“1 apreldə doğum günümü ilk dəfə qeyd edəcəm"

20:37 01-04-2021 | icon 69 | Cəmiyyət
“1 apreldə doğum günümü ilk dəfə qeyd edəcəm"

Aqil Abbas: "Nə Məhəmməd peyğəmbərin nəslindənəm, nə də Eynşteynin, kiməm ki mən, hələ doğum günüm də ola"

 

44 günlük Vətən müharibəsi Azərbaycanın ömrünə qızıl hərflərlə zəfər tarixi yazdı. Torpaqları azad olunan insanlarımız uzun illər çəkdiyi ağrı-acı, həsrətdən sonra Vətənlə birlikdə yenidən doğuldu, 30 il ona unutdurulan doğum günlərini yada saldı, Vətənlə birlikdə yaşadı azadlığını... Bu günlər özünün 68-ci doğum gününü işğaldan azad olunan vətənində - Ağdamda keçirməyi arzu edən yazıçı, millət vəkili Aqil Abbas kimi...

 

Versus.Az xəbər verir ki, doğum günü ərəfəsində müsahibə verən Aqil Abbas maraqlı məsələlərə diqqət çəkib.

 

- Ömrünün 30 ilini torpaqlarımızın işğal tarixi ilə yaşayan, Ağdamsız qəlbi “dolu” ilə dolan yazıçı, millət vəkili Aqil Abbas yeni yaşını hansı ruhla, hansı hisslərlə qarşılayır?

 

- Mən heç vaxt Ağdamsız yaşamamışam və heç vaxt doğum günü keçirmirəm. Bəlkə bu gün kimsə “ad günü” deyib təbrikə gələ bilər, amma pandemiyadır, yəqin ki, heç kəs gəlməyəcək. Evdə otururuq, həmin gün nə bişirsə, onu da yeyirik. Ümumiyyətlə, doğum günü keçirməyi xoşlamıram. Mənim bir sözüm var: bunu povestimdə də yazmışam. Deyirəm ki, nə Məhəmməd peyğəmbərin nəslindənəm, nə də Eynşteynin. Kiməm ki mən, hələ doğum günüm də ola. Sözüm onda deyil. 1 apreldə doğulmuşam, təsadüfdür də, Allahın qismətidir. Başa düşmürəm mənim 68 yaşım var, siz niyə 30 ili deyirsiniz?

 

- Son 28-30 illik tariximizdə torpaqlarımızın işğalda qaldığı müddətdə yaşadığınız həyatı, Ağdamsız, o şəhərdən uzaqda  qaldığınız illərin ömrünüzə yazdığı yazı, torpaqları işğaldan azad edilən bir ədibin, bir ağdamlının yeni doğum gününün ona hansı yeni bir hissi yaşatmasından danışıram...

 

-  Mən həmişə Ağdamla yaşamışam. Ayda iki dəfə Ağdam torpağında olmuşam.  Ağdamın yox, Ağcabədinin deputatıyam, ora gedəndə çox vaxt qalıram.  Həmişə də çörək yeməyə Ağdama gedirəm. Dostlarımı da yığıram başıma, bir yerdə çörək yeyirik. Aprel döyüşlərində də oradaydım, səhərə qədər yatmadım, adamlarla birlikdə oturdum yeməkxanada. Səhərə qədər də özümüz üçün nəsə bişirib yedik.  Yəni onu demək istəyirəm ki, Ağdamsız 1 saat da olmamışam.

 

- Əslində, torpaqları işğal olunan hər bir Azərbaycan insanı - laçınlı, kəlbəcərli, zəngilanlı, şuşalı, ağdmlı və digər azad edilən rayonlarımızdan olanlar bu işğal tarixində ruhən öz yurdu ilə birgə yaşadı, o yerlərə qayıdacağına inandı...

 

- Həmişə inanmışam ki, o yerlərə qayıdacağıq.  Torpaqların azadlığına inanmayan adamlar Ağdamsız, Laçınsız qaldı... Dediyim bir söz var, qəzetdə də bu barədə yazmışam, televiziyada da demişəm ki, əgər kimsə Şuşaya qayıdacağına inanmırsa, getsin 2 metr kəndir alıb özünü assın, vəssalam. Buna inanmasaydım özümü asardım. İnsan inamsız yaşasa, o adam deyil.

 

- Bir qrup nümayəndə heyəti ilə Ağdama etdiyiniz son səfər sizdə hansı təəssüratları yaratmışdı? Ağdamı hər dəfə belə xaraba görmək sizin üçün nə deməkdir?

 

- Bu səfərdən qabaq, Ağdam azad olunandan sonra evimizə getmişəm. Demişdim ki, Ağdam azad olunan kimi birinci İmarətə, sonra Qarahacıya, oradan da evimizə gedəcəyəm. Elə ilk səfərim də İmarətə oldu. Sonra məscidə, oradan evimizə, həyətimizə getdim, Ağdamın küçələrini fırlandım, gəzdim. Sonra Qarahacı qəbiristanlığına tərəf getdim. Gördüm ki, qəbiristanlıq yoxdur, şumlayıb, yerində taxıl əkiblər. Beləcə, Ağdamı bir gün fırlandım. Oranı səliqiyə salan adamlar -  polislər, hərbçilər, ANAMA-nın əməkdaşları, iş görən adamlar  məscidin yanında mənim üçün çay da hazırladılar, içdim...

 “İmarət”də olanda bir də gördüm ki, xaricilərdən ibarət nümayəndələr gəldilər. Hikmət Hacıyev onlarla idi. Mənə dedi ki, buraları daha yaxşı bilirsən, sən məlumat ver. Danışdım, onlara ingilis dilində tərcümə elədilər.

İknci dəfə Ağdama xüsusi nümayəndə heyəti ilə getdik. Orada gəzəndə dostumun oğlu həyətlərndən bir sapılca tapdı. Vaxtilə nənəsi yumurta bişirirmiş o sapılcada. Getdim öz həyətimizə, məktəbimizə, firlandım gəldim. Sonra birgə səfərdə olduğum heyətdən ayrıldım. Rəsmi hökumət nümayəndəsi ilə danışdım ki, Bakıya qayıtmayacağam, Ağcabədiyə gedib orada bayramqabağı şəhid ailələri ilə görüşəcəyəm. Beləcə,  nümayəndə heyəti Bakıya qayıtdı, mən də təzədən Ağdamın küçələrində firlanıb öz maşınımla qayıtdım kəndimizə. Sonra gedib Ağdamın Əsədli kəndində dostlarımla çörək yedim.

 

- Ağdamın xarabalıqlarını görəndə hansı hissləri yaşadınız?

 

- Oraların dağıldığını bilirdim. Birinci dəfə görəndə pis təsir etdi. Ağdamın xarabalıqlarını şəkillərdə, videolarda dəfələrlə görmüşdüm. Ora səfər edəndə təzə bir şey görmədim ki, mənə təəccüblü gəlsin. Bir var qəfil görəsən, bir də var, nə baş verdiyini biləsən. Birinci dəfə Ağdama gedəndə balaca oğluma zəng elədim ki, oğul, girdim Ağdama və bu sözdən sonra telefonu söndürdüm, kövrəldim. Bir də həyətimizə gedəndə, xanımıma zəng elədim ki, həyətimizdəyəm, kövrəlib telefonu söndürdüm.  Daha hönkürüb ağlayım, dizimi yerə qoyub, “Ay dədə heey, ay papa heey, haradasan, ay mama haradasan?” deyib ağlamadım.  Ümumyyətlə, bəlkə orada uşağımla danışmasaydım, kövrəlməyəcəkdim.

 

- O yerlərin indiki halını görəndə hamımız ağladıq, siz də kövrəlib ağlasaydınız, sanki nə olardı ki?

 

- Heç nə. Sadəcə Ağdamda olanda orada oynadım, başladılar ğöz eləməyə ki, oynadı. Mənsum orada çox qəşəng oxudu,  özümdən asılı olmayaraq, çiynmdə palto var idi, atdım torpağın üstünə oynadım. Bir ağdamlı, sonra “Qarabağ” komandası çıxıb mənimlə oynadılar. Lağ elədilər ki, bu oynayır, filan edir. Bu mənim ən xoş günümdür. Bu gün də oynamayıb, nə vaxt oynayacağam ki...

 

- Kim lağ elədi sizə, nə dedilər?

 

- Trol dəstələri var. Onları müəyyən yerlərdən maliyyələşdirirlər ki, hörmətli adamları təhqir eləsinlər. Düzdür, onların bu oyunları mənim üçün heç nədir. Necə deyərlər, it hürər, karvan keçər. Onlar da boş dayanmırlar.

 

- Aqil müəllim, torpaqlarımız azad olunandan sonra insanlar öz doğum günlərini də bir başqa cür qeyd edirlər. Sizin doğum gününə münasibətinizdə nə dəyişdi?

 

- Hə, bu dəfə doğum günümü keçirəcəyəm. Mirşahin də mənə dedi ki, gedək doğum gününü Ağdamda keçirək. Dedim, ona da bir “əmma” qoşacaqlar. Yəqin ki, ayın 1-də evdə yemək bişirəcəklər. İntəhası, bir az əvvəlkindən yaxşı bişirərlər də, ad günümdür.

 

- Ağdamda doğum gününü keçirmək planı nə oldu bəs?

 

- Ağdamda keçirəsi olmadıq. Dedim sonra buna da bir söz qoşarlar.

 

- Axı siz elə sözlərə fikir verən deyilsiniz...

 

- Axır vaxtlar fikir verirəm. Daha qocalmışam, itdən-qurddan özümü qoruyuram.

 

- Aqil müəllim, “Dolu” əsərinin birinci hissəsində qəhrəmanların, kənd camaatının ruhları işğalçının qurduğu sərhədləri aşaraq piyada öz doğma torpaqlarına qayıdırlar. Yəqin ki, o əsərin davamı olacaq...

 

- “Dolu”nun ikinci hissəsi hazırdır. Siz filmə diqqətlə baxsanız görəcəksiniz ki, axırda “filmin sonu” sözü yazılmır. Bu, dünyada yeganə filmdir ki, bitsə də, “Filmin sonu” yazılmır. Bizim Qarabağla bağlı bitirmədiyimiz işlər var idi. Bilirdim ki, o yerlərə gedəcəyik. Elə də getdik. Görürsən, bu, Allahın vəyhi idi. Necə yazmışdısa, Ağdama da elə piyada, döyüşsüz-filansız getdik.

 

- Filmin sonunu necə bitirdiniz?

 

- ...Ssenarinin axırında bayrağı sancan oğlan şəhid olur. O uşaq həmişə anasına deyirdi ki, erməni bayrağını gətirib atacağam sənin ayağının altına. Həmin uşaq şəhid olur. Komandiri o erməni bayrağını gətirib atır şəhidin anasının ayağının altına. Deyir, bu sənin oğlunun vəsiyyəti idi və flim qurtarır...

 

- Siyasi partiyaların, QHT-lərin Ağdama son səfərindən sonra Arif Hacılı bu səfərdə iştirak edənləri qınadı və bunu siyasi oyunun tərkib hissəsi adlandırdı. Buna firkiniz nədir?

 

- Siyasi partiyaların birlikdə Qarabağa səfər etməsi çox yaxşı tədbir idi. Necə ki, müharibədə xalq, ordu, siyasi partiyalar bir yerdə idi, müharibədən sonra da işğaldan azad olunmuş ərazilərə birlikdə səfər etdilər. Burada pis nə var ki? Siyasi partiyalar bir daha sübut elədilər ki, biz xalq olaraq yenə bir yerdəyik. Hələ bundan sonra Qarabağı bərpa etməliyik. Bunun üçün də bir yerdə olmalıyıq. Çox ağıllı bir iş idi, bunu yalnız alqışlamaq olar. Arif Hacılının niyə elə dediyini özündən soruşarsınız.

 

- Bilirik ki, işğaldan azad olunan şəhərlər, kəndlər, torpaqlarımız yenidən bərpa olunmalıdır. Belə bir ərəfədə ölkəmizə qarşı daxildən, xaricdən hansısa əks-təsirlər var?

 

- Bu gün həm daxildən, həm də xaricdən təzyiqlər var.  Azərbaycanda olan “5-ci kolon” deyilən qüvvələr sakit oturmur. O qədər kərtənkələlər var ki. Bu hökumət, bu dövlət o təzyiqlərə cavab verib, bundan sonra da verəcək. Dövlətimiz qüdrətlidir, güclüdür və o dağıdılan əraziləri bərpa edəcək, tikəcək, quracaq. Biz özümüz də tikəcəyik. Elə hər şeyi dövlət eləməli deyil ki.  Ağdamdakı evimi dövlət niyə tikməlidir? Eləcə də dostlarımın, qohumlarımın evlərini. Gedib öz evimi özüm tikəcəyəm. Dövlət getsin məktəbləri tiksin, qazını çəksin, suyunu çəksin, iş yerləri qursun. Dövlət kimin imkanı yoxdursa, ona ev tikməlidir. Daha ucdantutma hamıya ev tikməli deyil ki.

 

- Xankəndidə qalıb-yaşayan ermənilər əvvəlki cəfəng iddialarından əl çəkmirlər. İndi də rus sülhməramlıları ilə “dostlaşıb” guya rus dilini ikinci dövlət dili kimi təsdiqləyiblər. Bu barədə nə düşünürsünüz?

 

- Qarabağda 60 min erməni yaşayır. İstəsələr rusca danışsınlar, istəsələr ingiliscə. Əgər vətəndaşlığımızı qəbul eləməsələr, rədd olub gedəcəklər... /"Həftə İçi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

"Rusiya xofundan birdəfəlik qurtulmalıyıq" - MÜSAHİBƏ

"Uşaqpulu mütləq verilməlidir"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

“Ən kasıb ölkələrdə belə uşaqpulu verilir”

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

Düşünülmüş və planlı şəkildə aparılan siyasətin nəticəsi - ARAŞDIRMA

“Gürcüstan parlamenti Azərbaycanın mövqeyini müdafiə etməyəcək”

Qripin müalicəsi və qorunma yolları

"30 il ərzində kimin kim olduğunu gördük"

“Bunu həyat tərzinizə çevirməyin”

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ

"Bu yaşımda saçım ağarmasaydı, xəcalətimdən cəmiyyət içinə çıxa bilməzdim"

DEPUTAT: Hərbi qənimətlər parkı - yeni and yerimiz!