Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

16:23 14-01-2021 | icon 91 | Siyasət
Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

Rauf Məmmədov: “Bu, Azərbaycan və Türkiyənin həm regionda, həm də dünyada əhəmiyyətini artıracaq”

 

Üçtərəfli Moskva görüşünün təhlili regiondakı vəziyyətin gərgin olaraq qaldığını göstərir. Regionda marağı olan güc dövlətləri Azərbaycan ərazilərinin suverenliyini kölgə altına salmaq üçün əllərindən gələni etməyə çalışırlar.

 

Region dövlətlərinin Azərbaycanla bağlı siyasətini Versus.az-a müsahibəsində təhlil edən AMEA-nın Dos. Dr, politoloq Rauf Məmmədov maraqlı məqamlara diqqət çəkib.

 

- Rauf müəllim, üçtərəfli Moskva görüşündə məlum sənədlərdən savayı Azərbaycan üçün mühüm olunan məsələlər niyə sonraya saxlanıldı, səbəb nədir?

 

- 11 Yanvar üçtərəfli Moskva görüşü noyabrın 10-da qəbul edilən üçtərəfli sənədin iqtisadi şərtlərinin konkretləşdirilməsi və həyata keçirilməsi məqsədini daşıyırdı. Bu, tərəflər üçün sürpriz deyildi. Çünki həm Ermənistan, həm də Azərbaycan hansı məsələlərin müzakirə olunacağı barədə öncədən məlumatlandırıldı. Türkiyə danışıqlarda iştirak etməsə də, müzakirə olunan məsələlərdən xəbərdar idi. Çünki Prezident İlham Əliyev səfərdən öncə bu məsələləri Türkiyə tərəfi ilə müzakirə etmiş, həmçinin, bu görüşdən öncə bu məsələlər Çavuşoğlu və Lavrovun görüşlərində də müzakirə edilmişdi. Bu baxımdan, 11 Yanvar üçtərəfli Moskva görüşü nə Azərbaycan, nə Türkiyə, nə də Ermənistan üçün sürpriz deyildi. Demək olar ki, bu görüşdə qəbul edilən qərarlar bütün tərəflər arasında öncədən razılaşdırılmışdı. İndi isə razılaşdırılmış qərarların rəsmiləşdirilməsi və həyata keçirilməsi mərhələsi başladı. Buna görə də hər üç tərəf iqtisadi layihələrin və infrastrukturun həyata keçirilməsi üçün komissiya yaratdılar.

Bu danışıqlarda əsirlərin qaytarılması, sərhədlərin müəyyənləşməsi, Laçın Dəhlizində baş verən qanunsuzluqlar, Dağlıq Qarabağın statusu məsələsi müzakirə obyekti ola bilməzdi. Çünki bu məsələlər ərazidə yerləşən rus sülhməramlılarının və Rusiyanın strateji maraqlarının şübhə altına alınması demək olardı. Məsələn, 10 noyabr sənədindən sonra Qarabağda peyda olan erməni terrorçularına qarşı əsas məsuliyyət rus sülhməramlılarının üzərindədir. 10 noyabrdan sonra əsir düşən erməni silahlısı əsir deyil, terroristdir. Əgər rus sülhməramlıları Laçın Dəhlizinə nəzarət edirsə, onda bu terrorular Qarabağda nə iş görür? Onda belə çıxır ki, rus sülhməramlıları ya terrorçuları sərhəddən keçirərək onlardan ibarət yeni ordu yaradır, ya da öz işinin öhdəsindən gələ bilmir. Putin belə bir durumda onların əsirlikdən azad olunması barədə Prezident İlham Əliyevə necə müraciət edə bilər. Əgər Putin bu məsələni gündəmə gətirsə, Azərbaycan və Türkiyə tərəfi sərhədlərin birgə nəzarət mexanizmini ortaya qoya bilər. Bu isə Rusiyaya lazım deyil. Bu baxımdan, Putin bu məsələlərin müzakirəyə çıxarılmasına imkan verməzdi.

 

- Rusiya regionda hansı maraqlarını qorumağa çalışır. Bu prosesdə Türkiyənin rolu necə dəyişir?

 

- Bu danışıqlarda Dağlıq Qarabağın statusu məsələsi müzakirə obyekti ola bilməzdi. Çünki Putinin özü də bir neçə dəfə bu məsələnin qeyri-müəyyən bir zamana buraxıldığını bildiribdir. Birincisi, Rusiya Dağlıq Qarabağın statusunun həllində maraqlı deyil. O, status-kvo olmasını istəyir. Çünki bu məsələ həll olunsa, rus sülhməramlıları Dağlıq Qarabağı tərk etmək məcburiyyətində qalacaqdır. Bu isə onun Cənubi Qafqazdan getməsi deməkdir. Buna görə də rus sülhməramlıları erməniləri Dağlıq Qarabağa cəlb etmək üçün hər cür imkanlara əl atır. Ermənilər orada məskunlaşmadan sonra, rus ordusunun orada qalmasının adı nə olacaqdır?! Azərbaycanlıların Dağlıq Qarabağda məskunlaşması onların marağında deyil. Çünki bu, ermənilərin orda məskunlaşmasının qarşısını alacaq və orada olanların da ərazini tərk etməsinə şərait yaradacaq. Buna görə də rus sülhməramlıları ərazidə ermənilər tərəfindən hərbi təxribatların olmasına şərait yaradırlar ki, mülki azərbaycanlılar oraya məskunlaşmaq fikrindən vaz keçsinlər.

İkincisi, Dağlıq Qarabağın statusu məsələsini Rusiya təkbaşına həll edə bilməz. Bu məsələ təəssüflər olsun ki, yenidən ATƏT-in Minsk qrupu çərçivəsində müzakirə edilə bilər. 2+2 formatında bağlanan sülh müqaviləsini BMT tanımaya bilər. Deməli, ABŞ, Dağlıq Qarabağın statusu məsələsinin həllində özünü irəliyə atacaq. Paşinyanın Moskva görüşündə Dağlıq Qarabağın statusu məsələsində Minsk qrupunun adını çəkməsi buna işarədir. Görünür, Ermənistanın son ümid yeri ABŞ-dır. Çünki Paşinyanın himayədarı olan Sorosun demokratlar komandası hakimiyyətə gəlmişdi. Putinin də son dövrdə Paşinyana ehtiyatlı yanaşması buradan irəli gələ bilər. Yəni, Azərbaycan-Türkiyə ittifaqı Rusiyanın üzərinə güclü təzyiq göstərsə, Rusiya Ermənistanla yaxınlaşaraq Türkiyəyə qarşı ABŞ və Fransa ilə bir araya gələ bilər. Bunu Suriya və Liviyada müşahidə etmək mümkündür. Ancaq bu kritik bir qərar ola bilər. Çünki Rusiya Cənubi Qafqazda özündən başqa heç kimi görmək istəmir. Türkiyənin danışıqlardan uzaq tutulması da bununla bağlıdır.

NATO üzvü olan Türkiyə artıq de-fakto Cənubi Qafqazdadır. Yeni dəmir yollarının salınması və işə düşməsi nəticəsində Türkiyənin bölgədə təsiri daha da artacaq. Yeni layihələr Rusiyanın bölgədə iqtisadi və geosiyasi mövqeyini gücləndirəcək. Rusiya daha çox bölgədə sosial-iqtisadi proseslərə hərbi-siyasi nəzarət mexanizmini həyata keçirəcəksə, Türkiyə Böyük Britaniyanın maliyyə dəstəyi ilə iqtisadi layihələr gerçəkləşdirəcək. Nəzərə alsaq ki, Türkiyə hərbi bazaları Azərbaycanda göründüyündən də çox artır, o zaman, Türkiyənin iqtisadi gücünün arxasında hərbi-siyasi güc də olacaq. Bu baxımdan, Türkiyənin Cənubi Qafqazda güclənmə perspektivləri Rusiyadan daha artıqdır. Çünki yaxın dövrdə neft-qaz qiymətlərinin qalxması ehtimalı da azdır.

 

- Rusiya və Fransanın Qarabağdakı maraqları harda toqquşur? Azərbaycan üçün heç də xoş olmayan hansı yeni bir model işə düşə bilər?

 

- 11 Yanvar üçtərəfli Moskva görüşündən bir neçə gün əvvəl Makron da Putinlə telefon danışığı aparmışdı. Hər iki prezident arasında bu cür danışıqlar mütəmadi şəkildə aparılır. Görünür, Putin mövcud sənəd barədə Fransa tərəfinə də məlumat verib və onun təkliflərini də dinləyibr. Rusiya Fransa ilə Liviya, Suriya və Afrikada yaxın əməkdaşlıq edir. Bu əməkdaşlığın təməlində maliyyə münasibətlərinin dayandığını düşünürəm. Çünki Makron qlobal maliyyə güclərinin əsas kadrlarından biri kimi fəaliyyət göstərir. Fransanın, İsrailin Aralıq Dənizində həyata keçirmək istədikləri enerji layihələri Türkiyə tərəfindən əngəllənir. Yunan-Türkiyə münasibətlərində, Kiprdə, Liviyada baş verən gərginliklər bununla bağlıdır.

Fransanın Cənubi Qafqazda da mövqeyi zəif deyil. Gürcüstanda prezidentdən tutmuş güclü siyasi-iqtisadi fiqurların bir çoxunun Fransadan gəldiyini bilirik. Fransa erməni diasporunun Fransa hakimiyyəti ilə sıx əlaqələri mövcuddur. İranda mövcud rejimin 1979-cu ildə Fransadan gəldiyini də unutmamalıyıq. Bölgədə İran, Ermənistan və Gürcüstan əməkdaşlığında Fransa faktorunun rolu böyükdür. Qarabağın işğaldan azad olunması və İran-Ermənistan sərhədlərinin nəzarətə götürülməsi, Fransanın Korfəz neft-qaz ehtiyatlarını İran- Ermənistan-Gürcüstan vasitəsilə Qara Dənizə və oradan Balkanlara çıxışı layihəsinə mane oldu. Burada da Türkiyə Fransanın qarşısında əngəl oldu. Fransa və İsrailin Türkiyəyə qarşı qəzəblərinin arxasında bu dayanır. İranın da Qarabağın azad edilməsi ilə bağlı narahatlığı görünür bununla bağlı idi. Fransada və bir çox Avropa ölkələrinin siyasi qurumlarında Azərbaycana qarşı çıxarılan sanksiyalar buradan irəli gəlir.

 

- Sual olunur ki, bəs 30 il işğalda olan Qarabağ ərazisi Fransa üçün sərfəli idimi?

 

- Ola bilərdi. Çünki Qarabağ ərazisi beynəlxalq narkotika və illeqal ticarət növlərinin marşrutuna çevrilmişdi. Yaxın Şərqdən Avropaya qədər uzanan bu marşrutdan bir çox ölkələrin koorupsiya rejimləri çirkli gəlirlər əldə edirdilər (Ermənistan da həmçinin). ABŞ sanksiyalarına məruz qalan İranın yeganə illeqal çıxış yolu Qarabağdan keçirdi. Bu yolun bağlanması İranın da sosial-iqtisadi durumuna problem yaratdı.

 

Belə bir durumda, Fransa Türkiyəni Cənubi Qafqazdan çıxarmaq və Qarabağı 27 sentyabrdan əvvəlki durumuna qaytarmaq fikrinə düşə bilər. Bu, Fransa parlamentinin çıxardığı qərarda da öz əksini tapdı. Lakin Fransa Minsk qrupu üç həmsədr ölkəsindən biri kimi öz birtərəflik statusuna de-fakto son qoydu. Cənubi Qafqazda Türkiyə ilə İranı toqquşdurmaq və bölgədə sünni-şiə qarşıdurması təxribatları yaratmaq imkanları da keçərli deyildi. Çünki Rusiya buna imkan verməz. Buna görə də Fransa bölgədə olan öz geosiyasi və iqtisadi maraqlarını Rusiya vasitəsilə həyata keçirmək qərarına gəlib.

11 yanvar Moskva görüşündə iqtisadi layihələrin, dəmir yollarının, loqistikanın gündəmə gəlməsində Fransanın da öz təklif və maraqları vardı. Bu layihələr bölgədə cənub-şimal və şərq-qərb istiqamətində bütün iqtisadi resursları işə salır. İran artıq Azərbaycan ərazisindən dünya bazarına leqal çıxış əldə edir. O, öz neft-qaz resurlarını TANAP-TAP layihəsinə qoşa bilər. Rusiya artıq bağlanmış Abxaziya-Gürcüstan-Ermənistan dəmir yolu xəttindən deyil, Dağıstan-Azərbaycan-Ermənistan ərazisinə keçid edir. Rusiya Azərbaycan vasitəsilə İran, Türkiyə, Körfəz ölkələri, Hindistana çıxış əldə edir. Bu layihədən Cənubi Qafqaz və onun ətrafında olan qonşu ölkələrin hamısı gəlir əldə edir. Naxçıvan dəhlizinin açılması, Türkiyə-Azərbaycan və türk dünyası iqtisadi əlaqələrinin perspektiv imkanlarını genişləndirir. Gürcüstanın da bu layihələrdən kənarda qalmaması üçün Gürcüstan-Azərbaycan dəmir yolunun işlədilməsi əhəmiyyətlidir. Beləliklə, Azərbaycan qlobal loqistikanın əsas mərkəzlərindən birinə çevrilir. Buna transxəzər enerji layihələrinin də qoşulacağını nəzərə alsaq, Azərbaycanın qlobal iqtisadiyyatda rolu nəhəng olur. Bu, Azərbaycanın siyasi gücünü də artırır.

Azərbaycanın İsrail ilə ənənəvi dostluq münasibətləri, İsrail-Türkiyə münasibətlərini də yeni bir əməkdaşlıq formatına gətirə bilər. İsrail, Fransa və Türkiyə Aralıq Dənizində ortaq maraqlar istiqamətində müəyyən iqtisadi razılaşmalar əldə edə bilərlər. Bu isə, Dağlıq Qarabağ məsələsinin həllində Fransanın Azərbaycanın mövqeyini müdafiə etməsinə səbəb ola bilər. Artıq, mətbuatdan bildiyimiz kimi, İsrail-Türkiyə kəşfiyyat orqanları arasında müəyyən danışıqlar aparılır.  

ABŞ-da demokratlar hakimiyyətə gəldilər. Biz, həmişə ABŞ demokratlar hakimiyyətinin ermənipərəst mövqedən çıxış etdiyini görmüşük. C. Bayden hökumətinin Daqlıq Qarabağ məsələsinə münasibəti necə ola bilər?

ABŞ-nın Ermənistana yaxşı münasibətinin kökündə öz milli maraqları dayanır. Bu maraqlar daxildəki prezident seçkiləri ilə səciyyələnmir. Əsas maraq, Cənubi Qafqaza daxil olmaq və oradan Avrasiya məkanını idarə etməkdir. ABŞ Saakaşvili ilə Gürcüstana daxil olmuşdu. İndi də Gürcüstanda ABŞ dayaqları güclüdür. ABŞ tezliklə Gürcüstanda öz hərbi bazalarını yerləşdirmək üçün, Gürcüstanın təcili NATO-ya daxil edə bilər. ABŞ Paşinyan hökuməti ilə artıq Ermənistanda da mövcuddur. ABŞ Azərbaycan ilə nə qədər danışıqlara getsə də, Azərbaycanda yerləşə bilmədi. Əslində, Azərbaycan öz strateji mövqeyinə görə, ABŞ-na daha çox əlverişli idi. Deməli, ABŞ-nın strateji planında Azərbaycanı öz əlinə keçirmək planı mövcuddur.

 

- ABŞ nədən ötrü Cənubi Qafqazda öz mövqeyini gücləndirmək istəyir?

 

- Çin, ABŞ üçün ən böyük rəqibdir. Çinin güclənməsi, ABŞ-nın zəifləməsi və nəticədə qlobal oyunçu rolunu itirməsi deməkdir. Çini ayaqda saxlayan və onu ABŞ-na rəqib edən isə, ABŞ daxilində bütün dövlət strukturlarına sızan və bir çoxlarına rəhbərlik edən qlobal maliyyə gücləridir. Onlar, maliyyə güclərini və yeni texnologiyaları Çinə daşımaqla, onu ABŞ-na rəqib edirlər. Onlar, ABŞ-da vergilərin artmasına və Çində vergilərin azalmasına şərait yaratmaqla, investisiyaların ABŞ-dan Çinə yönəlməsini təmin edirlər. FED-in əsas idarəçiləri olan və dolları idarə edən bu güclər, dollara alternativ olaraq kriptovalyutaları gücləndirir və ABŞ tənəzzülünə şərait yaradırlar. ABŞ-da yevangelistlərin və sionistlərin dəstəyi ilə hakimiyyətə gələn D. Tramp da dolayı şəkildə maliyyə güclərinin dəstəklədiyi şəxs idi. D. Tramp ABŞ-nı dünya siyasətindən təcrid edib, daha çox daxili məsələlərə diqqət yetirirdi. Buna görə də, seçkilərdə qələbə qazanan C. Bayden onu “xarici siyasətdən uzaqlaşmaqda” ittiham etdi və həm də bununla göstərdi ki, indiki administrasiyanın əsas hədəfi fəal xarici siyasət olacaqdır. C. Baydenin ilk hədəflərindən birinin İsrail olması mümkündür. O, Fələstində iki dövlətin yaradılması ideyasını dəstəkləyir. O, buna paralel şəkildə Türkiyəyə də təzyiqlər göstərəcəkdir. Bildiyimiz kimi, demokratların əsas təsiretmə metodu “soft power” kimi bilinən rəngli inqilablardır. Artıq, Türkiyədə R.T. Ərdoğana qarşı bütün müxalifət vahid bir cəhbədən çıxış etməyə başlayıbdır. AKP hökumətinin daxilində də kriptofetoçuların olduğunu nəzərə alsaq, Türkiyədə növbəti çevriliş cəhdinin olacağını istisna edə bilmərik.

 Eyni mənzərəni İranda da müşahidə edə bilərik. Son dövrdə İranda strateji dövlət strukturlarında baş verən və xüsusi şəxslərə qarşı edilən terror hadisələri göstərdi ki, ABŞ kəşfiyyatı İranın dərinliklərinə qədər sirayət etmişdir. ABŞ-ın Ermənistanda oturması və İran-Azərbaycan sərhədlərinin nəzarətə götürülməsi, İranın müvəqqəti olaraq Qara Dənizə çıxışını məhdudlaşdırdı. Naxçıvan dəhlizinin ortaya çıxması, İranın Naxçıvana artıq qiymətlərlə satdığı enerji gəlirlərindən də məhrum etdi. Üstəlik, İran öz enerji xətlərini Naxçıvan dəhlizindən keçən xəttə bağlamaq məcburiyyətində qalacaqdır ki, bu da onun Türkiyə və Azərbaycandan asılılığını artıracaqdır. Hal-hazırda İranın əsas gəlir mənbəyi Çindir. Onun Çinə satdığı enerji resursları yeganə gəlir mənbəyidir. ABŞ bu gəlir mənbəyini Əfqanıstanda taliban hərəkatı vasitəsilə qarşısını ala bilsə, o zaman, İranın daxilində sosial-iqtisadi böhran pik həddə çatar və ölkədə parçalanma prosesi sürətlənər. Bu məsələnin ABŞ-ın gündəmində olması mümkündür. Çünki Çini vurmaq üçün İranın vurulması şərtdir.  

ABŞ-ın Cənubi Qafqazda yerləşməsi, yalnız İran üçün deyil, həm də Türkiyə, Rusiya və Çin üçün böyük təhlükədir. İlk növbədə bu Çin üçün təhlükədir. Çin və Böyük Britaniyanın nəzarətində olan qlobal “İpək Yolu” layihəsi, ABŞ-ın süqutuna hesablanmışdır. Deməli, Yeni ABŞ hökuməti Pentaqon ilə birlikdə Avropanı Asiyaya bağlayan “İpək Yolu” layihəsini ya ortadan qaldırmalı, ya da onun üzərində nəzarəti öz əlinə almalıdır. 30 ildir Qarabağ məsələsinin status-kvo durumunda qalması bununla bağlıdır. ABŞ bu yolla “İpək Yolu” layihəsinin gerçəkləşməsinə əngəl törədirdi. 90-cı illərdə Qarabağın işğal olunması SSRİ və Rusiya hökuməti tərəfindən həyata keçirilsə də, bunu ABŞ-rı etmişdir. Çünki o dövrlərdə Qorbaçov və Yelsin hökumətlərinin ABŞ-ın nəzarəti altında olduğu bilinən bir gerçəkdir. Qarabağın işğal olunmasının ardından o dövrün ABŞ demokratları Rusiyanı və Ermənistanı ittiham etmək əvəzinə, Azərbaycana qarşı sanksiyalar tətbiq etmişdi. O dövrün Türkiyə hökuməti də ABŞ-ın maraqlarını təmsil edən bir hökumət idi. ABŞ-ın kəşfiyyat orqanlarından olan feto təşkilatı da postsovet məkanında bütün siyasi-iqtisadi, sosial-mədəni strukturlara sirayət etmişdir. Azərbaycanın Böyük Britaniyanın BP şirkəti ilə əməkdaşlığı, ABŞ-ın maraqlarına cavab vermirdi. Çünki ABŞ və Böyük Britaniya üzdə müttəfiq ölkələr kimi görünsələr də, dərin tarixi köklərə malik bir düşmənçilikləri vardır. Bu düşmənçilik münasibətləri ABŞ-ın Azərbaycana münasibətində də özünü göstərir.

ABŞ demokratlar hökuməti 2016-cı il 15 temmuz çevriliş cəhdində Türkiyə prezidenti Ərdoğanı fetoçular vasitəsilə ortadan qaldırmaq planı baş tutmadı. PKK-nı Türkiyə-Suriya sərhədinə yerləşdirdirsə də, Türkiyə sərhəddə bufer zona yaratmağa müvəffəq oldu. Maliyyə təxribatları ilə Türkiyədə maliyyə böhranı yaratmağa çalışsa da, öz istəyinə nail olmadı. Çünki “İpək Yolu” layihəsinin əsas keçid mərkəzləri yenə də Türkiyənin nəzarətindədir. Türkiyə Qara Dənizdə giriş-çıxış nöqtəsi olan Bosfor boğazına nəzarət edir, Aralıq Dənizində Kiprdə öz mövqeyini möhkəmlədir, həmçinin, Cənubi Qafqazda və Orta Asiya türk dövlətlərində turançılıq ideyası ilə öz mövqeyini gücləndirir. Deməli, ABŞ-nın “İpək Yolu” layihəsini ələ keçirməkdə ən böyük əngəl Türkiyədir. Türkiyə dövləti Böyük Britaniya və Çin ilə müttəfiq kimi çıxış edir. Azərbaycanın Böyük Britaniya və Çin ilə əməkdaşlığı, Azərbaycan və Türkiyənin strateji məqsədlərinin uzlaşmasına şərait yaratdı. Türkiyənin ABŞ-ın nəzarətindən çıxması və onun rəqibləri ilə bir araya gəlməsi, ABŞ-ını Türkiyəni hər tərəfdən mühasirəyə almaq və daxildə separatçılıq təxribatlarını artırmaq cəhdlərini artırdı. Aralıq Dənizi, Suriya, Qara Dəniz və nəhayət Cənubi Qafqazdan Türkiyəni əhatə etmək planı işə düşdü. Bu plan həmçinin, Böyük Britaniya və Çinə qarşı yönəlmişdi. ABŞ-rı rəngli inqilab yoluyla Ermənistanda Paşinyan hökumətini qurdu və Ermənistanda öz nəhəng səfirliyini yaratdı. Bundan sonra Paşinyanı Rusiyaya, Türkiyəyə və Azərbaycana qarşı qaldırdı. Paşinyan öz hərəkətləri ilə Azərbaycanı müharibəyə təhrik etdi və müharibənin başlamasına nail olduqdan sonra “erməni informasiya maşını” Rusiya və Türkiyəni toqquşdurmağa çalışdı. Bu toqquşmanın olmasını Fransa da istədi. Buna görə də, ABŞ nəzarətində olan Şimali İraq Kürd dövləti ərazisindən PKK terrorçuları İrandan keçərək Qarabağa daxil oldular. ABŞ və Fransa bir araya gələrək Ermənistanda Türkiyəyə qarşı bir terror qurşağı yaratmağa çalışdılar. Bu da alınmadı. Çünki Türkiyə və Rusiya təhlükəsizlik baxımından bir araya gələrək Paşinyan hökumətinin neytrallaşdırılmasına nail oldular. Yəni, Azərbaycan ordusu, öz torpaqlarını işğaldan azad etmək imkanı əldə etdi. Lakin, Rusiya, Azərbaycan ordusunun bu qədər uğurlu olmasını gözləmirdi. Məqsəd, aprel döyüşləri səviyyəsində bir döyüşün olması və nəticədə Ermənistanda Paşinyanın devrilməsi idi. Lakin, Türkiyənin siyasi-mənəvi dəstəyi ilə Azərbaycan ordusunun qarşısını almaq mümkün olmadı. Bu uğurun qarşısını almaq üçün, bir neçə antihumanist cəhdlər oldu. Ən təhlükəlisi 44 günlük savaş ərəfəsində Minsk qrupu ölkələrinin (Rusiya, ABŞ, Fransa) BMT-nın Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sanksiya qəbul etmək cəhdi oldu. Lakin, Böyük Britaniyanın veto qoyması ilə bu maneə ortadan qalxdı. Azərbaycan ordusu öz ərazisini işğaldan tam azad etməyə bir neçə gün qalmış 10 noyabrda rus ordusu Daqlıq Qarabağa daxil oldu. Rus ordusunun Dağlıq Qarabağa daxil olması, yalnız özünün deyil, həm də ABŞ və Fransanın ortaq qərarı ola bilərdi. Çünki əks təqdirdə, Türkiyə Cənubi Qafqazı tam şəkildə nəzarətə götürüb Rusiyanı bölgədən çıxaracaq və Orta Asiyaya yol açacaqdı. Bu, həm də Böyük Britaniya və Çinin Minsk qrupu ölkələri (Rusiya, ABŞ, Fransa) üzərində tam qələbəsi demək olardı. Ona görə də, onlar bunun qarşısını almaq üçün, ortaq bir qərara gəldilər. Nəticədə, bölgəyə nəzarət mexanizmi Rusiyanın əlinə keçdi. Rusiya bu nəzarət mexanizmini əlində saxlamaqla, “İpək Yolu” üzərində nəzarəti ələ keçirdi. Bu, Rusiyanın enerji xəttinə (Şimal axını-2) qoyulan sanksiyalara və enerji qiymətlərinin aşağı salınmasına verilən cavabı idi. Rusiya Suriya və Liviyada da Aralıq Dənizinə çıxan enerji layihələrinin qarşısı almaqla, ona tətbiq olunan sanksiyalara öz etirazını bildirirdi. İndi də, bunu Qarabağda etdi. Yəni, bununla Rusiya bildirmək istəyir ki, mənə qarşı olan sanksiyaları ortadan qaldırın və məni də qlobal enerji layihələrinin əsas güc mərkəzlərindən biri kimi qəbul edin. Lakin, nə Böyük Britaniya, nə Çin, nə də ABŞ-ı buna razı ola bilməzlər. Yəni, onlar razı ola bilməzlər ki, Rusiya onların qlobal layihələrinə nəzarət etsin və onlara təzyiq göstərsin. Deməli, Rusiyanın Cənubi Qafqazdan uzaqlaşdırılması vacibdir. Bu, 3-cü Qarabağ müharibəsinin başlaması və ya Şimali Qafqazda böyük Qafqaz müharibəsinin başlaması ilə davam edə bilər.  

ABŞ-ın rəqibləri onu qlobal siyasətdən çəkindirmək üçün, ABŞ daxilində qarşıdurmanı gənginləşdirəcəklər. ABŞ-da demokratlar yeni bir sistemin – rəqəmsal kommunizmin qurulmasına çalışacaqar. Ölkə daxilində sağçılıq və solçuluq hərəkatlarının qarşı-qarşıya gəlməsi, ABŞ-da ştatların ayrılmasına şərait yarada bilər. Bunlar, ABŞ-nı qlobal siyasətdən öz daxili problemlərinə cəlb edəcəkdir. ABŞ-ın öz daxilinə çəkilməsi, Türkiyənin bölgədə gücünü daha da  artıracaqdır. Bölgədə ortaq əməkdaşlıq mühitinin formalaşması Azərbaycan və Türkiyənin həm regionda, həm də dünyada əhəmiyyətini artıracaqdır.

 

Tahirə Qafarlı
Versus.Az    

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev İmişlidə şəhid və qazi ailələrini qarış-qarış gəzir - FOTO

Şəhidlik zirvəsinə yüksələn daha bir QƏHRƏMANIMIZ

İqbal Ağazadədən Putinə: Ya yaxşı qonşu olun, ya gedin!

Hafiz Hacıyevdən “partlayış”a səbəb olacaq açıqlamalar gəlir – MÜSAHİBƏ

“Qarabağda bütün məsələlər Azərbaycanın xeyrinə həll ediləcək” - MÜSAHİBƏ

Xuraman Qasımova: “Prezidentin Şuşa səfərini izləyəndə ağladım”

Region dövlətlərinin geosiyasi maraqları - MÜSAHİBƏ

"Ermənistan Azərbaycanın humanist siyasətindən nəticə çıxartmalıdır"

"Qarabağda ermənilərlə birgə yaşamaq üçün vaxt lazımdır"

"Bəlkə də onlar "5-ci kolon"un üzvləridir"

20 YANVAR - Faciə və qəhrəmanlıq tariximiz

“Pielonefrit insanların bütün yaş qruplarında tez-tez təsadüf edilən XƏSTƏLİKLƏRDƏNDİR

"Kəlbəcər uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medallı qəhrəmanımız

"ABŞ-ın demokratiya illuziyaları puç oldu" - MÜSAHİBƏ

"Vətən məni çağırsa, yenə getməyə hazıram"