən edilib. Yəni bir tərəfdən təmas xəttində Azərbaycan silahlı qüvvləri olacaq, o biri tərəfdən də postların sayına uyğun olaraq şəxsi heyətin ayrılması nəzərdə tutulub. Bu da gəlib çıxıb həmin rəqəmə (1960). Sülhməramlıların yerləşdirilməsinin xəritəsi var. Koordinasiya mərkəzi Azərbaycan ərazisində yerləşəcək və bu haqda artıq məlumat var. Helikopterlərin regiona gəlməsinə gəlincə, bu lazımdır. Dağlıq ərazidir, bir nöqtədən digər yerə getmək, qüvvələrin yerini dəyişmək üçün vertalyotların olması lazımdır. Elcə də bölgədə pilotsuz uçuş aparatları da fəaliyyət göstərəcəklər. Çünki ümumi nəzarət, məlumat toplama əməliyyatları bu aparatlarla həyata keçiriləcək. Bir sözlə, sülhməramlı qüvvələr dünyanın hansı yerində olursa olsun,  hazırda regiona gətirilən məlum hərbi texnikadan və silahlardan istifadə edirlər. Bir sözlə, sülhməramlıların özünün funksiyası var və o funksiyaya vəzifələrinə, tapşırıqlara uyğun olaraq silahlanmalıdırlar. Bu silahlanma prosesi də Azərbaycan tərəfi  ilə razılaşdırılıb.

- Sülhməramlıların burda yaşamaq üçün yerləşdiyi evlər, yaxud onların maddi təminatları, xərclər kim tərəfindən, necə ödənəcək?

- O sahənin mütəxəssisi olmadığım üçün dəqiq söz deyə bilmirəm. Deyəcəyim fikirlər, real sənəddə olan rəqəmlərdən fərqli ola bilər.

- Azərbaycan tərəfinin işğaldan təmizlənmə prosesində nəzarət necə tənzimləncək? Bu istiqamətdə hansı birgə əməliyyatların keçirilməsi mümkündür?

- Təbii ki, hər bir əməliyyat Azərbaycan ərazisində keçiriləcək. Azərbaycan ərazisində keçirildiyi üçün də Azərbaycanın maraqlarına uyğun addımlar atılacaq. Qeyd etdiyim kimi, sülhməramlı qüvvələr sadəcə erməni mənşəli insanların təhlükəsizliyini təmin etmək, azərbaycanlıları da erməni aqerssiyasından qorumaq üçündür. Çünki məlumdur ki, bu gün emossiyalar oyaqdır və gərginliklər var. Ola bilər ki, hansısa qüvvələr vəziyyəti gərginləşdirmək üçün müəyyən maraqları ortaya qoysunlar. Sülhməramlıların finksiyası sadəcə belə halların qarşısını almaq üçündür. Və bu missiyanın da məhdud zamanı var - 5 il.  Bu 5 ildən sonra əgər Azərbaycan tərəf sülhməramlıları burda görmək istəməsə, buna ehtiyac olmasa, buna xitam veriləcək və sülhməramlılar burdakı fəaliyyətini dayandıracaqlar.

- Şair müəllim, Azərbaycan torpaqları daxilində “təmas xətti”ndən danışdız və sülhməramlıların həmin xətt üzrə dayanacağını qeyd etdiniz. Ərazidə “təmas xətti” nin olması nədir və bunu necə izah edərdiz?

- O təmas xətti müvəqqətidir. Atəşkəs elan olunandan sonra erməni hərbi birləşmələri öz yerində qaldı, Azərbaycan hərbçiləri də hara qədər getmişdilərsə, orda dayandı. Ermənistan öz məğlubiyyətinə imza atandan sonra sülhməramlılar işğalçıların ərazini tərk etməsini təmin etmək üçün işləyir. Erməni hərbi birləşmələri ərazidən çıxarılandan sonra təmas xətti olmayacaq.

- Sülhməramlıların Laçın koridoru uzrə 5 kilometr eninə olan ərazini əhatə etməsi nəyə hesablanır?

- Laçın koridorunda 5 kilometr ərazinin əhatə olunması ilə bağlı rəqəm elə-belə ortaya çıxmayıb. Bu sənədin üzərində mütəxəssislər işləyib və razılığa gəliblər. Cənab Prezident də dedi ki, bu sənəd Azərbaycanın maraqlarını təmin edən sənəddir. Əgər sənəddə 5 kilometr ərazi nəzərdə tutulubsa, deməli belə lazımdır. Ola bilsin ki, ərazi, yerləşmə və digər faktorlar olması baxımından bu rəqəmi seçmək nəzərdə tutulub. Buna həmin sənədi işləyən mütəxəssislər daha yaxşı aydınlıq gətirə bilər. Lakin neçə kilometr olmasından asılı olmayaraq, o, təhlükəsizlik xəttidir. Bütün hallarda nəzarət mexanizmləri hamısı Azərbaycan dövlət nümayəndələrinin nəzarəti altında olacaqdır.

- Məlumdur ki, hətta bu gün də Rusiya siyasiləri Türkiyənin sülhməramlı missiyadakı hər hansı bir formada iştirakını inkar etməkdə davam edir. Lakin sülhməramlılara Türkiyə-Rusiya nəzarət mərkəzi modeli yarandı. Türkiyənin bu prosesdəki iştirakını necə dəyərləndirirsiz?

- Bu mərkəz Azərbaycan tərəfinin təklifi ilə yarandı və Türkiyə nəzarət mexanizminə salındı. Türkiyə Rusya ilə birlikdə sülhyaratma ilə bağlı məsələlərə nəzarət edəcəklər. Təbii ki, bütün məlumatlar həmin mərkəzə daxil olacaq, müzakirə olunacaq və qərarlar qəbul olunandan sonra sülhməramlı heyət ona uyğun addımlar atacaqlar. Türkyə regionda var, sadəcə türk əsgəri əlinə silah alıb o postlarda dayanmayacaq. Buna ehtiyac da yoxdur. Ona görə ki, Türkiyə bütün tənzimlənmə mexanizmlərində, qərarların qəbul edilməsində iştirak edəcəkdir.

  • Bu prosesdə Rusiya nə dərəcədə etibarlı müttəfiq hesab oluna bilər və bu istiqamətdə məlum narahatlıqlara əsas varmı?
  • -Sülhməramlı missiyadan narahat olanlar ya Azərbaycan Prezidentinin müraciətinə diqqətlə qulaq asmır, ya da anlamırlar. Prezident də Rusiyanın sülhməramlı qüvvələrinin hansı məqsədlə və məramla olacağını bildirib. O da məlumdur ki, onlara 5 il vaxt qoyulub. Yəni Rusiya sülhməramlılarının burada olması Azərbaycan maraqlarına uyğun olaraq təmin olunub. Rusiya bizim tərəfdaşdır, sıx əməkdaşlıq əlaqələrimiz var. Prezident özü də dedi ki, o nə zaman nə etdiyini çox yaxşı bilir. Biz hamımız bu fikirlərdən nəticə çıxarmalıyıq.
  • -Rusiya Dumasında “sülhməramlıların birinə daş atılarsa, rus hərbçiləri bunun cavabını verəcək”- deyə təzyiq mesajları səslənib. Hətta Gürcüstanda Abxaziya və Osetiyanın işğalı  təcrübəsini də bir təhdid kimi yada salıblar. Bununla bağlı nə söyləyərdiz?
  • -Bu gün belə sözlər, populist çıxışlar həddən artıq çox olacaq. O cümlədən də Rusiyanın Dumasında belə fikirlər ola bilər. Yaxud da Jrinovski kimi bir siyasətçinin necə biri olduğunu bilirik və onun nə deməsinin heç bir mənası yoxdur. O cür çıxışçılar dövlətin fikrini demirlər. Rusiya dövlətinin mövqeyini dövlət qoyur və bütün məsələlər Azərbaycanın Prezidenti ilə həll olunub. Bu gün Rusiya kanallarına baxsaq görərik ki, sanki hamı bizə qarşı çıxır. Bunlar hamısı əks təbliğatdır və belə sualları meydana çıxarmaq üçün hazırlanan verilişlərdir. Azərbaycan Prezidenti hər bir sözünə cavabdehdir və hər bir hərəkətinin qarantı olan bir insandır. Ona görə də narahatçılığa səbəb yoxdur. Bütün məsələlər Prezident tətəfindən qəbul edilmiş, Azərbaycanın maraqlarını təmin edən sənədlər üzərində aparılır. Maraqlı tərəflər mövcud vəziyyətlə, şəraitlə əlaqədar olaraq cürbəcür “təlimatları” üzə çıxaracaqlar. Mən əminəm ki, əsas prioritet Azərbaycanın mənafeyinə toxunmayan şəkildə olacaq./Hafta.az/

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Biri şəhid, biri qazi olan qardaşlar - VİDEO

Cavidin timsalında şəhidlərimizə deyəcək bir sözümüz var: SAĞ ƏLİNİ BAŞIMA ÇƏK, ŞƏHİDİM!

ADI KİMİ VÜQARLI...

Nazirlik qazimizlə bağlı hərəkətə keçdi - FOTO

Kəlbəcər, xəyalların çin oldu, GÖZÜN AYDIN AZAD VƏTƏN!

Ordumuz Kəlbəcərə iki istiqamətdə daxil olub

Türkiyə səfirliyindən Azərbaycana təbrik - FOTO

Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - VİDEO

Salam, əziz KƏLBƏCƏR, biz GƏLdik, biz BACARdıq!

Səfərbərliyə cəlb edilən tələbələrə akademik məzuniyyət veriləcək

Azərbaycanlı hərbçilər Kəlbəcərdə - FOTO

Xudaya yar olan şəhidimiz - VİDEO

Deputatın kömək etmək istədiyi ailədən xəbər var

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Siyasi partiyalardan Fransa Senatının addımına ETİRAZ