Jurnalistlər üçün hansı imtiyazlar olsun? - SORĞU

15:08 03-04-2021 | icon 154 | KİV
 Jurnalistlər üçün hansı imtiyazlar olsun? - SORĞU

“İnformasiya düz olanda mətbuata da maraq olacaq”

 

Cəmiyyətin güzgüsü olan MƏTBUATIN daha da şəffaflaşdırılmasına ehtiyac var. Bütün fəaliyyət istiqamətlərini əhatə edən əlaqələndirici, mərkəzçi, vasitəçi və xəbər verən media qurumları bu prosesin daha çevik və ədalətli şəkildə həyata keçirilməsi üçün öz işini daha da stimullaşdırmağı nəzərdə tutur. Mətbuatın sağlam fəaliyyətinin qurulmasının bütövlükdə cəmiyyətin, dövlətin inkişaf təməli olduğunu nəzərə alaraq, medianın qanunla nizamlanması, jurnalistlərə də bir sıra imtiyazların verilməsi mühüm amillərdən hesab olunur.

 

Versus.Az bu və ya digər məsələlərlə bağlı mətbuatın yenilənmə tələbinin nədən ibarət olmasına dair jurnalistlər arasında keçirilən sorğunu təqdim edir:

 

SUAL: Media Haqqında yeni qanunun qəbulundan sonra jurnalistlər hansı imtiyazların olmasını istiyərdi və vahid kartın tətbiqi mətbuata nə verə bilər?

 

 

 

“Növbəti bölgüdə mənzillər jurnalistlərə verilsin, təsadüfi adamlara yox”

 

“Xalq" qəzetinin jurnalisti Əliqismət Bədəlov:

 

"KİV haqqında qanunun qəbul olunması vacibdir. Çünkü bu gün  KİV-də bir özbaşınalıq var. Hər kəs bir sayt açır, bir qəzet təsis edir, istədiyi şəxsi həmin qəzetdə, saytda tənqid əvəzinə təhqir edir. Sonradan təkzib verməyin də heç bir mənası yoxdur. İstərdim ki, KİV haqqında qanununda təhqir yazan saytın və ya qəzetin cəzalandırılması öz əksini tapsın. Əgər bu olmasa, özbaşınalıq davam edəcək. Hazırda vahid kartın üzərində də iş gedir. Vahid kart elə bir əhəmiyyət kəsb etmir. Bir vaxtlar Mətbuat Şurası da vahid kart verdi. Lakin bunun heç bir əhəmiyyəti olmadı. Hər bir mətbu orqanın özünün vəsiqəsi var və bundan istidadə olunur. İstərdim ki, yeni qanunda jurnalistlərin həm də təhsil məsələsi öz əksini tapsın. Bu gün hər yerindən qalxan, təhsili olmayanlar da qəzet təsis edə bilir. Bu da mətbuatda özbaşınalıq yaradır. Bu gün mətbuat kimdənsə qisas alnaq üçün bir vasitəyə çevrilib. Bunun qarşısını almaq üçün qanunda istənilən maddənin olmasını istərdim.

 

İmtiyazlara gəlincə, son vaxtlar Azərbaycanda jurnalistlərin imtiyazlarla təmin olunması geniş vüsət alıb. Amma ayrı-ayrı şəxslər bundan öz şəxsi məqsədləri üçün istifadə etdi, dövlət  başçımızın jurnalistlər üçün dünyada analoqu olmayan imtiyazlar yaratmasından sui-istifadə etdi. Məsələn, jurnalistlər üçün pulsuz binalar tikilib verildi. Amma müxtəlif şəxslər bundan istidadə edərək mənzilləri öz qohumlarına, jurnalist olmayan yaxınlarına, yaxud müxtəlif vasitələrlə kimlərəsə verdilər. Bu çox ciddi narazılıq yaratdı.

 

Eyni zamanda, qəzetlərin dövlət tərəfindən maliyyələşdirilməsi məsələsini qaldırmaq istərdim. Amma digər tərəfdən də o qədər sayt, qəzet var ki, dövlət bunların hansını təmin etsin. İmtiyaz məsələsi çox mürəkkəb məsələdir. Ümid efirəm ki, bu da qanunda öz əksini tapar. Təklif edərdim ki, 3-cü binanın bölünməsində bu ədalətsizliyə son qoyulsun. Belə bir təklifim var ki, birinci, ikinci binalarda illərlə boş qalmış mənzillərin səbəbi aydınlaşsın. Məsələn, 2013-cü ildə tikilib təhvil verilmiş jurnalistlər üçün birinci binada bu günə qədər qapısı açılmayan mənzillər var. Əgər ehtiyacı yox idisə niyə verirdilər? 30-40 il jurnalistikada can qoyanlar bu gün kirayədə yaşayırlar, amma jurnalist olmayanlara həmin mənzillər verilib, qapıları bu gün də bağlı qalıb. İstərdim növbəti bölgüdə mənzillər jurnalistlərə verilsin, təsadüfi adamlara yox.

 

Təklif edərdim ki, mətbuatda pərakəndəliyə son qoyulsun. Adı olub özü olmayan təşkilatlar var - Mətbuat Şurası, Jurnalistlər Birliyi, Jurnalistlərin Həmkarlar İttifaqı təşkilatlarının heç bir rolu yoxdur. Hər bir media təşkilatı yeni yaradılcxaq media qanununun ətrafında birləşməlidir".

 

 

 

 

 

“Məhkəmə, polis sistemi düzəlməyincə, mətbuatı düzəltmək mümkün deyil”

 

APA TV-nin aparıcısı İlqar Əlfioğlu:

 

“Medianın bütün problemləri əslində cəmiyyətdən doğur. Cəmiyyətdə ali təhsil almış insan öz ixtisasına uyğun iş tapa bilməyəndə yeganə vasitə adını yazıb cümlə qura bilirsə, cüzi də olsa maaş almağın yolu jurnalistikadır. Çox təəssüf olsun ki, respublikada son 30 ildə vəziyyət belədir. Ona görə də peşəkarlar jurnalistikadan aralanıblar. İkincisi, jurnalistika ya qaradır, ya ağdır. Amma belə olmalı deyil. Çünki Cəmiyyət nə qara, nə də ağdan ibarət deyil. Məhkəmə, polis sistemi düzəlməyincə, mətbuatı düzəltmək mümkün deyil. Mətbuat ona görə idarəyə tabe olur ki, siz ona pul verirsiz. Pul verməyin mətbuata, görün respublikada mətbuat qalacaq, ya qalmayacaq. Mən spektik münasibət bəsləyirəm. Mətbuatı düzəltmək üçün ona bələd olmaq lazımdır. Sən balıq sənayesində uğurlu olan bir meneceri gətirib mətbuata qoyanda, o, heç nəyi düzəldə bilməz. Çünki o, əvvəl özü mətbuatın donuna girə bilər.

 

Mətbuat üçün tələb olunan yeganə imtiyaz odur ki, rəsmilərə məmurlara informasiyanı gizlətmək, verməmək ixtiyarını onların əlindən almaq lazımdır. Buna görə cinayət məsuliyyəti tətbiq olunsun. İnformasiya düz olanda mətbuata da maraq olacaq. İnformasiya verməyən, mətbuatdan gizlənən məmur yerində işləməsin, başqa yolu yoxdur”.

 

 

 

 

 

 

“Düşünmürəm ki, bizə hansısa imtiyazlar verilməlidir”

 

REAL TV-nin jurnalisti Mahir Məmmədli:

 

“Media haqqında yeni qanunun hazırlanması çox vacibdir. Çünki KIV haqqında qanun köhnəlməkdədir və get-gedə aktuallığını itirir. Azərbaycan mediasında baş verənlər onu deməyə əsas verir ki, vahid kartın tətbiqi, jurnalistlərin vahid reyestrinin yaradılması çox vacibdir. Bu gün istənilən adam özünü jurnalist, media təmsilçisi adlandıra bilir. Hətta müxtəlif sahələrdə uğursuz olan şəxslər belə sonradan özlərini jurnalist adlandırırlar, müxtəlif qara əməlləri ilə Azərbaycan mediasını, jurnalistləri gözdən salırlar. Jurnalist kartı yoxdur deyə dərc olunmayan qəzetlər, yenilənməyən saytlar təsadüfi adamlara vəsiqələr paylayır, müxtəlif rayonlara göndərirlər, buna bir qazanc mənbəyi kimi baxırlar. Təbii ki, bu, həmin rayonlarda gerçək jurnalistlərin nüfuzdan düşməsinə, onlara inamsızlıq yaranmasına səbəb olur. Bunu bölgələrə ezamiyyətlərim zamanı dəfələrlə hiss etmişəm. Jurnalistlər üçün imtiyazlara gəlincə, məncə, Azərbaycanda KİV-lər, onların əməkdaşları hər zaman dövlət dəstəyini hiss edirlər. Düşünmürəm ki, bizə hansısa imtiyazlar verilməlidir. Mən jurnalistlərin ictimai nəqliyyatdan pulsuz istifadə etdiyi illərdə də mediada idim. O vaxt jurnalistlərin gəlirləri çox az idi, bəzən aylarla maaş, qonorar problemi yaşanırdı. Amma indi peşəkar jurnalist nadir hallarda işsiz qalır və ya çox aşağı maaşla işləməyə məcbur olur. Bu baxımdan, jurnalistə imtiyaz yox, işinə hörmətlə yanaşılması, məlumat toplamasına maneə törədilməməsi lazımdır”.

 

 

 

 

 

“Media sahəsində həllini gözləyən kifayət qədər problemlər var”

 

“1 news”-in jurnalisti Babək Cahandarov:

 

“Azərbaycan mətbuatı hazırda durğunluq dövrünü yaşayır. Media sahəsində həllini gözləyən kifayət qədər problemlər var.

 

Misal olaraq bəzi jurnalistlərin peşəkarlığının istənilən səviyyədə olmamasını, əksər media qurumlarında maaşların aşağı olmasını, bəzi jurnalistlərin əmək müqaviləsi olmadan çalışmasını, jurnalistlərin bir sıra dövlət qurumlarından hansısa məlumatı əldə etməkdə çətinliklə üzləməsini və sairi qeyd etmək olar. Bu problemlər həll edilmədən jurnalistlər üçün hansısa imtiyazların nəzərdə tutulmasından danışmaq o qədər də düzgün olmazdı.

 

Sual oluna bilər ki, jurnalistlərə imtiyazlar nə üçün verilməlidir? Başqa peşə sahibləri, məsələn, müəllimlər, həkimlər üçün də belə imtiyazlar verilə bilməzmi? Ancaq jurnalistlər üçün vahid vəsiqənin verilməsini dəstəkləyirəm. Bu həm də təsadüfi adamların mətbuata gəlməsinin qarşısının alınması, eləcə də reket jurnalistika ilə mübarizədə effektli olardı.

 

Ümid edirəm ki, yeni yaradılan Medianın İnkişafı Agentliyi media sahəsində mövcud olan problemlərin həlli üçün ciddi işlər görəcək. Təbii ki, tək baş redaktorlar deyil, sıravi jurnalistlər də bu işdə yaxından iştirak etməlidirlər”.

 

 

 

 

 

 

“Yerli jurnalistlərin xarici KİV-lərdə təcrübə keçməsini arzulayıram”

 

“Yeni Müsavat” qəzetinin jurnalisti Afaq Mirayıq:

 

“Media haqqında yeni qanundan bir çox gözləntilər var. Əslində imtiyazlardan daha çox medianın müstəqillik əldə etməsi, jurnalistlərin informasiyaya əlçatanlığını təmin etmək istiqamətində işlər görülməlidir. Fikrimcə, ölkəmizdə son illərdə tənəzzülə uğramış qəzetçilik inkişaf etdirilməlidir. Bu gün çoxlu sayda sayt, agentlik, portallar açılsa belə, ənənəvi mətbuatın özünəməxsus yeri var. Bu gün tanıdığımız ən peşəkar jurnalistlərin yolu məhz yazılı mətbuatdan keçib. Danılmaz faktdır ki, qəzetçilik bir məktəbdir! Fikrimcə, jurnakistikaya yeni gələnlər ilk olaraq qəzetlərdə çalışmalıdırlar. İkincisi, onlayn mediada yayımlanan xəbərlərin əksəriyyəti bir neçə ildən sonra internet resurslarından silinə bilir. Mətbuat isə yaddaşdır, tarixdir, böyük arxivimizdir. Eyni zamanda, müəllif hüquqlarının qorunmasında da qəzetçilik onlayn medianı üstələyir.

 

Gənclər arasında mütaliə vərdişlərinin yaranmasında da mətbuatdan uğurla istifadə etmək olar. Bunun üçün mətbu orqanlar özləri də müxtəlif layihələr təqdim edə bilərlər. Fikrimcə, bu sahədə bir çox islahatlar aparılmalı, tənzimləmələr həyata keçirilməlidir. Uşaqlar, gənclər üçün yeni formatda mətbu orqanlar yaradıla bilər. Bununla mətbuat milli-mənəvi dəyərlərin qorunmasına yönələn dövlət siyasətinə də müəyyən töhfələr vermiş olar.

 

O ki qaldı, jurnalistlərin dövlətdən müəyyən imtiyazlar almasına, dəfələrlə mediada bu məsələ gündəmə gəlsə də, sonradan həllini tapmayıb. Bu dəfə reallaşacağına ümidliyəm. Düşünürəm ki, ilk olaraq jurnalistlərin peşəkarlığının artırılması istiqamətində müxtəlif layihələr olmalıdır. Jurnalistlərin xarici dil biliklərinin artırılması yönündə də addımlar atılmalıdır. Bunun üçün müxtəlif təlimlər təşkil edilə, əcnəbi müəllimlər dəvət edilə bilər. Yerli jurnalistlərin xarici KİV-lərdə təcrübə keçməsini arzulayıram. İkinci Qarabağ savaşında buna ehtiyacın olduğu nəzərə çarpacaq dərəcədə üzə çıxdı. Eyni zamanda, bir çox xarici ölkələrdə olduğu kimi, bizdə də jurnalistlərin ictimai nəqliyyatdan istifadəsi zamanı müəyyən güzəştlərin əldə etmələrini istərdim”.

 

 

 

 

 

“Onların nə ofisi, nə kollektivi, nə də ünvanları var”

 

“Xalq Cəbhəsi” qəzetinin jurnalisti Cavid Şahverdiyev:

 

“Nəqliyyatdan pulsuz istifadə, komitə və nazirliklərə göndərilən sorğulara operativ cavabların verilməsi, fövqəladə hadisələrin işıqlandırılması üçün jurnalistlərə şəraitin yaradılması, müəllif hüquqlarının tanınması, yeni qanunda internet mediası təmsilçisinin hüququnun tanınması, medianın iqtisadi dayaqlarının möhkəmlənməsi və reketçiliklə mübarizə sərtləşməlidir.

 

Vahid kart reket jurnalistlərin fəaliyyətinə qalxan ola bilər. Vahid kart ciddi media orqan nümayəndəsinə verilməlidir. Mediaya heç aidiyyəti olmayan insanlar çox rahatca domen adını qeydiyyatdan keçirib, özünü media kimi təqdim edə bilir. Halbuki onların nə ofisi, nə kollektivi, nə də ünvanları var. Lakin vicdanla çalışan, əsl jurnalist missiyasını yerinə yetirən təşkilatlar da var ki, o formanı doldura bilmir. Bunlar da nəzərə alınmalıdır.

Vahid kartın tətbiqinin reketçiliyin tam aradan qaldırmasında müəyyən mənada müsbət təsiri ola bilər”.

 

 

 

 

 

“Asılı olmasın, heç bir imtiyaza ehtiyacı qalmasın”

 

Lent.az-ın jurnalisti Ramilə Qurbanlı:

 

“Media haqqında qanunda jurnalistlərin hüquqları ilə bağlı məsələlərin ayrıca bənd olaraq verilməsini istərdim.

 

Heç bir mətbu orqanda - tv-də, saytda, qəzetdə - bir nəfər də olsun jurnalist qeyri-qanuni, əmək müqaviləsi olmadan, ştatsız (ştatdan kənar müəlliflər nəzərdə tutulmur), vergi ödəmədən çalışmasın. Qanunlar kağız üzərindən başqa həm də realda öz əksini tapsın. Jurnalistə muzdlu işçi kimi deyil, yaradıcı insan kimi yanaşılsın. Jurnalist azad düşündüyünü yaza bilsin. Jurnalistin peşə fəaliyyəti üçün bütün qapılar üzünə açıq olsun. Reket jurnalistika ilə mübarizə sürətləndirilsin - reallaşsın. Media rəhbərləri jurnalistlər olsun. Jurnalistikadan bixəbər adamların o fəaliyyətlə məşğul olması, xüsusən baş redaktor olması qadağan edilsin.

 

İmtiyaz məsələsinə gəldikdə, çox istərdim ki, jurnalistin qazancı ailəsini dolandırmağa çatsın. Jurnalist asılı olmasın, heç bir imtiyaza ehtiyacı qalmasın. Bunlar qanunla həllini tapa bilər”.

 

 

 

 

 

 

“Ən böyük problem tədbirlərə jurnalistlərin daxil olması məsələsidir”

 

Real-Tv-nin jurnalisti İsmayıl Yaşaroğlu:

“Bu gün ən böyük problem rəsmi tədbirlərə jurnalistlərin daxil olması məsələsi ilə bağlıdır. Çünki yalnız dəvət olunan xüsusi televiziyalar, saytlar tədbirlərə daxil ola bilir.

 

Əgər sənin adın siyahıda yoxdursa, həmin tədbirə daxil ola bilmirsən. Vahid kart vasitəsi ilə Beynəlxalq, dövlət tədbirlərinə giriş imkanı yaradılsa və beynəlxalq səfərlərdə iştirak üçün akkreditasiyadan keçmək üçün üstünlüklər verilsə, daha yaxşı olar”.

 

 

 

 

 

“Tibbi xidmət sahəsində müəyyən güzəştlərin olmasını istərdim”

 

“Bakı-xəbər” qəzetinin jurnalisti İradə Sarıyeva:

 

“Əslində media haqqında qanunun bütövlükdə təkmilləşdirilməsinə, daha çox medianın qayğı və problemlərinin həllini özündə ifadə etməsinə ehtiyac var. Media elə bir sahədir ki, daim baş verən yeniliklərə cavab verməli, özü də yenilənməlidir. Hazırda medianın yenilikləri sırasında vahid kartın tətbiqi məsələsi dayanır. Vahid kartın tətbiqi jurnalistikada mühüm hadisə olardı. Mediada vahid kartın tətbiqi həm də ağın qaradan seçilməsinə şərait yaradacaq, jurnalistikaya aid olmayan, lakin bu addan sui-istufadə edənlərin qarşısını kəsəcək. Vahid kartın tətbiqi onu göstərir ki, burada müəyyən imtiyazlar da olacaq.

 

Çox arzu edərdim ki, ictimai nəqliyyatdan istifadədə jurnalistlərə güzəştlər edilsin. Tibbi xidmət sahəsində müəyyən güzəştlərin olmasını istərdim. Jurnalistikanın riskli peşə sahəsi olduğunu nəzərə alaraq, ən optimal qərarların qəbul olunmasını arzu edərdim.

 

Qardaş Türkiyədə də jurnalistlərə bir neçə istiqamətdə güzəştlər verilib. Ümid edirəm ki, bizdə də jurnalistlər o imtiyazlardan istifadə edə biləcək”.

 

 

“Jurnalist nazirin mətbuat xidmətinə çıxmaq üçün vasitəçi axtarmamalıdır”

 

“Novaya Vremya” qəzetinin jurnalisti Məzahir Məmmədli:

 

“Media Haqqında Qanunun qəbul olunmasına tələsmək lazım deyil. Məsələ medianın geniş müzakirəsinə verilməli və təkliflər paketi tərtib olunandan sonra qanunvericilik orqanına təqdim olunmalıdır.

 

Azərbaycan mətbuatı rəngarəngdir. Qəzetlərin, saytların, elektron KİV-lərin yaranmasına məhdudiyyət yoxdur. İstənilən şəxs sayt yarada bilir. Yeni qanunda qeydiyyatdan keçən belə təşkilatlar nəzərə alınacaqmı, yoxsa onlar üçün də bir çərçivə olacaq, buna da diqqət yetrilməlidir.

 

Eləcə də, düşünürəm ki, jurnalistlərə evlərin verilməsi, KİVDF-nin olması ilə dövlət media nümayəndələrinə müəyyən qədər imtiyazlar verib. Amma vahid kart sistemi olacaqsa, heç olmasa jurnalistlərin hadisə yerindən canlı məlumatlar verməsinə şərait yaradılmalıdır. İnformasiyanın alınması zamanı məmur özbaşınalığı, mətbutdan yayınması ilə bağlı qanun layihəsinə müddüəlar salınmalıdır. Bu gün jurnalist hətta bir nazirin mətbuat xidmətinə çıxmaq üçün vasitəçilər axtarmamalıdır. Elə edilməlidir ki, jurnalist bir nazirdən məlumat almaq üçün günlərini vasitəçi axtarışına sərf etməsin. Jurnalistin məmurlarla birbaşa əlaqələrinin qurulmasına imkanlar yaradılmalıdır. Priorutet o olmalıdır ki, jurnalist üçün bütün sərhədlər açıq olsun. Jurnalistlərin nəqliyyatdan pulsuz istifadəsi təmin olunmalıdır. Bir sözlə, jurnalist kodeksinə uyğun hallar sənəddə öz əksini tapsın”.

 

 

 

 

 

“Sosial-mədəni obyektlərdən pulsuz istifadə edə bilsin”

 

İctimai Televiziyanın jurnalisti Şöhrət Eyvazov:

 

“Jurnalistika sahəsində həllini gözləyən bir çox məsələlər var. O məsələlərin həlli ilə yanaşı istərdim ki, jurnalistlərə ictimai nəqliyyatdan pulsuz, rayonlararası nəqliyyat vasitələrindən güzəştli istifadə hüququ verilsin.

 

Jurnalistlər muzey, qalareya və başqa sosial-mədəni obyektlərdən pulsuz istifadə edə bilsin. Media və digər qrant müsabiqələrində media kart sahiblərinə üstünlük verililsin. İş stajına görə media kartın 2 qrupa -10 il və daha yuxarı bölünməsi nəzərə alınsın.

 

İcbari tibbi sığorta, sosial evlərin alınması və digər sosial yönümlü layihələrdən istifadə edilməsində güzəşt və üstünlüklərin tətbiqi jurnalistlərin fəaliyətinin inkişafında mühüm rola malik ola bilər.

 

 

 

 

 

"İmtiyazlar yox, hüquqlar deyərdim"

 

Həftə içi” qəzetinin redaktoru Azad Əliyev:

 

“Mən imtiyazlar yox, hüquqlar deyərdim. Jurnalist fəaliyyəti nə qədər maneəsiz olarsa, şəffaflıq da bir o qədər təmin edilər. Media haqqında yeni qanun layihəsinin qəbulunda əsas nəzər yetirilməli amil jurnalistlərin qarşısında peşəkar fəaliyyətlə bağlı problemlər yaradan maneələrin aradan qaldırılmasıdır. Buraya reket jurnalistika, müasir trendlərdən istifadə edərək informasiya ötürən hər kəsin jurnalist adlandırılması, sosial rifah halının yüksəldilməsi, jurnalistlərin iqtisadi müstəqilliyinin təmin edilməsi, sərbəst informasiya əldə edə bilmək imkanları, jurnalistlərə hədə-qorxuya görə cəzaların ağırlaşdırılması, müəyyən sosial və vergi güzəştlərinin tətbiqi və sair aid edərdim.

 

Jurnalistlərin məvaciblərinin o qədər də yüksək olmadığı nəzərə alınaraq mənzil təminatı, ictimai nəqliyyatdan istifadə, banklardan kredit alınmasının asanlaşdırılması, onların peşəkarlığının, dil bilgilərinin artırılmasına dəstəyin göstərilməsi kimi məqamlara da diqqətin ayrılması arzuolunandır”. /“Həftə İçi”/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayevin müavinindən İlqar Məmmədova tərs SİLLƏ

“Azərbaycanda radikalizmə meyilli kifayət qədər məmur ordusu var” - MÜSAHİBƏ

“Nizami təkcə Azərbaycan xalqı ilə deyil, dünyayladır” - MÜSAHİBƏ

“Qazi var ki, Vətən Müharibəsindən sonra yaradılan fondların diqqətindən kənarda qalıb”

Bakıya atılan raket və...

İlahi xəlqetmə, “Böyük Partlayış” və kimyəvi elementlərin transmutasiyası

"Ruslarla ermənilər əllərindən gələni edəcəklər ki, bu baş verməsin"

"Hər bir vətəndaşımız bu bərpa işində dövlətə dəstək verməlidir"

“Torpaqlarımızı azad etdik, büdcəmizi isə bu məmurlardan azad edə bilməmişik”

ErMİNAstan…

“İlqar Məmmədov özünü Qərbə təslim etmiş bir adamdır”

"30 il ərzində kimin kim olduğunu gördük"

"Uşaqpulu mütləq verilməlidir"

Qripin müalicəsi və qorunma yolları

“Lazım olsa Milli Şuranın, Müsavatın qarşısına çıxarıq” - MÜSAHİBƏ