“Göyçədən türk dünyasına” - VİDEOKONFRANS

19:31 29-03-2021 | icon 38 | Mədəniyyət
“Göyçədən türk dünyasına” - VİDEOKONFRANS

Martın 29-da Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin (1821-1926) 200 illik yubileyinə həsr olunmuş “Göyçədən türk dünyasına” mövzusunda videokonfrans keçirildi.

 

Versus.Az xəbər verir ki, videokonfrans Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, TÜRKSOY, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Azərbaycan Qaçqınlar Cəmiyyəti, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə gerçəkləşdi.

 

Konfransı giriş sözü ilə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva açaraq tədbir iştirakçılarını salamladı. Bildirdi ki, konfransın “Göyçədən türk dünyasına” adlandırılması təsadüfi deyil. Aşıq Ələsgər Göyçədə doğulmuş, ustad dərsi almış, sağlığında böyük nüfuz qazanmış qüdrətli sənətkardır:

 

"Sizləri Azərbaycanın qüdrətli söz ustadı, Azərbaycan aşıq sənətinin klassiki Aşıq Ələsgərin 200 illik yubileyi münasibəti ilə “Göyçədən Türk dünyasına” adlı virtual konfransda xoş gördük!
İndi iş elə gətirib, hələlik nə biləvasitə konfranslarda canlı görüşə bilmirik, nə də Göyçədə yığışa bilmirik; ancaq Aşıq Ələsgər yaradıcılığı qala bürcü kimi türk dünyasının yaxın coğrafiyasının hər yerindən, XIX, XX yüzilliklərdən boy verib görsəndiyi kimi, gələcəyin Göyçəli günlərinin ümid və inamını da özündə barındırır. Biz ümidsiz, inamsız deyilik.
 
 
Çox şadıq ki ustadlar ustadının bu ilki yubileyi Qarabağda tarixi zəfərimizin sevinci, qüruru içində keçirilir. Düşmən üzərində tarixi zəfərdən sonrakı ilk təqvim ilimizin yanvar ayında, Şuşanı Mədəniyyət Paytaxtı, 2021-ci ili Nizami İli elan edən cənab Prezident, fevral ayında Aşıq Ələsgərin 200 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi haqqında Sərəncam imzaladı. Bu, ümumi şəkildə mədəniyyətə köklü münasibətin, konkret halda isə epos təfəkkürünə ülvi münasibətin, xalq ruhunun təcallasıdır. Fürsədən istifadə edib, dövlət başçımıza bu önəmli qərarlarına görə, Siz mötəbər konfrans iştirakçılarımızın hüzurunda bir daha minnətdarlığımızı bildiririk.
Konfransımız “Göyçədən Türk Dünyasına” adlanır. Bu da təsadüfi deyil; Aşıq Ələsgərin yaradıcılığının mətn-mündəricəsi, onun insana, insanlığa, cəmiyyətə, həyata, hadisələrə, dünyaya baxışını açıq göstərir və bu ad Göyçədən bütün Türk Dünyasına, sənətə doğmuş Günəşin haqqıdır.
 
 
Çox şadam ki, Aşıq Ələsgərin yubileyi məhz ortaq türk qurumlarının mövcudluğu və onların iştirakı ilə gerçəkləşir. Bu faktın özünün də virtual konfransımızın adını, yönünü doğrultduğuna, Aşıq Ələsgərin ruhunu şad etdiyinə inanıram.
 
 
Aşıq Ələsgər ustaddan dərs almış, özü sağlığında əfsanələşmiş, ustadlaşmış sənətkar olub.
 
Aşıq Ələsgərin anılması hər yeni gələn nəsillərin, türk dünyası aşıqlarının, mədəniyyət-incəsənət xadimlərinin, aydınlarımızın bir vəfa borcu, könül işidir.
 
 
Aşıq Ələsgər milli, dini mənlik şüurunun tərənnümçüsü, təbliğçisi və yaradıcılarından, onu zənginləşdirənlərdən biri olmaqla yanaşı, insandakı insanlığı oyadan, onu görməyə dəvət edən, insan ölsə də insanlığın ölməməsi gərəkliliyini, comərdliyi, xeyirxahlığı, səxavəti ifadə edən ustad olub.
 
 
Aşıq Ələsgərin həyatı, yaradıcılığı yalnız sənətkarlıq baxımından deyil, ifadə etdiyi bir çox başqa mənalar baxımından da güncəldir, vacibdir... İlk növbədə ona görə ki Göyçə bugün siyasi-hüquqi sərhədlərimiz içində olmasa da, mədəniyət coğrafiyamıza aiddir və bizim oradakı abidələrimiz, mədəni irsimiz ya dağıdılıb ya dağılmaq üzrədir. Dünya Aşıq Ələsgərin qəbrinin nə üçün dağıdıldığına, Göyçə də daxil olmaqla, bütün Ermənistan ərazisindəki Azərbaycan, Türk-İslam mədəni irsinin nə üçün dağıdıldığını Ermənistan hökumətindən soruşmalıdır. Soruşmalıdır ki, o coğrafiyada yüzillər boyu yaradılmış mədəniyyət nə üçün tar-mar edilib?
 
 
Biz ermənilərin necə vandal olduğunun çox acı nəticələrini Qarabağı azad etdikdən sonra çox aydın şəkildə gördük. Buyursun, UNESCO, digər qurum-quruluşlar indi Ermənistan adlandırılan tarixi Azərbaycan torpaqlarında Azərbaycan mədəni irsinin, qəbristanlıqların bugünkü durumunu araşdırsın.
Sənətşünaslar, kulturoloqlar, tarixçilər gözəl bilir ki Aşıq Ələsgər kimi böyük sənətkarın – mədəniyyət hadisəsinin yetişməsi üçün ondan öncələrə aid oturuşmuş mühit olmalıydı. 200 il öncə Göyçədə necə bir ənənə olmalıydı, necə uzun tarixə dayalı mədəniyyət mühiti formalaşmalıydı ki Aşıq Ələsgər faktı yarana bilsin. – Bax, bu mühüm məqama bugün məruzəçilərimizin, il içində digər akademik araşdımaçılarımızın, gələcəkdə bütün uyğunprofilli tədqiqatçılarımızın diqqət-qayğı göstərməsini arzu və təmənna edir, bu istiqamətdə fəaliyyətə inamımı ifadə edirəm.
 
 
Dünyanın hər yerində yaşayan soydaşlarımızı, Türk Diaspor təşkilatlarını Aşıq Ələsgər irsinin və onun məzarı da daxil olmaqla Göyçədə, ümumilikdə indi Ermənistan adlanan tarixi Azərbaycan torpaqlarında ermənilərin qəbristanlıqlarımıza, tarixi - mədəni abidələrimizə qarşı törətdiyi vandalizm aktlarını bütün dünyada geniş duyurmağa çağırırıq və inanırıq ki, onlar bu işdə fəallıqlaırnı daha da artıracaqlar.
Konfransımızın işinə uğurlar diləyir, hər bir məruzəçimizə bəri başdan təşəkkür edirəm!"

 

Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgər yaradıcılığının bütün türk dünyası üçün önəmli rol oynadığını vurğuladı. Qeyd etdi ki, Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə bədii-estetik meyarlarla yeni məzmun qazandırıb:

 

"Prezident İlham Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd olunması ilə bağlı 18 fevral 2021-ci il tarixində sərəncam imzalayıb. Sərəncama əsasən, ustad sənətkarın yubileyi geniş şəkildə qeyd olunacaq. Hazırda Mədəniyyət Nazirliyi tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər planı hazırlanır. Aşıq Ələsgər yaradıcılığının daim dövlətimizin daim diqqət mərkəzində olduğunu bildirən nazir dedi ki, hələ sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə böyük söz ustadının 150 illik yubileyi respublikamızda və onun hüdudlarından kənarda təntənəli şəkildə qeyd olunub. Tarixi Azərbaycan torpağı olan Göyçə mahalında Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb, Azərbaycan Elmlər Akademiyası tərəfindən əsərləri iki cilddə nəşr olunub. Müstəqillik illərində də Aşıq Ələsgərə, bütövlükdə bu ulu sənətə ölkəmizdə diqqət və qayğı olub. 2009-cu ildə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə aşıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Aşıq Ələsgərin yaradıcılığı dini inanclarımıza sayğı, Vətənə və onun təbiətinə vurğunluq, cəhalətə, sosial ədalətsizliyə qarşı etiraz, məhəbbətə, dostluğa, sədaqətə, halal zəhmətə, düzlüyə çağırışdan ibarətdir. Öz zəngin və mənalı yaradıcılığı ilə ustad aşıq bu gün də bizimlədir”.

 

Nazir çıxışının sonunda tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirdi, konfransın işinə uğurlar arzuladı.

 

Sonra videokonfrans Bakıdakı Atatürk Mərkəzinin şöbə müdiri, şair Əkbər Qoşalının moderatorluğu ilə davam etdi.

 

Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxışında Aşıq Ələsgərin sözü və sazının Göyçə mahalından başlayaraq türk dünyası xalqlarının genetik yaddaşına həkk olunduğunu vurğuladı.

 

Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Aşıq Ələsgəri türk dünyasında aşıq ədəbiyyatını zirvələrə qaldırmış qüdrətli ustad kimi xarakterizə etdi:

“Aşıq Ələsgər aşıq ədəbiyyatının nizamnaməsini yaratmış ölməz sənətkardır”.

 

Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Aşıq Ələsgəri bu ulu sənətin ən yüksək zirvəsi adlandırdı. Bildirdi ki, onun irsi aşıq yaradıcılığının bütün janrlarına böyük təsir göstərib.

 

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov dedi ki, il ərzində Aşıq Ələsgərin 200 illiyi ilə bağlı da təşkilat tərəfindən müxtəlif layihələr həyata keçiriləcək.

 

Konfransda çıxış edən Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Dədə Ələsgər Ocağı” İctimai Birliyi Təşkilat komitəsinin sədri Xətai Ələsgərli, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri, millət vəkili Əziz Ələkbərli, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İB-nin sədri Arzu Bağırova, Azərbaycan Dövlət Pedaqoji Universiteti Quba filialının direktoru Yusif Alı Afşar və yazıçı, tərcüməçi İmdat Avşar qüdrətli söz ustadının aşıq yaradıcılığının inkişafındakı xidmətlərindən söz açdılar.

 

Daha sonra məruzələr dinlənildi. Aşıq Bəhmən Göyçəli Dədə Ələsgərin “Yaylaq”, Aşıq Samirə isə “Gözələ” şeirləri üstündə saz havalarını ifa etdilər.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Uşaqpulu mütləq verilməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!