“Ağdama çatanda hönkürtü ilə ağladım” - MÜSAHİBƏ

15:00 18-03-2021 | icon 74 | Cəmiyyət
“Ağdama çatanda hönkürtü ilə ağladım” - MÜSAHİBƏ

Zülfü Qasımov: “Bu gün Ağdama getdimsə, Ağdamı gördümsə, bu mənə bəsdir”

 

Torpaqlarımız işğaldan sonra yenidən doğulur, yeni mərhələyə qədəm qoyur. Erməni işğalı nəticəsində rayonlarımızın xarabazara çevrilən canlı tablosu hər kəsin gözünün önündədir. Azərbaycan torpaqları, dövləti, xalqı erməni terroruna, soyqırımına məruz qalıb və bu gün dünya ictimaiyyəti vandallığını, erməni faşizmini görməlidir. Görmək istəməyənlərin gözləri açılmalı və rayonlarımızda Azərbaycan xalqına qarşı edilən terror onların gözünə soxulmalıdır. Bu mənada hazırkı mövcud durumla bağlı dünya ictimaiyyətinin məlumatlandırılması ümdə vəzifələrdən biri kimi qarşıya qoyulub və o yerlərə beynəlxalq diplomatik korpusun, media nümayəndələrinin səfərləri ilə yanaşı, yerli media turları da təşkil olunur. Ermənistan hərbi cinayətkarlarının Azərbaycan torpaqlarında törətdiyi vəhşilik hər bir insanın yaddaşında, xatirəsində, əsərlərində əks olunmalıdır.

 

Bu günlərdə isə belə bir mediatur Ağdam Şəhərinə təşkil olundu. O şəhərə ki, erməni vandalları tərəfindən yerlə yeksan edilib, qəbir daşları dağıdılıb, abidələri məhv edilib. Ermənilərin Ağdamda törətdiyi vəhşilik heç bir müharibədə görünməyib. Ağdam ölü şəhərə çevrilib.

 

Bugünkü Ağdamın dünəni, bu günü barədə “Həftə İçi”nə danışan vaxtilə Ağdamın İcra Hakimiyyətində çalışan və o şəhəri quran ziyalılardan biri, hazırda Ağdam YAP təşkilatıında Aparat rəhbəri kimi fəaliyyət göstərən Zülfü Qasımov çox incə maraqlı nüanslara diqqət çəkib.

 

- Zülfü müəllim, “bu illəri Ağdamsız necə yaşadım” deyə, yəqin ki, çox düşündünüz. Bu gün o yerlərə gedəndə mövcud mənzərə sizdə hansı hissləri oyadır?

 

- 1993-cü il iyulun 23-də Ağdamdan ən axırıncı çıxanlardan biri mən olmuşam. Ağdam həqiqətən də respublikanın ən abad, müasir sənaye şəhərlərindən biri olub. Yeganə şəhər idi ki, layihə ilə işlənilmişdi və bütün küçələr düz xətlə çəkilmişdi. Biz ordan çıxdıq və 30 il Ağdam həsrəti ilə yaşadıq. Bu 30 ildə mən Ağdamın ərazisini bir dəfə də olsun tərk eləmədim. Bütün gün gözləyirdik ki, görən biz ora nə vaxt qayıdacağıq. Allah Prezidentimizə dəyməsin, onun rəhbərliyi altında axır ki, noyabrın 20-də Ağdam şəhəri işğaldan azad olundu. Mən 4 gün sonra Ağdama getdim. İnanın ki, Ağdama çatanda özümü saxlaya bilmədim, hönkürtü ilə ağladım. Çünki köhnə Ağdamdan heç bir əsər-əlamət qalmayıb. Bütün tikililər, bütün kommunikasiya xətləri, hər bir şey dağıdılıb. Mən ora gedəndə küçələrimizi tanımadım…

Amma bu gün biz Ağdam şəhərinə gediriksə, bu bizə bəs edir, şəxsən məni qane edir. 74 yaşım var, inanmrdım ki, mən Ağdamı gedib görəcəm. Bu gün mən Ağdama getdimsə, mən Ağdamı gördümsə, bu, mənə bəsdir.

Mən ora 7-8 dəfə getmişəm. Hikmət Hacıyev birinci ilk qrupla Ağdama gələndə onlarla getik. İki gün sonra böyük bir diplomatik korpusla getdim. Bu dəfə kütləvi informasiya vasitələri ilə getdim. Hörmətli Hikmət Hacıyevin tapşırığı ilə mətbuat nümayəndələrinə bütün məlumatları mən verirdim.  Çünki rayonda şəhəri mənim qədər yaddaşda saxlayan yoxdur. Çünki şəhərin tikintisinin 99 faizində mən iştirak eləmişəm. Orda mənim əməyim var. İndi onu belə dağılmış vəziyyətdə görəndə çox pis oluram. Amma bu gün Ağdam ərazisində hərəkət edə biliriksə, bu böyük xoşbəxtlikdir. Düzdür, vaxtilə Ağdamı yaratmışdılar, indi yenə bərpa olunacaq Ağdam. Biz Ağdamın bölgələrini əvvəlkindən də yaxşı bərpa edəcəyik. Gün o gün olsun ki, yenidən qurulmuş, abadlaşmış Ağdama gedək. Bəlkə mən gedə bilməyəcəm, amma ağdamlılar gedəcəklər.

 

- Zülfü müəllim, 30 ilin ayrılıq həsrətini bu gün də müsahibə zamanı göz yaşlarınızla yaşadınız. İnşaallah o gözəl Ağdamın səfalı, gözəl günlərini də görərsiz. Ziyalıları, adı ilə məhşur olan o şəhəri nələri ilə xatırlıyırsız, nələri ilə məhşur idi Ağdam?

 

- Ağdam şəhərinin 50 küçəsi, 5 kənd sahəsi, 2 böyük məhəlləsi var idi. Şəhərin özündə 40 mindən artıq əhali yaşayırdı. 

Hər kəs öz şəhərini, rayonunu, kəndini gözəl görər, sevər. Ancaq həqiqətən də Ağdamın özünəməxsusluğu var. Vaxtilə ulu ödər də demişdi ki, Ağdam böyük ziyalılar mərkəzi, böyük inkişaf etmiş şəhər olub. Ağdam şəhəri böyük sənaye müəssisəsi olub.  Ağdamda 17 sənaye müəssisəsi var idi. 31 tikinti təşkilatı, 7 nəqliyyat müəssisəsi, böyük Ağdam Dəzgahqayırma zavodunda 950 adam işləyirdi. Böyük taxıl məhsulları kombinatı vardı. 14 rayonun kənd təsərrüfatı texnikası Ağdamın Traktor təmiri -zavodunda təmir olunurdu. Bütün Qarabağa gələn malların hamısı Ağdamdakı rayonlararası bazaya yerləşdirilirdi. Ağdamın inkişafını göstərən Dəmir yol stansiyası, Avtovağzal, Aeroport, Ağdamın bazarı adı ilə məhşurdur. Ağdam bazarının zənginliyi barədə belə bir rəvayət də yaranmışdı: demişdilər ki, “atom bombası çıxıb”, dedilər “Ağdam bazarında yoxdursa, yalan söhbətdir”. Yəni bu bazarda hər şey mütləq olurdu. Bazarın böyründə bir dənə böyük ticarət pasajı yaranmışdı, uzunluğu 210 metir idi, eni 16 metr. Bu, böyük ticarət mərkəzi idi. Ağdam şəhəri başlayırdı 50 nömrəli Texniki Peşə Məktəbindən, qurtarırdı, Əhmədavar kəndində. Təsəvvür edin, iki tərəfli yol idi, ortasında da geniş park. Ağdama gələnlər çox heyrətə gəlirdilər ki, bu cür layihə ilə işlənmiş, mərkəzləşdirilmiş bir rayon var. Məşhur Çay Evi Ağdamın simvoluna çevrilmişdi. Və yaxud da Ağdam Dram Teatrını götürək, kənd teatrları arasında ora ilk Dövlət Dram Teatrı adı verilmişdi. Ona kimi nə qədər müəssisələr var idi. Bazarın sağ tərəfində bir dəmirçixana var idi ki, orda təxminən 100 nəfər dəmirçi işləyirdi. Təsəvvür edin, yüz dəmirçi çəkici eyni vaxtda zindana vuranda necə bir səs alınar. Əlbəttə ki, çox maraqlı idi.  O vaxt raykomun - indiki İcra hakimiyyətinin üçmərtəbəli binası var idi. Orda bütün ictimai təşkilatlar var idi. Bayaq qeyd etdiyim kimi, Ağdam şəhəri artıq sənaye şəhərinə çevrilmişdi. Artıq Ağdamı bir kənd rayonu kimi yox, inkişaf etmiş sənaye şəhəri kimi də adlandırırdılar. Bu da məni çox sevindirir və bu da bir inkişaf idi.

Belə səfərlərin birində “İmarət Staduonu”nda böyük tədbirimiz oldu. “İmarət” Pənahəli xanın sarayı olub. Orda Pənahəli xanın özünün, İbrahimxəlil xanın oğlu və nəvəsi Mehtiquluxanın məqbərələri olub. O vaxt 1980-ci il may ayının 2-də Natəvan qızlar bayramı və Xarı bülbül ümumdünya festivalı keçirilirdi. Təsəvvür edirsiz, 89-90-cı ildə Xarı Bülbül Festivalına Amerikadan, Türkiyədən, Meksikadan, Orta Asiya respublikalarından iştirakçılar gəlirdi. O Festivalı Abdulla Qurbani hazırlayırdı. Bir tribunada 1000 nəfər eyni vaxtda xor oxuyurdu. 1500 nəfərə qədər stadionda oynayırdı. O festival çox gözəl olurdu. O günlərin xatirələri hələ də “Youtube”da var.

 

- Zülfü müəllim, kadrlardan, paylaşımlardan da görünür ki, bizim media nümayəndələri və digər səfər iştirakçıları Ağdamda yalnız Milli Qəhrəman Allahverdi Bağırovun qəbri yanında xatirə şəkli çəkdiriblər. Niyə təkcə Allahverdi Bağırovun qəbri, başqa şəhidlərimizin qəbri yoxdur orda?

 

- Torpağımızın bu vəziyyəti adama çox pis təsir edir. Kim ağdamlıdırsa, bu hissləri mənim kimi yaşayır. Bu hissləri hər kəs yaşayır.

Təkcə Ağdamda iki şəhidlər xiyabanı var idi. Birinci Şəhidlər Xiyabanında bütün qəbirləri yerlə-yeksan ediblər, qəbirlərin hamısını qazıb çıxardıblar. Orda Allahverdi Bağırovun qəbrinin yerini müəyyən edib, onu bir qədər bərpa edə biliblər. 

İkinci Şəhidlər Xiyabanının isə yeri tamamilə bilinmir. Təmiz yox eləyiblər.

 

- Necə olub ki, Allahverdi Bağırovun qəbrinin yeri saxlanılıb?

 

- O vaxt Allahverdi Bağırovun ermənilərdə bir Vitalik adında erməni ilə əlaqələri olub. Meyitləri, əsirləri, girovları dəyişdirirdilər. Onlar Qarabağ futbol komandasına bir yerdə oynamışdılar. Allahverdi Bağırov Vitaliklə bu əlaqələrdən istifadə edərək, o vaxt Xocalda 1500-ə qədər əsir, girov və meyitləri dəyişdirə bilmişdi. O vaxt ermənilər Allahverdi Bağırovun qəbrini saxlamışdı. Sonra dağıtdılar. İndi qəbrin yerində qırıq daşları qalıb. O daşlara görə də müəyyənləşdiriblər ki, orda Allahverdi Bağrovun qəbri var.

Bir həftə qabaq mən Real.tv, AzTv və iki nəfər tədqiqatçı ilə ora baxmağa getmişdik. Xocalılardan da bir-iki ailənin üzvü bizimlə getdilər. Məsələn, xocalılar deyirdilər ki, biz əmimizi 7-cı sırada basdırmışdıq, amma o qəbirlərin yeri bilinmir. Təsadüfi yer göstərirlər ki, hə, burda ola bilər. Bircə Allehverdi Bağırovun qəbrinin qırıq daşları qalmışdı. Onunla bildik ki, onun qəbridir. Amma heç bir qəbir qalmayıb, dağıdılıb, tanınmır.

 

“Qiymətləndirmə üçün bu saat da işlər gedir, tədqiqat aparılır”

 

- Zülfü müəllim, Ağdamda invertarlaşma işləri necə aparılır?

 

- Prezidentin tapşırığı var. Prezident Aparatından, müxtəlif təşkilatlardan və AzTv-dən Ağdama qrup gəlmişdi. Bu təşkilatlarla mən işlədim. Kəndlərə isə ayrı qruplar göndərilib. Onlara şəhərdəki obyektlərin, küçələrin, məktəblərin texnikomların hamsının yerini dedim. Onlara 190 obyekt çəkdirdim. 4 gün bir yerdə işləyib, hamısını çəkdirdik. Qiymətləndirmə üçün bu saat da işlər gedir, tədqiqat aparılır və bunun əsasında da dəyən ziyan mütləq hesabanacaq.

 

- Ağdamın əvvəlki planı varmı və bərpa işlərinin onun əsasında aparılması nəzərdə tutulur, yoxsa köhnə plan əsasında qurulacaq?

 

- Bəli, Ağdam üçün yeni baş plan hazırlanır. Ağdamın əvvəlki vəziyyətinin saxlanması ilə bağlı dəqiq məlumatım yoxdur. Amma söhbt var ki, əsas görkəmi, simvollar saxlanacq. Çünki şəhərin salınması üçün hamısı təzədən qurulmalıdır. Şəhər müasir plan əsasında müasir qaydada olacaq. Ağdam ərazisinin təxminən 30 faizə qədəri bizdə idi, orda işlər gedir. Orda 95 min əhali yaşayır, burda gündəlik işlər gedir. Amma işğaldan azad olunan yerlərdə hansı işlərin görüləcəyi hələ ki, bilinmir.

 

- Ərazilərin minalardan təmizlənməsi ilə bağlı nə məlumatınız var?

 

- Ağdama gedəndə media nümayəndələrinə minatəmizləmə prosesini göstərdilər. Həmin vaxt minalar partladıldı. Yəni ANAMA işləyir. Ağdamda işləyən qrupların rəhbərləri - Etiram və İdris müəllimin hər ikisi ilə çox yaxşı münasibətlərim var.  Və bu gün siz də bilirsiz ki, minalardan təmizlənmiş ərazilərdə 1700 hektara qədər əraziyə taxıl əkilib.

 

- Zülfü müəllim, belə fikirlər səslənir ki, dağılmış ərazilərdən müəyən guşələri tarix üçün saxlamaq və gələcək nəsillərə ötürmək lazımdır. Buna necə baxırsız?

 

- Mən II Dünya Müharibəsində mühasirədə olan Volqaqıradda olmuşam. Orda “Pavlovun evi” adlı bir abidə var, o evi 7-8 nəfər bir həftə mühasirədə saxlayıb. Bu günə qədər o ev olduğu kimi saxlanır, bərpa olunmur. İnsanlar ora gedir, o illəri xatırlayırlar. Bizim Prezident dedi ki, müəyyən sahələrdə müharibədən qalan o cür eksponatlar saxlanacaq. Amma harda, necə olacaq, hələlik bilinmir.

 

- Hans hissələrin saxlanmasını daha məqbul sayardınız?

 

- Məncə hansı guşəsini saxlasalar, ora abidədir.

 

- Perspektivdə Ağdamı necə görürsüz?

 

- Mən bayaq dedim ki, o torpaqların azad olunacağı günü görəcəyimi düşünürdüm. Amma şükürlər olsun ki, azad olundu. İndi də düşünürəm ki, Prezidentin rəhbərliyi, qətiyyəti ilə çox qısa müddətdə Ağdam və digər rayonlar tam təmizlənəcək. Və gənclərimiz gedib o azad olunmuş ərazilədə yaşayacaqlar. Azərbaycanın bütövlüyü, xoşbəxt gələcəyi bərpa olunacaq.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!