Münhen dərsi, “Valday” nidası və... dünyaya yayılan “Qarabağ Azərbaycandır” sədası

15:26 15-02-2021 | icon 99 | Araşdırma
Münhen dərsi, “Valday” nidası və... dünyaya yayılan “Qarabağ Azərbaycandır” sədası

Üstündən aylar keçməsinə baxmayaraq, hələ də bir çox mərkəzlər Azərbaycanın 44 günlük zəfərinin sirrini araşdırmaqdadırlar. Onlar bu zəfəri gah insansız uçuş aparatları, Azərbaycanın beşinci nəsil silahlarından istifadəsi ilə əlaqələndirirlər, gah Türkiyənin dəstəyini vurğulayırlar, gah da Ermənistanın “ötən əsrdə qalması”nı səbəb kimi önə çəkirlər...

Versus.az xəbər verir ki, Qarabağın erməni işğalından azad olunmasında bu amillərin də rolu az olmadı. Həmçinin Azərbaycan əsgərinin qəhrəmanlığı, hətta düşmənin də etiraf etdiyi kimi, heyrətamiz döyüş bacarığı, ölümün gözünün içərisinə dik baxaraq tarixi torpaqlarımızı azad etməsini qürurla qeyd etməliyik. Necə ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev “bu qələbənin birinci qəhrəmanı Azərbaycan əsgəridir”,- söyləyib.

Ancaq igid sərkərdənin ordunu bada vermədiyi barədə tarixən dillər əzbəri olmuş deyimi də unutmamalıyıq. Dünyanın aparıcı paytaxtları, beyin mərkəzləri, məşhur ekspertlər də vaxtaşırı Qarabağ müharibəsindən bəhs edərkən lider amilini önə çəkir, İlham Əliyevin şəxsi keyfiyyətlərinə istinad edirlər. Elə 44 günlük müharibə günlərində İlham Əliyevin diplomatik səviyyədə təmasları, dünyanın aparıcı media orqanlarının suallarına tutarlı arqumentlərlə cavab verməsi, Azərbaycanın haqlı mövqeyini ən yüksək səviyyədə qoruması həm də ordumuzun son hədəfə doğru irəliləməsini şərtləndirən, əsgər, gizir və zabitlərimizə əlavə ruh verən vacib məsələlərdən idi. Ölkə prezidenti qərəzlə, kin-küdurətlə “silahlanıb” müsahibəyə gələn jurnalistlərə dərs keçərkən heç də öz imicinə yeni müsbət xallar əlavə etmək haqda düşünmürdü. Əslində buna onun ehtiyacı da yox idi, çünki hər qazanılan yüksəklik, hər azad edilən kənd, qəsəbə, şəhər xalqın əbədi məhəbbətini qazanmaq üçün zatən yetərli idi. Ali Baş Komandan beynəlxalq səviyyədə ermənilərin zaman-zaman mövcud olduğu “yüksəkliklər”i darmadağın etməklə, onlara zərbələr endirməklə həm də Azərbaycan əsgərini qoruyurdu, minimum itkilərlə ordumuzun qalibiyyət qazanmasını təmin edirdi. Dövlət başçısının hər müsahibədə sərgilədiyi qətiyyətli mövqe, tarixi faktlara istinadən sadaladığı arqumentlər addım-addım Ermənistanın təklənməsinə aparırdı. Ancaq işğalçı ölkənin çıxılmaz dalana sıxışdırılması, onun beynəlxalq aləmdən təcrid edilməsi istiqamətində aparılan proses əvvəldən başlamışdı, Tovuz döyüşlərindən də qabaq...

66.jpg (36 KB)

Ermənistan çox cəhd göstərdi ki, KTMT-ni Azərbaycanla üzbəüz qoysun, alınmadı. Çünki İlham Əliyev Ermənistanın üzvü olduğu təşkilatı zərərsizləşdirmişdi, uğurlu diplomatik bacarığı ilə. Ermənistan təmsilçisinin bu quruma rəhbərlik etməsi belə, mümkün olmadı, rəsmi İrəvan ilk zərbəni o zaman aldı. Amma bu, hələ postsovet məkanındakı məğlubiyyət idi...

Ay yarımlıq savaşdakı məğlubiyyətdən sonra erməni mifinin darmadağın olmasını, erməni diasporunun pərən-pərən düşməsini, Ermənistan cəmiyyətinin bir-birinə qənim kəsilməsini müşahidə edirik. Əslində ermənilərdəki bu inamsızlığın, ölgünlüyün əsası İlham Əliyevin beynəlxalq platformalardakı çıxışlarından sonra qoyulmuşdu. Dünənə qədər özlərinin “məğlubedilməzliyi”nə sadəlövhcəsinə inanan və hətta Bakını kapitulyasiyaya məcbur edəcəkləri haqda sərsəm iddialar səsləndirən ermənilər bu gün Nikol Paşinyanın imzaladığı kapitulyasiya sənədinin ağırlığı altında qalıblar.

Zəfərə aparan yoldan danışarkən heç şübhəsiz Prezidentin düz 1 il əvvəl, 15 fevral 2020-ci ildə Soçi şəhərində baş tutmuş “Valday” diskussiya klubunun iclasındakı möhtəşəm çıxışını xatırlatmaq tam yerinə düşür. O, adicə çıxış deyildi, Qarabağın işğaldan azad ediləcəyinin anonsu idi! Həm də tarix dərsi! Dövlətimizin başçısı Qarabağın əzəli Azərbaycan torpağı olmasından bəhs edərkən 1921-ci Qafqaz bürosunun qərarına istinad edərək bildirmişdi ki, həmin qərarda Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilib. Prezident Qarabağdan köçkün düşən 700 min, Ermənistandakı dədə-baba yurdlarından qaçqın düşən 300 min azərbaycanlıdan, BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməyən 4 qətnaməsindən, işğal olunmuş ərazilərin böyük hissəsinin yandırılmasından, dağıdılasından, viran qoyulmasından, hərbi təcavüzün davamı nəticəsində bir gün əvvəl erməni snayperi tərəfindən dinc sakinin qətlə yetirilməsindən, münaqişə zonasından uzaqda, Ermənistanın Azərbaycanla sərhədində yerləşən Qazax rayonunun sakininin öldürülməsindən bəhs etmişdi, ikili standartlar sərgiləyən beynəlxalq qurumlarla bağlı açıq danışmışdı. Dolayısı ilə demişdi ki, bundan sonra kimsə bizə Qarabağ məsələsinin dinc yolla həllinin alternativi yoxdur, nağılını danışmasın!

Prezident İlham Əliyev Ermənistan baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” iddiasını xatırladaraq, hamımızın ürəyindən tikan çıxaran “Qarabağ Azərbaycandır və nida işarəsi”-demişdi.

Azərbaycan Prezidenti Şuşada yallı gedən, başından böyük iddialar səsləndirən Ermənistan rəhbərliyinin həyasızlıqlarına dözmək fikrində olmadığını həmin gün qəti şəkildə bəyan etmişdi. Ermənistanın hərbi müttəfiqi olan Rusiyada belə bir bəyanatın verilməsi də mühüm hadisə idi. Ancaq tarixi faktlar o qədər əsaslandırılmış şəkildə çatdırılmışdı ki, işğalçı Ermənistanı və onun oyunbazlıq edən baş nazirini müdafiə üçün heç bir imkan qalmamışdı. Elə Rusiya rəhbərliyinin müharibə günlərindəki neytral mövqeyi də məhz dövlət başçımızın qətiyyətli mövqeyinin, həmçinin rusiyalı həmkarı ilə yüksək səviyyəli münasibətlərinin məntiqi nəticəsiydi.

15.jpg (44 KB)

“Valday” diskussiya klubundan öncə də Ermənistan rəhbərliyinə bir neçə vacib dərs verilmişdi. 2019-cu ildə Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş panel müzakirələri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın debatı təşkil olunmuşdu. Paşinyan həmin anlarda nə qədər miskin, hazırlıqsız, qorxaq təsir bağışlayırdısa, Əliyev böyük təcrübəyə malik lider, hər an təkbətək döyüşə hazır Ali Baş Komandan olaraq publika qarşısına çıxmışdı. Azərbaycan Prezidenti isə debatda xalqın və dövlətin qəti, prinsipial mövqeyini ortaya qoymuşdu. Sitat: “Erməni xalqı öz müqəddəratını artıq təyin edib. Onların erməni dövləti var. Mənim məsləhətim belə olacaq ki, onlar ikinci dəfə öz müqəddəratını təyin etmək üçün Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox!” Elə bu mövqenin davamını biz Vətən Müharibəsi günlərində və ondan sonra da müşahidə etdik. Məsələn, dövlətimizin başçısı erməni faşizmini xilas cəhdi göstərən Fransaya təklif etdi ki, ikinci erməni dövlətinin yaranmasını istəyirlərsə, Marseli onlara versinlər. Tam məntiqli və əsaslı...

Dövlət başçısı Qarabağ hökmdarı İbrahim xanın Rusiya imperiyasının generalı Sisianovla Kürəkçay sazişini imzalamasından danışarkən sadəcə tarixə ekskurs etmirdi, bunları “böyük Ermənistan” nağılı üzərində oyun quranların iddialarını darmadağın etmək üçün xatırladırdı. Bu auditoriyalarda dünya erməniçiliyi tarix dərsi alırdı həm də. İrəvanın Ermənistana verilməsini xatırladanda Paşinyanın deməyə söz qalmırdı. Bütün bunlar hərbi qələbəyə aparan diplomatik zəfərlər idi.

48980-1613295203.jpg (299 KB)

Nikol Paşinyan Münhen debatında o qədər rəzil günə düşmüşdü ki, hətta ermənilər özləri də onun gülünc vəziyyətini etiraf edirdilər. Yalnız özünü itirən adam bu cür danışa bilərdi: “Prezident Əliyevlə razı deyiləm. Çünki Qafqaz Bürosu Dağlıq Qarabağın Azərbaycanın ... yox üzr istəyirəm, Ermənistanın tərkib hissəsi olmasına qərar verdi”. Nikol “nala-mıxa” vurmaları ilə də özünü bitirirdi. Erməni mifi beləcə alt-üst olurdu, ermənilərin özlərinin də hiss etmədiyi şəkildə. Azərbaycan Prezidenti ilə qeyri-bərabər mübarizədə Paşinyan uduza-uduza getdikcə, ölkəsinin də beynəlxalq ictimai rəydə uduzmasını şərtləndirirdi. Təsadüfi deyil ki, bu gün erməni diasporunun aparıcı simaları da daha onlara hörmətlə yanaşılmadığını, sözlərinə etimad edilmədiyini etiraf edirlər. Bu, sadəcə “qaliblər mühakimə olunmur”, yanaşmasının məntiqi nəticəsi deyil, bir əsrdən çoxdur dünyanı yalanları ilə ələ almağı bacaran erməni vandalizminin, erməni faşizminin tam ifşa olunmasının məntiqi nəticəsidir.

elxan-sahinoglu.jpg (25 KB)

Politoloq Elxan Şahinoğlu da hesab edir ki, prezident İlham Əliyev ötən il müxtəlif beynəlxalq və regional konfranslarda Ermənistan baş naziri Nikol Paşinyanın odla oynadığına dair çıxışlar etmişdi: “Fikrimcə, dövlət başçısı artıq həmin konfranslarda Paşinyana verdiyi tutarlı cavablarıyla bu işin müharibəsiz, yəni işğalçını cəzalandırmadan alınmayacağını özü üçün müəyyənləşdirmişdi. Şuşada içkili vəziyyətdə yallı gedən, “Qarabağ Ermənistandır” deyəni ağıllandırmanın yeganə yolu müharibə idi ki, şanlı Azərbaycan ordusu üzərəniə düşəni etdi. İşğalçı dövlət döyüş meydanında itki vermədən indiki ağır vəziyyətə düşməyəcəkdi. Ordumuz 44 günlük müharibə ilə işğalçı dövləti ağıllandırdı. Bunun təməli isə prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransı və “Valday” klubundakı çıxışları ilə qoyuldu. Beynəlxalq aləmə bəyan edildi ki, Qarabağ Azərbaycandır və bunun təsdiq edilməsi üçün bütün yollara baş vurulacaq. Bəlkə də bir il əvvəl bəziləri üçün müharibə ehtimalı yüksək görünmürdü, düşünürdülər ki, İlham Əliyev çıxışlarında sadəcə Paşinyanın arqumentləri heçə endirir. Bəli, İlham Əliyev ilkin mərhələdə Paşinyanı beynəlxalq aləmin gözü qarşısında biabır etməli idi və etdi, ancaq ikinci mərhələ də bizim üçün vacib idi. Yəni biz sözdən sonra əməldə də Dağlıq Qarabağın Azərbaycana aid olduğunu sübut etməli idik. Buna da nail olduq”. Ancaq siyasi ekspert hesab edir ki, məsələ hələ tam yekunlaşmayıb: “Dağlıq Qarabağda yerdə qalan hədəflərimizə də çatmalıyıq və müharibədə qələbə çaldığımız kimi, ağıl oyunlarında da üstün olacağımıza şübhəm yoxdur”.

ilham_pashinyan_davos.jpg (34 KB)

Əgər Nikol Paşinyan Davos Dünya İqtisadi Forumu və Bişkek sammiti çərçivəsində olduğu kimi, normal mövqe sərgiləsəydi, situasiyanı düzgün qiymətləndirə bilsəydi, qarşısındakının kim olduğunu anlasaydı, nə özü rəzil günə düşərdi, nə də ölkəsi və nəticə başqa cür olardı. Necə ki, o zamanlar Azərbaycan Prezidenti ilə görüşlərindən Paşinyan çox məmnun qalmışdı... Ancaq sonradan Azərbaycan xalqının heysiyyatına toxunan hərəkətlər etdi, fikirlər söylədi və cəzasını da aldı...

Diqqətli müşahidəçilər xatırlayar, o zaman erməni yazarlar açıq şəkildə etiraf edirdilər ki, Nikol Paşinyan İlham Əliyevə məğlub oldu, özü də biabırçı şəkildə. Komandanı debatda məğlub olan ordu döyüşdə qalib gələ bilməzdi! Paşinyan debat zamanı erməni xalqının olmayan tarixindən söhbət açmaqla bilməyərəkdən Əliyevə imkan yaradırdı ki, o, Azərbaycan xalqının möhtəşəm tarixinə ekskurs etsin, beynəlxalq tribunalardan erməni baş nazirə tarix dərsi keçsin. Özü də bu dərs təkcə ermənilərə və erməniçiliyə hesablanmamışdı, həm də Ermənistan üzərindən məqsədlərini həyata keçirməyə çalışan beynəlxalq dairələrə ünvanlanmışdı.

Əslində həmin dairələrin bir çoxu məhz həmin tarix dərslərində tərksilah edildi. Faşist Nijdeyə abidə qoyanların ifşası təsadüfi deyildi. Müharibə günlərində və ondan sonra ermənilər hay-küy saldılar ki, hansısa mərkəzlər, paytaxtlar onların səsinə səs vermədi, onları satdılar, qurban verdilər. Əslində isə bəlli paytaxtların sükutunun təməli Azərbaycan Prezidentinin beynəlxalq kürsülərdən səsləndirdiyi qətiyyətli bəyanatları, sərrast fikirləri və xəbərdarlıqları ilə qoyulmuşdu. Həmin ünvanlar nəhayət ki, gerçəklikləri qəbul etməyə başladılar o zamandan etibarən. Əks təqdirdə məsələn, ABŞ Konqresi 25 illdən sonra nəhayət, Ermənistanı işğalçı olaraq tanıyan qətnamə qəbul etməzdi...Ancaq yuxarıda qeyd olunduğu kimi, hələ qarşıda görüləsi işlər var. Elə bu səbəbdəndir ki, Prezident işğaldan azad edilmiş ərazilərə səfərlər edir, viran qoyulmuş Qarabağ həqiqətlərini dünyaya çatdırır, revanş cəhdi göstərənlərə yumruğunu göstərir. Bu gün Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərdə mövcud olanlarla da işimiz olacaq.

Azərbaycan dövləti çalışır ki, proses sivil yolla sonuclansın, əgər alınmasa, o halda növbəti dərs qaçılmaz olacaq. Çünki aranlı-dağlı “Qarabağ Azərbaycandır!”

“Valday” tribunasından səslənən bu bəyanatın 1 yaşı tamam olur. Dillər əzbəridir, təkcə Azərbaycanda yox! Artıq bütün dünya bunu qəbul edir, paytaxtlardan gələn təbriklərin də şahidi olduq. Prezident Putin daxil, bir çox liderlər “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir”, deyib. Bütün bunlar son bir ildə oldu! (Yeni Müsavat)

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Partiya sədri: YAP buraxılmalıdır

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

“İMZA” - İlhamla Mehribanla Zirvələrə

“Xalqı narazı salmaqla “5-ci kolon”un könlünü xoş edirlər”

“Çalışırlar ki, Azərbaycan asılı, gözüqıpıq bir dövlətə çevrilsin” - MÜSAHİBƏ

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

"Ermənistan daha bir hərbi cinayətə qol qoyur"

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

"Bu, iki ölkə arasında əməkdaşlığın daha da inkişafına təkan verəcək"

“8 Noyabr” stansiyası istismara hazırlanır