Fotojurnalist Reza Deqqatinin Heydər Əliyev Mərkəzində fotosərgisi keçirilib.

 

15:02 16-02-2021 | icon 137 | Cəmiyyət
Fotojurnalist Reza Deqqatinin Heydər Əliyev Mərkəzində fotosərgisi keçirilib.
 

Azərbaycan həqiqətlərini dünyaya çatdıran tanınmış fotojurnalist Reza Deqqatinin Heydər Əliyev Mərkəzində fotosərgisi keçirilib.

 

Versus.az xəbər verir ki, sərginin təqdimatını Reza Deqqati özü edib.

 

Deqqati əvvəlcə özü haqda məlumat verərəl deyib ki, 13 yaşından foto çəkməyə başlayıb: "Uşaq vaxtı dilənçiləri görəndə deyirdim ki, bu uşaqlar niyə ayaqyalındır, çarəsizdir, kimsəsizdir... Hamı onlar haqqında danışırdı, deyirdi, amma nəticə olmurdu. Sonra düşündüm ki, bu uşaqları, bu hadisələri çəkərək göstərim. Bununla da foto çəkməyə başladım".

R.Deqqati söyləyib ki, əvvəlcə insanların həyatını, təbiəti çəkməyə başlayıb. Sonra isə İrandan baş verən mitinqləri, aksiyaları işıqlandırıb. Bundan sonra karyerasında yüksəliş başlayıb.

Fotoqraf bildirib ki, bu günə qədər dünyanın müxtəlif ölkələrində 460 sərgisi keçirilib:

"55 ildir ki, fotoqraf kimi fəaliyyət göstərirəm. Mən bu peşəni çətinliklə öyrəndim. 10 minlərlə fotom beynəxlaq jurnallarda çap olunub. Elə bir beynəlxalq jurnal yoxdur ki, orada fotolarım dərc edilməsin.

Mənim fotolarımın hamısı insanlara aid olub. National Geographic jurnalında əsasən heyvan və təbiətə aid fotolar yer alır. Amma mənim o jurnaldakı fotolarım insanlarla bağlı çəkdiklərimdir. Ən çox fotolarım da məhz bu jurnalda dərc edilib".

Deqqati əlavə edib ki, Azərbaycan haqqında iki kitabı çap olunub: "Kitabın biri sırf Qarabağ müharibəsi, Azərbaycanın məcburi köçkünlərinin həyatı ilə bağlı olub. Digər isə Azərbaycan mədəniyyəti, tarixi, təbiəti, gözəlliyi ilə bağlı olub. Kitabların ərsəyə gəlməsində Mehriban xanım Əliyevanın böyük dəstəyi olub".

Sərgidə Reza Deqqatinin 30 illik fəaliyyəti dövründə çəkdiyi fotolardan ibarət yeni filmi nümayiş etdirilib.

""In the eye of the storm" adlı 6 dəqiqəlik filmdə göstərilənlərin hamısı 30 ildə bir nəfərin dünyanın müxtəlif ölkələrində müharibələrdə gördükləridir. Mən bu 30 ildə dünyanı necə görmüşəm?"- deyə Diqqəti filmi şərh edərkən bildirib.

Filmdə Reza Deqatinin Qarabağ müharibəsində, Xocalı soyqırımında çəkdiyi fotolar da yer alıb.

Reza Deqqati tədbirinin davamında Azərbaycana ilk səfərləri haqda danışıb.

1990-cı ildə baş verən 20 Yanvar hadisəsində Bakıya gəldiyini deyən Deqqati həmin günləri xatırlayaraq söyləyib: "20 Yanvara qədər bir dəfə Bakıda olmuşdum. Moskvadan bir dost zəng etdi ki, Bakıda bu cür hadisələr baş verir. Mən dərhal razılıq verdim. Moskvaya gəldim, Amma jurnalistlərin Bakıya uçuşuna icazə verilmirdi. Dostlar məni qatarda gizlədərək Bakıya yola saldılar.

Bir neçə gün Bakıda gizli şəkildə fotolar çəkməyə başladım. Maşında gizlənərək hərbiçiləri, texnikaları çəkirdim. Binaların birinə çıxıb hərbi texnikaları çəkmək istəyirdim. Amma bildim ki, pəncərədən məni görəcəklər. Mən bir ev paltarı geyindim. Fotoaparatı döş cibimə qoydum. Bir əlimdə də parça var idi. Pəncərəni silə-silə şəkilləri çəkirdim.

Mənim üçün ən çətin xəstəxanada, morqda və şəhidlər xiyabanında çəkilən fotolar idi. Mənim üçün çox ağrılı idi. İnsanlar böyük faciə yaşayırdı".

R.Deqqati fotoları çəkdikdən sonra Moskvaya qayıtdığını və fotoları yaydığını bildirdi.

Bakıya növbəti səfərinin Xocalı hadisələri zamanı olduğunu deyən R.Deqqati o zaman gördüyü çətinliklərdən də danışıb:

"İnsanlar çörək növbəsində idi. Vəziyyət çətin idi. İlk olaraq Ağdama getdim. Mən orada Milli Qəhrəman Allahverdi Bağırovla tanış oldum. O mənə çox dəstək oldu. Bir dəfə Allahverdi Bağırov mənə dedi ki, ermənilərlə danışığımız olacaq. Mənim də ora getməyimi istədi. Bir çökəklikdə oturub danışıqlara başladılar. Allahverdi Bağırov mənə dedi ki, səni fransız kimi təqdim edəcəyik. Danışıqlardan sonra əsirlər dəyişdirildi. Mən gətirilən əsirlərə baxdım. Üç gün azərbaycanlı əsirlərə çox əziyyət verilmişdi, az və susuz qalmışdı. Bir neçəsi yeriyə və danışa bilmirdilər".

Deqqati danışdıqlarını əks etdirən fotoları da təqdim edib.

Qarabağ hadisələrindən danışan Deqqati söyləyib ki, Allahverdi Bağırovla birlikdə Ağdam məscidinin qarşısına da gediblər. Oraya Xocalıdan və digər rayonlardan azərbaycanlıların meyitləri gətirilirdi.

"Gələn insanları çəkirdim. Onlar başlarına gələn zülmləri danışırdılar. İlk başda deyilənlərə inana bilmirdim. Amma hamı eyni sözləri, ayrı-ayrı şəxslər başlarına gələn dəhşətləri danışırdılar. Mən Ağdam işğaldan azad ediləndən sonra da Ağdam məscidinə getdim. Oraya gələn diplomatik nümayəndələrə o zaman Ağdamda çəkdiklərini göstərdim".

R.Deqqati çəkdiyi fotolarda Ağdamdakı evləri, abidələri, tarixi binları da göstərib. Qeyd edib ki, həmin tikililərin hamısı indi məhv edilib və o zaman çəkilən fotolar bir daha erməni vandalizmini sübut edir.

Sərginin davamında R.Deqqati çəkdiyi fotoların bir neçəsinin hekayəsini danışıb. Yaşlı qadınların, kişilərin, uşaqların təsirli hekayələrini danışıb:

"Orda olanda yaşlı bir qadın mənə yaxınlaşdı. Ağlayaraq dedi ki, oğlumu tapmışam, Amma gözləri yoxdur. Mən onunla birlikdə morqa girdim. Həmin şəxsin fotosunu da çəkdim. Qırmızı xaçın nümayəndələri dedi ki, həmin şəxsin gözləri öldürülmədən öncə çıxarılıb.

Yaşlı bir kişini gördüm. 4 gün məscidin yanında oturdu. Ancaq oğlunun adını sayıqlayırdı.

Başqa bir yaşlı qadın morqa gəldi. Mənim nənəmə çox oxşayırdı. Onun siması ağlımda qalıb. Oğlunun meyitini görən kimi çölə çıxdı və 2 saata yaxın fəryad etməyə başladı. İndi də unutmaram onu".

Bir aya yaxın Ağdamda ayrı-ayrı döyüşçü qrupları ilə hərəkət etdiyini deyən Deqqati özündə olan qeydiyyat kitabçasının Bakıda otellərdən birində oğurlandığını deyib.

Deqqati Qarabağda olduğu müddətdə Şuşaya getmək istədiyini, amma müxtəlif problemlər yaşadığını deyib: "Şuşa yolu bağlı idi. Yalnız Daşaltı ətrafından Cıdır düzü ilə qalxa bilərdik. Mən Əfqanıstanda dağlarda olmuşdum. Dağları qalxa biləcəyimi dedim. Cıdır düzündən qalxanda məni üç dəfə snayper vurmaq istədi. Amma güllələr məndən yan keçdi. Sağ-salamat Şuşaya çata bildim. Orada yaxşı fotolar da çəkdim. Orada mədəniyyət evinin qarşısında döyüşçülərlə xatirə fotosu da çəkdirdim. İndi həmin bina yoxdur. Söküblər, yerində də ağac əkiblər".

Deqqati sərgidə Vətən müharibəsində Şuşanı fəth edən Xüsusi Təyinatlı Qüvvələrin döyüşçüləri ilə xatirə fotosunu da nümayiş etdirib və belə bir şərh verib: "O zaman da əsgərlərlə şəkil çəkdirmişdim. Bu dəfə də xatirə şəkli çəkdirdim. Foto çəkdirdiyim qəhrəmanlar qalıb döyüşçülərdir. Şuşanı azad etmələri dünya tarixinə yazıldı".

Tədbirin davamında R.Deqqati Azərbaycan hökumətinin dəstəyi ilə Fransada və başqa xarici ölkələrdə təşkil etdiyi sərgilər barədə də məlumat verib.

Qeyd edib ki, Fransada təşkil etdiyi sərgilər zamanı ermənilər tərəfindən təxribatlara və təzyiqlərə məruz qalıb.

R.Deqqati Fransada erməni səfirlə görüşü haqda danışıb. Bildirib ki, sərgilərdən sonra erməni səfir onunla görüşmək istəyi barədə xəbər göndərib:

"Mən dedim ki, əgər sərgi ilə bağlıdırsa, görüşməyə gərək yoxdur. Dedilər ki, sadəcə səfir fotolarımı bəyəndiyi üçün mənimlə görüşmək istəyir. Mən bu günə qədər prezidentlərlə, nazirlərlə görüşmüşəm. Fotoqraf və jurnalist kimi çalışıram. Səfirlə görüşə razılıq verdim. Görüş zamanı səfir söhbəti Qarabağ məsələsinə gətirdi və sərgiləri təşkil etməyimin səbəbini soruşdu. Mən dedim ki, axı söz vermisiniz ki, söhbət bu yerə gəlməyəcək? Səfir dedi ki, məcbur olaraq belə deyib. Mənə söylədi ki, onlar 500 min nəfərdilər. Mənim tək olduğumu, heç nə edə bilməyəcəyimi dedilər. Cavabımda söylədim ki, tək olsam da haqq sözümü deyəcəm. Səhər məni məhkəməyə verdilər ki, Qarabağ hadisələri ilə bağlı hazırladığımız sərgi ilə bağlı təkzib verim. Dedim ki, lap yaxşı, indi bütün fotoları məhkəmə vasitəsi ilə da yayınlayaram. Ermənilər bu sözdən sonra geri addım atdı. Səhəri gün Fransada metrodakı sərgimizi cırdılar. Bundan sonra mən bacardığım qədər bütün mətbuata çıxdım və Qarabağda çəkdiyim fotoları təqdim etdim. Fransada təşkil etdiyim növbəti sərgiyə jurnalsitləri dəvət etdim".

 

 
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

Nənə nəvələrindən 19 milyon dollar təzminat aldı

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

Diareya – ishal barəsində nələri bilmirik?

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ

Bakıda çovğun olacaq - XƏBƏRDARLIQ