"Mənim də səhvim olub, yanımdakı “Vətən” deyənin sözünə inanmışam"

10:12 24-04-2021 | icon 226 | Siyasət
"Mənim də səhvim olub, yanımdakı “Vətən” deyənin sözünə inanmışam"

Rəhim Qazıyev: "Putin kimdir ki, mənim xalqıma, Prezidentimə dil uzatsın?"

 

44 günlük müharibədən sonrakı mövcud ictimai-siyasi durum müxtəlif aspektlərdə təhlil olunur. Qarabağın işğaldan azad olunması və tam müstəqilliyinin bərpası ilə bağlı sülhməramlı və erməni silahlıları ilə bağlı əngəllər qalsa da, içtimaiyyət bu prosesin də öz məntiqi həllini tapacağına inanır. Paralel olaraq ölkənin siyasi partiyalarla bağlı gündəminə yeni rakusdan yanaşmalar var.

 

Versus.Az xəbər verir keçmiş Müdafiə naziri Rəhim Qazıyev müsahibəsində bir sıra məsələlərə toxunub.

 

- Rəhim bəy, müharibədən sonra siyasi partiyalarda, siyasi düşərgədə hansı yenilənmə baş verdi?

 

- Hələ ki, elə bir yenilənmə görmürəm. Təhsilimiz, səhiyyəmiz, əxlaqımız kimlərinsə əli ilə pozulur. Televiziyalara baxın görün, kimlər bizə mədəniyyət “dərsi” keçir - toliklər, faiqlər, ən yaxşı halda zaurlar. Biz belə hara gedirik? Bir millət özünə qarşı bu qədər laqeyd olarmı? Son vaxtlar intiharların sayı artıb, bu millətin ziyalısı niyə susur?

 

- Siyasi partiyalardakı dəyişilmə onlara ofislərin verilməsi, qeydiyyata alınmaları ilə də diqqəti çəkdi...

 

- Çoxpartiyalılıq yaxşıdırsa, Amerikada, Almaniyada, İngiltərədə niyə yoxdur?! Amerikada iki partiya var, biri gedir, o biri gəlir. Məgər 60 partiya fikir müxtəlifliyi, demokratiya deməkdir? Haradadır o 60 partiya? Bu partiya sədrlərinin birini göstərsinlər görüm, bu Vətən müharibəsində Vətən üçün döyüşüblərmi? Çoxpartiyalılıq milləti 60 yerə parçalamaq deməkdir.

 

- Partiyalar həmişə ölkədə çoxpartiyalılığın olması üçün mübarizə aparıb və bunu demokratiya və inkşafın elementi kimi dəyərləndirib. Siz isə əleyhinəsiniz...

 

- Diqqət etsəniz, dünyanın ən inkişaf etmiş ölkələrində heç 60 idman klubu yoxdur. Bir ölkədə 60 partiya niyə olmalıdır? Siz də, mən də istəyirik ki, ölkəmiz müstəqil olsun. İkimiz niyə bir yerdə gedə bilmirik ki? Bu olmasa, 60 partiya nədir, lap 60 min olsa da, heç nə edə bilməyəcəklər.

 

- Siz proseslərin içərisində olmusunuz, bunun cavabını daha yaxşı bilirsiniz...

 

- Mənim elmi dərəcəm də var, amma bir  partiya yaratmadım. Əslində, bir partiya yarada bilərdim. Bax, özündən deyən partiyalar var, gedək seçkilərə, özlərindən 3 nəfər artığını yığa bilsələr, desinlər ayıb olsun sənə, bu nə sözdür deyirsən? Biz xalq olaraq bu gün düşünməliyik ki, niyə Anarın, Çingiz Abdullayevin səsi yoxdur?

 

- Rəhim bəy, siz siyasi partiyaları bir arada görmək üçün çox çalışdınız, amma deyəsən sözünüz eşidilmədi...

 

- Niyə eşitsinlər ki, hamısı lider olmaq arzusundadır. Mən iqtidarı tənqid edirəm, onlar da tənqid edir. Hünərim var, onlar haqqında bir söz deyim, məni asıb-kəsərlər. Əgər Əli Kərimli haqqında bir söz desəm, trollarını işə salıb məni “asdırar”. Bizim siyasətçilər balıq tutmaq istəyirlər, amma heç kəs suya girmək istəmir. Bizimkilər deyir, balıq tutulsun, hətta qızardılsın, gəlsin qarşımıza.

 

- Milli Şuranın apardığı siyasət nə dərəcədə ədalətlidir?

 

- Mən onların apardığı siyasətin adını bilmirəm. O həmin Cəmil müəllimdir ki, hörmətli professor, Heydər Əliyev haqqında qalaq-qalaq kitablar yazıb. Ay qardaş, sən alimsən, yazdığının arxasında dur. Adamın cılız marağı olanda millət pərdəsi altında gizlənmək olmur. Çox təəssüf edirəm. Axı birinci yer bir dənədir. Hamı deyir mən liderəm. Sən ikinci dur, o, beşinci dursun, axırda da mən durum. Məclisin başında, ayağında oturmaq nüfuz demək deyil.

 

- Partiyalar haqqında dediyiniz fikirlər onları sizdən narazı salacaq.

 

- O partiyanın sədri gəlsin, Qarabağın yolunu göstərsin görək... 30 ildə gedən müharibədə hansı ora gedib? Bir nəfərdən başqa mən ora gedən adam tanımıram, o da İqbal Ağazadədir. Yerdə qalanların heç biri  vuruşmayıb.

 

- Hansı müxalifət partiyalarını iqtidara alternativ görürsünüz?

 

- Siyasi partiya sədrlərinin heç birinin içində bir nəfəri də iqtidara alternativ görmürəm. Lider liderliyini özü sübut eləməlidir. Hərəkat zamanı o özü ortaya çıxır. Qəhrəmanı onun şəxsi keyfiyyətləri üzə çıxarır. Lideri xalq qəbul edir, seçmir. Putin Qarabağda ağalıq edir. Rusiya sülhməramlıları 1960 nəfərin əvəzinə gəlib orada şəhərcik tikiblər. İndi də 9 may paradını keçirəcəklər. Soruşan lazımdır ki, sənin Qarabağdakı missiyan nədir, niyə özünü düzgün aparmırsan.

 

- Yəqin ki, Prezdentin “Zəngəzura, İrəvana qayıdacağıq” fikirlərini ifadə etdiyi çıxışını dinlədiniz, orada siz deyən məsələlərə toxunuldu. Buna fikriniz nədir?

 

- Çox gözəl çıxış idi. Prezidentin yaxşı çıxışlarını mən həmişə alqışlayıram. Müharibə gedən ərəfədə xarici jurnalistlərə çox yaxşı müsahibə verdi və güclü məntiq ortaya qoyurdu. Prezident ölkəni birləşdirməlidir.

 

- Hansısa partiyaya getmək fikriniz var? Məsələn, elə İqbal Ağazadənin partiyasına...

 

- Heç kimin partiyasına getmək istəmrəm. Olanı deyirəm, İqbal Ağazadə tələbəliyini yarımçıq qoyub gedib vuruşmağa. Heç bir partiyanın yanında olmaq istəmərəm.

 

- Azərbaycan Xalq Hərəkatında da oldunuz. Oradan niyə getdiniz?

 

- Gördüm ki, siyasi partiyalarda olan həmin o məsələlər, intriqalar hərəkatda da baş verir, uzaqlaşdım. Oradakı vəziyyət məni qane etmədi. Hərə bir söz dedi. Hərə öz maraqlarını düşünüb gəlmişdi AXH-yə. Mən də ora partiyaları təmsil etməyə gəlməmişdim. İndi deyəsən, bir Mirmahmud bəy qalıb, biri də bilmirəm kimdir.

 

- Rəhim bəy, Rusiya sülhməramlılarının Laçın dəhlizində “hegemonluğu”, erməni silahlılarının Xankəndidəki özbaşınalığı və ümumiyyətlə orada gedən proseslər barədə nə deyərdiniz?

 

- Rus sülhməramlıları olmayıb, ola da bilməz. Sülhməramlı adı ilə rus işğalçı ordusu təzədən Azərbaycana qayıtdı. Mənim rus xalqına böyük hörmətim var, qonşumuzdur. İndi Rusiyadan ermənilər daha yaxşı istifadə edir, biz yox. Zaman başqadır, Rusiya bölgədə qala bilməyəcək. Azərbaycan dövləti öz əlində olan şansı itirməkdən qorumalıdır.

 

- Qarabağa səfər barədə düşünürsünüz?

 

- Düşünürəm, amma biz Xankəndiyə, Xocalıya getməliyik. Hamımız ora axın eləməliyik. Oranı gedib hamımız abadlaşdırmalıyq. Bu prosesdə də bütün xalq Prezidentin arxasında durmalıdır. Dünyada hər şeyə qadir Allahdır. İndi rus sülhməramlıları Qarabağda at oynadır, amma biz Xankəndiyə, Laçına gedə bilmirik. Prezident bir dəfə çağırış eləsə, biz hamını yerində oturda bilərik..

Bunun üçün yeganə qüvvə Prezidentdir. Prezident xalqı meydana çağırsa, Putin od da olsa, özünü yandırar. Zaman gedir və insanlar Qarabağdakı indiki vəziyyətdən narazı düşür..

Mənim də səhvim olub. Bir var, bunu şəxsi maraqla edəsən, bir də var, təcrübəsizlikdən. Mən böyrümdəki “Vətən” deyənin sözünə inanmışam. Biz bu gün bir-birimizə sıx şəkildə sıxılmalıyıq. Putin kimdir ki, mənim xalqıma, Prezidentimə dil uzatsın?!

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI