Ağdam mənim ana yurdumdur

13:55 21-11-2020 | icon 970 | Köşə
Ağdam mənim ana yurdumdur

Ağdamla bağlı xatirələrim uşaqlıq, məktəb illərinə təsadüf edir

SEVİNC SEYİDOVA

 

Ağdam mənim ana yurdumdur. İşğala qədər Ağdam ən böyük rayon statuslu ərazi olub. Əhalinin sayı 143 min nəfər təşkil edib. Bu gün sakinlərinin sayı 200 mini ötür. Ağdam həm də strateji əhəmiyyətə malik olduğundan 1-ci Qarabağ müharibəsində ilk və ən çox şəhid verən (6 minədək), işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan bir rayon idi. Eyni zamanda, işğala qədər Ağdam həm də Azərbaycanın ən gözəl, inkişaf etmiş şəhərlərindən biri olub.

 
 
Bu gün isə, ermənilərin törətdikləri vəhşiliklər nəticəsində doğma el-obamıza «ruhlar şəhəri» deyirlər.
Mənim Ağdamla bağlı xatirələrim uşaqlıq, məktəb illərinə təsadüf edir. Ağdamlı günləri xüsusilə də sinif yoldaşlarımızla danışakən tez-tez xatırlayırıq. Bu gün səhralığı xatırladan şəhərin mərkəzində vaxtilə 1 may paradı, Böyük Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompeks önündə 9 may Qələbə günü, hər il aprel ayında Qarabağ xanı Pənahəli xanın 18-ci əsrə aid imarəti ərazisindəki stadionda keçirilən Xarı Bülbül festivalına rayonun bütün məktəbliləri qatılırdı. Tədbirlərdə bizim məktəb də fəal iştirak edirdi. Eyni zamanda İmarətdə yerləşən Natəvan və onun oğlunun 19-cu əsrə aid türbəsi, Tarix Diyarşnünaslıq Muzeyi də var idi. Muzeydə nadir tarixi-arxeoloji eksponatlar qorunub saxlanılırdı. Ağdamda həmçinin 1983-cü ildə dünyada ikinci olan Çörək Muzeyi yaradılmışdı. Muzeydə hətta Böyük Vətən Müharibəsi dönəmindən qalmış qurumuş çörək nümunələri, nadir eksponatlar nümayiş olunurdu. O zamanlar bu muzeylərə də ekskursiya edərdik.
Şəhərin mərkəzində 19-cu əsrə aid Cümə məscidi də qorunub saxlanılırdı. Mən oraya xüsusilə cümə günləri nənəmlə gedərdim. Ağdam Sovet dönəminin qadağalarına baxmayaraq həm də milli və dini adət-ənənələrimizi qoruyub yaşadardı.
 
 
Şəhərdə tikilən evlər, salınan yaşıllıqlar, paklar şəhərimizə xüsusi gözəllik verərdi. Məşhur Çay Evi, Passaj Ticarət Mərkəzi, Mərkəzi Univermaq sakinlərin ən çox ziyarət etdiyi məkanlar idi.
 
 
Dünyaca məşhur, yüksək qaçış sürəti ilə seçilən Qarabağ atları məhz Ağdamda – Atçılıq Zavodunda saxlanılır, artırılırdı. Rayonda üzümçülük, pambıqçılıq da inkişaf etmişdi. Adətən rayon üzrə məktəblilərin də cəlb olunduğu pambıq-üzüm yığımına biz də qatılırdıq. Onların sırasında təbii ki, mən də olardım. Şəhərdə Mədəniyyət Evində konsertlər təşkil olunurdu. Ağdam Dram Teatrında tamaşalar qoyulurdu. Bu tədbirlərin əksəriyyətinə həvəslə gedərdim.
 
 
Təəssüf hissi ilə demək istərdim ki, 1988-ci ildə başlayan ermənilərin əsassız torpaq iddiası 23 iyul 1993-cü ildə Ağdamın işğalı ilə nəticələndi. Amma bütün işğal olunmuş torpaqların əhalisi kimi ağdamlılar da gec-tez ədalətin zəfər çalacağına ümid bəsləyirdi.
 
 
Və bu gün o gün oldu! Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli diplomatiyası sayəsində qan tökülmədən, itki vermədən müzəffər ordumuz 20 noyabrda Ağdama daxil oldu. Bu müqəddəs Cümə günündə Ağdam bütünlüklə işğaldan azad edildi.
 
 
Ölkə başçısının da qeyd etdiyi kimi, çox keçməz bu topaqlar cənnətə çevrilər. Yuxularımızda gördüyümüz, ruhlarımızın dolaşdığı Ağdam da ağ daşlardan ibarət nurlanmış, müasir, gözəl şəhər olar.
 
 
İnanırıq ki, noyabr ayı ölkəmizin tarixinə Qızıl ay kimi düşəcək. Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşa, Ağdamdan sonra Kəlbəcər, Laçın, Xocalı, Xankəndi, Xocavənd də azadlığa qovuşacaq.
 
 
Həm 1-ci, həm də 2-ci Qarabağ savaşında torpaqlarımız uğrunda şəhid olan əsgərlərimiz, zabitlərimiz, gizirlərimiz önündə baş əyirik. Yaralılarımıza Allahdan şəfa diləyirik.
 
 
Qarabağ Azərbaycandır!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“İdeoloji təbliğatı ciddi şəkildə genişləndirmək lazımdır”

Akademik Nailə Vəlixanlıdan beynəlxalq təşkilatlara MÜRACİƏT

Türkiyədə zəlzələ - VİDEO

Kəlbəcər şəhərində Azərbaycan bayrağı QALDIRILDI

19 yaşında xalqın, dövlətin təqdirini QAZANMAQ

O dünyadakı məqamın yüksək olsun, CAVAD

Şuşada tapılan 32 illik HƏDİYYƏ

Adı – Xəyal, igidliyi – gerçək

Adını doğruldan...

Bakı Ali Neft Məktəbi - Doqquz il

Bu gün laçınlılar özlərinə qayıtdılar, özlərini tapdılar

Sakit, Şanslı, Diqqətli, Dost...

Məktəb direktoru vəfat edib

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

BAYRAĞI UCA