Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

14:28 22-02-2021 | icon 64 | Şəhidlər və şahidlər
Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

Dəli kimi inanırdı bu amala, Vətən dəlisi, torpaq dəlisi kimi...

 

 

 

 

 

SEVİNDİK NƏSİBOĞLU

 
 
Dünyasını dəyişdirən arzu... Bu arzunu gerçəkləşdirən Şuşa fatehi... Əbəs yerə məqalənin adı belə qoyulmamışdır . O, uşaqlıqdan bu yana içində böyüyən, mənlik boyda, namus, qeyrət boyda olan bir arzunu gerçəkləşdirmək üçün əsirgəmədən canını qurban verdi. Bu arzu onun dünyasını dəyişdirəcəkdi, sözün əsl mənasında dəyişəcəkdi... O, bu arzusunu gerçəkləşdirdi... Özü isə insanlıq yaranandan fəth olunması çətin olan bir Zirvəni fəth edib getdi bu dünyadan... O, alnımızda 30 ilə yaxın bir müddətdə qara hərflərlə yazılmaqla qalmaqda davam edən qapqara ləkəni silənlərdən biri oldu... Namərdliklə əlimizdən alınan yox, namərdliklə içimizdəki satqınlar tərəfindən verilən canımız, gözümüz Şuşamızı azad edənlərdən biri oldu... Şuşanın qan izləri qalmış qarış –qarış torpaqlarının azad edilməsində onun da qanının izi var... Onun və bu yolda qanını, canını fəda etmiş bütün Şəhidlərimizin... Biz Vətən müharibəsində canından keçmiş Şəhidlərimizi heç bir zaman unuda bilmərik, buna bizim haqqımız, hüququmuz yoxdur... Çünki unutmaqla borc ödənilmir. Şəhidlər ölü deyil, onlar unudulanda ölürlər... Bizim borcumuz onların xatirəsini əziz tutmaqdır... Biz Xarı bülbülü görüb sevincimizə sevinc qatanda onlar Xarı bülbülə can verərək qan tökdülər, can verdilər... Noyabr ayının ilk günlərdən mənasını dəyişən, hər günümüzü Zəfərli gün edən belə oğullar Xalqımızın, millətimizin qəhrəmanıdırlar! Onlar rəsmi dövlət sənədi ilə bu ada layiq görülməsələr də xalqın, millətin qəlbinin, düşüncəsinin Milli Qəhrəmanlarıdırlar! Bizim Milli Qəhrəmanlarımızdırlar!


Bu dəfə haqqında yazacağım, insanlığın ən ali rütbəsinə, ən şərəfli Zirvəsinə yüksəlmiş, köksümüzü qürur hissi ilə qabardan, kədərimizi sevincimiz və vüqarımızla bərabərləşdirən, kədərləri nəzərlərimizdə heç edən şəhid – Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına həm Şuşanın, həm Şəhidlik Zirvəsinin fatehi olmağa haqq qazanan kiçik çavuş Şirxan İsmixan oğlu Quliyevdir! Onun əvvəli məşəqqətlərlə başlayan, sonu Zəfərlə və Şəhadətlə bitən dastanını oxumaq da bizim borcumuzdur, unutmayın, unutdurmayın, o halda unudulmazsınız!
Quliyev Şirxan İsmixan oğlu 2 sentyabr 1995-ci ildə Ağcabədi rayonunun Kürdlər kəndində anadan olmuşdur. O, əslən rəsmi olaraq qeydiyyatda olduğum, ana yurdum, bir qarışını görmək biz uşaqlara, elə Şirxanın uşaqlığına da nəsib olmayan Xocavənd rayonunun Muğanlı kəndindəndir. Muğanlı kəndi, xüsusilə də, Xocavənd rayonu əzəldən əbədi qəhrəmanlar yetişdirmişdir. Kəndimizin can verənləri, qan tökənləri çox olmuşdur. Şirxan da belə qəhrəmanlarımızdan biri oldu. Ancaq işğalın ilk illərində, yara qaysaq bağlamayan vaxtlarda Şirxan təzəcə doğulmuşdu, hələ çox körpə idi. Tale, həyat onu öz torpağına həsrətlə baxmaq, qaçqın olmaq adlı bir məşəqqətə məhkum etmişdi. Bundan sonra onun həyatı torpaq həsrəti, torpaq zilləti ilə dolu olacaqdı. Şirxan da neçə gənc Vətən oğulları, Qazilər, Şəhidlər ilə birlikdə intiqam istəyənlərimizdən biri olacaqdı.
 

Ağlı kəsən ilk vaxtlardan Şirxanın gözü nələr görmədi ki... Qaçqınlığın ağrısını, acısını, doğma dədə-baba torpaqlarını gəzməkdən məhrum olmaq acısını gördü... Öz torpaqlarına həsrət qalanları, dünyasını dəyişərkən doğma yurd-yuvasında dəfn edilə bilməyənləri gördü... Əzab gördü, əziyyət gördü, zillət gördü... Azərbaycana nifrət edənlərə qalan sevinci, Azərbaycanı sevənlərə qalan kədəri gördü... Ötən müddət ərzində hər günü məşəqqətlə keçdi Şirxanın. Qaçqın həyatı sürmüş ailəsi Şirxana çox ümidlər bəsləyirdi. Anası Şirxanı hər bəladan hifz etməsi üçün Allaha dualarını əsirgəmirdi. Atası isə Şirxanın böyüyüb ailəyə, Vətənə, millətə layiq olacağını bilir, onun gələcəyinə ümidləri get-gedə artırdı. Şirxan isə üzünə, üzümüzə bağlı olan, düşmənlərin qarşısında taybatay açıq olan Şuşa qalasının qapılarını hər dəfə gördükdə hələ neçə il də əzab-əziyyət içində yaşayacağı ilə üzləşməli idi.
 

Şirxan ağlı kəsəndən o qədər intiqam istəyən, intiqamla, inamla yaşayan bir yeniyetmə gənc olmuşdu ki, yaşıdları olan körpələr oyuncaq maşınla, oyuncaq fiqurlarla oynayarkən O, oyuncaq silahla oynayırdı. Hər dəfə oyuncaq tüfənglə atəş açanda da elə bilirdi ki, həqiqətdə düşmənlərə atəş açır. Atası-anası da ona ümid verirdi və afərinlər söyləyirdi düşmənə sərrast, sarsıdıcı atəş açmasına görə. Şirxan Ana Vətəndə qürbətçi kimi yaşamaqdan bezər, yenə də ümid yeri kimi bir Allahına, bir də valideynlərinə sığınardı. Öz yurdundan, doğma torpağından ayrı yaşayan Şirxana ana torpağına qovuşmaq üçün ümid, təsəlli ancaq bu oyuncaq silahlar olurdu. Bir də valideynlərinin təskinlikləri.
 

Şirxan fikirləşirdi ki, nə vaxtsa bu silah həqiqi bir silah olacaq və O, bu silahı düşmənlərə qarşı çevirəcək, bu həqiqi silahla düşməninin nəfəsini kəsəcək... Bu fikir onun ağlına orta məktəbə daxil olanda gəlmişdi... Necə gözəl fikir idi bu fikir... İnsanı xəyallara aparırdı... Ancaq hələ ki xəyallara... Növbəti illərdə Şirxan orta məktəbdə oxuyanda bu fikri fikir etmədi, arzu etdi, amal etdi, uşaqlıqda düşünülmüş bir fikri həyatının əsas arzusu, amalı etdi... Çünki bu fikir onun tərəfindən kölgədə qalmamalı, ağıldan çıxardılmamalı idi... Bunu heç bir Vətən oğlu ağlından zorla da olsa çıxarda bilməzdi. Şirxan bu arzu ilə təsəlli tapırdı artıq. Bu arzu, bu amal içindəki pis fikirlərə qarşı əsas silah olmuşdu. Dəli kimi inanırdı bu amala, Vətən dəlisi, torpaq dəlisi kimi. Həm də Koroğlu dəlisi kimi.
 

Şirxan şər ilə mübarizədə dastanlardan da güc alırdı. Atasından, anasından eşitdiyi həmyerlisi Yaqub Xoşdari dastanı, Fuad Nəsirov dastanı, Muğanlı kəndinin, Xocavənd rayonunun igid oğullarının dastanları Şirxanın gücünə güc qatırdı. Güc qatmaqla bərabər, hər dastan onun intiqam alovu, qisas odu olurdu. Şirxan bir dastan yazmaq istəyirdi, dastan olmaq istəyirdi.. İstəyirdi ki, qəhrəmanlıq göstərsin, hünər göstərsin, dastan olan Qəhrəmanların göylərdə olan müqəddəs ruhları da ona bir ağızdan afərin desinlər. Şirxan bunu da özünün müqəddəs amalı etmişdi.
 

Məktəbdə sinifləri pillə-pillə qalxdıqca daha da əla oxuyan Şirxan tezliklə 11-ci sinfə keçmək istəyirdi. Vaxt ötür, zaman ötürdü. Həsrətə yer verilməməli idi. Şirxan qisas gününün tez olmasını istəyirdi, tələsirdi, əgər qisas günü o əsgər gedənə qədər olmasa idi, bundan sonra daha çox dua edərdi ki, o qisas günündə elə özü də iştirak etsin...
 

Nəhayət, Şirxanın bir arzusu da gerçəkləşdi. Şirxan 11-ci sinfə keçdi, 11-ci sinfi və tam orta məktəbi bacarıq və çalışqanlılıqla bitirdi. Bundan sonra onu həqiqi silah, ən ülvi arzu - kişilik məktəbi, hərbi xidmət gözləyirdi. Hərbi xidmət, sərkərdəlik bundan sonra, təkcə, Şirxanın gerçəkləşən ülvi arzusu deyildi. Sərkərdəlik ömrü idi, həyatı idi, taleyi, qisməti idi bundan sonra. O, əsgər olduğu ilk gündən Şəhidliyə yüksəldiyi günə qədər hərbi xidmətdən ayrılmayacaqdı. “Sərkərdə Şirxan” adlı bu iki sözü ayıran üçüncü söz həyatda olmazdı.
İstək və arzularını həyatda reallaşdırmaq üçün 2013-cü ildə Şirxan Quliyev hərbi xidmətə yollandı. 2013-cü ildən 2020-ci ilin Zəfər Gününün bir addımlığına qədər Şirxanın həyatı hərbi xidmətlə bağlı oldu. 7 il... 7 il Şirxan vətənin müsəlləh əsgəri oldu. Ömrünün sonuna, Şəhadətinin başlanğıcına qədər sərkərdəlik yolunda gələcəkdəki Zəfərlərə, cənglərə inamla, ümidlə baxaraq yeridi, necə deyərlər, yürüdü Şirxan. Təlimlərdə hünər göstərib hərbçilərin, içərisində “Zəfər” sözü olan cümlələr söyləyib əsgər yoldaşlarının, əhatəsində olanların qələbəyə ümidini artırırdı. Bununla yanaşı o, öz ümidini də başdan sona qədər artırırdı. Hər gün eyni ümidlərlə, hər gün eyni inamla gələcəyə baxırdı. Hərbçi olmaq onun üçün hər şey idi. Həyatının mənası, dünyasını dəyişdirəcək ən ülvi arzuya aparan bir yolu idi onun...
 

Şirxan hərb sənətini o qədər sevirdi ki, əsgər olanda düşündüyü əsas məsələni – əsgərlik müddətinin bitməsi məsələsini elə tərxis olunan kimi həll etdi. Bir gün belə dayana, dura bilmədi. Tanıyanların tərəddüdlərinə baxmayaraq tez bir zamanda müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olmaq üçün müqavilə imzaladı. Bu müqaviləni elə həvəslə, elə istəklə imzaladı ki, kənardan baxanlar elə bilirdilər ki, Şirxan uzun müddət həsrətini çəkdiyi sevgilisinə qovuşub, onunla ailə həyatı qurmaq üçün səadət sarayında sənədə imza atır. Bəli, həqiqətən də Şirxanın nəzərində bu imzanı atmaq hələ o birindən çox üstün idi. O zaman təqvimlər 2015-ci ilin sonunu, 2016-cı ilin əvvəlini göstərirdi.
 

Aprel döyüşləri başlayanda Şirxan çırpınırdı ki, özü də həmin döyüşlərdə iştirak etsin. Bu döyüşlər xalqımızı zəfərə yaxın etdiyi kimi, Şirxanı da öz doğma yurduna yaxın edirdi. Döyüşlərdən zəfərlə çıxmış əsgər yoldaşlarına deyirdi ki, bundan sonra hansı döyüş olsa, mən də iştirak etməliyəm. Şirxan istəyirdi ki, Qarabağda harada döyüş olsa, o da orada olsun. Qisas günü tez gəlib çatsın. Hər Azərbaycanlı, xüsusilə də, ürəyində yurd həsrəti qalmış qaçqın bunu istəyirdi. Yəni, sabiq qaçqınlar... Və yaxud... Son qaçqınlar. Çünki Şirxan kimi oğullar qaçqınlıq statusunu ləğv etmək üçün ilk özlərindən başladılar. Sonra bir xalqın, bir millətin qaçqınlıq statusunu ləğv etdilər... Şirxanın ən böyük arzusu həm də bu idi. Alında hələ də qalmaqda olan bu ləkəni silib atmaq, təmizləmək. Qaçqınlıq illərinə son vermək istəyən çox Vətən oğlu vardı. Onların neçəsi Qazi oldu, neçəsi Şəhid... Onlar ərazi bütövlüyümüz üçün Şəhid olmuşdular, düşmən atəşlərini susdurarkən, düşməni geri otuzdurarkən... Şirxan bu yolda Şəhadəti belə düşünmüşdü... Bircə Allahdan onu arzulayırdı ki, həmin gün tez gəlsin. Gözlədiyimiz neçə illərdə qadınların saçına dən düşdü, kişilərin beli büküldü , körpələr böyüdülər... Şirxan da həmin körpələrdən biri idi. Və bu qaçqın-köçkün həyatına birdəfəlik son qoyulmasını istəyirdi! Anası Raisə xanım - boynunu bükməyən, ucaboylu Şirxanın ruhu ona baxa bilsin deyə başını dik tutan o Şəhid anası deyir ki, O, həmişə qaçqınlıq statusunu ləğv etmək, alnımızdakı bu qara ləkəni dünya durduqca silmək üçün çalışırdı. Atasına deyirdi ki, sənin doğulduğun torpağı azad edəcəyəm, orada yenidən yaşayarsınız. Şirxan o günləri gözləyirdi... Xəyalında canlandıraraq ... gözləyirdi...
 

İllər boyu bu minvalla, ümidini bir dəfə də olsun itirməyən, gözünü Şəhidlərimiz kimi parlaq sabaha dikib gözləyən, nə olur olsun, atəşkəs neçə dəfə pozulur pozulsun gözləyən Şirxan üçün vaxt, zaman daralırdı. Gözləyə-gözləyə 2020-ci ilin iyul ayı çoxdan gəlib çatmışdı... Bu ay hamımızı intiqam odu ilə yaxdığı kimi, Şirxanın da həyatını dəyişəcəkdi... Şirxanın həyatını iyul ayı, dünyasını sentyabr-noyabr ayları dəyişdirəcəkdi...
2020-ci ilin iyul ayı Azərbaycan tarixini yenidən yazan Tovuz döyüşləri başladı. Hamımıza bir daha və ucadan “Yetər! Qisas vaxtıdır!” dedirdən bir hadisə baş verdi. General Polad Həşimov da Şəhidlik Zirvəsinin fatehləri arasında idi! Bu, bizim xalqımız üçün böyük acı, yas idi. Hamı kimi Şirxan da bu xəbərləri çox pis qarşılamışdı. Bu, ola bilməzdi. Azərbaycan qisas gününə yaxın olmalı idi. Şirxanın içi-içini yeyirdi. Hər gün özünü Mübariz kimi hiss edirdi. Postdan-posta hünər göstərmək istəyirdi. Ancaq hünər göstərməyin vaxtı gəlməli idi. Bu vaxt isə hələ ki gəlmirdi ki, gəlmirdi. Vətən oğulları özünü səfərbər edib orduya qoşulanda Şirxan onları xoş sifətlə, gülər üzlə qarşılayırdı. Artıq bilirdi ki, Ali Baş Komandan o əmri verəcək.
 

21 sentyabr 2020-ci il... Hamının Qisas Odunu alovlandırdığı gün. Hamının coşduğu, vulkan kimi püskürdüyü gün. Azərbaycana Şəhid atəşinin düşdüyü və Qisas alovunun şölələndiyi gün... O gün bir Şəhid vermişdik... Son atəşkəs şəhidimizi, Tovuz döyüşlərindən sonra atəşkəsin pozulması zamanı şəhid olmuş kiçik çavuş Elşən Məmmədovu... Onun da qisası elə 7 gün sonra 27 sentyabr 2020-ci ildə yas mərasiminin 7-ci günü alındı...
Son atəşkəs şəhidimizin qara xəbəri də əks-səda yaratdı. Əsgərlər yumruğunu daha çox sıxırdılar. Şirxan da yumruğunu dəmir yumruq edənlər arasında idi və çoxdan bu sıraya qatılmışdı. O, bir an əvvəl vaxtın gəlməsini gözləyirdi. İndi təxmin etmişdi ki, həmin Şəhidli, Zəfərli, Qələbəli vaxt yavaş-yavaş yaxınlaşır. Şirxanı hərbi təlim toplantılarına çağırmışdılar. Həmin gün Şirxan ailəsi ilə canlı olaraq sonuncu dəfə görüşdü. Bundan sonra ancaq telefon zəngləri ilə əlaqə saxlayacaqdılar...
 

Görüş zamanı Şirxan valideynləri, bacı-qardaşı ilə gülə-gülə, sevinclə, bəzən isə onlara sezdirmədən qəhərlənərək danışırdı. Sonda Şirxan duruxurdu. Söhbətin sonuna gəlmişdilər. Şirxan hərbi hissəsinə qayıtmalı və birbaşa təlim toplantılarına yollanmalı idi.
 

Bacısının ürəyinə nə isə dammışdı elə bil. Ancaq bunu qara fikir sayırdı. İçindəki qara fikirlərlə mücadiləsinə başlamışdı. Doya-doya qardaşına baxırdı. Elə bilirdi ki, bir də belə baxa bilməyəcək qardaşına. Belə vaxtlarda Şirxan da ondan soruşurdu ki, niyə elə baxırsan... Sual versə də, qəlbində hiss edirdi, başa düşürdü bacısının nələr fikirləşdiyini ...
 

Hə... Anacan... Mən artıq qayıtmalıyam... – Şirxan daha da ümidlənərək, ümidindən güc alaraq Anasına son dəfə gülər üzlə baxdı.

Hara qayıdacaqsan, oğul? – Ana Şirxandan o gözəl cavabı gözləyirdi...

Mən təkcə, hərbi hissəmə qayıtmayacağam, anacan. Yurduma qayıdacağam! Muğanlıma qayıdacağam! Qarabağa qayıdacağam! Qisasımızı, Şəhidlərimizin qisasını alacağam! Bunu etmək üçün qayıdıram hərbi hissəyə, anacan! Yəqin ki, bundan sonra daha görüşə bilməyəcəyik... Telefon zəngləri də, yəqin ki, az olacaq innən belə... Şəhidlik...

Oğul... – Ana baxışları ilə Şirxandan onu kövrəltməməyini xahiş edirdi.

Hər bir kəsə nəsib olmayan bir ali rütbədir... Nə bilim, qismətimiz var, taleyimiz, alın yazımız var... Döyüş alnımıza yazılıbmış, yazılmalıymış doğulduğumuz andan... Biz görmədiyimiz yurdumuzu azad etmək üçün gedirik, Ana! Döyüş yoldaşlarımız, mən... Ayağıma daş dəysə belə, Şəhid olsam da... Başını dik tutmağınla əlaqədar səndən söz almalıyam... Söz verirsən?

Ana üçün bu, çətin idi... Canından can gedəcəkdi oğlu Şəhid olsaydı... Ancaq onu da bilirdi ki, canından gedən canı da nigaran qoya bilərdi söz verməsə... Ona görə də başını dik tutub Şirxanın gözlərinin içinə baxaraq:
Söz verirəm, oğul! – dedi – Sən də söz ver ki, bizi Qarabağa qaytaracaqsan!

Mən sözümü doğulduğum gündən verdim, Şəhid olduğum gündə də sözümü tam mənada tutacağam! Söz verirəm, Anacan!

Özünü qoru, oğul...
 

Niyə elə deyirsən? – Qeyri-iradi Şirxan bu sözü dedi. O, bununla Anasına bildirdi ki, könlündən Şəhid olmaq keçir. – Elə demə... – Sonra sözü dəyişdi. - Bax, oğlun döyüşdən qayıdanda ürəyiniz istəyən bir maşın alacaq. Ailəlikcə hamınızı o maşına mindirəcəyəm, gedəcəksiniz Şuşaya... Qarabağa, Xocavəndə, Muğanlıya... Gəzdirəcəyəm sizi... Özümün bu günə qədər görmədiyim yerləri onda sizin bələdçiniz kimi gəzdirəcəyəm... Sağlıq olsun də, baxaq görək...
 

Sağ ol, oğlum! Allah Sənə də, döyüş yoldaşlarına da, ölkəmizə də yar olsun! Birinci bu günkü Şəhidimizdən başlayaraq, Səni bir çox Şəhidimizin qisasını alan görüm! Şuşaya bayraq sancan görüm, oğlum!
Görəcəksən, Anacan! Mütləq görəcəksən! Ya bir bədənlə, bir ruhla, ya da ayrıca bədənlə Səni bir də görəcəyəm... İndi isə... HƏLƏLİK...
 

“Bəlkə də Əlvida...” dedi Şirxan öz içində... Anasının özünü sonuna qədər sıxan gözlərinin içinə son dəfə baxaraq, əlini yelləyərək getdi... Bundan sonrası uzun, başı Ulularımızdan başlayan, sonu o Uluların nəvələri ilə bitən, nəvələrinin Zəfəri ilə bitən Zəfər Yolu idi!.. Allah Şirxana savaşın 44 günün 41 gününü döyüşməyi nəsib edəcəkdi... 41 dəfə Maşallahlarla, sonsuz dəfə İnşallahlarla, Şükürlərlə, Təkbirlərlə, Dualarla döyüş meydanına şir kimi atılacaqdı...
 

21 sentyabrdan başlayan təlimlər 27 sentyabra qədər davam etdi... 26 sentyabr Şirxanın son təlimləri idi və demək olar ki, təlimlər bitmişdi. Bundan sonrası yenə də Zəfərli bir savaşın başlanğıcı, neçə-neçə şəhidlərimizin, vətən fədailərinin qisasının alınması idi... Qan tökülən, can verilən torpaqlarda bir daha canın verilməsi, qanın tökülməsi idi, torpaqların mənfur düşmənin tapdağından azad edilməsi idi... Xainliklə, namərdliklə işğal olunan torpaqların mərdliklə, cəsarətlə, igidlik, qəhrəmanlıqla azad edilməsi idi... Bu savaşda neçə cəsurlar döyüşəcəkdi... Şirxan da o cəsurlardan biri idi...
 

26 sentyabr günü komandir həmişəki kimi, bu dəfə də səhərə daha çox inamla baxan Şirxandan soruşdu:
Quliyev, nə fikirləşirsən? Sabah nələr olacaq? Nələr edəcəyik? Nələr etməliyik?
 

Sizin dediyiniz kimi: nələr etməyəcəyik ki, cənab komandir? – Şirxan içindəkiləri boşaltmağa başladı. – Birinci hava məlumatından başlayım. Sabahdan yağışlar utanacaq yağmağa biz döyüşdüyümüz üçün. Sabahdan günəş utanacaq çıxmağa biz qan tökdüyümüz, can verdiyimiz üçün. Sabahdan hamı Vətəni kimi olacaq. Hamı hər qara xəbərə mətin olaraq, ayaqda duraraq qarşılıq verəcək. Sabahdan bir xalq yenidən dirçələcək, diriləcək. Bir millət yenidən ayaqda duracaq, qələbələr qazanacaq. Sabahdan nələr olmayacaq ki, komandir?
Ululardan bizə gəlmiş Ulu miras – Zəfər qazanılacaq! Bu Zəfəri biz qazanacağıq! Bir dəfə də, bir addım da geri çəkilmədən! Bir dəfə də arxaya baxmadan! Düşmənləri bundan sonra qovacağıq! Sona qədər qovacağıq! Ən azından özümüzə, ən çoxundan Vətənimizə belə bir sözü verdiyimiz üçün! Biz Vətənə söz vermişik, cənab komandir! Mən də söz vermişəm, bu, mənim uşaqlıq arzumdur! Buna görə, müqavilə müddətimi artırmışam. O gün gəlməyənə qədər mən bu işi ata bilməzdim. Qısası, cənab komandir, sabahdan bu savaşın başlanğıcından sonuna qədər YA QAZİ OLACAĞIQ, YA QALİB OLACAĞIQ, YA ŞƏHİD OLACAĞIQ! Məqam həmin məqamdır, bu üç məqam bizi tam vaxtında gözləyir!
 

Bir söz də istəyirəm səndən... – Komandir Şirxandan güc alırdı.
 

O sözü indi deyirəm: Vaxtı gəlib, cənab komandir! Vaxtı gəlib! Gecə hamı yatacaq, sabah bir xalq oyanacaq! Şəhid olduğum günə qədər əmrinizə müntəzirəm, Cənab Komandir! Tək işim düşmənləri qovub Qarabağı sona qədər görmək, axarıncı qələbəni qazanmaq olacaq!
 

Səninlə fəxr edirəm, Quliyev! Fəxr edirəm! İlk qələbəmiz üçün mənə inam verənlərdən biri də Sənsən! Sənin atan-anan qarşısında sona qədər baş əyirəm!
 

Bu inamla, bu ümidlə, bu təmkin və səbrlə illərlə özünü hazırlaşdıran Şirxan Quliyev 27 sentyabr 2020-ci ildən sonra Allahın və Onun Aslanının yar olması ilə birlikdə Zəfərdən Zəfərə irəliləyəcəkdi! Necə deyərlər:
 

Dastanının Zəfər qolu onun idi,
Gedəcəyi Zəfər Yolu onun idi!
Axı, Qarabağı onun yurdu idi,
Ulu yurdun sağı-solu onun idi.
 

Şirxan 25 illik, çoxuna qısa gələn, ancaq mənalı gələn bir ömür yaşamışdı bu günə qədər. 25 il ərzində yığdığı gücü, inamı, ümidi səfərbər edib döyüşürdü. Ən böyük arzusuna nəfəs qədər yaxın idi artıq. Nəfəsdən də yaxın olmaq istəyirdi... Buna görə də sonuna qədər gücünü, qüvvəsini səfərbər edirdi. Hər an, hər dəqiqə Şəhadəti düşündü. Yolu Cəbrayıldan, Füzulidən keçdi şir kimi döyüşən Şirxanın... Heç görmədiyi yerləri gördü, ancaq heç görmədiyi dəhşətlərin seyrinə durmadı. Qarabağın hər qarışında gördüyü dağıdılmış ev üçün, yasa batmış, lakin məğrur dayanmağı bacaran hər ailə üçün, Gəncə üçün, Bərdə üçün,Tərtər, Goranboy, Ağdam, Ağcabədi üçün, onların qisası üçün vuruşurdu Şirxan. Özünü Qisas Gününün fatehləri arasında gördüyü üçün, özü də belə cəsur əsgərlərdən olduğu üçün əvvəlcə Allaha şükür edir, sonra isə özünü xoşbəxtlərin xoşbəxti hiss edirdi. Şirxan üçün bu, göydəndüşmə fürsət idi. Bu fürsət 200 il ələ gəlməmişdisə, indi ələ gəlmişdisə, qaçırmaq olmazdı onu. 200 il ərzində itirilənlərin heç olmazsa bir hissəsinisə də geri qaytarmaq, bu illər ərzində ədalətsizlik, zülm, haqsızlıq ətrafında cərəyan edən tarix çarxını ədalət, haqq ətrafında fırlanmağa yönəltmək üçün Şirxan var gücü ilə çalışırdı, vuruşurdu. Azərbaycanı istəməyən, dırnaqarası sülhün tərəfdarı olanların verdiyi dırnaqarası atəşkəslər hamı kimi Şirxanı da narahat etmirdi. Əksinə, əvvəlkindən də daha güclü, qüvvətli bir şəkildə vuruşurdu. Polad bədənini güllələrə sipər edirdi. Zəfər Yolu “keçilməz” olan, ancaq bir anda keçilən səddən Şəhidlik Zirvəsinə qədər, hələ ondan sonra da olan Şirxanı ən böyük, ən ağır, ən qanlı, ancaq ən şanlı döyüşlərdən biri gözləyirdi...
 

 
 
Noyabr ayının 2-si Şirxan, demək olar ki, sonuncu dəfə ailəsi ilə zəngləşirdi... Onun ürəyinə dammışdı ki, deyəsən, ömrünün sonu, şərəfli yolun başlanğıcı yaxınlaşır. Ən böyük Zəfəri qazananlardan biri olmağa Şirxan tam layiq idi. Çünki özü bu yerləri görməmişdi. Öz yurdunu görmək ona nəsib olmamışdı. Neçə il əzablardan, əziyyətlərdən keçmişdi bunun üçün. Müqavilələr yeniləmişdi bu günü görmək üçün. Həmin günləri Şirxan görməli idi və görürdü də...
 

Salam, Ana! Necəsiniz? – Şirxan sonuncu dəfə ailəsi ilə danışırmış kimi danışırdı. Elə bil bilirdi ki, bu sondur. Anasından söz almaq istəyirdi.
 

Əvvəlcə, sən de, oğlum, necəsən? Əvvəl bilim ki, yaxşısan, ondan sonra sevinim. – Ana kövrəkliyindən bir az saxlamışdı və Şirxandan gizləsə də, bacarmamışdı.
 

Belə də, anacan. Yaxşı oluruq artıq.
Haradasan, haralardasan?
 

Bir gün Sənə dastanımı təqdim edərəm, 2 noyabr səhifəsini çevirərsən, onda görərsən ki, mən o vaxt harada idim. Ancaq əgər bu qədər narahatsansa, onu deyə bilərəm ki, ən böyük Zəfərə nəfəsdən də çox yaxınıq. Bu, elə Zəfərdir ki, onun yolunda neçə igidlərimiz şərəflə, həvəslə addımlayır.
 

Oğul, Səninlə fəxr edirəm! Sən bu fəxrə uşaq yaşlarından layiq idin. Hələ uşaq yaşlarından Sən oyuncaq silaha sarılmışdın. Oyuncaq silah oynayırdın. Heç yadımdan çıxmaz, oğul.
 

Həmişə fəxr edəcəksən, Ana... Mən gedəndə də...
 

Nə dedin, oğul? – Ana özünü eşitməzliyə vurdu və oğlundan söz almağa çalışdı.
 

Ana, mənə bir söz de ki, ürəyimin döyüntüsünü artırsın, qisas alovumu daha da şölələndirsin... Mənə güc versin, inamımı artırsın... Mənim sənə bu günə qədər çox suallarım olub... Sən də hamısına cavab vermisən... Qaçqınlıq həyatından suallar vermişəm, cavab vermisən. Əzabdan, əziyyətdən... Hər şeyi mənə danışıb taybatay açılan əllərimi sıxılmış yumruq etmisən. Bir sualıma da cavab ver... Mən Şəhid olsam...
Oğul...
 

Ana, sualıma döz... Döz, ana... Mən Şəhid olsam, nə edəcəksən? Yanında ola bilməsəm, ancaq ruh kimi ətrafında dolansam ... Nə edərsən? Məni bir də ancaq şəkillərdə görsən... Mənə sual versən, ancaq bədənimlə deyil, ruhumla cavab versəm... Nə edərsən?
 

Başımı dik tutaram, oğul... Dözərəm... Mən bir Ana kimi bu günə qədər hər şeyə dözmüşəm... Qaçqınlığa dözmüşəm, əzablara, əziyyətlərə dözmüşəm... Bir qaçqınlıq damğasını, alın ləkəsini alnımda daşımağa dözmüşəm... Sən ki o ləkəni alnımızdan siləcəksən... Mənim başımı dik tutmamağım, uşaq kimi ağlamağım o zəhmətlərə, o əziyyətlərə hörmətsizlik olar... Sənə sözüm odur ki... Döyüş, oğul! Son damla qanına qədər döyüş!.. Adını, Şirxan adını tarixə yaz. Sən şir nəslisən, xan nəslisən, Sənin atan-baban mərd olub, qəhrəman olub, oğul... Bizi qurtar bu qaçqın həyatından... Həyatımızı dəyişdir... Qəhrəman kimi, igid əsgər kimi, fateh kimi, zəfərlə döyüşdən qayıt oğul ... Əgər qayıtmasan...

Ana-bala bir ağızdan bunu təkrarladılar:

Vətən sağ olsun!..
 

Şirxan o günlər sonuncu dəfə ailəsi ilə zəngləşirdi... Ömrünün bitməsinə, Şəhidlik Zirvəsinin fatehi olmağa az vaxt qalmışdı. Parlaq Qələbənin çalınmasına da az qalmışdı... Şirxanı indi ən böyük qələbə gözləyirdi... Qanlı, şanlı ŞUŞA DÖYÜŞLƏRİ gözləyirdi Şirxanı!.. O, Şuşanın hər qarışında, Zəfər bayrağının dalğalanmalı olan hər yerində can verəcək, qan tökəcəkdi... Gözü önündə döyüş yoldaşları şərəflə şəhid olacaqdı... Özü də... Şəhid olacaqdı...
 

Noyabr ayının əvvəllərində bir xalqın tarixini təzələyəcək, dastanını yenidən yazacaq Alparslandan qalan Malazgird döyüşü kimi, Fatehdən qalan İslambol döyüşü kimi olan bir döyüş – Şuşa döyüşləri o vaxt başladı! Şirxan artıq inanırdı ki, zəfərə az qalıb, Şuşaya yaxın deyilik, elə Şuşanın özündəyik! Şuşanın zirvələrinə qalxaraq, dişi ilə, dırnağı ilə, əlbəyaxa döyüşlərlə düşmənə qarşı vuruşaraq onlara böyük bir dərs keçirdi Şirxan. Şuşanın ən böyük Zirvəsində hayqırırdı, səsi düşmən tərəfə əks-səda verirdi: “ZƏFƏR BİSMİLLAH!”. Onun başının üstündə Alparslan, Fateh, Xətai, Təxt-i-Nadir sahibi, Türk dünyasının bütün fatehlərinin ruhu var idi. Bir xalq o günü gözləyərkən, gözlərinin kökü saralarkən həmin xalqın ərənləri Zəfərə bir addım yaxınlıqda idi... Zəfərin astanasında idi...
 

Şirxanın gözünün qabağından yaşadığı ömür yolu gəlib kino lenti kimi keçirdi... İllər boyu gözləmişdi bu günü... Özü həyatı qədər gözləmişdi – 25 il... Hər gün yuxularına girirdi Qarabağın Zirvələri... Şuşanı görməyən ərənlərdən biri olan Şirxan Şuşaya qədər döyüş yolu keçmişdi, artıq bilirdi ki, çox az qalıb, lap az qalıb o Zəfərə... Əgər o günə qədər Şəhidlik Zirvəsini fəth etsəydi, yenə də Vətən sağ olsun deyəcəkdi!..
Şuşanın zirvələrində, ən qanlı döyüşlərdə ləçəkləri qurumuş Xarı bülbüllər ərənləri çağırırdı. Bir Xarı bülbül Şirxana tərəf boylanmışdı. Döyüşlərin ən qızğın vaxtında özünü, polad bədənini sipər edən Şirxana Xarı bülbül qurumuş ləçəkləri ilə demək istəyirdi ki: “Yanımdakı hələ də bitə bilməyən güllərə Şəhid döyüş yoldaşlarının al qanı can verir. Gör nə gözəl çiçəklər açıblar. Deməli, o güllər, çiçəklər şəhidlərin qanı sayəsində artıq azaddır. O güllərin olduğu torpaqlarda Zəfər çalınıb. Mənə də can ver! Mən də azad olmaq istəyirəm! Sən də illərlə bu günü gözləmisən, mən də! Hər gün palçığa batmaq, düşmənin murdar ayaqlarında tapdalanmaq, heyvan gülüşləri eşitmək istəmirəm! Sizin xoş səsinizi eşitmək istəyirəm! Tez ol, mənə can ver, Şirxan!”
 

Şirxan bilirdi ki, Xarı bülbülə can verən Şəhidlərin sırasında özü də olacaq. Və sıra ona da çatır yavaş-yavaş... Ona görə də son qisasını almaq istəyirdi. Xainliklə, xəbisliklə, satqınlıqla işğal edilən Daşaltı zirvələrində sona qədər döyüşürdü... Öz səddini keçilməz adlandıran, axırda dərsini alan ohanyan kimi soysuzlara həddlərini bildirmək istəyirdi... Polad bədənli general Polad kimi düşmənə qarşı ən böyük, sarsıdıcı zərbələrini endirirdi... Amansız, qəddar düşmənə aman vermək sözünü eşitmək belə istəmirdi. Şəhid olan hər döyüş yoldaşı üçün, qətl edilən hər mülki şəxs üçün daha kəskin, sarsıdıcı intiqam almaq istəyirdi... Daşaltının hər qarışında hər əsgəri yüksək sevinclə salamladığı kimi Şirxanı da salamlayırdı qəhrəman Riadın, Albertin ruhu... Şirxan əlçatmaz yüksəkliklərə qalxanda oradan həmin an qanad açıb ruhunu uçurtmaq istəyirdi..Lakin hələ buna vaxt var idi...
 

7 noyabr 2020-ci il... Zəfər Gününə bir gün qalmışdı... Çox az qalmışdı Zəfərimizin çalınmasına... Şirxan və onun döyüş yoldaşları saat bilmədən, dəqiqə bilmədən düşmənləri qırıb irəliləyirdi. Şirxan hamıdan daha çox inanırdı ki, artıq bu, son addımlardır. Döyüş yoldaşlarına deyirdi ki: “Məqam həmin məqamdır, çatırıq Zəfər bayrağının dalğalanacağı yerə!..”
 

Zəfər bayrağının dalğalanacağı yerə az qalmışdı... Bir Şəhid yaxınlığındakı Xarı bülbülə qan verdi, can verdi... Və sırada Şirxan var idi... Şirxan da öz qanını yanında yalvaran, yaxaran, azad olmaq istəyən, azad olmağı gözləyən Xarı bülbüllərdən birinə verməli idi... Şirxan bir azdan çiçək, gül açacaq, ancaq hələ quru vəziyyətdə olan Xarı bülbülə dedi:
 

Hə, Xarı bülbülüm... Həmişə dediyim kimi: “Məqam həmin məqamdır!”... Mənə Şəhid olmaq gərək, Sənə də qanımla, canımla, ruhumla qidalanıb gül, çiçək açmaq, dirilmək, canlanmaq... Ya Şəhidlik Zirvəsi! Məni gözlə!
Şirxan kəlmeyi-şəhadəti söylədi və qanının son damlasını da töküb gözlərini əbədi yumdu... Gözlərinə son dəfə Zəfər bayrağının dalğalanacağı yer göründü... Ürəyindən axan son damla qan axaraq Xarı bülbülə yaxınlaşdı... Xarıbülbül o qanı canına hopdurdu. Şirxanın ruhu bədənindən ayrıldı. Xarı bülbül canlandı, dirilişin dadını çıxararaq məğrurluqla Zəfər bayrağının dalğalanacağı yerə baxdı...
 

Müsahibələrdən birində Şəhidimizin əmisi oğlunun açıqlamaları ürəyimi parçaladı: “7 noyabr günü idi. Gördüm, Şirxandan mənə zəng gəlir... Kontaktımda adı “Şirxan əmioğlu” idi. Dedim: “Əmioğlu, Sənə qurban olum...” Ancaq cavab səsi Şirxanın səsi deyildi... Onda mənə xəbər verdilər ki, Şirxan Şəhid olub...” Şirxanın əmioğlusu Onun Şəhadətini eşidib ürəyini parçalayan ilk yaxınlarından oldu... Ondan sonra... Bu mübarək şəhadət xəbəri ailəyə çatdı və təkcə bir ailə deyil, bir Vətən Şirxansız qaldı...
 



8 Noyabr günü... Şirxanın canı, qanı ilə dirilən Xarı bülbül artıq daha da çox qürurla bu dəfə Zəfər bayrağının özünə baxırdı... Bütün Xarı bülbüllər dirilmişdi... Şuşa azad olunmuşdu! Xalqımız Zəfər çalmışdı! 200 ildən bəri itirilən torpaqlarımızın azad edilməsi ilə əlaqədar bu bizim ilk zəfərimiz idi, bu Zəfər artıq bizim Zəfərimiz idi!..
Zəfərin baş fatehi, Ali Baş Komandan Şuşanın azad olunması müjdəsini 200 ildən bəri acı yasıyla boğulan bir millətə verdi və o millət ən böyük Zəfərini böyük qürurla qeyd etdi!.. Vətənin hər qarışında vətəndaşlar bayraqlarla dayanmışdılar... Gülə-gülə, sevinə-sevinə bu günü qeyd edirdilər... Hamı sevincindən ağlayırdı... Təbii ki, hamı Zəfərin fatehlərinin dəfn olunduğu, and yerimiz olan Şəhidlər Xiyabanına axışırdı...
Həmin gün bir Xalqın, bir millətin günü idi...
 

Şuşada Şirxanın qanı ilə, canı ilə dirilən, haqqında dastanlar yazılmalı olan həmin Xarı bülbülün yanında Şirxanın azad edilmiş vətən torpaqlarının səmalarında gəzən ruhu olsa da vətən torpaqlarının qoynuna aldığı cismi yox idi... Bu hadisə dastanın ən təsirli məqamı sayıla bilər...
 

Döyüş yoldaşları Şuşada Zəfər bayrağını dalğalandırdıqdan sonra, Şuşanın fatehi olduqdan sonra əli Xarı bülbülü tutan Şirxanın bədəninin olduğu yerə qayıtdılar... Əsgərlər sevinclərindən ağlayırdılar... Günəş Şuşaya doğmuşdu... Zəfərlə Günəş görmüşdü Şuşamız... Şirxanın can yoldaşı, döyüş dostu onun hərəkətsiz əlini tutdu və dedi:
 

Qalx, Şirxan, artıq arzuladığın, yolunda canını fəda etdiyin Zəfəri çalmışıq! Gəl bu Zəfəri birlikdə qeyd edək! Hər Şəhid kimi Sənin də bu Zəfərdə böyük əməyin olub, Şirxan! Oyan, Şirxan! Şuşaya Günəş doğub! Zəfər Günəş kimi doğub Şuşaya! Bilirəm, ruhun sevinir, ancaq çox istəyərdik ki, bədənin də sevinəydi... Şuşanın hər qarışında birlikdə gəzəydik... Azad etdiyin Şuşanın hər yerini birlikdə gəzərdik... Birlikdə gəzərdik... – Bu sözlər onun daxilində əks-səda verdi. Döyüş yoldaşının ağlına bir fikir gəldi. – Bu fikir ömrümdə mənim ağlıma gəlməzdi...
 

Döyüşçülərin hamısının istəyi ilə Şirxanın cansız bədənini qaldırdılar və tankın üstünə qoydular. Şirxanın can dostları tanka mindilər. Bir döyüş yoldaşı çöldən bu sözlə ifadə edilməsi çətin olan mənzərəni görürdü... O, işarə etdi ki, tankı sürün!
 

Hə, Şirxan, indi Səninlə Zəfərli Şuşanı gəzəcəyik!.. – Tankçı dostu tank üstündə hərəkətsiz dayanan o böyük fatehi sanki hiss edərək, duyğularına hakim olmağa çalışaraq bu sözləri deyirdi...
 

Şirxan tank üstündə, gözü açılmış bir şəkildə Şuşanı gəzirdi... Şirxanın cansız bədəni harada idisə, ruhu da oranı seyr edirdi... Şirxanın ruhunun gözləri dolmuşdu... İstəyirdi ki, can dostlarını qucaqlasın...
Can dostları tank üstündəki Şirxanı Şuşanın mərkəzinə, Zəfər bayrağının dalğalandırıldığı yerə qədər gəzdirdilər... Tankçı dostu nə qədər duyğularına hakim olmağa çalışsa da, Şirxanın çiyin-çiyinə döyüşdüyü can yoldaşının gözündən yaş axırdı... “Ax... Şirxan... Bilməzdim, bu qədər yandıracaqsan...” deyə öz içində Şirxanın canlanmasını, qayıtmasını, gəlməsini istəyirdi... Elə bil, Şirxanın cansız bədəni ilə barışa bilmirdi... Şirxan Zəfər bayrağını sadəcə ruhu ilə dalğalandırmışdı... İndi də cansız bədəni ilə Şuşanı gəzirdi... Nə olsun, Şirxanın ruhu əbədiyyətə qədər, dünya durduqca Şuşada, Şuşanın mərkəzindədir... Və o yüksəklikdən parlaq Qələbəli Azərbaycana baxır!..
 

Şirxan Quliyev şəhadətindən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edildi...

Şirxan hər Vətən oğlu kimi öz arzusuna çatdı... Bu yolda O, öz canını verdi, qanını tökdü... İndi onun bədəni aramızda olmasa da...

Ruhu ki başımızın üstündədir...

Vətən sağ olsun!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

““5-ci kolon”-un Qarabağdakı erməni qohumlarını silib-süpürəcəyik” - MÜSAHİBƏ

İgid qəhrəmanlarımızdan biri - RƏŞAD NƏBİZADƏ

MMP Xocalı soyqırımı ilə bağlı BƏYANAT YAYDI

"Xalqın pulunu talayacaqlar, sonra da bağışlanacaqlar?"

“Növbəti xəyanətin qarşısını almalıyıq” - MÜSAHİBƏ

Diareya – ishal barəsində nələri bilmirik?

MCP-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT

Soyqırımını dünyaya tanıtmaqda davam etməliyik

Dünyasını dəyişdirən, arzusunu gerçəkləşdirən Şuşa fatehi

“Xocalı irsi” adlı elektron TƏQDİMAT

ALDP-dən beynəlxalq təşkilat və dövlətlərə XOCALI ÇAĞIRIŞI

Xocalı soyqırımının 29-cu ildönümü ilə əlaqədar BƏYANAT

Ermənilər onun fotoaparatını pulla alıb İrəvanda yandırmaq istədiklərini deyiblər - MÜSAHİBƏ

"Moskva vəziyyəti gərginləşdirməyə çalışır"

“Sanki erməniləri Dağlıq Qarabağa yerləşdirmək üçün gəliblər” - MÜSAHİBƏ