"Polad Həşimov kimi bir sərkərdə ilə çiyin-çiyinə xidmət etmişəm"

13:28 07-01-2021 | icon 58 | Cəmiyyət
"Polad Həşimov kimi bir sərkərdə ilə çiyin-çiyinə xidmət etmişəm"

Qazi Ülvi Qədir: "Hər an Ali Baş Komandanımızın döyüş əmrini gözləmişik"

 

Azərbaycanımız 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən Müharibəsində böyük qələbəyə imza atdı. Qəhrəman igid əsgərlərimiz bu Qələbəni böyük Vətən sevgisi, cəsur döyüşçü ruhu, milli-mənəvi dəyərlərə bağlılıq hissi ilə yazdı.

 

Versus.Az Vətən qazisi, 2-ci qrup əlil Ülvi Qədir Xaləddin oğlu ilə müsahibəni təqdim edir:

 

- Ülvi bəy, bizə özünüzdən danışın. Niyə məhz hərbçi olmaq istədiniz, sizə bu peşəni sevdirən nə oldu?

 

- Mən 1988-ci ilin sentyabr ayının 1-də Ucar rayon Çiyni kəndində kasıb, kəndli ailəsində dünyaya gəlmişəm. Daşıdığım soyadım - atamın qardaşı, Qədir əmim 1991-1993-cü illərdə Birinci  Qarabağ döyüşlərində  Füzuli  istiqamətində gedən döyüşlərdə polis əməkdaşı kimi vuruşub, Vətənin müdafiəsində xüsusi xidmətləri olub. Gələcəkdə hərbçi olmaq, zabit olaraq Vətənimizin keşiyində dayanmaq həvəsi, istəyi valideynlərimin məni vətənpərvər, xalqına, torpağına bağlı böyüməyimdə, həmçinin də Qədir əmimin döyüşçü olmağından keçmişdir. 2006-cı ildə Ucar rayon Çiyni kənd orta məktəbini bitirdikdən sonra, çox böyük həvəslə, Vətən eşqi lə sənədlərimi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə təqdim etdim və imtahanlardan yaxşı nəticə əldə edərək, həmin Ali Hərbi Məktəbə daxil oldum. 2010-cu ildə həmin Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini və Silahlı Qüvvələrimizin Təlim-Tədris Mərkəzini Leytenant rütbəsi ilə müvəffəqiyyətlə bitirib, Müdafiə Nazirinin  müvafiq saylı əmrinə əsasən ön cəbhəyə, Murov dağının ən yüksək zirvəsinə, Dəniz səviyyəsindən 3300.04 metr yüksəkliyinə, Kəlbəcər istiqamətində döyüş mövqeyinə təyinatla göndərilmişəm.  Burada bir haşiyə əlavə etmək istərdim ki, qeyd etdiyim Murov dağlarında, Kəlbəcər istiqamətində xidmətə başladığım gündən, xəsarət alıb qazi olan günə qədər, hansı ki, beş ilə yaxın olan müddətdə şəhid qardaşımız Polad Həşimovla çiyin-çiyinə xidmət etmişəm. Mən, bir döyüşçü olaraq özümü xoşbəxt insanlardan biri hesab edirəm ki, Vətənimizin keşiyində şəhid qardaşım Polad Həşimov kimi bir sərkərdə ilə çiyin-çiyinə xidmət etmişəm. Xidməti şəraitim çox ağır və çətin keçmişdir.

 

- Bir neçə gün öncə, Milli Qəhrəman Polad Həşimovun doğum günü idi. Polad Həşimovla necə qarşılaşmışdınız, ilk görüşünüz necə oldu?

 

- Məktəbi bitirəndən sonra biz bir neçə zabit təyinatla “N” saylı hərbi hissəyə göndərildik.  Hərbi hissəyə daxil olandan sonra gənc əsgərlərin üzərinə komandir kimi təyin edildik. Həmin bölməyə məxsus olan bir neçə hərbi texnika var idi ki, bizə təhkim olunmuşdu. O texnika ilə tanış olmaq üçün  hərbi hissənin avtomobil parkına getməli idik.  Bir traktor var idi, onun görünüşü tam fərqli idi. Həmin mənzərə indi də gözümün qarşısında canlanır. Sarı rəngdə olan həmin traktor güllə-baran olunmuş, sanki ağır döyüşdən çıxmışdı.  Orada soruşdum ki, nəyə görə bu traktor belə fərqlidir?  Avtomobil xidmətinin rəisi qeyd elədi ki, bu traktoru bizim hərbi-hissə komandirimiz Polad Həşimov düşmən tərəfindən gətirib.  Hansı ki, düşmən bu traktorla illəruzunu öz postlarına yollar çəkirmiş.  Polad Həşimov gecə düşmən ərazisinə keçərək həmin traktoru gətirərkən güllə-baran olub, ancaq hər şeyə rəğmən sağ-salamat gətirib çıxarıb  və hazırda istifadə olunur. Həmin hərbi hissədə qulluq etdiyim 5 il müddətində ən keçilməz dağlardan, təpələrdən belə yolların açılmasında həmin o traktordan istifadə olunurdu.

Polad Həşimovla tanışlığımız məhz o andan başladı. Biz avtomobil parkında işimizi bitirdikdən sonra,  Polad Həşimova yaxınlaşdıq, onunla görüşdük.  O, bizi gənc zabit olmağımız və xidmətə başlamağımız münasibətilə təbrik elədi. Bizə öz arzu-istəklərini çatdırdı. 2-3 ay hərbi hissənin gənc əsgər bölümündə xidmətimi davam etdirdim.  Sonra şəxsən Polad Həşimovun özünə yaxınlaşdım. Bildirdim ki, cənab komandir, mən xidmətimi ön cəbhədə davam etdirmək istəyirəm.  O bildirdi ki, siz hələ gənc zabitlərsiniz, minimum 6 ay hərbi hissədə təlim keçməlisiniz. Özümü doğrultmağım, əsgərlərlə davranışım arzumu tez bir zamanda gerçəkləşdirən əsas amil oldu. Bəlkə də 10-15 gün keçməmiş əmrim gəldi və ön xəttə,  bayaq qeyd etdiyim kimi, Murovun ən yüksək, ən çətin relyefi olan yerinə təyin olundum. Mənim xidmət elədiyim yerdə Polad Həşimov özü 6 il xidmət eləmişdi.

Xidmətimiz dövründə də, qeyd elədiyim kimi. Polad Həşimovla çox yaxın münasibətimiz olub.  O, xidmət vaxtı əldə etdiyimiz nailiyyətlərə görə həmişə bizi dəyərləndirib.  Xidmət vaxtı çox ağır xəsarət aldım. Hərbi Hospitalın Baş Klinik Xəstəxanasına göndərdilər.  1 il 6 ay hospitalda müalicə dövrü keçdim.  Deyərdim ki, bəlkə də Azərbaycan Ordusunda yeganə zabitəm ki,  Silahlı Qüvvələrin Baş Hospitalında 1 il 3 aydan artıq yatmışam. Hospitalda yatdığım müddətdə Polad Həşimov mənim sağlamlığımla, səhhətimlə maraqlanardı. Çox  təəssüflər olsun ki, xidmətdə aldığım xəsarətdən dolayı sağlamlığım bərpa olunmadı  və mən 2-ci qrup Qarabağ qazisi kimi Silahlı Qüvvələrdən tərxis olundum.  Ondan sonrakı dövr ərzində  mənim Polad Həşimovla əlaqəm var idi.

Çox təəssüflər olsun ki, Polad Həşimov şəhidlik məqamına yüksəldi. Mən hər dəfə o günləri xatırlayanda özümü tuta bilmirəm. Yüzillər keçəcək, Polad Həşimov zəfərimizlə birgə xoş duyğularla xatırlanacaq. 

Arzum o idi ki, tezliklə Polad Həşimova Milli Qəhrəman adı verilsin. Bu gün bir qazi, bir vətəndaş kimi, buradan cənab Ali Baş Komandana öz təşəkkürümü bildirirəm ki, Şəhidlik məqamına yüksələndən sonra, cənab Polad Həşimova Milli Qəhrəman adı təqdim olundu.

 

- Ülvi bəy, bir döyüşçü, qazi olaraq həm bir zaman yaddan çıxara bilmədiyiniz məqamlar nə ilə bağlıdır? Necə düşünürsünüz, geriyə, Birinci Qarabağ döyüşlərinə baxanda, bugünkü qazanılan uğurlara görə nəyə borcluyuq?

 

- Xidmət etdiyim döyüş mövqeyi haqqında saatlarla danışa bilərəm. Komandir olaraq, hərbçi kimi hər zaman azğın  düşmənin işğalı altında olan torpaqlarımızın azad edilməsi haqqında düşünmüşəm.  Demək olar ki, düşmən tez-tez atəşkəsi pozurdu. Hər zaman düşməni layiqincə susdurmuşuq.  Mənimlə birlikdə xidmət edən mərd, igid əsgərlər hər an Ali Baş Komandanımızın döyüş əmrini gözləmişik. Murovdağ strateji cəhətdən elə bir yerdir ki, yuxarıda qeyd etdiyim kimi ordakı  vəziyyəti ancaq həmin yerdə xidmət edən hərbçilər daha yaxşı bilir, demək olar ki, ilin on iki ayı qar yağır. Hər zaman soyuq olur, havanın temperaturu çox aşağı olur. Mənfi otuz-qırx  dərəcə arasında dəyişir. Buna baxmayaraq, mərd, çəsur hərbçilər, Vətən oğulları tərəfindən gecə-gündüz xidmət yüksək səviyyədə təşkil olunurdu.

Murovdağın həmin hissəsində xidmət etmək, Vətənin keşiyində dayanmaq. Bizim həmin mövqeyimiz strateji cəhətdən də çox əhəmiyyətli bir mövqeydir.  Xidmət etdiyim yüksəklikdən işğal altında olan torpaqlarımıza  baxdıqca düşmənə olan qəzəbim, nifrətim birə-on artırdı.

- Necə oldu xəsarət aldınız? Vətən uğrunda qazi olmaq necə bir hissdir?

 

- 2014-cü ildə xidməti döyüş vəzifəsini yerinə yetirərkən hər iki ayağımı don (şaxta) vurmuşdu, hərəkət qabiliyyətimi itirdim və Silahlı Qüvvələrin Hospitalına yerləşdirildim.  Mən, deyərdim ki, insan vücudunun hər hansı bir hissəsini don vurması, güllə yarası almaqdan daha şiddətli və dözülməzdir, ağrılı-acılıdır. Güllə yarası alan insan ola bilsin hər hansı bir orqanını itirsin və ya vücudunun hər hansı bir yerinə daxil olub qalan qəlpəni sonradan həkimlərin müdaxiəsi ilə çıxarılsın, xaric edilsin.  İnsanın don, soyuq vuran hər hansı bir orqanını nə amputasiya etmək olur, nə də tam sağlam vəziyyətinə qaytarmaq mümkün deyildir.  Donvurmadan əziyyət çəkən insan ömrüboyu bu ağrı-acıya dözmək məcburiyyətində qalır. Hər zaman fəxr edirəm ki, həyat sağlamlığımı Azərbaycanımızın ərazi bütövlüyü uğrunda itirmişəm. Otuz ilə yaxın azğın-kafir düşmən tapdağı altında olan torpaqlarımız, ata-baba yurdlarımız müzəffər ordumuzun tərəfindən işğaldan azad edildi. Uca Allaha sonsuzadək şükürlər olsun ki, bu qalibiyyəti, müzəffəriyyəti bizlərə bəxş etdi.  Bir məsələni də unutmayaq ki, Qarabağın düşmən tapdağından azad edilməsi ilə məsələmiz bitmədi. Bizi qarşıda daha böyük işlər gözləyir.  Çalışdığımız, fəaliyyət göstərdiyimiz sahədən asılı olmayaraq, bütün qüvvəmizlə birləşməliyik ki, işğaldan azad olan torpaqlarımızı dirçəldək, inkişafında, çiçəklənməsində yaxından iştirak edək.  Əlil olsam da, arxa cəbhədə xalqımızın, xüsusilə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onlarda vətənpərvərlik eşqinin təbliğində hər zaman  öz dəstəyimi göstərmişəm və bundan sonra da bunu davam etdirəcəyəm. Ailəliyəm, Bakı şəhərində yaşayıram.

 

- Necə hesab edirsiniz, Birinci Qarabağ döyüşləri Vətən Müharibəsində əldə olunan qələbəmiz üçün hansı əsas zəmini yaratmışdı?

 

 - Azərbaycan əsgəri Birinci Qarabağ savaşında uduzdu, amma məğlub olmadıq. Eyni zamanda, Birinci Qarabağ döyüşlərində əsgərimizin uduzması ilə bağlı fikirlərin tamamilə əksini düşünürəm.  Məhz Birinci Qarabağ döyüşlərində iştirak edən vətən oğullarının sayəsində biz 80 faiz torpaqlarımzı qoruyub saxlamışıq.  Həmin dövrdə 2-3 yaşım var idi.  O tarixin səhifələrini vərəqlədikcə, əsl həqiqətləri görürük. Bizə məlum olur ki, həmin vaxt vahid komandanlıq yox idi. Düşmən ölkədə yaranan anarxiya, hökumət çevrilişinə siyasi cəhdlərin ən gərgin vaxtında  fürsətdən istidfadə edib torpaqlarımızı iğal eləmişdi...

Biz 27-30 il idi ki, bu tarixi qələbəmizi gözləyirdik. Hər il keçirdiyimiz bütün bayramlarda ən böyük diləyimiz, ən böyük arzumuz bu olurdu: Allah nəsib etsin növbəti bayramlarımızı tarixi torpaqlarımızda, ata-baba yurdumuzda- Qarabağda qeyd edək. Hər il atəşkəs pozulur, bizim neçə-neçə şəhidlərimiz, yaralılarımız olurdu.  Torpaqlarımız isə hələ də işğal altında qalmaqda davam edirdi.  Allaha şükürlər olsun ki, bunu bizə nəsib etdi və  torpaqlarımızı azad etdik. Bu qələbə bir hərbçi, bir qazi olaraq mənim həyatımı bütün istiqamətlərdə dəyişib.  Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı, yaralı əsgər, zabitlərimizə şəfa versin. Tezliklə hər biri ayağa qalxıb  ailələrinin, sevdiklərinin yanına dönsünlər

Hər dəfə mənə sual verirdilər ki, bizim bu qədər güclü ordumuz, əsgərimiz var niyə torpaqlarımızı azad etmirik? Mən bu suallara cavab olaraq bildirirdim ki, Ali Baş Komandanın da dediyi kimi, hər işin öz vaxtı, zamanı var.  O vaxt yetişdi, Allah haqqımız olanı, Qarabağı bizə nəsib etdi. 27 sentyabrda  başlanan Dəmir Yumruq əməliyyatı tarixi zəfərimizlə, tarixi qalibiyyətimizlə yekunlaşdı.  Ona qədər də bizim ordumuzda hərb peşəsində, hərbçilərin yetişdirilməsində yüksəliş var idi. Torpaqlarımız işğalda idi. Buna baxmayaraq,  Azərbaycan NATO-nun sülh naminə tərəfdaşlıq proqramına  qoşulmuşdu.  Azərbaycan hərbçiləri NATO-nun Sülh Naminə Tərəfdaşlıq çərçivəsində müxtəlif ölkələrdə  müxtəlif əməliyyatlarda iştirak edirdi.  Torpaqlarımız azad edildi və indi biz daha böyük layihələrdə iştirak edəcəyik. Yəqin ki, gələcəkdə Azərbaycan NATO-ya üzv olacaq. Bütün dünya  bilir ki, Azərbaycan Cənubi Qafqazda ən güclü ölklərdən biridir. Dünya orduları sırasında özünməxsus yeri olan dövlətdir. İllərdir aparılan quruculuq, yenilənmə işləri ordunun inkişafı üçün hesablanıb və biz bunu ordumuzda gördük. Ordumuzda olan ruh yüksəkliyini  xüsusilə qeyd etməliyəm.  Qələbənin qazanlmasında əsas amil hərbçilərimizdə döyüş əzminin, döyük ruhunun  ən yüksək həddə olmasıdır.

Bu qələbədə paralel olaraq insanlarımızda, vətəndaşlarımızda, hərbçilərimizdə  aparılan o vətənpərvərliyin təbliğatı göstərdi ki, icra olunan layihələrin heç biri boşuna deyil.   Mən Silahlı Qüvvələrdən təxris olunandan sonra gənclərimizin, eləc də orta məktəbərdə milli-mənəvi dətərlərimizi təbliğ edın bütün tədbirlərdə iştirak etmişəm.  Bu gün əldə etdiyimiz zəfərdə belə tədbirlərin də nümunəsini gördüm. İnandırım sizi ki, döyüşlər başlayan günü nə qədər mənə zənglər gəlirdi.  Gənclər orduya getmək, döyüşlərə qatılmaq istədiklərini deyirdilər.  Fərqi yoxdur, həm qızlar, həm oğlanlar orduya qatılmaq və orda ən xırda işlər olsa da, öz sözünü  demək istəyirdilər. Bir məsələni də xüsusi qeyd etmək istədim ki, mənim hərbçi olmağım da zabit olmağım da, sənədlərimi Ali Hərbi Məktəbinə təqdim etməyimdə birirnci Qarabağ döyüşlərində iştiarak edən  Qədir əmimin mənəvi təsiri olmuşdur.  İstərdim ki, bizdən sonara gələcək nəsillər  yetişəcək gənclər məhz bizlərdən nümunə götürsünlər.  Mən bu istiqamətdə hər zaman öz təbliğatımı aparıram. Qoy bizim gənclərimiz özlərini avropalılara deyil, məhz qazilərimizə bənzətməyə çalışsınlar. /hafta.az/

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

"Bu vəsaiti şəhid ailələrinə, qazilərə vermək lazım idi"

"Vətən məni çağırsa, yenə getməyə hazıram"

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Bu, Türkiyə-Azərbaycan hərbi müttəfiqlik müqaviləsinin bağlanmasına gətirib çıxaracaq"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...