Hakimiyyət: o özünü necə xilas edə bilər!

17:03 05-02-2021 | icon 496 | Siyasət
Hakimiyyət: o özünü necə xilas edə bilər!

“Cib” müxalifəti də burada heç nə edə bilməz

MÜTƏLLİM RƏHİMOV
/Ədalət Partiyasının sədr müavini/

 

Son günlər hakimiyyətin “köhnələr”ə qarşı aqresiya kampaniyası “yenilər”in əngin hökmranlığına inam yaratmaqla müşahidə olunur. İdarəetmədə səhvlər, xalqın narazılığı, korrupsiya və rüşvətxorluq, talançılıq və s. “köhnə kadrlar”ın üzərinə yıxılmaqdadır. Problem sistemdə yox, ayrı-ayrı şəxslərdədir – fikri cəmiyyətə yeridilməkdədir. Lakin “yenilər”in  səbatsızlığı elə ilk vaxtlardan bu düşüncəni alt-üst edir. Kimin və ya kimlərinsə razılaşmasından, yaxud xoş gəlib-gəlməməsindən asılı olmayaraq ictimai fikir hakimiyyətdən üz döndərməkdədir.

 

Ərazilərimizin böyük bir hissəsinin işğaldan azad edilməsi ilə qazanılmış uğurları cəmiyyətə qəbul etdirməkdə acizlik göstərən iqtidar komandasının zəifliyi göz çıxarır. Köhnələrin sümürmə amalından fərqli olaraq yenilərin məqsədsizliyi heyrət doğurur. İstək - imkanlar çoxluğu, istəyin olmaması isə - səbəblər çoxluğudur, deyimi hakimiyyətin keçmişini və bu gününü çox dəqiq ifadə etməkdədir. Cəmiyyət bəhanələr eşitməkdən cana doymaqdadır. Zakir Qaralov Respublikanın baş prokuroru olduğu 20 ildə, Rövnəq Abdullayev isə ARDNŞ-in prezidenti vəzifəsini icra etdiyi 2005-ci ildən indiyədək - 16 il müddətində doğru-düzgün və qrammatik bir cümlə qurmağı öyrənə bilməsələr də, ancaq qarşılarına qoyulan qeyri-rəsmi vəzifələrin öhdəsindən gələrək, milyonlara sahib ola bildilər. Əcaib də olsa hədəfləri vardı. Yenilər isə cümlələrinə xarici sözlər və beynəlxalq terminlər daxil etməklə, öz sələfləri kimi anlaşılmaz olsalar da, lakin “intilligent” imicinə iddialıdırlar. Çünki cəmiyyət tərəfindən başa düşülmək əsas deyil, vacib olan “xoruz səsi eşitməyən” ifadələr işlətməkdir. Buna da səhv etmirəmsə, psixologiyada natamamlıq kompleksinin əlamətləri kimi baxırlar.

 

Belə eybəcərliklərə baxmayaraq ümid verən nüanslar da var. İqtidarın yenilənmək istəyi və bununla bağlı elan etdiyi islahatlar prosesi cəmiyyətdə gələcəyə inam yaratmaqdadır. İnsanlar elə düşünürlər ki, bundan sonra həyat şəraitləri daha yaxşı olacaq, bütün günü bir tikə çörəyin dərdini çəkmək stressindən azad olacaqlar, məmurlar özləri üçün deyil, xalq üçün işləyəcək. Bütün bu gözləntilər yarana biləcək qəzəbin qarşısını alır, səbr limitini uzadır. Hələ inam tam itməyib və iqtidar ya bunun üçün çalışmalıdır, ya da müşahidə edilən çöküşünə, indi olduğu kimi, özü də balta vurmaqda davam etməlidir.

 

İqtidarın səhvlər içərisində boğulduğunu söyləmək onu məhv etmək istəyi kimi qəbul olunur. Fərsiz məmurlar diqqəti talanlarından yayındırmaq üçün söylənilən həqiqətləri hədəfə alır və süni özünüqoruma instinkti formlaşdırmağa çalışırlar.

 

İctimai fikirdə “ölən” bir hakimiyyəti heç nə ilə diriltmək mümkün deyil. Hətta o fəaliyyət göstərəcəksə, mumiyalanmış ölü kimi olacaq. Qədim Misirdə olduğu kimi. Misirlilərin etiqadlarına görə, ruh heykəldə yaşaya bilərdi. Öləni əzəmətli pozada təsvir edirdilər. O, həyatda kim idisə, ölümdən sora da həmin adam, yəni firon və əyan olaraq qalmalı idi. Lakin bununla belə ölən fironun yerinə yenisini gətirməkdən də vaz keçmirdilər.

 

İşdə çoxlu çətinliklər meydana çıxır, onda bütün perspektivlər kölgə altına düşür, elə ki, fərsizlik və miskinlik pik həddə çatır, birdən orda təşəbbüs də tapılır. Artıq hakimiyyətin qarşısında elə bir mərhələ açılıb ki, Yuli Sezarın təbirincə desək, dahi əməlləri həyata keçirmək lazımdır, sonsuza qədər düşünüb-daşınmaq yox. Başlanıldığı elan edilən islahatlar prosesini ya real şəkildə həyata keçirməklə cəmiyyətin rəğbətini qazanıb, özünü xilas etməlidir. Yaxud da pessimizmin hökmranlığı fonunda gələcək böyük etiraz dalğası onu vurub sıradan çıxaracaq. Əvəz edilə bilməyəcək hakimiyyət, əvəz olunmayan lider yoxdur. 

 

44 günlük müharibədə görsəndi ki, müxalifət milli maraqlar məsələsində hakimiyyətin yanında olmağı bacarır. 30 ilə yaxındır əzilən müxalifətin belə bir qərarı onun Vətən sevgisindən, əxlaqi dəyərlərinin yüksəkliyindən xəbər verir. Əgər belədirsə, nəyə görə canı, ruhu ölkəsinə, xalqına bağlı olan istedadlı şəxsləri müxalifətdə olduğuna görə vurub sıradan çıxarasan. Parlament seçkilərində topladığı səsləri fərsizin birinin xeyirinə saxtalaşdırasan, müvafiq vəzifəyə yaxın qoymayaraq enerjisini daxilində boğaraq mənəvi və daha sonra fiziki məhvə məhkum edəsən. Axı həmin şəxslər dövlətə və cəmiyyətə daha çox fayda verə bilərlər.

 

Görünən odur ki, müasir islahatlar prosesi müxalifətsiz alınmayacaq. “Cib” müxalifəti də burada heç nə edə bilməz. Çünki cəmiyyətin narazı çoxluğu hakimiyyətə yaxın buraxılmayanlara daha çox inanır. İdarəetməyə yenilikləri də onlar gətirə bilərlər. Xalq uzun illər onun içində olan, dərdləri ilə yaşayanların vəzifədə olması ilə ən azı mənəvi təminolunma əldə edə bilər.

 

İqtidar da ona qarşı münasibətdən qorxaraq, müdafiə cəbhəsi yaratmaqla olan-qalan bacarıq və potensialını müdafiəyə yönəltməməlidir. Mariya Kyurinin sözləri ilə desək, həyatda qorxmalı olduğunuz heç nə yoxdur, sadəcə başa düşməli olduğunuz şeylər vardır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Nənə nəvələrindən 19 milyon dollar təzminat aldı

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ