“Memarlıq müsabiqələrinin olmaması korrupsiyaya yol açır” - MÜSAHİBƏ

15:50 15-04-2021 | icon 38 | Cəmiyyət
“Memarlıq müsabiqələrinin olmaması korrupsiyaya yol açır” - MÜSAHİBƏ

Elçin Əliyev: "Qarabağın bərpası ilə bağlı niyə memarlıq müsabiqəsi keçirilmir?"

 

Şəhərlər, abidələr məxsus olduğu xalqın, millətin dünyaya baxışını, onun milli-mənəvi ruhunu, mədəniyyətini, xarakterini ifadə edən ən böyük tikilən tablodur. Bu tablo öz fərqli memarlıq üslubu, rəngarəngliyi ilə sevilir, seçilir, qorunur. Bu mənada Azərbaycan memarlıq sənətinin rolu və əhəmiyyəti birmənalı deyil və yüksəkdə dayanaraq dünyanın diqqətini özünə cəlb etməsi üçün daim yenilənmə və bərpa tələb edir. Müasir memarlığımız özünü necə tərənnüm edir?

 

Versus.Az xəbər verir ki, Azərbaycanın tanınmış şəhərsalma mütəxəssisi, memar, sənətşünaslıq doktoru, professor Elçin Əliyev müsahibəsində bir çox mətləblərə diqqət çəkib.

 

 - Elçin müəllim, memarlığın sənətkarı kimi necə hesab edirsiniz: bu gün Azərbaycan memarlıq sənəti necə inkişaf edir və bu prosesdə bizim memarların rolu hansı səviyyədədir?

 

- Bu gün Bakı və Azərbaycanın memarlıq sənəti çox inkişaf edib. Bakıda yeni layihələr əsasında çox gözəl binalar tikilir və təbii ki, Azərbaycan memarları da bu işdə aktiv iştirak edirlər.

Məsələn, memar Nazim Vəliyevin layihəsi əsasında Bilgəhdə inşa edilən “Bilgah Beach” oteli, Nəriman İmaməliyevin layihəsi əsasında “Dost Mərkəzi”, İlqar Bəylərovun layihəsinə əsasən Azadlıq prospektində olan “Sağlamlıq Mərkəzi” və sair memarlıq nümunələrini yaradan Azərbaycan memarlarımız var. Bunlar ölkəmizin inkişafını əks etdirir. Təbii ki, Azərbaycan memarlığının inkişafında yerli memarlarla yanaşı xarici memarlar da işləyir. Bu sırada layihə müəllifi britaniyalı Zaha Hadidinin Bakıda tikilən Heydər Əliyev Mərkəzinin qeyd edə bilərik.

 

Heç onları mikrorayonlara da yaraşdırmaq olmaz

 

- Azərbaycan memarlığı, şəhərsalması hansı özəlliyi və hansı nöqsanlı tərəfləri ilə diqqət çəkir?

 

Sovet dövründə şəhərsalmaya çox böyük diqqət ayırırdılar. Sovet ittifaqı dağılandan sonra faktiki olaraq şəhərsalma məsələləri də diqqətsiz qaldı. Biz şahidiyik ki, 1990-cı illərdə şəhərin mərkəzində estetik baxımdan yararsız binalar tikilib. Heç onları mikrorayonlara da yaraşdırmaq olmaz; yaxud sovet vaxtında böyük layihə institutları var idi ki, bütün respubilakalar üçün tipli evlər layihəndirirdi. Sonra bu layihələri tikilməsi üçün həmin respublikalara göndərirdilər, mən də göndərirdim. Artıq bunlar tarixdir. İndi bizim Bakı layihələri var və hər bir layihəyə fərdi yanaşırlar. Bakıda tikilən binaların yüzlərlə müəllifi var. Demək olar ki, hamısı bakılıdır, nadir hallarda xarici memarlar iştirak edirlər. Sizə deyim ki, burada memarın xarici, yaxud bakılı olmasının fərqi yoxdur. Əsas peşəkarlıqdır. Peşəkar olmalıdır ki, yerli iqlim məsələləri nəzərə alınsın, evlərin böyük şəkildə eyvanları, şüşəbəndləri olsun. Nümunələr var ki, xarici memarlar gəlib burda çox gözəl yaşayış binaları yaradırlar.

Çox şadam ki, son iki-üç ildə Şəhərsalma Komitəsinə gələn yeni kadrların səyləri nəticəsində vəziyyət dəyişilib. İndi situasiya yavaş-yavaş düzəlir. Görürük ki, binaların estetik görünüşü ilə bağlı yüksək tələblər irəli sürülür. Bundan başqa 5-10 il əvvəl şəhərsalmada bir sıxlıq qəbul olunmuşdusa, indi insanların binada rahat nəfəs ala bilməsi üçün yaşıllıqların salınmasını daha çox fikirləşirlər. Biz şahidiyik ki, indi hər yeni bina tikiləndə mütləq böyük şəkildə yaşıllığı olsun.

 

Yeni rəhbərlik tarixi taxta qapını plastik qapıya dəyişdi

 

Azərbaycan tarixi abidələrinə mövcud münasibət necədir və memarlarımız gələcək üçün tarix yaradırmı?

 

- Elə memarlıq abidələri var ki, onların qədim qapıları çıxarılır, fasadları dəyişdirilir. Bu yolverilməzdir və bu abidələr dövlət  tərəfindən qorunmalıdır. Məsələn, Dəmir Yolu Vağzalının üst tərəfində 1926-cı ildə tikilən binanın başında 8 şir rəsmi var idi. O şirlər 10-15 il əvvəl çox gözəl vəziyyətdə idi. Bir neçə il qabaq hansısa şirkət o binanı ələ keçirdi və fasadında dəyişiklik edib, 8 şirdən 2 şir başını saxladı, qalanları dağıdıldı. Görünən odur ki, keçmiş Mədəniyyət naziri tərəfindən belə məsələlərə nəzarət olunmurdu. Mən bu cür yüzlərlə fakt göstərə bilərəm. Məsələn, Lermontov küçəsində bir bina var, memarlıq abidəsidir. Hansısa telefon şirkəti ora antennalar qoyub və antennanı bərkitmək üçün fasada yüzlərlə beton mismar vurublar. Yaxud Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsində çox gözəl ikimərtəbəli, XIX əsrdə tikilən memarlıq abidəsi var. 50 il bu bina poliklinika kimi istifadə olunub. O binanın çox gözəl taxta qapısı, dəmir barmaqlıqları var idi. Təzə rəhbərlik gəlib və o barmaqlıqları təzə nikel barmaqlıqlarla əvəz edib, tarixi taxta qapını plastik qapıya dəyişib. Təbii ki, bunlar yolverilməzdir və nəzarət eləmək lazımdır. Belə memarlıq abidələrinə olan bu münasibətin qarşısını almalıyıq. Bu barədə Mədəniyyət Nazirliyinə müraciət elədim, cavab gəldi ki, bir neçə aidiyyəti orqana müraciət edərək binanın fasadının ilkin vəziyyətinə qaytarılması barədə tələb irəli sürülüb. Biz şahidi olduq ki, 1 il əvvəl həm Mədəniyyət Nazirliyinin, həm də nazirliyin nəzdində mədəniyyət abidələrinin mühafizəsi ilə məşğul olan xüsusi şöbənin rəhbərləri tam dəyişildi. Son illərdə tarixi memarlıq abidələrinə münasibət yaxşı mənada dəyişilib.

 

Elçin müəllim, qədim evlərdə taxta qapıların olması o evlərə xüsusi əzəmət, gözəllik verir. Bu qapılar Azərbaycana aid spesifik memarlıq üslubunu ifadə edir?

 

- Təbii ki... Ümumiyyətlə, XIX əsrin sonu, XX əsrin əvvəli fransızca “Ar Nuvo”  memarlığı adlanır. Bu memarlıq üslubu Bakının xüsusiyyətlərindən biridir, Bakının vizit kartıdır. 5-6 il əvvəl bir məqalə oxudum, orada yazılırdı ki, Yerevanda bu memarlıq yoxdur və onlar ora turistlər cəlb etmək üçün qərara gəliblər ki, 3-4 belə binalar tiksinlər. Bizdə isə bütün şəhərin mərkəzi memarlıq abidələri ilə əhatə olunub, biz onu qorumuruq. Faktiki binaların xüsusiyyətlərindən biri, vizit kartı olan taxta qapılardır. Gözəl, keyfiyyətli, böyük... Mən Heydər Əliyev Mədəniyyət Fonduna təşəkkür edirəm ki, onlar 10 il qabaq “Bakı qapıları” adlı kitabımı çap elədilər. O kitabda, təxminən, 50-60 memarlq abidəsinin qapılarının fotolarını toplamışam. Siz o kitaba baxın və görün ki, bizdə nə gözəl qapılar var. Hər biri yüksək keyfiyyətdə olan incəsənət nümunəsidir. Təəssüf ki, biz bunları qorumuruq.  Tutaq ki, Bayıl qəsəbəsində 150 il dayanmış keyfiyyətli qapını çıxarıb, yerinə müvəqqəti qəhvəyi rəngdə plastik qapı salıblar. Bu mədəniyyətsizlikdir, biz tariximizə belə münasibət göstərməməliyik.

 

“Memarlıq müsabiqələrinin olmaması korrupsiyaya yol açır”

 

- Müasir dövr şəhərsalması və memarlıq sənətinin inkişafı həm də istedadlı gənc memarların müxtəlif layihələr çərçivəsində öz əsərləri ilə birlikdə üzə çıxması ilə müşahidə olunur. Məsələyə bu aspektdən yanaşsaq, memarlıq müsabiqələrinin keçirilməməsi nə ilə bağlıdır?

 

-Memarlıq müsabiqələrinin keçirilməməsi bizim çox böyük problemimizdir.  Leninin, Stalinin, Brejnevin vaxtında da memarlıq müsabiqələri keçiriblər. Memarlıq müsabiqəsi o deməkdir ki, sifarişçi bir memarın fikrini yox, 5-10 memarın fikirlərini əldə edir və gözəl seçimi olur. Memarlıq müsabiqələrinin olmaması korrupsiyaya yol açır. Məsələn, bizim çox gözəl olan binalarımız memarlıq müsabiqəsi nəticəsində tikilib. Hökumət Evi müsabiqə yolu ilə tikilib. Bizim məşhur memarlarımız Useynov, Dadaşov o müsabiqədə ikinci, birinci yeri isə memarlar Lev Rudnev və Vladimir Munts tutmuşdular. Məşhur Azərbaycan Nəşriyyatının binası da müsabiqə yolu ilə tikilmişdi. Yəni 30-cu illərdə - hətta o repressiyalar vaxtında da memarlıq müsabiqəsi keçirilirdi və heç kəsin tanımadığı memarlar, hətta Uraldan Semyon Samuiloviç Pen poçtla müsabiqəyə layihəsini göndərib qalib olmuşdu.

İndiki Azərbaycanda biz bunu təsəvvür edə bilərik? Heç vaxt. İndi Qarabağın bərpası ilə bağlı işlərə başlanılıb, heç eşitmisiz ki, bununla bağlı memarlıq müsabiqəsi keçirilsin?! Qəzetlərdə oxuyuruq ki, orada dayanmadan işlər gedir, Qarabağ bərpa olunur. Bəs kimdir o memarlar? Məsələn, Şuşada mənim müəllimim memar Eldar Kanukov və Əbdülvahab Salahzadənin layihəsi əsasında Molla Pənah Vaqifin mavzoleyi tikilmişdi. Torpaqlar işğal altında olanda dağıdılıb. Fotolardan görürük ki, o mavzoley bərpa olunub, işlər gedir. Kim onu bərpa edir, hansı memarlıq şirkəti işləri aparır ? Nəyin əsasında, hansı müsabiqədə qalib gəliblər? Niyə onları seçiblər? Yaxud kəndlər bərpa olunur, Şuşa bərpa olunur, kim orada işləyir? Əminəm ki, orada normal memarlar, memarlıq şirkətləri  işləyir, amma nəyə görə müsabiqə keçirilməyib? Bəlkə mən də öz fikrimi deyərdim. Kim deyir ki, Azərbaycan memarları buna görə pul istəyirlər? Axı bu bizim Vətən borcumuzdur. Nəyə görə memarları cəlb eləmirlər? Bu onun nəticəsidir ki, kimsə özünə tanış, yaxın memarlıq şirkətləri cəlb edir. Cənab Prezidentimiz elə bununla mübarizə aparır. Bu, memarlıqda korrupsiyadır. Yüzlərlə, minlərlə istedadlı memarımız var və hesab edirəm ki, onları mütləq cəlb eləmək lazımdır. Olmazmıdı ki, hansısa kəndin bərpası ilə bağlı müsabiqə keçirilsin? Mənə belə gəlir ki, memarlar hamısı müsabiqəyə qoşulardı. Deməli, hansısa maraqlar var.

 

Dövrün tələblərinə əsasən, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində yeni şəhərlər salınacaq, yeni abidələr qurulacaq, köhnələr bərpa olunacaq. Yeni memarlıq layihələri hazırlanarkən hansi kriteriyalar əsas götürülməlidir?

 

- Hesablayırıq ki, işğaldan azad olunmuş ərazilərdə 2000-dən çox abidəmiz var. Bunun siyahısı tərtib olunmalıdır. Hesab edirəm ki, Azərbaycan balaca ölkədir və biz ildə beş-altı memarlıq abidəsini bərpa edə bilərik. Normal ölkədə, normal texnologiyada 5-10 memarlıq abidəsi bərpa oluna bilər. Deməli, burada proqram tərtib olunmalıdır, bunların siyahısı, ardıcıllığı göstərilməlidir. Hansı ildə hansı abidələrin bərpa olunması göstərilməlidir. Məsələn, mən bilirəm ki, Almaniyada II Dünya müharibəsindən sonra memarlıq abidələri 50 il bərpa olunmadı. İndiyə kimi elə abidələr var ki, onlara əl vurmurlar. Drezden şəhərinin mərkəzi meydanlarında olan Müqəddəs Məryəm Kilsəsini 1995-ci ildə bərpa elədilər. 50 il o kilsənin qalıqları şəhərin mərkəzində qalmışdı. Amma bərpa edəndə keyfiyyətli, tələsmədən, kompüter texnologiyası ilə daşları bir-bir “skan” edərək, onu 95 faiz sökülən daşlardan bərpa elədilər. Biz isə indi düşəcəyik dağılmış 200 abidənin canına, bir neçə ilə tələsə-tələsə bərpa edəcəyik. Nəyə görə, bizi tələsdirən var? Qoy  50 il çəksin. Hər il 5-6 abidəni bərpa edərik. Məsələn, çox məhşur “Atelier Erich Pummer” şirkəti var, İçəriəhərdə Qız Qalasını, Məhəmməd Məscidini 2-3 ilə restovrasiya elədi. İndi belə görürəm, Qarabağda abidələri 3-4 ilə hazır edəcəklər. Belə olmamalıdır.

 

- Necə düşünürsünüz, Mədəniyyət Nazirliyinin tarixi mədəni irsin qorunması üzrə şöbəsi öz işinin öhdəsindən layiqincə gələ bilirmi?

 

Mən də maraqla bir memar, azərbaycanlı kimi yeni Mədəniyyət Nazirliyinin rəhbərliyinin işini izləyirəm. Onlar təzədirlər, indidən qiymət verə bilmərəm. Hiss edirəm ki, situasiya yaxşı tərəfə dəyişir. 3-4 il qabaq Mehriban xanım Əliyeva sərt çıxış elədi və dedi ki, abidələr sökülməsin. Bir neçəsni sökmək istəyirdilər, amma dayandırdılar.

 

- Abşeron kəndlərinin yenidən qurulmasının baş memarısınız. Məsələn Balaxanı kəndi. Siz o kəndin keçmişini, bugününü çox bəyənirsiniz. Digər kəndlərdə də Balaxanıda olduğu kimi layihələr reallaşıbmı? Sizcə, hansı kəndlərdə reallaşması nəzərdə tutulur?

 

Yenidən bərpa işləri Bakının bütün kəndlərində aparılacaq. Bilirsiniz ki, birinci Bibiheybətdən başladılar. Balaxanı əvvəllər çox pis vəziyyətdə idi. Mənim atam Balaxanıdandır, amma mən pis qohumam, təəssüf ki, ancaq ildə bir dəfə kiminsə yasına gedirdim kəndə. Zibil iyindən ora girmək olmurdu. Bu gün Balaxanıdan lavanda iyi gəlir. Birinci növbədə su, kanalizasiya, internet xətləri çəkilib. Binaların fasadları təmizlənib, damları təzələnib, bir az dekor eləmişik. Səliqəyə salandan sonra kənd çox gözəl görünür. Mərdəkanda, Pirşağıda, Ramanıda, Bibiheybətdə, Buzovnada, Əmircanda bu işlər aparılır.

 

- Memar araşdırması aparmaq üçün hansı kəndlərdə olursunuz? Sizi sevindirən, kədərləndirən nədir? Yeni memarlıq abidələri yaranırmı?

 

- Abidələr və memarlıqla bağlı unikal məlumatlarım var. Biz əvvəl memarlıq abidələrini araşdırır, sonra marşrut tətbiq edirik. Həmin marşrut üzrə əvvəlcə yollar, küçələrdəki problemlər həll olunur, işıq dirəkləri təzələnir, infrastruktur qurulur. Turistik marşrutlar hazır olandan sonra memarlıq abidələrinin bərpasına başlanılır. Elə etməliyik ki, xarici turistlər Azərbaycana gələrkən bizim necə kəndlərimizin, necə memarlıq abidlərimizin olduğunu görsünlər. Məsələn, Maştağada 20-yə yaxın məscid, 20-dən artıq unikal hamam var. Heç kim bunu bilmir. Elə gözəl abidələr var ki, nəinki turistlər, biz özümüz də hələ onu görməmişik. Hələ o kəndlərə lazımi səviyyədə yollar yoxdur, birinci növbədə o yolları səliqəli vəziyyətə salmaq lazımdır. Təbii ki, memarlıq abidələri ilə Mədəniyyət Nazirliyi məşğul olur, abidələri yüksək səviyyədə bərpa edirlər. Məsələn, Balaxanıda Abşeronda yerləşən yeganə ovqan bərpa olundu. Ovqanda insan mənfi 40 metrə qədər pilləkənlərlə aşağı düşür. Qeyd edim ki, ovqan quyudur, xanımlar ora su götürməyə düşürdülər. Çox gözəl hamam abidəsi faktiki yerin altından çıxarıldı. Kəndlərdə olan memarlıq abidələrini bərpa eləməliyik. Məsələn, Ramanı kəndində 3 dənə ovqan var. O ovqanları bərpa edəcəyik.

 

“Gəzmək üçün İtaliyaya getməyi lazım bilməyəcəksiniz”

 

- Elçin müəllim, köhnə Bakı ilə yeni Bakı… nədir bunların fərqi? Yeni Bakını necə görmək istərdiniz? Yeni Bakı milli ruhumuzla səsləşirmi?

- Biz istədik-istəmədik, ölkəmizə yeni memarlıq ənənələri gəlir. Söhbət yeni memarlığın keyfiyyətindən gedir. Təbii ki, bu, obyektiv prosesdir. Bu proses minilliklərlə davam edir. İndi Bakının 5 min il yaşı var. Axır 400-500 ilin memarlığını görürük. Bəs ondanəvvəlki memarlıq haradadır? Yəni bir memarlıq o biri memarlığın üstünə gəlir. Bizim əsas işimiz qədim memarlığı qorumaq və gələn memarlığı, abidələri qorumaqdır. Elə edilməlidir ki, yeni memarlıq keyfiyyətli olsun. Müsabiqələr keçirilməlidir ki, biz peşəkar, keyfiyyətli layihələrin binalarını tikək, daha tanışlıqla gələnlərin yox.

 

- Bakıda kənd turizmi necə inkişaf edir? Bu prosesdə memarlıq abidələrinin rolu, cəlbediciliyi nə qədərdir?

 

- Bakıda kənd turizmi çox inkişaf edəcək. Hələ Balaxanıda işlərimiz qurtarmayıb. Sizə deyim ki, o kəndi onminlərlə Bakı sakini ziyarət edib. İndi pandemiya ilə bağlı işlər bir qədər səngiyib. Hiss edirəm ki, axır vaxtlar bu kəndlərə maraq artırılıb. Bizim həqiqətən çox gözəl kəndlərimiz, gözəl, unikal memarlıq abidələrimiz var. Sadəcə, orada texniki imkanlar yaratsaq - yollar çəksək, infrastruktur qursaq – inanın ki, insanlar xaricə getməzlər, yerli turuzmə üstünlük verərlər. Siz Balaxanıda elə memarlıq mühiti görəcəksiz ki, daha gəzmək üçün İtaliyaya getməyi lazım bilməyəcəksiz. Balaxanı o yerlərdən də üstün balaca tarixi kənddir. Səylər nəticəsində bütün Bakı kəndləri hazır olandan sonra, yüzminlərlə turist, ancaq Bakı kəndlərinə gedib-gələcək. Bunun üçün gözəl memarlıq abidələrimiz, gözəl mühitimiz var. /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?