O diyarlara sənsiz və Əlisiz gedəcəm – NEKROLOQ

20:58 18-04-2021 | icon 129 | Cəmiyyət
O diyarlara sənsiz və Əlisiz gedəcəm – NEKROLOQ

Səfərin uğurlu olsun, əziz qardaş

 

 

Hər itki ağırdır. Amma elə itkilər var ki, onu heç bir dərdlə müqayisə etmək olmaz. Nə yazıq ki, tale mənə qısa müddət ərzində ikinci böyük talesizliyi yaşatdı. Ötən il vaxtsız itirdiyim qardaşım Əlinin yoxluğuna alışmadan, bu gün yaxın dostum Məhərrəm Həsənovu da son mənzilə yola salmaq təkcə qaysağımı qoparmaqla qalmadı, həm də bağrımda yeni bir yara açdı. Mən indi son nəfəsimə qədər bu qoşa yaranı bərabər daşıyacağam.


 
Məhərrəm bəy, Allah və sənin Haqqa qovuşmuş ruhun da şahiddir ki, mən səni elə Əli qədər sevirdim. Sən də, Əli də mənim iki əziz qardaşım idiniz. Zira bir insana qardaş demək üçün onunla qarındaş olmaq azdır. Qardaş, yeri gələndə sirdaş olduğun, hamıdan gizlətdiyin sirrini çəkinmədən ona açdığın, son tikəni paylaşdığın insan deməkdir. Sən də, Əli də mənim üçün məhz bu cür şəxsiyyət idiniz. İkinizin yeganə fərqi birinizlə həm də qarındaş, digərinizlə isə sadəcə dost olmağım idi. Dost deyə bildiyin şəxs isə əslində qarındaşdan geri qalmır. Atalar demişkən, “Soruşurlar: “qardaşını kimdir”, deyir: “yoldaşlıq etməmişəm””. Bax, siz ikiniz də mənim bu ağır və fani həyat yolunda çiyin-çiyinə dayandığım yol yoldaşım idiniz. 


 
Siz ikiniz də yaşca məndən böyükdünüz və mən sizi evimin, elimin ağsaqqalı kimi görür, hər zaman qarşınızda ədəb-ərkandan kənara çıxmamağa etina göstərirdim. Bu gün isə iki qanadı da qırılmış kimi hiss edirəm özümü. Bir qanadımı 6 ay əvvəl, o biri qanadımı isə bu gün itirdim. İki abi, böyük qardaş ağrısının nə olduğunu sən də mənim qədər hiss edirsən. Sən də bu dünyanın ağrısını-acısını az görməyibsən. 


 
Mənə ən ağır gələn hadisə həyatda ən çox arzuladığın, birgə qurduğumuz xəyalların bir addımlığında məni və yaxınlarını tərk etməyin oldu. Bərabər cəlai-vətən olub gəldiyimiz Göyçə mahalının tozu, xoş ətri indiyədək burunlarımızdan getməmişdi. İndidək bütün görüşlərimizdə o gözəl diyarımızın xatirlərindən danışır, xiffətini çəkirdik. Sən də, mən də tezliklə dədə-baba yurdumuza qayıdacağımızın eşqi ilə yaşayırdıq. Bütün söhbətlərimizdə ən çox ağır basan mövzularımız da bu xəyallar olardı. 44 günlük savaşdan sonra Azərbaycanın şanlı Ordusu bizi bu xəyallarımıza bir addım yaxınlaşdırmışdı da. Kəlbəcərdən bizim diyara bir neçə addımlıq yol qalmışdı və ikimiz də bu zəfərin bayramını edir və səbirsizliklə o möhtəşəm günü gözləyirdik.


 
Bax, məni ən çox yandıran da elə budur. Mən artıq o diyarlara sənsiz və Əlisiz gedəcəyəm; iki qanadı da qırıq şəkildə. Anamız Göycə mahalının dağı-daşı, kolu-ağacı öz dillərində sizi məndən soruşacaqlar. Mən Göyçə anamıza “onları qürbətdə torpağa tapşırdım”, necə deyəcəyəm? Axı siz həqiqətən də o ananın ən dəyərli oğulları idiniz. Bir anaya “oğlunu qürbətdə dəfn etdik” həqiqətini necə demək olar, axı?


 
Amma açığını desəm, yeganə təsəllim var. Bu təsəllim də səni yaxşı tanımağımdan qaynaqlanır. Sənin böyük vətənpərvər ruhun var (vardı deyib keçmişdən bəhs edə bilmirəm) və bir inanışa görə, ruhlar bədən həbsxanasından azad olunanda ən çox sevdikləri məkana köçürlər. Bu məntiqlə, sənin məndən qabağa düşüb o diyarlara getdiyinə inanmaq istəyirəm. Əgər həqiqətən də ruhlar aləmi varsa, mən əminəm ki, sən artıq Göyçədəsən. Bəlkə də o dağlar, daşlar, Göyçə gölü məni səndən soruşurlar. Bəlkə elə sən bu həsrətə dayana bilməyib mənzilə çatmağın bir addımlığında hər kəsdən daha əvvəl o torpaqlara qayıdıbsan. Əgər elədirsə, məndən Göyçəyə salam de. O Anam torpağın qulağına pıçılda ki, tezliklə hamımız qayıdacağıq. Amma sənin kimi vaxtsız-vədəsiz, bədənindən sıyrılaraq tələsik ana qucağına can atarcasına yox. Qələbə sevinci, zəfər türküləri ilə gələcəyik Göyçəyə. Sən tələsik səfərlə, biz səbrli zəfərlə.


 
Səfərin uğurlu olsun, əziz qardaş, Allah sənə rəhmət eləsin!

 

Mürvət Həsənli
/iş adamı/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?