Avrasiya İqtisadi Birliyinə dəvət - MÜZAKİRƏ

19:56 21-04-2021 | icon 177 | Siyasət
Avrasiya İqtisadi Birliyinə dəvət - MÜZAKİRƏ

"Bu o demək deyil ki, biz mütləq o qurumun üzvü ola bilərik"

 

Rusiya Azərbaycanı Avrasiya İqtisadi Birliyinə qoşmaq istəyini yenidən gündəmə gətirib. Rusiyanın Vətən Müharibəsi dövründəki susqunluğunu sonrakı prosesdə Azərbaycanın bu quruma qoşmaq istəyi ilə əlaqələndirən ekspertlər Azərbaycanın Avrasiya iqtisadi birliyinə dəvət olunması yönündə işlər getdiyini deyir. Artıq Qazaxıstanın Azərbaycanı  AİB-in toplantısına dəvət etdiyi qeyd olunur. Ermənistan və Rusiya ilə bağlı açıq qalan sualların,“İsgəndər-M”, sülhməramlıların status məsələsinin həll edilmədiyi, Zəngəzur dəhlizinin açılmadığı və digər şərtlərin heç birinin reallaşmadığı indiki vaxtda Azərbaycan AİB-ə üzvlük məsələsinə baxa bilər?

 

Versus.Az xəbər verir ki, politoloqlar şərhlərində məsələyə aydınlıq gətiriblər.

 

"Gələcək perspektivdə Azərbaycanın Avrasiya Birliyinə daxil olmaq planı yoxdur"

 

 

Politoloq Fikrət Sadıqov bildirib ki, kimin nə istəyindən asılı olmayaraq, Azərbaycanın öz yolu var və hansısa birliyə qoşulmaq məsələsi hələ ki, proqramda yoxdur:

 

"Azərbaycanın hər hansı bir beynəlxalq təşkilatda iştirak etməsi ilə bağlı müzakirələrin aparılması heç də o demək deyil ki, o, mütləq həmin təşkilata üzv olmalıdır, o cümlədən də Avrasiya İqtisadi Birliyinə. Hər halda gələcək perspektivdə Azərbaycanın Avrasiya Birliyinə daxil olmaq planı yoxdur. Bunu Moskva istəyə bilər, yaxud ora daxil olan dövlətlər istəklətini dilə gətirə bilər. Bu o demək deyil ki, biz mütləq o qurumun üzvü ola bilərik".

 

F.Sadıqov qeyd edib ki, Vətən Müharibəsindən sonra Rusiyanın susqunluğu, kənarda durması və Ermənistana tez-tez açıq şəkildə dəstək verməməsinin bizə verilən “mükafat” kimi təbliğ olunması da yanlışdır. Bu susqunluğun müqabilində ruslar artıq Qarabağda sülhməramlı kimi mövcuddurlar, fəaliyyət göstərirlər:

 

"Bizim heç kəsə borcumuz yoxdur, torpaqlarımızı işğaldan azad etmişik, indi kimsə bu dövrdə susqunluq edibsə, hər halda bu onların öz maraqlarına da xidmət edib. Buna görə heç kəs bizə minnət edib, bunun müqabilində bizi hər hansı təşkilata üzv seçmək hüququ özünə qazandırmasın. Azərbaycan bu ərəfədə kimin nə deməsindən asılı olmayaraq öz maraqlarını hər şeydən üstün tutacaq".

 

"Azərbaycanın Avrasiya Birliyinə daxil olması üçün əlində kifayət qədər əsasları yoxdur"

 

Politoloq Qabil Hüseynli bildirib ki, Putin öz imicini daha da populyarlaşdırmaq, eyni zamanda, Avrasiya İqtisadi Birliyini, həmçinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının gücünü artırmaq üçün Azərbaycanı öz sıralarına cəlb etməyə çalışır:

 

 

"Belarus Prezidenti Lukaşenko da bu məqsədlə Bakıya səfər etdi. Bu səfər Azərbaycanı bu yaxınlarda Avrasiya Birliyinin Minskdə keçirilən zirvə toplantısına dəvət etməklə bağlı idi. Danışıqların məzmunu haqqında məlumatsızıq. Lakin mümkün olan vəziyyəti təhlil edərək belə bir qənaətə gəlirəm ki, Azərbaycanın Avrasiya Birliyinə daxil olması üçün əlində kifayət qədər əsasları yoxdur.

Əvvəla, bizim ərazi bütövlüyümüzün təmin olunması istiqamətində müəyyən əngəllər qalır. Ermənistanda revanşist qüvvələr fəallaşır və hər gün Azərbaycanın əleyhinə addımlar atırlar. Biz sülhyaratma prosesində Azərbaycan torpaqlarının 90 faizini işğalından azad etsək də, Ermənistanla sülh prosesinə başlamamışıq və sülh sazişini hələ ki, imzalamamışıq. Söhbət o sazişdən gedir ki, beynəlxalq təşkilatlar və dünya tərəfindən qəbul edilsin, eyni zamanda sülh şərtləri hər iki xalq tərəfindən tanınsın, imzalanmış sənədlər parlamentlərdə ratifikasiya edilsin. Yalnız bundan sonra biz düşünə bilərik ki, ölkədə sabitlik, müəyyən inkişaf var və bundan sonra Azərbaycanın strateji arzuları istiqamətində düşünə bilərik. O istiqamətlərdən biri də sözsüz ki, Avrasiya İqtisadi Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatıdır və sair.

Azərbaycan hələ ki tələsmir. Azərbaycan ərazisində sayı-hesabı bilinməyən Rusiya sülhməramlı hərbçiləri var. Sülhməramlılar Azərbaycan ərazisində yerləşirlər, saylarını artırırlar, özləri üçün evlər tikirlər və digər möhkəmləndirmə istiqamətində addımlar atırlar. Hətta Xocalı aeroportunun açılması istiqamətində də bir neçə dəfə cəhd elədilər, amma müqavimətlə üzləşdillər. Yəni məsələyə mümkün vəziyyət və Ermənistanla Rusiya arasında mövcud münasibətlər prizmasından yanaşılsa, Azərbaycanın Avrasiya Birliyinə daxil olmağa imkanı yoxdur. Müşahidəçi qismində iştirak edə bilər ki, hələ bu da real görünmür. Mövcud çətinliklərə baxanda yalnız belə bir addım atıla bilər". /"Həftə içi"/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Avropa İttifaqı operativ silahlı qüvvələr yaradır

Ukrayna üçün NATO-nun qapıları açılır

5 avtomobil körpünün üstündə toqquşub

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Kosmosda suborbital ekskursiya üçün bilet HƏRRACDA

Uşağın səsi görənləri heyrətləndirdi

Kütləvi etiraz və tətillər başladı

Qlobal fəlakət barədə XƏBƏRDARLIQ