Müştəri axtaranlar

14:32 09-01-2021 | icon 50 | Ədəbiyyat
Müştəri axtaranlar

 
YUNUS OĞUZ YAZIR

 

Felyeton

 

Əvvəllər bazara girəndə səsdən qulaq tutulurdu. Elə bil qarğa bazarı idi. Çənə döyməkdən yorulmurdular. Satıcı qiymətini deyir, alıcı qiymət salırdı. Ən çox da alıcılar qabağa düşürdülər. Satıcılar da hərif deyildi. Alıcıları gendən tanıyırdılar. Sözləşib bir sırada eyni qiymət qoyur, sonra isə lazım gələndə guya alıcı ilə razılaşıb qiymətdə aşağı düşürdülər. Yəqin ki, məşhur "Alma almaya bənzər" filmini görmüsünüz. Bax bütün Azərbaycan bazarları o filmdəki bazar epizod idi keçən əsrin 60-70-ci illərində. Bazarda bir neçə bərkgedən satıcılar var idi ki, çox qışqırmazdılar. Arada yaxşı müştəri gələndə səsləri gələrdi:

 

- Gəl ay müştəri!

 

Qızıldandı dişləri! (Onlar "dişləri" əvəzinə "dişdəri" deyirdilər).

 

O zaman ağıza qızıl diş qoymaq həm dəb, həm də zənginlik əlaməti idi. Deməli bazara pul xərcləyən gəlib. Bu deyimdən sonra bərkgedən satıcılar dərhal hərəkətə keçir, həmən müştərini özlərinə cəlb etmək üçün mallarını tərifləməyə başlayırdılar.

 

Belə satıcılardan biri də bizim qonşumuz idi. Hər şeyi də vardı; daşdan tikilmiş ikimərtəbəli evi, "Jiquli 04" ü, qapıda qoyun-quzusu, toyuq-cücəsi, bir sözlə doqquz uşağı böyütmək üçün bütün şəraiti vardı.

 

Uzun yay gecələrinin birində domino oynaya-oynaya soruşdum ki, qonşu, bazarda dediyin o sözlərin mənasını aç da, nə olar?

 

Mənə mənalı-mənalı baxaraq gülə-gülə  bircə kəlmə dedi:

 

- Müştəri "tuturam" özümçün. - Gördü ki, heç nə anlamadım əlavə etdi. - İmkanlı adam həmişə bazara gəlmir, çənə vurmur, hansı qiyməti deyirsən, razılaşır. Sonra da xəbər göndərir ki, filan bazarlığı elə, bizim evə çatdır. Bax, müştəri "tutmaq" budur.

 

İndi o günlərdən 50-60 il keçib, hətta müstəqil də olmuşuq, otuz ildən sonra mənfur ermənini də əksər torpaqlarımızdan "iti qovan" kimi qovmuşuq. Qürurumuz da yüksəlib, amma müştəri "tutmaq" xasiyyətindən əl çəkməmişik.

 

İndi hamı -"məmə əməndən, pəpə yeyənə" qədər müştəri axtarır. Südəmər körpə anasının döşlərində süd, pəpə yeyənlər isə müştəri axtarır. Hər şey alınır, satılır, Alan kim, aldadan kim? Satan kim, satılan kim? Özünü cəmiyyətə dürtüşdürən kim, dürtüşdürülən kim? Bütün bunlardan bezən kim, bezdirilən kim?

 

O gün fikrim "Aladağ"da olanda telefonuma zəng gəldi. Telefonun o biri tərəfində bərkgedən dostumun səsi eşidildi, elə bil nədənsə sarsılmışdı:

 

- Neyləyirsən? - Salamsız-kəlamsız soruşdu. - Yazmırsan, Mirzə?

 

Elə mən də salamsız-kəlamsız cavab verdim:

 

- Yazmağa o qədər məsələ var ki, heç nə yaza bilmirəm, itib qalmışam ortada. Bilmirəm COVİD-dən, kəlləçarxa qalxan  dərman qiymətlərindən, yoxsa müharibə vaxtı xalq yardımı satan məmurlardan, ya da televiziyada müharibə vaxtı az qala unudulan, indi isə qırışları açılmış müştəri "tutan" müğənnilərdən yazım. Hələ mən bu bərkgedən televiziya aparıcılarını demirəm. O aparıcılardan biri canlı yayımda deyir ki, valideynlər də məxluqdur. Bah, "gül dərib gülab çəkdi". Hamı müştəri axtarır, müştəri tutur.

 

Bəzi TV aparıcıları var ki, adamı çağırır verilişə, nə danışırsan danış, fərqi yoxdur. Verilişdən çıxanda cibinə bir şey qoymasan, bir də o verilişin bağlı qapılarını da görməyəcəksən. Bəs nə bilmişdin. Müştərini belə axtarırlar; "tutar qatıq, tutmaz ayran"...

 

Kişinin ürəyi dolu imiş. Sözümü yarımçıq kəsdi:

 

- Qardaş, nə qoyub, nə axtarırsan? Bu televiziyalar cəmiyyətin güzgüsüdür. Axı mən necə uşaqlarıma narkomanın, cinsi azlığın  nümayəndələrinin verilişinə baxmaqlarına imkan verim? Onlar müştəri axtarırlar, ortada gələcək nəsil korlanır. Bax COVİD-ə görə toy "tutmayan"lar, indi gələcək nəslimizə toy tuturlar. Müharibə qurtaran kimi elə bil sözləşiblər kimi, yenə guya bir-birlərini qırmağa başladılar. Hələ mən demirəm bəzi müğənnilər qazilərlə televiziyaya çıxıb müştəri də tuturlar, guya vətənpərvərdilər. Təki gözdə, üzdə olsunlar. Bilmir harada nə bişib, deyir mənə də bir çömçə çək.

 

Dilim dözmədi, zarafatla dedim:

 

Eybi yox, müharibədən sonra, həm də karantindir deyə kasıblayıblar, müştəri axtarırlar ki, toy tutsunlar.

 

- Qardaş, - yenə sözümü kəsdi, - yaxşı bu müğənniləri bildik, bəs bu siyasətçilərə nə deyirsən? Bir-birlərini agent adlandırmaqla bunlar da müştəri axtarırlar? Bəs o Milli Şuraya nə ad qoyacaqsan?

 

Yenə keçdim zarafata:

 

- Azərbaycanda bir qurum var ki, ondan başqa hamı müştəri axtarır, müştəri "tutur". O da bizim Tarif  Şurasıdır. O qiymət tutur. Di get.

 

Dostum sözünü yekunlaşdırdı.

 

- Eybi yox, çox çəkməz "Dövlət" baba da belələrinə bir toy tutar ki, gəl görəsən.

 

Saqollaşdıq. Düşündüm ki,  müştəri axtarıb, tapmaq elə bilirsən "dım-dım" halvasıdır? Buna da fərasət, xüsusi bacarıq (lazım gəlsə elm də deyərəm) lazımdır. Bax, o gün bir müğənni deyir ki, mənim filan mahnıma görə mənə fəxri ad verin. Ağ eləmə də, müştəri axtarırsan, axtar. Azərbaycanda hər iki nəfərdən biri oxuyur. Ona qalsa, hamıya fəxri ad verilsin. Bu ad üçün gərəkdir ki, bir qədər xərcə düşəsən. Bunu bacarmırsansa, get, o fəxri adı Şirazdan al. Gərəkdir Aqil Abbasa fəxri ad hökmən verilsin, çünki "Dolu" filmi çəkiləndə xalq nə təhər qızışmışdısa, basıb təmas xəttini keçmişdi. Müharibəni "Dolu" filmi başladı. Elçin Hüseynbəylinin Qarabağ hekayələrinə görə Dilqəmlə Şahbaz sehrbaz kimi işğal olunmuş ərazilərdə göründülər və bədəl olaraq səkkiz il qapalı məkanda qaldılar. Onlar müştəri axtarmırlar deyə ən ali adları ala bilmirlər.

Mən də müştəri axtarmıram, müştəri olmaq istəmirəm, yoxsa bu qədər tarixi romanlar yazandan sonra, qışqırmağa nə vardı ki? Qoy bu barədə müştəri "tutan"lar dərd çəksin. Bizimsə dərdimiz başımızın altındadır.

 

/08.01.21/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

Sülhməramlıların fəaliyyətini necə qiymətləndirirsiz?

“İMZA” Sosial İnkişafa Dəstək İctimai Birliyində yeni TƏYİNAT

"Azərbaycan hər an rus-erməni təxribatına hazır olmalıdır"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

Hafiz Hacıyevdən Ramiz Mehdiyevlə bağlı daha bir FAKT

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

ALDP-dən 20 Yanvar faciəsinə VİDEO-ÇARX

AĞLAMA, QƏRƏNFİLİM…

"Bu, Azərbaycan üçün daha bir tarixi qələbədir"

"Azərbaycan tranzit ölkə kimi mövqeyini daha da gücləndirəcək"

Gəldin, əbədi olaraq ürəklərə köçmək üçün...

Azad Rəhimov başqa xəstəxanaya KÖÇÜRÜLDÜ

Hafiz Hacıyev Ramiz Mehdiyevi və onun kadrlarını ifşa etdi - VİDEO

Kiçik qurdun böyük fəsadları - Yoluxanlarda hansı əlamətlər ola bilər?