"Bizim qərənfillər o böyük qırğının qarşısını aldı" - MÜSAHİBƏ

09:24 15-02-2021 | icon 59 | Cəmiyyət
"Bizim qərənfillər o böyük qırğının qarşısını aldı" - MÜSAHİBƏ

Hacı Ceyhun: ""Ağ Çiçəyim" hər kəsin çiçəyidir"

 

Azərbaycanda gül satışı və müşayiətedici xidmətlər sahəsində lider mövqeyi tutan “Ağ çiçəyim” şirkəti ölkədə gül mədəniyyətinin təməlini qoyan şirkət hesab olunur. “Ağ çiçəyim”, eyni zamanda, Qafqaz bölgəsi üzrə yüksək Avropa standartları səviyyəsində gül xidməti göstərən ilk şirkətdir.

 

 

 

 

Fevralın 14-də bütün dünyada «Sevgililər günü» qeyd edildi. Sevginin simvollarından biri də güllər və çiçəklərdir. Bu isə o deməkdir ki, bir ilə yaxın karantin dövründə bağlı qalmış, müştərilərini itirmiş gül mağazaları bir günlük də olsa, yaxın keçmişdəki qızğın ticarət günlərini xatırlayacaqlar. Ümumiyyətlə, pandemiyanın gülü sevən Azərbaycanın  gül satışı və alışına hansı təsirini göstərməsi də maraqlıdır.  

 

Versus.Az xəbər verir ki, “Ağ çiçəyim” Şirkətlər Qrupunun rəhbəri Hacı Ceyhun müsahibəsində güllərlə bağlı incə məsələlərə diqqət çəkib.

 

- Hacı, Gülün, çiçəklərin maraqlı fəlsəfəsi var. Bəzən belə deyilir ki, güllərin əhatəsində olan insanın xarakteri də fərqli olur, xoşməramlı olur...

 

- Güllərlə işləyən adam nə qədər kobud, əzazil, qəddar olsa da, gülün incəliyi, zərifliyi, gözəlliyi onu dəyişdirir. İnsanın düşüncəsi dəyişir, güllərin əhatəsində sakitləşir, ətrafa gözəl baxır. Mən hər zaman güllərin arasında olan adamam. Maraqlıdır ki, o qədər güllərin arasından birini də olsa hər dəfə gətirib evdəki güldana qoyuram. O gülün evdə yaratdığı gözəllik, insana verdiyi rahatlıq tamam başqadır. Maraqlı fəlsəfəsi var gülün. Özünü sevdirir və sənə həyatı sevməyi təlqin edir.

Məsələn, indi tülpan, lalə vaxtıdır. Onu güldana qoyursan və görürsən ki, səhər işıq olanda açılır, axşam bağlanır. Allahın yaratdığı o gül ona verilən ömrü necə yaşayır…Çox maraqlıdır.

 

- İnsan gülə baxanda üzü gülür. “Gül yaşamağa sövq edir”, – desək yanılmarıq…

 

- Bəli, gülün adı gülümsəmədən götürülüb. O güldür. Deyir, gül, sevin, yaşa… Bir gün gülsüz olmağım mümkün deyil. Bizim üçün gülə sevgi birinci yerdə, ikinci yerdə onun satışı, biznesi durur. “Ağ çiçəyim”i açanda məqsədimiz xalqa xidmət etmək, xalqa sevgi, gözəl əhval-ruhiyyə ətrini bəxş etmək olub. Düşünürük ki, “Ağ çiçəyim” hər kəsindir.

 

- Yəqin ki, “Ağ çiçəyim”in adının fəlsəfəsində təkcə ağ çiçəklərin tərənnümü dayanmır…

 

- Çoxları fikirləşir ki, bu ad Şövkət Ələkbərovanın ifa etdiyi “Ağ çiçəyim” mahnısından götürülüb. Ola bilər ki, bu mahnı sonradan hansısa təkanı verib. Bu ad qoyulanda hər kəsin olan çiçəyi, gülü nəzərdə tutmuşduq. Bu ad həm də təmizliyi, paklığı, gözəlliyi ifadə edə bilər, bu öz yerində. Hər şeydən əvvəl “Ağ çiçəyim” hamımızındır - deməkdir.   

 

 

- Gülün xarakteri, gözəlliyinin həyat anlamı, bəlkə də bəşəriyyətin həyat fəlsəfəsinə bərabərdir. Güllərin də dəyişən taleləri oldu. Elə bizim Qanlı Yanvar hadisəsində “matəm gülü” deyə anılan qərənfilin taleyi kimi…

 

- O, şəhidlərə yas tuta-tuta sonradan matəm gülünə çevrildi. Mən o qanlı hadisələri görmüşəm. Yetkinlik çağım idi, təsəvvür edin ki, yanvarın 18-i, 19-u günlərində əhali çox gərgin, əsəblər qabarmış  vəziyyətdə idi. Bir yandan da Moskva bizi sıxırdı. Bakıya göndərilən hərbi maşınlar qırmağa gəlmişdi. 100, 200 yox, minlərlə adamı məhv etmək fikrində idilər.  Bizim qərənfillər o böyük qırğının qarşısını aldı.  İnanın ki, o əzazil, cinayətkar hərb maşınının qarşısını qərənfillər saxladı. Camaatı qırmağa gələn “əsgər” görürdü ki, insanlar qərənfili gətirib onun avtomatının lüləsinə taxır.  Analar deyirdi ki, “Ay bala, bu silahı bizə atma”. Bu hadisələri yadıma salanda kövrəlməyə bilmirəm. Qırğın baş verdi. Sonra 3-4 gün o şəhidlərin qanları, məzarları qərənfillərlə bəzəndi… Qaniçən ordu öz məqsədlərinə çata bilmədi, Azərbaycan xalqı şəhidlər versə də, müstəqilliyini əldə etdi.

 

- Hacı, Şəhidlər Xiyabanını bəzəyən qərənfillər də matəm gülü deyil, şəhidlik zirvəsini bəzəyən şəhid gülü kimin yad edilir. Qərənfil də bir şəhidlik məqamına ucaldı. Matəm günlərində “Ağ çiçəyim” şirkətinin  gördüyü işlər nə ilə bağlı olur?

 

- Təbii ki, şirkət olaraq bu matəm tədbirlərində əlimizdən gələni edirik. İstəyirik ki, işimizlə bütün insanların - cavanların, uşaqların zehnində fərqli iz buraxaq. Şəhidlərin anım günlərində yerləri bəzəyən qərənfillər, qızılgüllərlə qan yaddaşımızda başqa bir tarixi iz açmaq istədik. Dünyaya bəyan elədik ki,  sülhsevər xalqıq və şəhid qanı bizim üçün müqəddəs və əzizdir, şəhid qanı gülqoxuludur. Əgər bununla da biz dövlətimiz, millətimiz üçün az da olsa nəsə edə biliriksə, bu bizim üçün şərəfdir.

 

- Bu mərasimlərdə iştirakınız necə təşkil olunur?

 

- Mərasimləri Bakı Şəhər İcra Hakimiyyəti təşkil edir.  Dizayn hazırlanır, cənab Prezidentə göstərilir. Biz çox variantlar təqdim edirik. Neçə illərdir, Prezidentin tövsiyəsi ilə sadə tərtibatlar verilir. Şəhidlər Xiyabanında düzülən qərənfillər “şəhidin qanı” sadə simvol olaraq tərtib edilir. Yaddaşlarda qalması üçün “20 Yanvar” sözü qara qərənfillə qabardılır.

Qarşıdan Xocalı  soyqırımı gəlir, orada da sadə təqdimat olacaq. Soyqırımına məruz qoyulan milləltin günahsız axıdılan qanını sadə qərənfillər, əklillər, şamlar əbədiləşdirəcək.

 

- Qərənfillərə nə qədər vəsait xərclənir?

 

- Qərənfil ucuzdur, həm də oz məhsulumuzdur.  Məsələn, bu il sifarişlə Türkiyədən qərənfillər aldıq. Antaliya şəhəri isti olduğuna görə, qışda da oradan alırıq. Dekarasiya üçün əsas qırmızı və tünd-qara rəngli qərənfillər nəzərdə tutulur.

 

- Hacı, bu gün gül bazarında vəziyyət necədir?

 

- Vəziyyət orta səviyyədədir. Bu, pandemiya ilə bağlı ortaya çıxan qadağalarla bağlı oldu. Toy, nişanların, kütləvi tədbirlərin keçirilməməsi gül satışına da təsir etdi. İnsanlar evlərinə qapandı. Demək olar ki, karantin müddətində heç işləmirdik, ofislərə keçib qapını arxadan bağlayırdıq. Digər tərəfdən, insanlar işləmədiklərinə görə, gül alışı da aşağı düşdü. Sərt karantin bitəndən sonra da vəziyyət dəyişməyib, çünki indi də elə ad günləri, toylar və digər tədbirlər keçirilmir. Toylar yoxdursa, gül də alınmır.

 

- Pandemiya dövründə xaricdən güllər gətirə bildiniz?

 

- Güllər ancaq sifarişlə gətirilir. Bu da əvvəlki illərlə müqayisə çox azdır. Bilirsiniz, bizim millət hər şeyə qiymət verəndir, zövq qatandır. Dünyada heç kəs gülü bizim qədər çox, buket halında xoşlamır.  Gülü sevirlər, söz yox, amma kiməsə hədiyyə verəndə, 3-5 ədəd apararlar. Biz isə istəyirik ki, sevdiyimiz adama bütün gülləri verək. Biz çox şeyi müştərilərimizdən öyrənirik. Sifarişləri də əsasən müştərilərin istəyi ilə veririk. Məsələn, müştəri deyir ki, 51 gül ver, 101 gül ver… Bu gün qadının ad günüdür, istəyir ki, böyük bir çələng, gül səbəti, yaxud buket hazırlatsın, təqdim etsin.  Xristianlarda 3-5-dənə təqdim edirlər, qutarır gedir.

Bizdə bir qızılgülün minlərlə növü olur. Əvvəllər Şüvəlanda gülçülük sovxozu olub.  Sovet dövründə ən birinci gülü Pribaltikadan sonra ikinci biz verirdik, sonra o yeri Azərbaycan tutub. 

İndi bütün dünyada Hollandiya üstünlük təşkil edir. Onlar da alıb, saxlayıb satırlar. Məsələn, onlarda gülsaxlayan soyuducular çoxdur. Adi lalənin tülpan sortu Türkiyədə yaranıb.  Onu götürüb aparıb Hollandiyada çoxaldıblar.  Bütün dünyaya da yeridirlər ki, tülpan bizimdir, amma Tülpan Türkiyədə - İstambulda yetişdirilib.

 

- Bizim gül atributumuz nədir?

 

- Bizdə qərənfildir, indi o da azalıb.  Hazırda “parniklər” salınır. Buzovnada, Şəmkirdə gül yetişdirilir. Buna böyük xərc lazımdır. Təkcə bir “parnik” 1 milyona başa gəlir.

 

- Güllərin qiymətlərində qalxmalar müşahidə olunur, bu nə ilə bağlıdır?

 

- Güllərin qiymətinin qalxması xaricdən gətirilməsi ilə əlaqədardır. Nə qədər “parniklər” yaradılsa da, bizimkilər çatdırmır. İndi çox əkilmir. Məsələn, əvvəl bütün kəndlər əkirdi,  amma indi yox. İndi qərənfillər daha çox “20 Yanvar”da, “Xocalı”da satılır. Adi vaxtlarda qərənfili əkmək kəndliyə sərf etmir. Sözügedən sahəyə maliyyə qoymaq çox çətindir. Bayramlarda, yeni illərdə gülü satılan kəndli bütöv ili gözləyib, tək bir mövsüm üçün gül becərməklə heç nə götürmür. O, baha deyil, uzaq yoldan gəlirsə, qiyməti qalxır.

 

- Güllər hazırda daha çox haradan gətirilir?

 

- Hollandiyadan, Ekvatordan, Kolumbiyadan… Qızılgül, pionlar dəbdədir və bizə baha gəlib çıxır. İndi sifariş çox azdır.

Bu il 25 illiyimizdir, necə deyərlər,  bir igidin ömrüdür. Yadımza necə başladığımızı salırıq. Həmişə dünyada gül sahəsində üstün olmuşuq. Bizə baxırlar və deyirlər ki, Azərbaycandan yoxdur. Bakıya həmişə seçmə güllər gəlir. Ən yaxşı qızılgülün baş hissəsi 8 santimetr olur. Onları sifariş veririk. Bizimlə buna görə maraqlanırlar. Deyirlər ki, bunların müştəriləri necədir ki, bizdən belə keyfiyyətli mallar istəyirlər? İndi də ən güclü sifarişçilər bizik.

 

- Bu sahədə bütün ölkələrdən öndə dayana bilərik, bəs niyə etmirik?

 

- Gərək işin üstündə durasan, can qoyasan, sənətini sevəsən ki, uğur qazanasan. “Ağ çiçəyim” bu işdə canını qoyur ki, heç kəs şikayət eləməsin. Hər kəs öz işində məsuliyyətli olsa, hər şey gözəl olar. Gülçünün iş vaxtı olmamalıdır. Gülçü səhərə qədər gülün üstündə olmalıdır. Suyu dəyişir, çiçəklərə baxır.

Bizim dükanlar 24 saat işləyir.

 

- Dövlət sizə maliyyə ayırırmı?

 

- Xeyr, özəl şirkət kimi fəaliyyət göstəririk.

 

- Birillik pandemiya dövründə işçilər ixtisar olundumu?

 

- Biz vergini artıqlaması ilə ödədik. İşdən heç kəsi çıxarmamışıq. Qapını bağlayıb dözmüşük. Adi insanlar işdən çıxanda yardımlar eləmişik.

 

- Gül dükanlarınız bağlanıbmı heç?

 

- Heç bir dükanı bağlamamışıq, necə var, elə də qalıb. İki şəhididmiz, bir qazimiz var. Müharibəyə 16-17 nəfər işçimiz getmişdi, indi yenə işlərinə qayıdıblar. Şəhidimizin 17 yaşı var idi, cavan idi. Bəzədiyi, qulluq etdiyi güllər, çələnglər məzarına getdi. Gül həm də məzar bəzəyi olur Şəhidə… /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

“İMZA”çılar Füzuli və Horadizdə şəhid ailələrini ziyarət ediblər

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

"Bu missiyanı bizim iqtidar öz öhdəsinə götürməlidir"

Yaqub Məmmədovun ÖMÜR SALNAMƏSİ

“Bu xəstələrə çiy meyvə və tərəvəz qəbulu məsləhət görülmür”

“8 Noyabr” stansiyası istismara hazırlanır

"Qarabağı verdi, indi də Rusiyanı Qafqazdan çıxartmaq istəyir"

Millət vəkilindən toy mərasimləri ilə bağlı TƏKLİF