Vətən Müharibəsi Fondu döyüşdən qalan xatirə əşyalarını qəbul edir

18:22 11-02-2021 | icon 544 | Cəmiyyət
Vətən Müharibəsi Fondu döyüşdən qalan xatirə əşyalarını qəbul edir

Xəbər verdiyimiz kimi, Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondu yaradılıb.

 

Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli ordumuzun qazandığı şanlı qələbə qəhrəman şəhidlərimizin canı-qanı, qazi hərbçilərimizin rəşadəti sayəsində əldə edildi.

 

Versus.Az xəbər verir ki, Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə AMEA Milli Azərbaycan Tarixi Muzeyində Vətən müharibəsi fondu yaradılıb.

Nəzərinizə çatdırırıq ki, Muzey I və II Qarabağ müharibəsində şəhid olan zabit və əsgərlərimizə, o cümlədən müharibə iştirakçılarına məxsus, döyüşdən qalan xatirə əşyalarını qəbul edir.

 

Qeyd edək ki, Muzeyə yeni daxil olmuş materiallar || Qarabağ müharibəsində şəhid olmuş polkovnik-leytenant Qərib Baxşəliyevə məxsusdur.

 
 
Əslən Laçından olan Baxşəliyev Qərib İnqilab oğlu, 1977-ci il may ayının 22-də Bakı şəhərində anadan olub, ailənin yeganə oğul övladı idi. O, 1984-1994-cü illərdə Bakı şəhəri Nərimanov rayonu 82 saylı orta məktəbdə təhsil alıb. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə daxil olub və 1999-cu ildə həmin məktəbi zirehli tank silahları üzrə mühəndis-texnik ixtisası üzrə bitirib. 1999-cu ilin iyul ayından 2000-ci ilin dekabr ayına qədər Tərtər rayonunda 703 saylı hərbi hissədə motoatıcı taqım komandiri, 2000-ci ilin dekabr ayından 2002-ci ilin dekabr ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə taqım komandiri, 2002-ci ilin dekabr ayından 2010-cu ilin yanvar ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə tədris bölük komandiri, 2010-cu ilin yanvar ayından 2014-cü ilin fevral ayına qədər C.Naxçıvanski adına Hərbi Liseydə tərbiyəvi işlər bölməsində psixoloq vəzifələrində xidmət edib. 2014-cü ilin fevral ayından C.Naxçıvanski adına Hərbi Liseydə Şəxsi Heyətlə iş üzrə şöbənin psixoloqu-şöbə rəisinin baş köməkçisi vəzifəsində xidmət edib.
 
 
2016-2019- cu illərdə Naxçıvan Muxtar Respublikasında, daha sonra isə Bakıda Heydər Əliyev adına ali hərbi məktəbdə hərb tarixindən dərs deyib. Ordumuz üçün zabit heyətinin hazırlanmasında bilik və bacarıqlarını əsirgəməyib.
 
 
Sentyabrın 27-də başlayan Vətən müharibəsinə, iki gün sonra Q.Baxşəliyev də qoşulmuş, vətənə olan sevgisi onu daim mübarizəyə vadar etmişdir. Müharibənin ağırlığını, məsuliyyətini dərk edərək, döyüş zamanı yoldaşlarını daim ruhlandırmış, mənəvi, psixoloji gərginliyin aradan qaldırılmasında onlara dayaq durmuş, əsgərləri ilə böyük qardaş kimi rəftar etmişdir.
 
 
Vətən həsrətini, eləcə də Ermənistan işğalının xalqımızın başına gətirdiyi facələri əsgərlərinə daim xatırladaraq, hər birində düşmənə qarşı mübarizə hissini, torpaqlarımızı azad edəcəkləri halda şanlı bir tarixin yazılmasinda paylarının olacağını onlara aşılamışdır.
 
Q.Baxşəliyevin simasında xoş bir aura, xasiyyətindəki mülayimlik, insanlara qarşı sevgı hissi onu "Qızıl adam" ləqəbi ilə tanıtdırmışdır.
 
 
Azərbaycan Ordusunun polkovnik-leytenantı Q.Baxşəliyev Vətən müharibəsi zamanı bir neçə rayonun azad olunması uğrunda döyüşlərdə iştirak etmişdir. O, noyabrın 3-də sonuncu dəfə Zəngilan ərazisində postları yoxlayan zaman səhvən düşmənin mühasirəsinə düşmüş, sonuncu gülləsinə qədər döyüşmüş və əsir düşməmək üçün özünü güllə ilə vururaraq şəhidlik zirvəsinə ucalmışdır.
 
 
Onun nəşi, bir aydan çox düşmənin girovluğunda qaldı. Uzun müddət davam edən danışıqlardan sonra şəhidin nəşi ailəsinə təhvil verildi. Dekabr ayının 8-də polkovnik-leytenant Q.Baxşəliyev II Fəxri Xiyabanda böyük izdihamla son mənzilə yola salındı.
 
 
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qərib Baxşəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
 
 
Qeyd edək ki, şəhid polkovnik-leytenant Q.Baxşəliyevin hərbi geyim dəstləri, hərbi çantası, hərbi kitabları və zabit gündəliyi, şəhidin ailəsi ilə görüşən Milli Azərbaycan Tarixi Muzeyinin elmi işçisi Sahibə Ələkbərova tərəfindən Muzeyə təqdim edilib. Yaxın zamanlarda "Gənc muzeyşünaslar və muzeysevərlər klubu"nun "Tarix yazan qəhrəmanlar" layihəsi çərçivəsində şəhidin ailəsi, döyüş yoldaşları və tələbələri ilə klub üzvlərinin görüşü təşkil ediləcəkdir.

 

II Qarabağ müharibəsinin şəhidi Rövşən Nurzadənin materialları muzeyə daxil olub.
 
 
Vətən müharibəsinin şəhidi Rövşən Nurzadə 1975-ci il martın 24-də Bakı şəhərində anadan olub. Əslən Ağsu rayonundandır. Atası, Milli Dram Teatrının sənətçisi, Azərbaycanın Xalq artisti Əli Nurdur.
 
 
Azərbaycan Ordusunun baş leytenantı Rövşən Nurzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 8-də Şuşa döyüşləri zamanı şəhid olub. II Fəxri Xiyabanda dəfn olunub.
 
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Rövşən Nurzadə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin şəxsi əşyaları Muzeyin əməkdaşları - İnarə İsmayılova və Nərmin Bağırovanın vasitəsilə Muzeyə daxil olub.
 
 
Muzeyə şəhid Murad Məmmədovun şəxsi əşyaları daxil olub.
 
II Qarabağ müharibəsinin şəhidi, Murad Elşən oğlu Məmmədov 1996-cı ildə sentyabr ayının 25-də Bakı şəhəri Nizami rayonunda anadan olub. Orta təhsilini Nizami rayonunda 272 saylı tam orta məktəbdə alıb. Daha sonra Türkiyədə Erciyes Universitetinin Rus dili və ədəbiyyatı fakültəsinə qəbul olur. İkinci kursdan sonra universitet rəhbərliyinin təşəbbüsü ilə Bolqarıstanın Sofiya şəhərində təhsilini davam etdirir. Bir il sonra Türkiyəyə qayıdaraq ali təhsilini başa vurur. Bir il hərbi xidmətdə olur. 2020-ci ilin sentyabrın 20-də Ali Baş Komandanın çağırışına əsasən Fizuli rayonuna, döyüş bölgəsinə göndərilir. Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.
 
 
Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub.
 
Şəhidə məxsus saat, 2 ədəd fotoşəkil, brelok (əsgərlik zamanı özü düzəldib), diplomunun surəti, anasına "8 mart" təbrik məktubunun surəti, "Zəngəzur səsi" qəzetinin nüsxəsi (26 noyabr 2020-ci il) Muzeyə daxil olub.
Şəhidin şəxsi əşyaları Muzeyin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Nüşabə Əsədovanın vasitəsilə Muzeyə təhvil verilib.
 

 

Muzeydə həmçinin şəhid Xudayar Yusifzadəyə aid hərbi geyim qorunur.
 
MATM-nin yeni yaradılmış Vətən müharibəsi fondunda daimi saxlanılan materiallardan biri də şəhid Xudayar Yusifzadəyə məxsus hərbi geyimdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid olan bu hərbi mərasim geyimi Qurbanova Radə Şümşad qızı tərəfindən Muzeyə təqdim edilib.
Hərbi geyimin çiyinlərində gizir poqonları, sol qolunda Dövlət Sərhəd Xidmətinin şevronu əks olunub.
Qeyd edək ki, şəhid gizir Yusifzadə Xudayar Müslüm oğlu 15 iyun 1998-ci ildə Bərdə rayonunda anadan olub. 22 oktyabr 2020-ci ildə Zəngilan rayonunun Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Azərbaycan bayrağı", "Vətən uğrunda" və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hal-hazırda ölkəmizdə dillər əzbəridir.

 

I Qarabağ müharibəsi şəhidi Malik Səlimli Kərəm oğlunun materialları Muzeyə verilib.
 
I Qarabağ müharibəsində şəhid olmuş Malik Kərəm oğlu Səlimli 1973-cü il mart ayının 6-da Şamaxı rayonunun Nərimankənd kəndində (indiki Qobustan şəhəri) anadan olmuşdur. 1980-1990-cı illərdə Ağasəf Qayıblı adına Nərimankənd kənd orta məktəbində təhsil almışdır. Məktəbli ikən ictimai fəallığı ilə seçilmiş, məktəbin ədəbi-bədii tədbirlərində yaxından iştirak etmiş və 1988-ci ildə hələ 15 yaşında ikən Azərbaycan xalqının apardığı azadlıq uğrunda mübarizəyə qoşulmuşdur.
 
 
1990-cı ildə məktəbi əla qiymətlərlə bitirmişdir. Filoloq olmaq istəyirdi... İ.Nəsimi, M.Füzuli, M.Müşfiq, Ə.Vahid, M.Araz, X.Rza ən çox mütaliə etdiyi şairlər idi. Geniş dünyagörüşə sahib Malik həm də çox böyük kitab həvəskarı idi. Olduqca gənc yaşlarında Azərbaycan və dünya ədəbiyyatından seçmələrin, eləcə də ən müxtəlif mövzularda kitabların toplandığı zəngin kitabxana yaratmışdı. Malik onu tanıyanların yaddaşında səmimiliyi, təvazökarlığı, yüksək vətənpərvərliyi ilə qalmışdır.
 
 
1992-ci ildə hərbi xidmətə başlayan Malik Səlimli həmin il may ayından Qarabağda gedən döyüşlərə qatılmış və yüksək ruhla torpaqlarımızın azad edilməsi uğrunda savaşda iştirak etmişdir. Ağdam ətrafında Canyataq və Gülyataq kəndlərinin azad edilməsi istiqamətində gedən mübarizədə igidliklə vuruşmuşdur. 1992-ci ilin 25 sentyabrında Fərrux yüksəkliyinin alınması uğrunda gedən döyüşlərdə erməni snayperinin açdığı güllə ilə qolundan ağır yaralanmış və sentyabrın 30-da gözlərini həyata əbədi olaraq yummuşdur. Ömrünün son saatlarında qardaşından M.Arazın şeirlər kitabını istəmiş və "Vətən mənə oğul desə nə dərdim, Mamır olub qayasında bitərdim" misralarını pıçıldamışdır...
 
 
Malik Səlimlinin torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüş yolundan bəhs edən gündəliyi əsgər yoldaşı tərəfindən tapılmış və ailəsinə təhvil verilmişdir.
 
 
Bu gün Qobustan şəhər Mədəniyyət Evi şəhid Malik Səlimlinin adını daşıyır.
 

 

II Qarabağ müharibəsinin şəhidi, kapitan Niyət Şirəliyevin materialları Muzeyə daxil olub.
 
Vətən müharibəsinin şəhidi, kapitan Şirəliyev Niyət İmran oğlu 1990-il fevral ayının 9-da Şamaxı rayon Ovculu kəndində anadan olub. Ovculu kənd orta məktəbində və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2011-ci ildə hərbi akademiyanı bitirən N.Şirəliyev leytenant rütbəsi alır və zabit olaraq Müdafiə Nazirliyinin Təlim-tədris mərkəzində öz ixtisası üzrə biliklərini artırır. 2012-ci ildən etibarən Müdafiə Nazirliyinin Fizuli rayonunda yerləşən N saylı hərbi hissəsində tağım komandiri vəzifəsində xidmətə başlayır. 24 iyun 2014-cü ildə ona baş leytenant hərbi rütbəsi verilir. 2016-cı ildə şanlı aprel döyüşlərində iştirak edir. 2018-ci il iyun ayının 25-i ona kapitan hərbi rütbəsi verilir. 2019-cu ilin yay aylarına qədər həmin hərbi hissənin taborlarında Maddi-texniki təminat bölməsinin rəisi vəzifəsinə qədər yüksəlir. Elə həmin ilin avqust ayında Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissənin taboruna tabor komandirinin Maddi-texniki təminat üzrə müavini vəzifəsinə təyin olunur. 2020-ci ilin aprel ayının 17-si N saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunur. 30 yaşında hərbi hissənin qərargah rəisi olması N.Şirəliyevin nümunəvi xidmətinə verilən qiymət idi.
 
 
2020-ci ildə Tovuz rayonunda düşmənin növbəti təxribatı zamanı kapitan N.Şirəliyev öz əsgərləri ilə düşmən hücumunun qarşısının alınmasında iştirak etdi. Həmin döyüşlərə rəhbərlik edən general-mayor Polad Həşimov şəhid olduqda kapitan N.Şirəliyev çox üzüldü. Çünki P.Həşimov həqiqətən onlara nümunə olan bir general idi. N.Şirəliyev də sanki şəhid olacağını hiss edirmiş kimi, atasına - "Mən Polad Həşimovdan artıq deyiləm", demişdi.
 
 
2020-ci ilin sentyabr ayının 27-si başlayan II Qarabağ müharibəsində N.Şirəliyev, rəhbərlik etdiyi şəxsi heyətlə birlikdə Kəlbəcər uğrunda gedən döyüşlərdə, Murovdağ yüksəkliklərinin azad edilməsi əməliyyatlarında şəxsən iştirak etdi. O, düşmənin çoxsaylı canlı qüvvəsini məhv edərək, özü də qəhrəmancasına şəhid oldu. Cənab Kapitan döyüşə gedərkən otağına "Kəlbəcər" yazıb getmişdi. Təəssüf ki, Kəlbəcərin işğaldan azad edilməsini görə bilmədi. Ruhu şad olsun!
 
 
Kapitan N.Şirəliyev ailəli idi, Vətənə əmanət iki övladı qaldı. Şəhidin şəxsi əşyaları Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Kübra Dadaşova vasitəsilə Muzeyə qəbul edilib.
 
 
 
 
II Qarabağ müharibəsinin şəhidi Adil Əfəndiyevin materialları Muzeyə daxil olub.
 
Şəhid həkim, leytenant Əfəndiyev Adil Qədir oğlu 12.08.1995-ci ildə Qazax şəhərində anadan olub. 2001-2012-ci illərdə Qazax şəhər M.Hüseyn adına humanitar-təbiət fənləri üzrə məktəb-liseydə və sonra Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsində təhsil alıb. 2018-ci ildə həmin universitetdən "Hərbi həkim işi" ixtisası üzrə məzun olub. 2018-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda N saylı hərbi hissəsində Xüsusi Təyinatlı Qüvvələrin həkimi olaraq çalışıb. 17.10.2020-ci ildə Naxçıvandan gələn XTQ-nin tərkibində həkim olaraq cəbhə bölgəsinə yollanıb. 22.10.2020-ci ildə Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə yaralı komandirini döyüş bölgəsindən çıxarıb, öz vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. 25.10.2020-ci ildə Qazax şəhərində dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Şuşanın alınmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub. Allah rəhmət eləsin!
 
Şəhidin şəxsi əşyaları Muzeyin fond müdiri Esmira Rəhimovanın vasitəsilə Muzeyə daxil olub.
 
 
 
 
 
II Qarabağ müharibəsinin şəhidi İsrafil İbrahimovun şəxsi əşyaları Muzeyə daxil olub.
 
Əslən Ağdamdan olan İbrahimov İsrafil Zülfüqar oğlu 16 oktyabr 1997-ci ildə Bakı şəhərində anadan olub. 112 nömrəli hərbi hissədə sülhməramlı qoşunda müddətdən artıq həqiqi hərbi xidmətdə bir il altı ay qulluq etmiş İ.İbrahimovun Vətən sevgisi dillərə dastan olub. Kiçik çavuş İ.İbrahimov 27 sentyabrdan başlayaraq könüllü olaraq xüsusi təyinatlılarla birgə ön xətdə Cəbrayıl, Qubadlı, Laçın uğrunda gedən döyüşlərdə iştirak edib. 26 oktyabr tarixində Vətən müharibəsinin Laçın cəbhəsində (Səfiyan kəndində) qəhrəmancasına şəhid olub. Şəhidliyindən əvvəl isə ondan geriyə qalan elə həmin anlardan bir az əvvəl çəkdirdiyi videosu olub.
Göstərdiyi igidliyə və şücaətə görə ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı, "Cəbrayılın azad olunmasına görə" medalı, "Qubadlının azad olunmasına görə" medalı, "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib. Qeyd edək ki, şəhid İsrafil İbrahimovun atası Zülfüqar İbrahimov da I Qarabağ müharibəsi qazisidir.
 
Şəhidin şəxsi əşyaları Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Pərvanə Əzimovanın vasitəsilə şəhidin atası tərəfindən Muzeyə təqdim edilib.
 
 
 
 
Muzeyə Qarabağ şəhidi Əzizli Tacəddin Şahəddin oğlunun materialları daxil olub.
 
II Qarabağ müharibəsinin şəhidi Əzizli Tacəddin Şahəddin oğlu 1994-cü il 7 avqust tarixində Salyan rayonunda anadan olub. İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbində və Bakı şəhəri Səbail rayonu Rəfail Hüseynov adına 49 nömrəli məktəb-liseydə təhsil alıb. 2012-ci ildə Ukraynanın Xarkov Dövlət Ticarət və Qida Sənayesi İnstitutunda ali təhsil alıb, 2017-ci ildə Vətənə qayıtmışdır. Hərbi xidmətini 2017-2018-ci illərdə cəbhə istiqamətinin N saylı hərbi hissəsində keçmiş T.Əzizli nümunəvi xidmətinə görə fəxri fərmanlarla təltif olunmuşdur. 2020-ci il 21 sentyabrda Azərbaycan Respublikası Yasamal rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təlim məqsədilə ordu sıralarına könüllü yollanmışdır. 27 sentyabrda başlayan Vətən müharibəsinin ilk günündən Füzuli rayonunun Qaraxanbəyli, Seyidəhmədli kəndləri istiqamətində döyüşlərə qatılmış, Füzuli rayonu Ələsgərli kəndi istiqamətində şücaət göstərmişdir. 28 oktyabr tarixində 3 döyüş yoldaşıyla birgə düşmən postuna basqın təşkil edərək postu və düşmənin çox sayda canlı qüvvəsini məhv etməklə düşmənə məxsus 4 avtomobil və xeyli silah-sursat ələ keçirmişdir. Bundan sonra o, döyüş yolunu Cəbrayıl-Hadrut istiqamətində davam etdirmiş, Füzulidən Şuşayadək şanlı döyüş yolu keçmiş, 29 oktyabr - 9 noyabr tarixlərində Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına iştirak etmiş və 9 noyabrda Şuşada şəhidlik zirvəsinə ucalmışdır. Qanı və canı bahasına 44 günlük Vətən müharibəsində iştirak etmiş T.Əzizlinin cəsarətindən və qorxmazlığından döyüş yoldaşları fəxrlə danışır. Şəhid Tacəddin Əzizli 2020-ci il, 14 noyabrda doğma kəndi Sarvanda dəfn olunmuşdur. Qəhrəman və cəsur şəhidimiz ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda“ və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhidin şəxsi əşyaları Muzeyin Elmi-kütləvi iş və təhsil şöbəsinin əməkdaşı Nigar Əhmədli tərəfindən muzeyə təqdim olunub.
 
 
 
 
Muzeyə şəhid Fərəcov Səbuhi Xalid oğlunun şəxsi əşyaları daxil olub.
 
 
II Qarabağ müharibəsinin qazisi Fərəcov Səbuhi Xalid oğlu 4 aprel 1990-cı ildə Bakının Nardaran kəndində anadan olub.130 saylı Nardaran kənd orta məktəbində və 2013-2017-ci illərdə Təbriz İslam Universitetində təhsil alıb. 2008-2009-cu illərdə Tərtər rayonunda həqiqi hərbi xidmətdə olub. O, uşaq vaxtından idmanı çox sevirdi. Qaydasız döyüşlə məşğul olurdu. Bir cox yarışlarda iştirak etmiş, Dünya kubokunun gümüş mükafatçısı, 2011-ci ildə Avropa çempionu, 2012-ci ildə Respublika çempionu və Dünya kuboku mükafatçısı olmuşdur.
 
 
Aprel döyüşlərindən sonra Səbuhi və kiçik qardaşı Yusif hərbi komissarlığa gederək adlarını könüllü kimi yazdırmışdılar. II Vətən müharibəsi başlayanda S.Fərəcov hərbi komissarlığa gedib, cəbhəyə getmək istədiyini bildirmiş, sentyabrın 30-da Daşkəsən rayonundan müharibəyə qatılmışdır. Kəlbəcər rayonunun 72 kəndinin azad olunmasında igidliklə döyüşmüş, döyüşlər zamanı kürək nahiyəsindən və ayağından qəlpə yarası almışdır. Elə orada ilkin tibbi yardım alan S.Fərəcov arxa cəbhəyə göndərilməkdən imtina etmiş, yenidən döyüşə qatılmışdır. S.Fərəcov xüsusi təyinatlı əməliyyatçı olduğundan daim ön sıralarda mübarizə aparmış, döyüş zamanı əsgər yoldaşları ilə bir neçə dəfə mühasırədə qalmışdı. Cəsur əməliyyatçılarımız mühasirəni yararaq çıxmış və daha böyük uğurlara imza atmışdılar. S.Fərəcov həmçinin 28 ildən sonra ilk dəfə Kəlbəcərdə cümə namazını imamnamaz olaraq qılmışdır. Döyüşdə göstərdyi qəhrəmanlığa görə Fəxri Fərmanla təltif olunub.
II Qarabağ müharibəsinin digər bir qazisi Fərəcov Yusif Xalid oğlu 29 aprel 1999-cu ildə Nardaran kəndində anadan olub. 130 saylı orta məktəbi bitirib. 2018-2019-cu illərdə Tərtərdə həqiqi hərbi xidmətdə olub. Aprel döyuşləri zamanı hərbi komisarlığa gedərək konüllü olaraq ordu sıralarına yazılmış, II Qarabağ müharibəsi başlayan zaman sentyabrın 31-də Ağdərə istiqamətində döyüşlərə qatılmışdır. Ağdərə-Suqovuşan döyüşlərində xüsusi təyinatlıların kəşfiyyatçısı olub. Suqovuşanda bayraq sancılmasında iştirak edib. “Suqovuşanın azad olunmasına görə”, "Vətən Uğrunda”, ”Cəsur Döyüşçü” medalları ilə təltif edilib.
 
 
II Qarabağ müharibəsinin şəhidi Hüseynov Xaliq Kamil oğlu 2001-ci il sentyabrın 20-də Nardaran kəndində anadan olub. 295 saylı Nardaran kənd məktəbini bitirib peşə məktəbinə daxil olub. Xalid uşaqlıqdan idmanı sevdiyindən cüdo ilə məşğul olurdu. 2020-ci il yanvarın 27-i həqiqi hərbi xidmətə çağırılıb. Müharibə başlayan zaman Ağcəbədi, Goranboy, Suqovuşan, Füzuli, Cəbrayılın alınmasında döyüşüb. Kəlbəcərin Keçəltəpə kəndində qəlpə yarası alaraq oktyabrın 16-da şəhid olub. “Suqovuşanın azad olunmasına görə” ordeni, “Vətən Uğrunda”, “Cəsur Döyüşçü” medalları ilə təltif edilib. Allah rəhmət eləsin!
 
 
MATM-nin əməkdaşı Zülfiyyə Cəlilova tərəfindən Muzeyə adları qeyd olunan şəhid və qazilərin şəxsi əşyaları daxil olub.
 
 
 
 
Şəhid mayor Əliyev Malik Təvəkkül oğlunun şəxsi əşyaları Muzeyə daxil olub.
 
II Qarabağ müharibəsinin şəhidi, mayor Əliyev Malik Təvəkkül oğlu 26 dekabr 1986-cı ildə Naxçıvan şəhərində anadan olub. Naxçıvan şəhər 5 saylı məktəbdə, Heydər Əliyev adına liseydə təhsil alıb. 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına daxil olub. 2008-ci ildə təyinat ilə 2005 №li Xudat hərbi dəstəsi komentant bölük komandiri kapitanı vəzifəsində işə başlayıb. 2010-cu ildə Çində 6 aylıq kursda, 2011-ci ildə Çində Azərbaycandan gedən kursantların komandiri vəzifəsində olub. Hər iki kursu fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə Türkiyənin Ankara şəhərində kursda olub. 2015-ci ildə Xudatdan 2002 №li Horadiz sərhəd dəstəsinə komendaturanın qərargah rəisi vəzifəsinə təyin olunub. 2016-cı ildə DSX-nin Akademiyasında kursa cəlb olunub. 2017-ci ildə DSX-də fiziki hazırlıq üzrə işə başlayıb. 2018-ci ildə mayor rütbəsi alıb. 2018-ci ildə Türkiyədə kursda olub. 2020-ci ilin fevral ayında DSX-nın Çevik Hərəkət Qüvvələri Komandanlığında Döyüş hazırlığı üzrə şöbənin rəis müavini üzrə işə başlayıb. 2020-ci ilin iyun ayından Qazaxda təlimlərdə olub. 2020-ci il iyun ayından başlayaraq Tovuz, Daşkəsən rayonlarında baş vermiş erməni insidentləri zamanı həmin ərazilərdə xidmət edib.
 
 
27 sentyabr 2020-ci ildə başlayan İkinci Qarabağ müharibəsində Cəbrayıl, Füzuli istiqamətindəki döyüşlərdə iştirak edib. Cəbrayıl və Hadrut rayonlarının alınmasında yaxından iştirak edib. 2020-ci il 13 oktyabrda Cəbrayıl rayonunda növbəti dəfə şəhid və yaralılarımızı təxliyə edərkən şəhid olub.
 
 
Şəhid mayorun sağlığında aldığı medalları bunlardır: “Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medal, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" yubiley medalı, "Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 90 illiyi (1919-2009)” yubiley medalı, “Hərbi Xidmətdə Fərqlənməyə görə” 3-cü dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, “Azərbaycan Respublikası Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı, Azərbaycan Respublikası Silahlı Qüvvələri 10 il Qüsursuz Xidmətə görə 3-cü dərəcəli medal.
 
 
Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının mayoru Malik Əliyev II Fəxri Xiyabanda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Malik Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, Prezidentin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
 
 
Ailəli olub, 1 qızı var. Qeyd edək ki, şəhid mayorun hərbi geyim dəsti, çəkməsi, əlcəyi, səhra kompası Muzeyin əməkdaşı Qənirə Qafarlı tərəfindən Muzeyə təqdim olunub.
 
 
 
 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

Qənirə Paşayeva konfransda dünya azərbaycanlılarına çağırış etdi

"Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmalıyıq"

"Ən vacib amillərdən biri itkilərin az olması idi"

VHP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

 “Rusiya öz hərbi bazasında Ermənistan üçün yeni ordu yaradır” - MÜSAHİBƏ

ABŞ yenidən qapılarını əcnəbilərin üzünə açdı

Deputatdan yaşlı qadınların küçələri qardan təmizləməsinə NARAZILIQ

“Xocalı Nişanəsi” adlı qısametrajlı film təqdim edilib

“Ana harayı” abidəsini ziyarət fərqli təşkil ediləcək

Soydaşlarımız Polşa seymini Xocalı soyqırımını tanımağa çağırıblar

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Komitə sədri QMƏVŞİB Tovuz rayon şöbəsinin sədri və şəhid ailəsi ilə görüşüb

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Azərbaycan və Pakistan parlament dostluq qrupları Xocalı soyqırımına həsr olunmuş görüş keçirib

XOCALI SOYQIRIMI Türkiyə Böyük Millət Məclisində ANILDI

İrəli
InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

"Yaxşı olardı ki, “onların eyni millət olmadığı” fikirləri dost olduğu ermənilərə desin"

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

Ölüm qorxusu - Həyat eşqi

880 yaşlı söz bağçasının həmişəbahar gülləri...

Millət vəkili şəhid Teymur Abbasovun ailəsi ilə görüşüb

Bu telekanalları izləyənlər CƏRİMƏLƏNƏCƏK

“Milan” son anda üzüldü

Tramp tərəfdarlarının yeni iğtişaşa hazırlaşdığı ehtimal edilir

“What Armenians did in Karabakh?” adlı videoçarx hazırlanıb

"Bu, sondur, “artsax” olmayacaq"

Məktəblərdən biri koronavirusa görə BAĞLANDI

Xocalı qətliamının ildönümü ilə bağlı daha bir BƏYANAT

Tələbəni təhqir edən kollec direktoru CƏZALANDIRILDI

Tikinti şirkəti qanunsuz sökdüyü obyekti bərpa etmək istəmir