Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

12:20 20-11-2020 | icon 427 | Şəhidlər və şahidlər
Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

Qubadlıda doğulan qəhrəmanımız illər sonra Qubadlıda da şəhadət şərbəti içdi

 

Şəhid Milli Qəhrəmanlarımızın tam əksiriyyətinin bu yüksək fəxri adı şəhid olduqdan sonra aldığını bilirik; polkovnik Şükür Həmidov Milli Qəhrəman adı aldıqdan sonra şəhid olan hərbçimizdir. Onu və ailəsini bir neçə ildir tanıyırdım, dostluğumuz vardı; həmişə qələbə əzmində görmüşdüm Şükür Həmidovu. Söhbətlərimizi xatırlayıram, zərrə qədər də ümidsizlik, inamsızlıq, torpaqlarımızın azad ediləcəyi ilə bağlı şübhə görməmişdim qəhrəman polkovnikdə.

 

Şükür Nəriman oğlu Həmidov (01.03.1975, Armudlu, Qubadlı – 22.10.2020, Qubadlı. Dəfn yeri: Bakı, II Fəxri Xiyaban) – müəllim ailəsində doğulub. Öncə Qubadlı rayonunun Başarat kənd orta məktəbində, ardınca Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil alıb. (Hələ Hərbi liseydə təhsil alarkən, könüllü olaraq döyüşlərə getməkçün komandanlığa müraciət edib).

 

Hərbi liseydən sonra, 1993-cü ildə Bakı Birləşmiş Ali Hərbi Komandirlər Məktəbinə daxil olan Şükür Həmidov, ali hərbi təhsilini davam etdirib və 1995-ci ildə motoatıcı ixtisasına yiyələnərək leytenant rütbəsində Naxçıvanda, ön xətdə yerləşən hərbi hissələrin birində taqım komandiri kimi fəaliyyətə başlayıb. Qısa müddət ərzində bölük komandiri, sonra isə tabor komandirinin maddi-texniki təminat üzrə müavini vəzifəsinə irəli çəkilib. Bir müddətdən sonra “N” saylı hərbi hissədə motoatıcı taborun qərargah rəisi vəzifəsinə təyin edilib.

 

2006-2008-ci illərdə Silahlı Qüvvələrin Hərbi Akademiyasının müdavimi olub. 2008-ci ildə Hərbi Akademiyanı bitirdikdən sonra cəbhə bölgəsində yerləşən müxtəlif hərbi hissələrdə tabor komandiri, qərargah rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissə komandiri olaraq xidmət edib.

 

Şükür Həmidov şəhid olanda polkovnik hərbi rütbəsindəydi. Onun adı daha çox 2016-cı ilin dördgünlük aprel savaşından sonra məşhurlaşıb. Aprel döyüşlərinin başlaması Şükür Həmidovun Füzulidə hərbi hissəyə komandirlik etdiyi dövrə təsadüf edib. O günlərdə Ermənistan hərbi qüvvələrinin ön xətdə konsentrasiyasını müşahidə edən Azərbaycan Silahlı Qüvvələri də müəyyən qabaqlayıcı tədbirlər görüb.

 

Aprelin 1-dən 2-nə keçən gecə isə düşmən təxribat fəaliyyətinə başlayıb və açıq şəkildə hücuma keçməyə cəhd göstərib. Şükür Həmidov hərbi hissə komandiri kimi döyüşün ilk dəqiqələrindən etibarən hücuma gedən bölmələrlə birgə Lələtəpə istiqamətinə hərəkət edib. Onlarla birlikdə sağ və sol cinahlarda da digər qruplar hərəkət edib. Əməliyyatın gedişində korpus komandiri Mais Bərxudarovun şəxsən iştirakı və yüksək peşəkarlığı əsgərləri, zabitləri sürətli hücuma həvəsləndirib.

Beləliklə, düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur edilib və qısa zaman içində Lələtəpə yüksəkliyi və ətrafındakı ərazilər azad edilib. Şükür Həmidov Lələtəpə yüksəkliyinin azad edilməsində şücaət göstərib. Məhz aprel döyüşlərdəki xidmətlərinə görə, Azərbaycan Prezidentinin 22 aprel 2016-cı il tarixli Sərəncamı ilə Şükür Həmidov Milli Qəhrəman adına layiq görülüb.

Şükür Həmidov İkinci Qarabağ müharibəsi zamanı Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Qəhrəmanımız ailəli idi, iki övladı yadigar qalıb.

23 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, Qubadlının azadlığı uğrunda şəhid olmuş Şükür Həmidovun atası Nəriman Həmidova telefonla zəng edərək, qəhrəman polkovnikin həlak olması ilə bağlı başsağlığı verib. Dövlət başçısı qeyd edib ki, Şükür Həmidov Qubadlının azadlığı uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Prezident İlham Əliyev Şükürün doğulduğu və azadlığı uğrunda həlak olduğu Qubadlı rayonunda onun adının əbədiləşdiriləcəyini bildirib. Cənab Prezident Nəriman Həmidovla görüşünü də xatırlayaraq ona Şükür kimi igid və vətənə sadiq övlad yetişdirdiyinə görə minnətdarlığını bildirib, Həmidovlar ailəsinin bütün yaxınlarına başsağlığı çatdırmağı xahiş edib.

 

Bizə də nəsib oldu ruhu şad Qəhrəman qardaşımızın ailə üzvləri ilə danışdıq, getdik evlərini ziyarət etdik, yaxından tanış olduq; onlarla öz duyğu-düşüncələrimizi bölüşdük.

Şəhid polkovnikin ailə üzvlərinin dəyanəti qürurvericidir, öyrədicidir. 45 yaşında əbədiyyətə qovuşmuş Şükür Həmidov xoşbəxt hərbçi taleyi yaşayıb. Yüksək hərbi rütbəsi, ən yüksək fəxri adı bir çox hərbçi qardaşımızın arzusudur yəqin ki; azad olunmasında iştirak etdiyi bütün el-obalarımız Şükür Həmidovun xoşbəxtliyi idi, əlbəttə; əlbəttə, bu xoşbəxtliyin xüsusi adı Qubadlı idi.

 

Qubadlıda doğulan qəhrəmanımız illər sonra Qubadlıda da şəhadət şərbəti içdi!

Şəhadət mərtəbən mübarək olsun, Qəhrəman Qardaş!

 

QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət Komitəsinin sədri/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”un qələbəni sıfıra endirmək kimi anti-təbliğatı ziyanımıza işləyə bilər” - MÜSAHİBƏ

Xan qızı Natəvanın evi düşmən işğalından əvvəl və sonra - FOTO

Şuşa məscidində ilk azan oxuyan əsgərimiz - FOTO

Futbol millimizin kod adı: “Sülhsevər”

Yığmamızın Millətlər Liqasındakı yeri dəqiqləşib

Türkiyə Macarıstanla bacarmadı

Cüdoçularımızın rəqibləri müəyyənləşdi

Pişiyi iki metrlik pitondan xilas etdilər - VİDEO

İki türk əsgəri şəhid olub, biri isə yaralanıb

Günahsız əfqanları öldürən avstraliyalı hərbçilər mühakimə ediləcək

Qənirə Paşayeva daha bir şəhidimizdən YAZDI

Qəhrəmanın ömür yolu: Qubadlıdan Qubadlıya…

Qarakənd faciəsindən 29 il ötür

Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ

“O dəhşətli partlayışın səsi bir anlıq bizi yerimizdə dondurdu” - MÜSAHİBƏ