“Mətbuatın real durumu Ağdamın indiki günündədir” - MÜSAHİBƏ

13:24 20-03-2021 | icon 64 | KİV
“Mətbuatın real durumu Ağdamın indiki günündədir” - MÜSAHİBƏ

Əvəz Zeynallı: “Azərbaycan mediası daxildə də, xaricdə də güclü olmalıdır”

 

Vətən Müharibəsində əldə olunan qələbəmiz bütün sahələr üzrə bütün fəaliyyət növlərinin yenidən format olunması zərurəti ilə çıxış edir. Proseslər medianın üzərinə xüsusilə böyük məsuliyyət yükü qoyur. Torpağının erməni vəhşiliyinə məruz qoyularaq tamamilə dağıdılması faktını gözü ilə izləyən mediamız,  bu prosesin ədalətli şəkildə dünyaya təqdim olunmasında hansı mühüm rola malik olduğunu bir daha anlamalıdır. Bunun üçün isə ona lazım olan alət əlində olan informasiya resurslarıdır. Amma bu resurslar hansı halda və necə işləyə bilər?

 

Versus.Az xəbər verir ki, müstəqil jurnalist Əvəz Zeynallı müsahibəsində Ağdama edilən son media turdan başlayaraq görünən problemlərə diqqət çəkib.

 

- Əvəz bəy, Ağdama təşkil olunan mediaturu necə dəyərləndirirsiz, təəssüratlarınızı bölüşərdiniz.

 

- Ağdama təşkil olunan mediator vaxtında idi, hələ bir az da gecikmişdi. Medianı idarə edən insanların öz gözləri ilə hadisələri və məkanı görmələri çox önəmli idi.

Mən ümumiyyətlə Qarabağ torpaqlarını görməmişdim. Bu səfər mənə çox təsir elədi, çox sarsıldım. Söz xridarları, illərini mediaya verən peşəkarlar orada idi. Mən orada canlı yayım verirdim, kimə yaxınlaşırdım, görürdüm gözləri dolub və “sözün bitən yeridir, sözüm yoxdur” deyirdi. Bu “sözüm yoxdur” deyən adamlar illərdir Azərbaycan mediasını təsis eliyən, yaradan adamlardı. Ona görə də məncə mediadan, siyasətçilərdən sonra ora bəstəkarların, yazarların, şairlərin, rəssamların və sairin getməsi lazımdır. Çünki Azərbaycan xalqının çox misilsiz tarixidir o. Və erməni millətinin gerçək simasını, sifətini göstərən bir tarixdir.

 

“Bu faktları çıxarıb ortaya qoymağımız yetərli olacaq ki…”

 

- Necə hesab edirsiz, Azərbaycan mediası, ümumilikdə informasiya məkanımız Azərbaycan həqiqətlərini müxtəlif forma və üsullardan istifadə edərək nə dərəcədə yaya bilir, təbliğ edir?

 

- Azərbaycan mediası, ümumilikdə informasiya məkanımız Azərbaycan həqiqətlərini dünyaya yaymaqda yenə çarəsizdir, zəifdir. Müəyyən imkanlar dəyişib. İllər əvvələ nisbətən bəlkə bəzi yeni texnalogiyaların da səbəbi ilə imkanlar dəyişib. Amma inanın ki, biz dünyada real və ciddi işlər görməmişik. Dünyanın Kanadası var, Amerikası, Almaniyası, Fransası var. Biz cəmiyyətlərin içərisinədək girməliyik. Necə ki, ermənilər çox cidd bir şəkildə ailələrə, evlərə, qurumlara girirlər, o cəmiyyətlə üzləşirlər, o cəmiyyətlə iç-içə olurlar və istədiklərini edə bilirlər. Bizim bir çox hallarda özümüzün yığılıb özümüzün dinlədiyimiz xordan başqabir şeylər olmur. Ona görə də biz Azərbaycan mediasının imkanlarını çox genişləndirməliyik, yerlərdə çalışmalıyıq. Mən tez-tez Türkiyədə, İstanbulda səfərlərdə oluram, inanırsınızmı ki, orda ermənilər bizdən güclüdürlər, bizdən qol-budaqlıdırlar, bizdən zəngindirlər. İstanbulun ən möhtəşəm səmtləri onlarındır. Ən möhtəşəm səmtlərində, lap elə adalarında, Taksində, şəhərin ən yaxşı yerlərində kilsələri var, torpaqları var, yaşayışları var. Hələ indiyə qədər Türkiyədən təmizlənib boşala bilməyiblər.

Bax o dərəcədə önəmlidir. Biz yeni informasiyanın dəstəyi ilə ölkənin reallıqlarını dünyaya tanıta bilməliyik. Bunun üçün də geniş, planlı bir iş lazımdır. Azərbaycan mediası daxildə də, xaricdə də güclü olmalıdır. Biz yalnız o zaman çox güclü və əsaslı təbliğatlarla ölkənin reallıqlarını əks etdirə biləcəyik.

 

- Vaxtilə işalda qalan rayonlarımız, kəndlərimiz, eləcə də o kəndlərdə baş verən erməni vəhşilikləri, qətliamları haqqında internet resursslarında lazımi məlumatlar varmı?

 

- Ənənəvi məlumatlar var, tam məlumatlar yoxdur. O sahədə də zəif işləmişik. Baxın, Qarabağla bağlı nə yazırsan, erməninin adına çıxır. O sahədə də ayrı-ayrı, bütün bölgələrdə hər kəndin hər məhəlləsinin evinə qədər vətəndaş təşəbbüskarlığını, vətəndaş jurnalistikasını inkişaf elətdirmək lazımdır. Bax indi biz hal-hazırda Qarabağda torpaqlarımızı işğaldan azad eləmişik, bir azdan oraları tikib yenidən quracağıq. Amma oralarda bəzi yerlər açıq hava altında muzey kimi fəaliyyət göstərməlidir. Şəhərin bəzi önəmli yerlərindəki dağıntılar eləcə saxlanılmalıdır. Amma eyni zamanda dünyanın hər yerinə informasiya resursları tərəfindən, saytlar tərəfindən bu sahədə ayrıca, məxsusi işlənməlidir. Addım-addım, küçə-küçə, ev-ev biz bu məsələləri işləyib resurslara yükləməliyik və dünyanı burda heyrətə gətirməliyik. Harda hörmətli erməni var, harda erməni camiyəsi var, harda erməni cəmiyyəti var, bizim sadəcə bu faktları çıxarıb ortaya qoymağımız yetərli olacaq ki, onların necə amansız və zalım bir millət olduğu ortaya qoyulsun. Çox təəssüf ki, bu günlərdə lazımi və istənilən səviyyədə resurs yoxdur, məlumat yoxdur. Amma məncə bunu da dövlətdə işğaldan azad olunmuş ayrıca bir fəaliyyət proqramı kimi tərtib eləmk lazımdır. Bu sahədə də xüsusi həvəslə işləmək lazımdır.

 

“Qəzetlər əvvəlki şöhrətinə qayıtmalıdır”

 

- Mətbuatda real durum nədir və hansı islahatlara ehtiyac var?

 

- Mətbuatın real durumu indi Ağdamın günündədir. Yəni Ağdam nə gündədirsə, necə xarabalıqdırsa, mətbuatda da o xarabalıq var. Real durum çox acınacaqlıdır, başdan silinib yenidən dəyişilməlidir. Qəzetlər əvvəlki şöhrətinə qayıtmalıdır, yazılı media öz axarına düşməlidir, medianın satış bazarı düzəldilmlidir. Kimsəyə elə gəlməsin ki, yazılı mətbuat, peçat mətbuat, çap mətbuat arxa plandadır, artıq internet resursları öndədir. Elə deyil. Dünyada yazılı mətbuat da öz yerindədir, internetin də öz yeri var. Eyni zamanda onlayn televiziyalardı, internet televiziyalardır, sosial şəbəkələrdir, qəzetlərin siyasətidir, qəzetlərin çapıdır, Mətbuat Şurasının tamamilə silinib başdan yenilənməsidir, Media İnkişaf Agentliyinin mətbuatın problemlərini anlaması və qavramasıdır, reket jurnalistikasının tamamilə normal və sivil atılacaq addımlarla ortadan qaldırılmasıdır. Azərbaycanda yeni peşəkar və əsasən tənqidi media inkişaf elətdirilməlidir. Çox işlərimiz var. Allah o mənada hamımıza səbr versin.

 

- Əvəz bəy, medianın reklamsızlıq, bazar siyasətinin olmaması, müstəqil fəaliyyət göstərməsi, ictimai fikrin formalaşması və nəzarət funksiyasının yüksəldilməsi üçün daha çox nəyə ehtiyacı var. Qanuna, yoxsa öz mahiyyətini düzgün anlaya bilməsinə?

 

- Medianın inkişaf eləməsində, yüksəlməsində, ictimai fikrin formalaşmasında – hamısında çox yaxşı qanun tərtib eləmək olar, amma qanunların olması əsas deyil. Bizdə çox gözəl qanunlar var ki, işləmir. Yeni media təfəkkürü formalaşmalıdır və insanlar qanunu normal tətbiq eləməlidirlər, insani münasibətlər düzəlməlidir. Redaktorlar arasında, mediada olan o çəkişmələr ortadan qaldırılmalıdır, həmrəylik yaradılmalıdır. Təbii ki, bu da dövlətin dəstəyi ilə baş tutan bir şey deyil. Dövlət heç bir zaman güclü mətbuatın olmasını istəməz. Media bazarı stabilləşdirilməlidir, mediada ictimai maraq ön maraqlara keçməlidir, reklamın yolu açılmalıdır, hər kəs öz reklamını alıb işini görməlidir. Yoxsa hansı qanunu qəbul eləsək də onun başına bir Vüqar Səfərli qoyun, bir Əflatun Amaşov qoyun, deməli o qanun işləməyəcək. Amma istənilən bir pis qanunun belə başına gətirib ədalətli bir insan qoyun, o mütləq ədalətli şəkildə işləyəcək. Çünki insanların dilini anlamaq lazımdır. Bir-birimizin dilini başa düşməliyik və bu ölkənin, millətin ciddi problemlərini həll eləməliyik. Ona görə də ictimai fikrin formalaşması üçün yalnız azad, tənqidi, müstəqil media olması lazımdır. Bunun başqa bir yolu yoxdur. Hökuməti dəstəkləyən və hökumətin bütün icraatlarına ləbbeyk deyən bir mediadan ictimai rəy təsiri gözləmək olmaz.

 

“Bugünkü Mətbuat Şurasının yeri zibillikdə və qara siyahıdadır”

 

- Mətbuat Şurası medianın işinə nəzarəti necə həyata keçirə bilir?

 

- Mətbuat Şurası çox təəssüf ki, yarandığı gündən ölü doğuldu. Medianın işinə nəinki nəzarəti həyata keçirdi, median bir-birinə düşmən etdi, median dövlətlə düşmən etdi, cəmiyyəti mediayla düşmən etdi. Öz koorporativ və şəxsi maraqları naminə Azərbaycan mediası adına müsbət nə varsa ortadan qaldırdı. Ona görə də Mətbuat Şurası KİVDF kimi, təbii ki, guya bu özünü tənzimləmə qurumudur, amma özünü tənzimləmə qurumu olmadı Mətbuat Şurası, onun-bunun işinə qarışdı, üzv olmayan qəzetlər haqqında qərarlar verdi, onları öz qərarları lehinə zorladı və hakimiyyətin maraqlarını ifadə eləməkdən başqa heç bir işə yaramadı. Düşünürəm ki, Mətbuat Şurası Qurultayını keçirməlidir, tam dəyişməlidir, adı dəyişməlidir, idarə heyətinin üzvləri tamamilə dəyişməlidir, sədr istefa verib çəkilərək nəvələri ilə oynamağa getməlidir ki, media bir azad nəfəs alsın. Mətbuat Şurasına qarşılıqlı inamın hakim olduğu bir özünü tənzimləmə qrupuna çevirmək olar və mümkündür. Bugünkü Mətbuat Şurası media prinsiplərinə xəyanət eliyib, media üzərində ciddi basqı qurub, müstəqil qələmlərin sındırılmasına və dəfn olunmasına xitmət eliyib. Media tarixində bugünkü Mətbuat Şurasının yeri zibillikdə və qara siyahıdadır.

 

- “Bu gün bizdə sanki Mətbuata sahiblənmək istəyənlər var”, fikri nə dərəcədə düzgün yanaşmadır və media nə dərəcədə öz axarı ilə inkişaf edə bilir?

 

- Müəyyən islahatlar aparılsa heç kim müstəqil mediaya sahiblənmək iddiasına düşə bilməz. Bu gün elə təşəbbüslər var. Müəyyən dərəcədə məxsusən onlayn internet televiziyalarının inkişafı ilə bağlı müəyyən bir hərəkətlənmələr var. Müəyyən momopoliya yaratmaq cəhdləri ola bilər, sahiblənmək istəyi ola bilər, amma qanunlar stabilləşincə və media müstəqil və azad nəfəs aldıqca, heç kim mediaya sahiblənə bilməz. Zatən müstəqil və tənqidçi media ona görə lazımdır. Media öz axarı ilə normal inkişaf eləməlidir. Bunun üçün də medianın imkanları, iqtisadi əsasları qorunmalıdır.

 

“Biz bu ölkənin mediasını yenidən təsis eləməliyik”

 

- Medianın İnkişafı Agentliyi yaranandan belə bir fikirlər səslənir ki, jurnalist vəsiqələri bundan sonra qalaqrammalı olacaq. Yəni qalaqramasız vəsiqələr qəbul edilməyəcək. Buna fikriniz nədir?

 

- Vahid media kart vəziqələrinin verilməsi ilə bağlı mətbuatda xəbərlər gedib. Amma buna o dərəcədə inanmaq istəmirəm. Bir qanun tətbiq olunsun və qanunun layihəsi mətbuata təqdim olunsun, bu barədə fikirlərimizi bildirəcəyik. Qanun jurnalistlərin lehinə və jurnalistlərə, mediaya dəstək mənasında qəbul olunmalıdır. Qanun məhdudlaşdırıcı olacaqsa, jurnalistlərin qarşısına çətin tələblər qoyacaqsa və reallıqla bir-birinə ziddiyyət təşkil edəcəksə, o qanun işləmiyəcək. Qanun yalnız jurnalistikanın lehinə olduqca işlək olacaq. İndi jurnalistlərə vahid vəsiqəsinin verilməsi planı necədir, detalları bilmədən bu barədə fikir söyləmək çətindir. Amma hər şey jurnalistlərin lehinə işləməlidir. Və sovet dövrünün son, müstəqilliyimizin ilk illərində və demokratik ölkələrdə də olduğu kimi, media, jurnalistlər çox ciddi imtiyazlardan da istifadə etməlidir. Təbii ki, bunun da detalları müəyyənləşdirilməlidir.

 

- Mətbuat olaraq öz işinizdən razısız və niyə?

 

- Təbii ki, mətbuat olaraq öz işlərimizdən razı deyilik. Çünki heç bir hədəfimizə çatmamışıq. Biz indiyə qədər yalnız zülüm-zillət, təzyiq, məhkəmə, həbs görmüşük. Mətbuat təbii ki, inkişaf eləməlidir. İşimizdən razı deyilik. İşimizdən razı olmağımız da mümkün deyil. Biz hələ neyləmişik ki, işimizdən də razı olaq. Biz bu ölkənin mediasını yenidən təsis eləməliyik, dünya standartlarında mətbu qurumlar qurmalıyıq və işçilər çox gözəl şəraitdə işləməli, yaşamalı, ev almalıdır.

 

- Təklifləriniz nədir?

 

- Elə müsahibə boyu suallara verdiyim cavablarda təkliflərimi təxminən verdim. Əlavə olaraq deyim ki, Mətbuat Şurası ya ləğv olmalıdır, ya da tam özünü tənzimləmə qurumuna çevirməlidir. Yəni indiki statusda yox. İndi Mətbuat Şurasında böyük reketlər oturub. MTRŞ da da böyük reketlər oturmuşdu. Və əsas reketlər də onların özləri idi. Amma o balaca media dilənçiləri ilə də reket adıyla “mübarizə” aparırdılar. Bu anlayış məncə tamamilə ortadan qaldırılmalıdır.  /"Həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

"Fransalı depudatlar "Laçın" dəhlizindən icazəsiz keçəcəklərsə..."

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları