Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən Müharibəsinin qazisi, jurnalist, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Leytenantı Xalid Dünyamalı oğlu Ağalıyevlə görüşüb.
Versus.Az xəbər verir ki, millət vəkili qazimizi tarixi zəfər münasibəti ilə təbrik edib:
"Hörmətli qazimiz! Siz və cəbhə yoldaşlarınız müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıraraq, başda Ali Baş Komandanımız olmaqla Silahlı Qüvvələrimizin qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz. Sıralarında döyüşdüyünüz Ordumuz əcdadımızdan gələn hərb ənənələrini texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın formalaşdırmağa çalışdığı saxta mifləri 44 gün içində darmadağın etdi.
Sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış digər şəhər və rayonlarımızda dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.
Siz, Azərbaycan Prezidentinin 24 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmisiz. Siz bu medala respublikamızın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyinizə görə təltif edilmisiz.
Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işinin yarımçıq qalmadığı üçün qürur hissi keçiririk.
Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgərlərimizi, zabitlərimizi bir daha tarixi zəfər və yeni təqvim ili münasibəti ilə təbrik edirəm"!
Q.Paşayeva qazi jurnalistə Mədəniyyət Komitəsi adından Təbrik Məktubu və üzərində "Şuşa Azərbaycandır!" yazılmış qol saatı təqdim edib.
X.Ağalıyev Komitə sədrinə səmimi görüş üçün təşəkkür edib.
Versus.Az