Qənirə PAŞAYEVA: RUHUN AYDIN!

09:24 18-11-2020 | icon 62 | Cəmiyyət
Qənirə PAŞAYEVA: RUHUN AYDIN!

Qalib Əsgər! Şəhid Əsgər!

 

Şəhid Romir Rəşadət oğlu Əliyev (14.05.1997, Aşağı Nüvədi qəsəbəsi, Lənkəran – 21.10.2020, Qubadlı)...

 

Əfsanəvi general Həzi Aslanovun həmyerlisi olan Romir hələ uşaqlıqdan hərbiyə maraq göstərib, elə bu marağın ifadəsi olaraq, peşəkar idmanla məşğul olub, güləşçi kimi ad-san qazanıb, vaxtı çatanda həqiqi hərbi xidmət keçib (2015-2016).

 

Azərbaycan Böyük Vətən Müharibəsi başlayanda isə ikinci dəfə hərbi xidmətə yollanıb (28.09.2020) və Uca Ad qazanıb: Qalib Əsgər! Şəhid Əsgər!

 

Şəhidimizin əziz valideynlərini Milli Məclisin Mədəniyyət Komitəsində qəbul etdik, dərdləşdik, uğurlaşdıq. Atası deyir, “Romirlə bir-birimizə “Atam” deyə müraciət edərdik. Cəbhəyə gedəndən sonra arada-sırada telefonla danışa bilirdik, “hər şey yaxşı olacaq!” deyirdi; sonra ard-arda qələbə müjdələri verdi bizə: “Atam, Cəbrayılı aldıq!”, “Atam, Füzulini aldıq!”, “Atam, Zəngilanı aldıq”!.. Belə qürur yaşadırdı bizə. Sonuncu dəfə, “Atam, hardasız?” deyə soruşanda, “Qubadlıdayıq” dedi. Dedim, “ora qədər gedib çıxmısız maşallah! Bəs mən səninçün, əsgər yoldaşlarınçün nə edə bilərəm, atam”? Dedi, “dua edə bilərsən, atam – çoxlu dua edə bilərsən”... Sonra, bir azca duruxdu, “Haqqınızı halal edin, ata” dedi. Dedim, “Atam, bu nə sözdür? Nə halallığı? Haqqımız varsa, min dəfə halal olsun. Yeri gəlsə, biz sənə “Haqqını halal et” deməliyik... Məgər ki ürəyinə damıbmış. Şəhid olacağını duyubmuş sanki. Bizimlə halallaşıb uçdu balam”...

Nə qəribədir, əcdadımız cənnətə “ucmak/uçmaq” deyərmiş. Günü bu gün də dilimizdə “ruh kimi uçdu getdi” sözü var, “ruh quşu” deyimi var... “Bizimlə halallaşıb uçdu balam” deyiminin özündə ucalıq var, İlahiyə qovuşmaq var – uçmaq göyüzü hadisəsidir. Uçmaq varsa, qanad var, göy var...

 

Şəhidlərimiz göyümüzü qara buludlardan təmizlədi, ağ bulud ardınca getdi... Çingiz Aytmatovun “Çingiz xanın ağ buludu” əsərini xatırlayıram... Hər əsgərin, qəhrəmanın, sərkərdənin, fatehin öz ağbuludu var bəlkə... Bəlkə müxtəlif dövrlərdə müxtəlif görəvlərdə olsa da, vətən üçün, dəyərlər üçün döyüşlərə atılmış insanların ağ buludu eynidir... Göyü üzü eynidir, Günəş eynidir, Ay eynidir... ağ bulud da eynidir olsun ki... Əlbəttə, bu eyniyyət içində dəyişimlər var, bilirik; bilirik ki, iqlim dəyişir, sınırlar dəyişir, silahlar təkmilləşir, mübarizə metodları və daha nələr, nələr dəyişir... lakin dəyişməyən bir həqiqət var: ŞƏHİDLƏR ÖLMÜR, RUHLAR ƏBƏDİDİR!

 

Bax, Rəşadət qardaşla, onun uzaq ellərdən Azərbaycanımıza gəlin gətirdiyi moldovan qızı Miroslava bacımızla söhbət vaxtı məhz bu hissləri, bu duyğu və düşüncələri keçirdim. Dedim ki, əziz şəhidimizin əziz valideynləri, sizin oğlunuz artıq yalnız sizə aid deyil, o bütün Azərbaycanın şəhid balasıdır, onun qalibiyyət və şəhadət yolu hamımız üçün müqəddəsdir, əzizdir, doğma və unudulmazdır!

 

Sizin oğlunuz ailə mənsubiyyəti və şəhadəti etibarı ilə Azərbaycan-Moldova qardaşlığının, iki xalqın ruh və mübarizə yaxınlığının da rəmzidir. Moldovanın da neçə illərdir, özünəməxsus ərazi bütövlüyü problemi yaşadığını bilirik; bilirik ki, GUAM-ı birgə yaratmışıq, fərqli platformalarda iki dövlət həmişə bir-birinə dəstək verir. Və iki xalqın qardaşlığı, strateji ortaqlığı yeni bir adla, bir ucalıqla daha da möhkəmlənir. Dostluq-qardaşlıq dünyamız yeni rəng, yeni məzmun qazanır. Bunu anası moldovan olan əziz şəhidimiz Azərbaycan torpaqları uğrunda öz canından keçməklə təcalla etdirib!

 

 

Məqamın mübarək olsun, şəhidim!

 

Qubadlıdan sonra Şuşanı da azad etdik – bilirəm ki, bilirsən!

 

Ruhun aydın!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

Mehriban Əliyeva Azərbaycan xalqını təbrik edib - FOTO

ADLAR DƏYİŞDİ - Quşçubaba kəndi Baharlı, Tsakuri kəndi isə Hünərli oldu

Rusiyanın nümayəndə heyəti Bakı və İrəvana səfər edəcək

Türkiyənin Nişantaşı Universiteti 20 şəhid ailəsi üzvünə təqaüd ayırdı

I Qarabağ müharibəsinə yaşı çatmayan RÖVŞƏN II Qarabağ müharibəsinin ŞƏHİDi OLDU

Ağdam mənim ana yurdumdur

Türkiyə hərbçiləri yaxın zamanlarda Azərbaycana yollanır”

40-dan çox erməninin içində üç saat mühasirədə qalan qazimiz - FOTO

“Vətən darda olanda ailə-uşaq, sevgili, nişanlı, ana-ata yada düşmür”

Yeni zəfər tarixini yazan əsgərlərdən biri - İLQAR BÜRCƏLİYEV

“Azərbaycan ordusunun “dəmir yumruğu” düşməni məğlub etdi” - MÜSAHİBƏ

Prezident və Birinci vitse-prezident Ağdama səfər ediblər - VİDEO

Nazirlikdən ağac əkmək istəyən vətəndaşlara MÜRACİƏT

EMİN mahnılarına görə platin disklər aldı