24 Aprel - 1915-ci il hadisələri

21:08 25-04-2021 | icon 221 | Tarix
24 Aprel - 1915-ci il hadisələri

“ERMƏNİ SOYQIRIMI”, YOXSA ERMƏNİ XƏYANƏTİ?

 
 

Bir əsrdən artıqdır ki, Ermənistan dövləti başda olmaqla bütün dünya erməniləri, müxtəlif yollarla cəlb etdikləri muzdlu ideoloqlar, bəzi antitürk dairələri və çoxsaylı erməni havadarları da daxil bəşər cəmiyyətini inandırmağa çalışırlar ki, “XX əsrin əvvəllərində- 1915-ci ildə Osmanlı imperiyası ərazisində erməni xalqına qarşı dövlət səviyyəsində kütləvi soyqırımı törədilmişdir”. Ermənilər və beynəlxalq havadarları bu mövzunu təkidlə dünyanın gündəmində saxlamaqla, həm ermənilərin mövcud monolit birliyini qoruyub saxlamağa, həm xristian dünyasının və ermənilərin müasir antitürk siyasətini reallaşdırmağa, həm də Avrasiya bölgəsində cərəyan edən geosiyasi proseslərdə özlərinin regional maraqlarını təmin etməyə çalışırlar.

 
 
Ermənilər məkrli soyqırımı liddialarını bütün dünyaya qəbul etdirmək və antitürk planlarını reallaşdırmaq istiqamətində hələ SSRİ dövründə həm postsovet məkanında, həm də xarici ölkələrdə çox fəal iş aparmış, qondarma “soyqırımı qurbanları”na həsr olunmuş çoxsaylı saxta kitabçalar dərc etdirmiş, xüsusi abidələr ucaltmış və başqa tədbirlər görmüşlər. Son 30 ildə, xüsusən də bu hadisələrin yüzilliyi ərəfəsində- 2014-15-ci illərdə erməni mərkəzləri dünyanın müxtəlif siyasi dairələrinin bu sahədəki müasir antiTürkiyə maraqlından da bəhrələnərək, saxta “soyqırımı” təbliğatlarını dünya məkanında xüsusi qabartmış və sistemli şəkildə iş aparmışlar.
 
 
Saxta “erməni soyqırımı” təbliğatı hazırda bilavasitə Türkiyə dövlətinə qarşı yönəlsə də, əslində bir çox maraqlı dairələr tərəfindən bütün türk-müsəlman dünyası hədəfə alınmış, o cümlədən Azərbaycan dövlətinə qarşı yönəldilmiş mənfur bir siyasətə çevrilmişdir. Ümumiyyətlə, 1980-ci illərin sonlarından Azərbaycana qarşı başlanan və həyata keçirilən növbəti ərazi iddiaları da məhz həmin məkrli “erməni soyqırımı” siyasətinin davamı kimi həyata keçirilmiişdir. Təəssüf doğuran hal odur ki, son 20 ildə dünyanın 30-a yaxın ölkəsinin parlamenində heç bir tarixi araşdırma aparmadan, tarixçilərin görməli olduğu işin məsuliyyətini öz üzərlərinə götürərək, çoxsaylı məkrli siyasi dairələr “erməni soyqırımı” haqqında uydurma qərarlar qəbul etmişlər....
 
 

RUS ÇARİZMİNİN QAFQAZDA İŞĞALÇILIQ SİYASƏTİNİN BAŞLANMASI: ERMƏNİLƏRİN SƏFƏRBƏR EDİLMƏSİ VƏ AZƏRBAYCAN ƏRAZİLƏRİNƏ KÖÇÜRÜLMƏSİ, “ERMƏNİ FORPOSTU” YARATMAQ PLANLARI

 
 
Tarixi mənbələr göstərir ki, ermənilərin xarici dövlətlərin ərazisindən Cənubi Qafqaza, xüsusən də Şimali-Qərbi Azərbaycan ərazilərinə köçürülməsi və məskunlaşdırılması prosesi rus çarizminin və digər maraqlı dairələrin məqsədyönlü siyasəti kimi bir neçə mərhələdə həyata keçirilmişdir.
 
 
Birinci mərhələ- XVI-XVII əsrlərdə və XVIII əsrin ilk rübündə Səfəvi-Osmanlı müharibələrinin gedişində osmanlı ordusunda xidmət edən ermənil zabitlərin təşkilatçılığı ilə, sonrakı illərdə isə Rusiya imperatoru I Pyotrun tapşırığı ilə çoxsaylı erməni ailələri İran və Türkiyədən Cənubi Qafqaza köçürülmüş və Azərbaycanın fərqli-fərqli ərazilərində məskunlaşdırılmışdır. Mənbələrin məlumatına görə, təxminən elə həmin dövrdə- XVII əsrin sonu və XVIII əsrin I yarısında ilk dəfə erməni kilsəsinin rəhbərləri və ideoloqları “Şərqi Anadolluda və Cənubi Qafqazda gələcək erməni dövlətinin yaradılması” layihəsini hazırlayaraq, “erməni məsələsi” adı ilə katalikosun imzası ilə həm rus çarına, həm də Qərbi Avropanın xristian ölkələrinin başçılarına göndərmişlər. Mövcud layihədə onlar “qurulacaq erməni dövlətlərinin əsasən Səfəvilərə məxsus Azərbaycan ərazilərində, o cümlədən Osmanlı dövlətinə məxsus Şərqi Anadolu torpaqlarında” yerləşdirilməsini nəzərdə tuturdular. Layihəyə görə Cənubi Qafqazda qurulacaq erməni dövlətləri - “birləşmiş erməni-gürcü dövləti”, “birləşmiş erməni-alban knyazlığı” və “Ararat krallığı” formasında yaradılmalı idi. Bundan əlavə, ermənilər Şərqi Anadolu ərazisində ayrıca bir “Qərbi Ermənistan krallığı”nın qurulmasını da təklif edirdilər.
 
 
Qeyd etmək lazımdır ki, “erməni məsələsi” bütün dövrlərdə Rusiya imperiyasının və Qərbin aparıcı xristian dövlətlərinin Osmanlıya qarşı Qara dəniz hövzəsi və Balkanlarda həyata keçirdikləri geosiyasi mübarizələrin, ruslarınsa ayrıca olaraq Qafqazda, Xəzər-Qara dəniz hövzələrində və Şərqi Anadolluda həyata keçirdiyi işğalçı imperiya siyasətinin tərkib hissələrindən hesab olunmuşdur. Əksər tarixi faktlar sübut edir ki, Rusiya tarixində I Pyotrdan başlayaraq (1682-1725), II Yekaterina da daxil (1762-1796), bütün sonrakı imperatorların zamanında çarizmin regional siyasətində, bütöv Qafqazın və digər ətraf ərazilərin işğalında, Rusiyanın regional maraqlarının təmin olunnmasında həmişə “erməni məsələsi”nə xüsusi önəm vermişlər. Rus tarixinin sonrakı dövrlərində- çar I Pavel (1796-1801), I Aleksandr (1801-1825), I Nikolay (1825-1855) və 1917-ci il bolşevik inqilabı baş verənə qədər sonrakı bütün hökmdarlar imperiyanın Qafqaz siyasətinin həyata keçirilməsində “etibarlı tərəfdaş kimi” ermənilərə həmişə xüsusi rol ayırmış və yüksək etimad göstərmişlər. Əlbəttə, ermənilər də onlara ayrılan belə xüsusi rolu uğurla yerinə yetirməklə yanaşı, həm də özləri üçün geniş və hərtərəfli imtiyazlar qazanmışlar. Bu imtiyazlar hüquqi-siyasi cəhətdən I Pyotrun erməni xalqına 1724-cü il 10 noyabr tarixli fərmanında, 1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsində, 1829-cu il Ədirnə müqaviləsinin 13-cü maddəsində, 1856-cı il Krım, 1878-ci il San-Stefano sülh müqavilələrində və sonrakı illərdə rusların iştirakı ilə imzalanan əksər dövlətlərarası sənədlərdə öz əksini tapmışdır.
 
 
 
II Yekaterinanın birbaşa göstərişi ilə rus strateqləri “İrana və Türkiyəyə qarşı Cənubi Qafqazda Rusiyanın siyasi və strateji forpostuna çevriləcək vassal erməni dövlətinin yaradılması” haqqında xüsusi strateji plan hazırlamış və həyata keçirilməsi istiqamətində məqsədyönlü iş aparmışlar. Belə “forpost dövlətlər” məkan olaraq İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazilərində, o cümlədən Azərbaycanın Xəzərsahili bölgəsində qurulmalı idilər. Göründüyü kimi, ermənilərin arzu etdiyi və rusların layihələndirdiyi gələcək “erməni dövlətləri”nin yaradılması ideyasının arxasında ilk növbədə rus imperiyası dayanırdı və bu prosesin Şimal-Qərbi Azərbaycan torpaqlarından başlanması, İrəvan və Naxçıvan xanlıqlarının ərazisində “Erməni vilayətinin” yaradılmasına göstərilən cəhd də kifayyət qədər real görünürdü.
 
 
Ermənilərin Cənubi Qafqaza köçürülməsi siyasətinin ikinci əsas mərhələsi XIX əsrin I rübündən başlayaraq, əsrin ortalarına qədər davam etmişdir. Rusiya bu mərhələdə- İran və Türkiyə ilə həyata keçirdiyi çoxillik müharibələrin gedişində və başa çatmasından sonra, ilk növbədə əsas məsələ kimi regionda yaşayan ermənilərin öz himayəsi altına keçən ərazilərə köçürürülməsi işini tamamlayır. Hər iki müharibədə bütövlükdə Cənubi Qafqazı, Xəzər hövzəsinin Şimal rayonlarını, o cümlədən bütün Şimali Azərbaycanı işğal edən Rusiya Türkiyə və İrana qarşı çoxillik müharibədə istifadə etdiyi “erməni məsələsini” tamamlamaq üçün müharibə apardığı hər iki ölkənin ərazisində yaşayan ermənilərin bir qisminin mövcud ərazilərə köçürülməsi və məskunlaşdırılmasını təmin edir. Tarixi faktlar göstərir ki, strateji baxımdan Cənubi Qafqazda mühüm əhəmiyyətə malik olan Azərbaycan torpaqlarına, xüsusən də Qarabağ bölgəsinə, Naxçıvan və İrəvan ərazilərinə, Zəngəzura, Araz boyu kəndlərə və Yuxarı Qarabağa İrandan və Türkiyədən çoxsaylı erməni əhalisi köçürülür. Çar Rusiyasının Qafqazı işğal etməsi, ardından da bu ərazilərə ermənilərin və başqa millətlərin köçürülməsi haqqında N.N.Şavrov yazırdı ki: “Biz müstəmləkəçilik fəaliyyətimizə Qafqaza rus əhalisinin deyil, xaricilərin (ermənilərin-Ə.H.) köçürülməsindən başladıq. Vətəndə arzuedilməz ünsürlər sayılan bu kolonistlərdən Tiflis və Yelizavetpol (Gəncə-Ə.H.) quberniyalarında koloniyalar yaratdıq. Onlara ən yaxşı torpaqlar ayrıldı və müxtəlif imtiyazlar verildi”.
 
 
Tarixi faktlar göstərir ki, çar Rusiyasının Cənubi Qafqaz və Şərqi Anadolluda “erməni məsələsini” xüsusi qabartması, onların bütün antitürk hərəkətlərini mükafatlandırması və bu zəmində də gələcək erməni dövlətini yaratmaq siyasəti heç də rusların ermənilərə olan böyük sevgisindən irəli gəlmirdi. Bu siyasət, ilk növbədə rus imperiyasının mühüm geosiyasi əhəmiyyəti olan Xəzər-Qara dəniz hövzəsi, Cənubi Qafqaz və Şərqi Anadollu ərazilərinə sahiblənmək, mövcud regionda başladığı işğalçılıq siyasətini tamamlamaq istəyindən doğurdu. Sadəcə bəhs olunan məqsədləri reallaşdırmaq üçün “erməni məsələsi”ndən əlverişli bir alət kimi yararlanırdı ki, ermənilər də bu siyasətdən öz xeyirlərinə bəhrələnməyi çox gözəl bacarırdılar. Məhz elə bu “qarşılıqlı etimad” fonunda da, XIX əsrin əvvəllərində Cənubi Qafqazın işğalını başa çatdıran çar Rusiyası Cənubi Qafqazda, Azərbaycanın qədim torpaqları sayılan İrəvan və Naxçıvan ərazilərində ilk erməni vilayətini yaradır. Rus çarı I Nikolayın 1828-ci il 21 mart tarixli fərmanı ilə mövcud ərazilərdə “Erməni vilayəti” yaradılır və onun idarə olunmasında aparıcı rol sayca qat-qat çox olan azərbaycanlılara deyil, məhz azlıq təşkil edən ermənilərə tapşırılır. (Bax: S. Qasımov. “24 aprel soyqırımı” erməni uydurmasıdır// www.1905.az)
 
 
Rus çarizminin ermənilərə xüsusi himayədarlığı sonrakı illərdə də davam etmişdir. XIX əsrin sonu-XX əsrin əvvələrində, o cümlədən Birinci Dünya müharibəsi illərində ermənilərin Cənubi Qafqaza köçürülməsinin üçüncü mərhələsi başlamış və bu proses 1920-ci illərə qədər davam etmişdir. Təkcə 1896-cı ildən 1908-ci ilədək — 13 il müddətində Cənubi Qafqaza xarici ölkələrdən 400 min erməni köçürülmüşdür. Bu barədə N.N.Şavrov yazır: “1896-cı ildə general-adyutant Şeremetyev Zaqafqaziyada yaşayan ermənilər haqqında məlumatında onların sayının 900 min nəfər olduğunu göstərmişdir. 1908-ci ildə isə onların sayı 1 milyon 300 min nəfərə çatmışdır, yəni bu müddət ərzində ermənilər 400 min nəfərdən artıq çoxalmışlar. Hal-hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min ermənidən 1 milyon nəfəri diyarın köklü sakinləri deyil. Onları buraya biz köçürmüşük”.
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərinə, o cümlədən Zəngəzur bölgəsinə, Arza çayı boyu İran-Rusiya sərhəd ərazilərinə edmənilərin kütləvi köçürülməsi prosesi 1915-1920-ci illərdə davam etmiş və Şərqi Anadolludan yüz minlərlə erməni bu torpaqlarda məskunlaşdırılmışdır. Ermənilərin kütləvi şəkildə Şimali Azərbaycan ərazilərinə köçürülməsi, əlbəttə ki, bölgədə demoqrafik vəziyyətə ciddi təsir göstərmiş və əhalinin milli tərkibini ermənilərin xeyirinə ciddi formada dəyişmişdir.
 
 
1897-ci ildə əhalinin siyahıya alınması zamanı təkcə Qarabağda yaşayan 54 min 841 ailədən 29 min 350-sinin azərbaycanlı, 18 min 616-sının isə erməni ailəsi olduğu bildirildiyi halda, 1917-ci ildə yeni köçürülənlərin hesabına ermənilərin sayı bu məkanda süni şəkilə artırılaraq ümumi əhalinin 46 faizini, azərbaycanlılarsa 51 faizini təşkil etmişdir.
 
 

DÜNYA İMPERİALİST DÖVLƏTLƏRİNİN BALKANLARDA YÜRÜTDÜYÜ ANTİTÜTK SİYASƏTİ FONUNDA “ERMƏNİ MƏSƏLƏSİ”NİN YENİDƏN GÜNDƏMƏ GƏTİRİLMƏSİ

 
 
“Erməni xalqı” və “erməni məsələsi” rusların ardınca 1850-ci illərdən başlayaraq tədricən Avropa Qitəsində, Osmanlı imperiyasının hakim olduğu Balkanlarda, Yaxın və Orta Şərqdə, o cümlədən digər əyalətlərdə gündəmə gətirilir. Bu amildən ruslarla yanaşı, ingilis və fransızlar da diplomatik danışıqlarda geniş istifadə edilməyə başlayırlar. “Erməni məsələsi və Osmanlı hökmranlığı altındakı digər xristian xalqlarının hüquqları” mövzusu regiondakı əksər rus-türk və türk-ingilis, türk-fransız qarşıdurmalarında, qısamüddətli müharibələrinin ərəfəsi və gedişində xüsusi qabardılmış, məqsədyönlü şəkildə gündəmə daşınaraq, qarşıllıqlı təzyiq vasitəsi və siyasi alət kimi Osmanlıya qarşı istifadə olunmuşdur. Yuxarıda qeyd olunduğu kimi, Rusiya ilə İran arasında bağlanmış Gülüstan (1813), Rusiya-Türkiyə arasındakı Türkmənçay (1828), yenə də onlar arasındkı Ədirnə (1829) sülhündən sonra bölgədə yaşanmış əksər qısa və uzunmüddətli toqquşma və müharibələrdə- 1855-56, 1859, 1864-1866, 1870, 1877-1878-ci hadisələrinin hər birində “erməni məsələsi” danışıqların əsas mövzularından biri olmuşdur. Rusiya və Qərbin xristian dövlətlərinin səyi ilə bu məsələ mütəmadi olaraq regionda baş verən qarşıdurmaların gündəminə salınmış, dövlətlərarası danışıqların yekun nəticələrində, sülh müqaviləsi və aktlarında əks etdirilmişdir.
 
 
“Erməni məsələsi” avropalılar tərəfindən siyasi hədəf olaraq ilk dəfə açıq formada Qara dəniz hövzəsi və Balkanlardakı rus-türk qarşıdurması, xüsusən də 1855-1856-ci illər Krlm müharibəsinin gedişi və sonrakı danışıqlarda istifadə olunmuşdur. Bu müharibədə dolayısı ilə Osmanlıya dəstək verən Avropanın bəzi imperiya dövlətləri, xüsusən də İngiltərə və Fransa Osmanlının Rusiya üzərindəki qələbəsinə nail olduqdan sonra başlanan sülh danışıqlarında, o cümlədən bu danışıqların davamı kimi Rusiya-Osmanıl-Avropa münasibətləri çərçivəsində təşkil olunmuş 1856-cı il Paris sülh konfransında “erməni məsələsi”ni açıq formada gündəmə gətirmiş və bəyannamədə əks etdirmişlər.
 
 
Paris sülh müqaviləsində Avropanın superdövlətlərinin Rusiya və Osmanlı ilə kəsişən və toqquşan geosiyasi maraqları çərçivəsində “ermənilərin milli hüquq və azadlıqlarının təmin olunması” məsələsi avropalı diplomatlar üçün ilk dəfə olaraq, xüsusi cəlbedici bir amilə çevrilmiş və elə buna görə də imzalanan sənədlərdə yazılı şəkildə öz əksini tapmışdır. Bu iki sənəd həmin dövrdə Rusiya, İngiltərə və Fransanın bəri başdan “gələcəkdə Osmanlı imperiyasına qarşı, Osamanlının nəzarəti altında olan bir çox Avropa, Asiya və Anadolu torpaqları uğrunda hərbi əməliyyatlara başlayacağı və bu əməliyyatlar zamanı erməni kartından geniş istifadə edəcəyinə” açıq işarə idi. Söz yox ki, getdikcə əvvəlki aparıcı mövqelərini itirməkdə olan Osmanlı imperiyasını daha “asanlıqla sıradan çıxarmaq və tarix səhnəsindən silmək, onun Avrasiyadakı mülklərinə və torpaqlarına yiyələnmək üçün daxili mərkəzdənqaçma qüvvələrini arayıb-araşdırmaq, tapıb təşkilatlandırmaq və gücləndirərək, dövləti bu yolla içəridən zəiflətmək” rəqiblərin işinə yarayırdı. Odur ki, İngiltərə, Fransa və Rusiya kimi superdövlətlər özlərinin imperiya maraqları çərçivəsində Osmanlı idarəçiliyi altında yaşayan əksər xristian və qeyri türk xalqlardan, xüsusən də yunanlardan, ermənilərdən, yəhudilərdən, assuriyalılardan, ərəblərdən və başqalarından istifadə edərək, “erməni məsələsi”nə bənzər çoxsaylı süni problemlər yaratmaqla, belə amillərdən bir dayaq nöqtəsi, təsir vasitəsi kimi istifadə etməyə qərar verirlər.
 
 
1877-1878-ci illərin rus-türk müharibəsində Türkiyənin ağır məğlubiyyəti və Rusiyanın Krım müharibəsindəki bütün itkilərin əvəzini ikiqat çıxması, Balkanlarda Varna, Anadolluda Qars, Qara dənizdə Krım və s. kimi əraziləri ələ keçirməsi “erməni məsələsini” də qabardaraq, yenidən regionun siyasi və dövlətlərarası gündəminə gətirdi. Müharibənin yekununda 1878-ci il fevral ayının 19-da Rusiya ilə Osmanlı arasında Bolqarıstanın San-Stefano qəsəbəsində bağlanan sülh müqaviləsinin 16-cı paraqrafında “erməni məsələsi” ayrıca olaraq müqaviləyə salınmış və sonrakı dövr üçün “Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin milli maraq və mənafelərinin, daxili təhlükəsizliklərinin təmin olumasının” xüsusi istinad mənbəyinə çevrilmişdir.Tarixi mənbələrin məlumatına görə, bu müqavilədən sonra ermənilər başda kilsə və varlı erməni tacirləri olmaqla, həm Osmanlı ərazisində, həm də Rusiya imperiyasının ermənilər məskunlaşan məkanlarında “milli-dini konsolidasiya” sahəsində ciddi fəaliyyətə başlayırlar. Bəhs olunan dövrdə bütün dünyada, o cümlədən Rusiyada getdikcə vüsət alan liberal burjua hərəkatının təsiri ilə erməni millətçiləri İstanbul, Kayseri, Bursa, Moskva, Tiflis, Bakı və s. kimi şəhərlərdə, kompakt yaşadıqları vilayət və mahallarda özlərinin mətbuat və digər təşviqat vasitələrini yaratmağa başlayırlar. Sonnrakı illərdə həmin təşviqat vasitələrinin köməyi ilə ermənilər arasında “milli özünüdərkin oyanması” və hətta döyüşkən millətçilik təbliğatına başlayırlar.
Əlbəttə, erməni millətçiləri çox yaxşı dərk edirdilər ki, böyük dövlətlərin- Rusiya, İngiltərə və Fransa kimi himayədarların dəstəyi olmadan, onlar müstəqil şəkildə bu məkanda nə dövlət qura bilər, nə də müstəqil varlıq kimi yaşaya bilməzlər. Odur ki, onlarin dini liderləri xarici aləmin Osmanlı imperiyasına yönəlik xəbis maraqlarından məharətlə bəhrələnərək, “erməni məsələsi” ilə “Osmanlının iflası” siyasətini bir hədəfdə birləşdirərək, Rusiya və Avropanın xrisrian dövlətlərinin qapısında lövbər salmağa başlayırlar. Xüsusən, 1878-ci ildə Rusiyanın zəifləmiş Osmanlı imperiyasını öz xeyirinə çoxsaylı güzəştlərə məcbur etməsi və bu işdə “erməni məsələsi”dən məharətlə yararlanması, bəhs olunan dairələrin də xüsusi təqdimatı nəticəsində həmin dövrdə Qərb dövlətlərinin siyasi-diplomatik mərkəzlərində ciddi əks-səda doğurmuşdu. Zəifləmiş və öz iflasının son mərhələsinə qədəm basmış Osmanlı imperiyasını daxili çəkişmə və və xarici müdaxilə yolu ilə parçalamaq, çoxsaylı ərazilərini ələ keçirmək və pay-püşk etmək, daha çox ərazi və qənimət ələ keçirmək uğrunda dünyanın ən güclü altı xristian dövləti- imperialist gücləri məhz belə bir dövrdə Birinci Dünya müharibəsinə qərar verirlər.
 
 
Beləliklə, göründüyü kimi, Rusiyanın ardından Qərbin əsas imperialist dövlətləri də ciddi təsir gücünə və cəlbedicilik əmsalına malik vasitə kimi, həm Balkanlarda, həm də Anadolluda kompakt yaşayan yerli qeyri-müsəlman xalqlardan istifadə etməyə, “erməni məsələsi” və ona bənzər digər amilləri qabardaraq, Osmanlı imperiyasına qarşı istifadə etməyə qərar verirlər. “Erməni məsələsi” XX-ci əsrin əvvəllərində, xüsusən Birinci Düya müharibəsi ərəfəsində Rusiyasının və Qərbin imperialist dövlətlərinin xüsusi səyi ilə artıq tam hüquqlu beynəlxalq status alır. Bu məsələ dövrün əsas işğalçı imperiyaları- İngiltərə, Fransa və Rusiya tərəfindən “Şərq məsələsi” adlanan daha geniş geosiyasi mübarizə hədəfinin tərkib hissələrindən biri kimi önə çıxarılır və beynəlxalq münasibətlərin gündəmində saxlanılır.
 
 
“Şərq məsələsi” adlanan məkirli planın və geosiyasi mübarizə hədəfiinin də əsas mahiyyəti “bir vaxtlar Osmanlının hökmranlığı altında olan Avrasiya regionunda- Yaxın və Orta Şərq bölgəsində, xüsusən də müsəlman dünyasında Osmanlı imperiyasının süqutundan sonra yeni-yeni kiçik dövlətlər, tayfa-dövlət birlikləri yaradaraq, mövcud məkanlarda iri, söz sahibi ola biləcək müsəlman dövlətlərinin meydana gəlməsinə imkan verməmək, bu ölkələr arasında müxtəlif ziddiyyətlər yaradaraq onlar üzərində təsir mexanizmlərini qoruyub saxlamaqdan” ibarət idi. “Erməni məsələsi” xristian dünyasının öz mənfur “Şərq siyasəti”ni reallaşdırması yolunda Osmanlı imperiyasının daxildən zəiflədilməsinə hesablanan xain və xəbis bir imperialist siyasətinin tərkib hissəsi idi. Məlumat üçün deyd edək ki, 1922-ci ildə Osmanlı imperiyasının varlığına son qoyulduqdan sonra, onun tərkibinə daxil olan Avopa ərazilərində 16, Qafqazda 3, Yaxın və Orta Şərqdə 15, Afrika qitəsində 15 yeni dövlət yaranmışıdr.
 
 

ÇAR RUSİYASININ TƏHRİKİ İLƏ ERMƏNİLƏRİN 1915-Cİ İLDƏ OSMANLI ƏRAZİSİNDƏKİ XƏYANƏTKAR HƏRƏKƏTLƏRİNİN BAŞLANMASI VƏ AĞIR NƏTİCƏLƏRİ

 
 
Rusiya ilə Osmanlı arasında XIX əsrin ikinci yarısında baş vermiş iki müharibənin nəticələri ilə bağlı 1856-cı ildə təşkil olunmuş Paris konfransı və 1878-ci il San-Stefano danışıqlarında Avropa dövlətləri arasında ciddi ziddiyyətlər və diplomatik çəkişmələr özünü büruzə verdi. Sonuncu danışıqlar masası arxasında artıq hər kəsə məlum oldu ki, yenidən qruplaşma və müstəmləkələr uğrunda dünya müharibəsi qaçılmazdır. Belə də oldu, 1883-cü ildə dünyanın müstəmləkə sərvətlərinədən “öz payı”nı tələb edən Almaniya dövləti Avstriya-Macarıstan və İtaliyanı da cəlb edərək Üçlər İttifaqı adlanan hərbi blok yaratdı (1914-cü ildə Osmanlı, 1915-ci ildə Bolqarıstan mövcud bloka qoşulur) və ciddi şəkildə müstəmləkələr uğrunda müharibəyə hazırlaşmağa başladı. Bunun ardınca 1907-cu ildə İngiltərə, Fransa və Rusiya bir araya gələrək, yeni bir blok- Antanta hərbi blokunu formalaşdırır.
 
 
“Erməni məsələsi” Birinci Dünya müharibəsi ərəfəsində də, eynən son iki əsrdə Anadollu, Xəzər-Qara hövzəsi və Cənubi Qafqaz bölgəsindəki Rusiya-Osmanlı, Rusiya-İran, Osmanı-Qərb və s. qarşıdurmalarda olduğu kimi, yenə diqqət mərkəzinə çıxarılmış, hər bir dövlət bu amildən öz maraqları çərçivəsində istifadə etməyə çalışmışdır.
 
 
Rusiya imperiyası erməniləri “bir xalq olaraq”, “monolit bir qüvvə kimi” ilk dəfə türklərə qarşı 1877-1878-ci il rus-türk müharibəsində sınaqdan çıxarmışdı. Bu müharibədə ermənilərdən təşkil edilmiş xüsusi 60 minlik süvari dəstə ruslarla çiyin-çiyinə Osmanlıya qarşı vuruşmuşdur. Həmin dövrdə Osmanl rəsmiləri ermənilərin müəyyən satqın hərəkətlərini qeydə alaraq, öz ərazisində yaşayan erməni liderlərini bir araya toplamış və ermənilərin ruslarla əlaqələrinin kəsilməsii istiqamətində bəzi tədbirlər də görmüşdür. Bu istiqamətdə 25 aprel 1877-ci ildə mövcud müharibə ilə bağlı türk parlamentində “ermənilərin maraqlarının təmin olunması” istiqamətində xüsusi bir dinləmə təşkil olunmuş, parlamentin erməni millət vəkillərini mövqe bildirməyə dəvət etmişlər. Həmin vaxt Osmanlı parlamentinin erməni millət vəkillərini əsl simalarını gizlədərək: “erməni xalqının Rusiyanın köməyinə ehtiyacı olmadıqlarını səsləndirmiş və heç bir zaman türk qardaşlarından ayrılmayacaqlarına söz vermişlər”. Lakin, hadisələrin sonrakı gedişi göstərir ki, Türkiyə ərazisində yaşayan ermənilər də fürsət düşən kimi öz ölkəsinə xəyanət etmiş, həm 1877-1878-ci illər müharibəsində, həm də sonrakı dövrdə, xüsusən də Birinci Dünya müharibəsində əksər antitürk dairələrlə və düşmən bloklarla gizli sövdələşmələrə girmiş, Osmanlının çiyni arxasında öz xəyanətkar separat danışıqlarını aparmışlar.
Mənbələrin verdiyi məlumata görə, Osmanlı imperiyasına qarşı erməni xəyanətlərinin vüsət almasında həlledici rol oynayan əsas məqamlardan biri də, Birinci Dünya müharibəsi ərəfəsində Rus imperatoru II Nikolayın Qafqaza etdiyi səfər və bu səfər çərçivəsində bölgədə yaşayan ermənilərlə keçirdiyi görüş olmuşdur. Rus çarının həmin görüşdə ermənilərə “Osmanlıya qarşı birgə mübarizə sahəsində əməkdaşlıq” təklif etməsi regiondakı erməniləri xeyli fəallaşdırmış və silaha sarılaraq türklərə qarşı müharibəyə qoşulmağa ruhlandırmışdır. Mənbələrin məlumatına görə, rus çarı Tiflisdəki nitqini o zaman belə bitirmişdi: “Qoy rus bayrağı altında üzən gəmilər bundan sonra Bosfor və Dardanel boğazlarında sərbəst hərəkət etsin. Qoy erməni xalqı Rusiyanın köməyi ilə Osmanlı ərazisində öz müstəqil dövlətini yaratsın. Çar hökumətinin himayəsi altında qan qardaşlarımızla birləşərək, nəhayət, hürriyyət və ədalət nemətlərinə qovuşacaqsınız. Ermənilərin sədaqətinə inanıram, erməni xalqını xoş gələcək gözləyir. Sizi əmin edirəm ki, arzunuz yerinə yetiriləcək”. (Bax: S. Qasımov. “24 aprel soyqırımı” erməni uydurmasıdır// www.1905.az)
 
II Nikolayın ermənilərlə görüşünün və təhrikedici çıxışının ardından həm Cənubi Qafqazda, həm də Şərqi Anadolluda yaşayan ermənilərin kişi qismindən olan bütün sakinləri qısa müddət ərzində silahlanaraq, Rusiya tərəfindən müharibəyə qoşulurlar və Osmanlıya qarşı yeni bir cəbhə açırlar. 1914-cü il noyabrın 1-də işğalçı rus ordusunun Qafqaz istiqamətində Osmanlı sərhədlərini keçməsi və Şərqi Anadolluya daxil olması nəticəsində bu ərazilərdə yaşayan əksər yerli ermənilər silahlanaraq, türklərə qarşı kütləvi hərəkətə başlayırlar. Bəhs olunan dövrdə türk kəşfiyyat orqanları ermənilərin bu xəyanətkar addımlarını qeydə alaraq, mərkəzi hökumətə xəbər vermişlər. Bütün bu xəyanət faktlarını nəzərə alan Osmanlı hökuməti, erməni əhalinin yardımı ilə Şərqi Anadolunun Rusiyanın nəzarəti altına keçməsindən ehtiyat edərək, bəzi qabaqlayıcı tədbirlərə əl atmaq məcburiyyətində qalmışdı.
 
 
Tarixi mənbələrin məlumatına görə, bəhs olunan dövrdə hökumətin tapşırığı ilə, 3-cü Osmanlı ordusuna rəhbərlik edən Ənvər paşa Ərzurumda bir qrup erməni liderləri ilə görüş keçirmiş və onları xəyanətkar hərəkətlərdən çəkindirməyə çalışmışdır. Lakin, bu görüçdə Ənvər paşa yəqin etmişdir ki, müharibə başlayacağı təqdirdə bölgədə yaşayan təxminən 70 min erməni əhali Osmanlını müdafiə etməyəcək, əksinə ruslara qatılaraq öz ölkələrinə qarşı mübarizə aparacaqlar. Əsl erməni xisləti məhz həmin görüş zamanı və sonrakı proseslərdə ortaya çıxmışdır.
 
 
Müharibə başlar-başlamaz yerli ermənilərdən Vahan Papazyan, Qaregin Basdırmacıyan və Ambarsum Boyacıyanın rəhbərlik etdiyi silahlı dəstələr qəflətən hərəkətə keçərək, Kars, Ərzurum, Van, Maraş, Muş kimi bölgələrdə yerli müsəlman əhaliyə divan tutmağa başlayır. 1915-ci ilin yanvar-mart ayları ərzində rus ordularının bir-birinin ardınca bölgənin bəhs olunan yaşayış məntəqələrini işğal etməsi ilə, yerli erməni əhalinin kişi qismindən olan bütün sakinləri də silahlanaraq, ətrafdakı türklər yaşayan kəndləri dağıtmağa, bölgədə yaşayan 179.380 nəfər türk-müsəlman əhalini işgəncələrə məruz qoyaraq ev-eşiyindən didərgin salmağa başlayır. Mənbələrin verdiyi məlumata görə, bölgədə erməni vəhşilikləri o qədər qəddarcasına həyata keçirilirdi ki, hətta rus ordusunun zabit və əsgərləri əhalinin bir qismini ermənilərin əlindən alaraq, qaçmalarına şərait yaratmışlar. Həmin günlərdə erməni silahlıları 20 mindən artıq türkü və digər müsəlman əhalini qətlə yetirmiş, 100 mindən artıq insanı regiondan didərgin salmışdır. (Bax: İ.Öztek. 100 yilında ermeni sorunu. İstanbul, Murat Sabah yayın, 2015.s. 46-47.)
 
 
Antanta blokunun qələbələri aydın hiss olunduqca müttəfiqlərin yaratdığı əlverişli imkanlardan, türklərin müharibədəki çətin vəziyyətindən və rusların birbaşa dəstəyindən istifadə edən erməni hərbi birləşmələri öz namərd xislətlərinə uyğun olaraq ətrafdakı türk yaşayış məntəqələrini bir-birinin ardınca ələ keçirməyə, yerli türk-müsəlman əhalini kütləvi şəkildə məhv etməyə, yurd-yuvasından didərgin salmağa başlayırlar. Rus ordusunun himayəsi altında Şərqi Anadoluda ermənilər bir həftə ərzində yerli türklərə qarşı çoxsaylı kütləvi qırğınlar törədərək, günahsız dinc əhaliyə divan tutmuş, qısa zaman kəsiyində 100 minə yaxın insanı öz ata-baba yurdundan didərgin salmışdır.
 
 
1915-ci ilin yanvarında rus ordusu tərəfindən Sarıqamışın ələ keçirilməsi nəticəsində quldur ermənilərin törətdiyi kütləvi müsəlman-türk qırğınlarının miqyası da genişlənmiş və yeni-yeni əraziləri əhatə edərək, yüz minlərlə dinc əhalini vəhşicəsinə işgəncələrə məruz qoymuşdur. Son illərdə dərc olunmuş çoxsaylı arxiv materialları sübut edir ki, Birinci Dünya müharibəsinin gedişində Osmanlının təbəəsi sayılan və hərbi qulluğa cəlb edilmiş ermənilərdən ibarət döyüşçülər də daxil, bu millətinin kişi qisminə aid əksər əhalisi silahlanaraq, Birinci Dünya müharibəsində öz dövlətinə qarşı mübarizəyə qoşulmuş, erməni əsgərləri Osmanlının hərbi mövqelərini tərk edərək, kütləvi şəkildə düşmən tərəfə keçmişlər. Sonrakı üç illik müharibə dövründə, xəyanətkarlar erməni dəstələri silahlılarını öz həmvətənlərinə qarşı yönəldərək, rəqib orduların, xüsusən rusların ələ keçirdiyi ərazilərdə çoxsaylı türk-müsəlman qırğınlarına şərait yaratmış, dinc əhaliyə kütləvi işgəncələr vermiş və türk-müsəlman əhalinin qətliamının əsas təşkilatçılarına çevrilmişlər. Rus, ingilis və fransız ordularının ayaq basdığı və ələ keçirdiyi əksər imperiya ərazilərində, bəhs olunan xəyanətkar erməni silahlıları arxa cəbhədəki yerli erməniləri də silahlılandıraraq dinc əhalini, xüsusən türkləri və müsəlmanları xüsusi qəddarlıqla qətlə yetirmiş, öz yurd-yuvasından didərgin salmış, yerli hökumət orqanlarına hücum təşkil edərək, hakimiyyətə qarşı kütləvi qiyam qaldırırmışlar. Təbii ki, bu işdə əsas rolu rəqib ordularının hərbi komandanlığı oynayırdı və yerli ermənilərdən türklərə qarşı alət kimi istifadə edərək, Osmanlını daxildən parçalamağa və məğlub etməyə can atardı.
 
 
Beləliklə, tarixi araşdırmalar göstərir ki, çar Rusiyası. İngilislər və fransızlar Birinci Dünya müharibəsinin nəticəsindən asılı olaraq Osmanlı ərazisində gələcəkdə “erməni muxtar dövləti”nin yaradılmasına təminat verməklə, Osmanlı dövlətinin tərkibində yaşayan erməniləri türklərə qarşı açıq müharibəyə sövq etmişdir. Bu şirin vədlərdən və digər şirnikləndirmələrdən ruhlanan silahlı erməni quldur dəstələri isə Şərqi Anadoluda və Cənubi Qafqazda türk-müsəlman əhalinin kütləvi soyqırımını həyata keçirmişlər.
 
 

XƏYANƏTKAR ERMƏNİLƏRİN ŞƏRQİ ANADOLLUDAN CƏBHƏARXASI ƏRAZİLƏRƏ KÖÇÜRÜLMƏSİ

 
 
Qeyd olunduğu kimi, 1915-ci ilin aprel-may aylarında Osmanlı imperiyasının bəzi ərazilərindən ermənilərin məcburi qaydada digər bölgələrə müvəqqəti köçürülməsi faktını və onun ətrafında cərəyan edən hadisələri ermənilər uzun müddətdir ki, “kütləvi qırğın”, “böyük fəlakət” və “soyqırımı” (genosid) adlandıraraq, bütün dünyada türklərə qarşı çirkin kompaniya aparırlar.
 
 
Tarixi ədəbiyyatda göstərilir ki, ermənilər bütün dövrlərdə Osmanlı imperiyası ərazisində ən üstün hüquqa malik olan etnik toplum olmuşdur. XX əsrin birinci rübündə bütün imperiya ərazisində ermənilərin ümumi sayları, təxminən 1 milyon 250 min nəfər olmuşdur. (bunun 450 min nəfəri Şərqi Anadollu ərazilərində yaşayırdı). Faktlar sübut edir ki, Osmanlı dövlətində ermənilərə yaradılan üstün şərait və göstərilən xüsusi etimad imperiya tarixində başqa heç bir xalqa və etnik azlığa nəsib olmamışdır. Osmanlı dövründə imperiya hüdudlarında erməni millətinə mənsub onlarla paşa, nazir, millət vəkilləri, valilər, yerli hakimlər və məmurlar, universitet müəllimləri və digər seçilmiş mövqe sahibləri mövcud olmuşdur. Vaxtilə milləti-sadıka kimi (sadiq millət) xarakterizə edilən türkiyə erməniləri sırasından 29 paşa, 22 nazir, 33 millət vəkili, 7 səfir, 11 baş konsul, 11 universitet müəllimi, 41 yüksək rütbəli məmurlar olduğu göstərilir. Hətta, Osmanlı dövlətində çox nadir xalqlara “əhli-kitab” statusu tanınmışdır ki, bu üstün hüquqlu xalqların önündə ermənilər gedirdi.
Tarixi materiallar sübut edir ki, türk tarixində Alp Arslandan üzü bəri, Sultan Mehmet Fatihdən üzü bəri, son Osmanlı Sultanlarına qədər- bütün dövrlərdə türklər ermənilərə qarşı daim xüsusi milli və dini tolerantlıq göstərmiş, imperiya ərazisində onlara hər çür şərait yaratmış, vətəndaş haqlarına sayğı göstərmiş, çoxsaylı erməni kilsəsələrinin açılmasına şərait yaratmışlar. Ümumiyyətlə, obyektiv baxılsa və dəyərləndirilsə Osmanlı ərazisindəki qeyri müsəlman milli və dini azlıqların vəziyyətini- üstün dil və din azadlığına sahib olmalarını, məcburi hərbi xidmətə çağırılmamalarını, ölkədə bütün ticarət haqlarına malik olmalarını, vergi güzəştlərini, dövlətin üst postlarında mövqe tutma hüquqlarını və s. aydın görmək olar. Belə bir vəziyyətdə Osmanlı ərazisində yaşayan milli-dini azlıqlardan birinin- ermənilərin guya 1915-ci ildə hansısa “soyqırımı”na məruz qalması iddiası, göründüyü kimi tamamilə yalan və uydurmadır.
 
 
Həmin iddiaların əksinə olaraq, yuxarıda sadalanan faktlar göstərir ki, bəhs olunan dövrdə həqiqi işgəncələrə və soyqırımı hallarına məruz qalan Osmanlı imperiyasının erməni əhalisi deyil, əksinə elə həmin ermənilərin də yaxından iştirakı ilə günahsız və dinc yerli türk-müsəlman əhaliyə qarşı həyata keçirilən çoxsaylı soyqırımı hadisələridir.
 
 
Belə olan təqdirdə, həmin 24 aprel 1915-ci ildə Osmanlı dövlətinin ərazisində nə baş vermişdir və nəyə görə ermənilər keçən yüz ildən artıq bir dövrdə sakitləşmək bilmirlər?
 
 
Tarixi məlumatlar sübut edir ki, ermənilərin türklərə qarşı həyata keçirdiyi çoxsaylı antiinsani, qanundankənar və xəyanətkar fəaliyyətlərdən sonra, 1915-ci ilin aprel ayının əvvəllərində Osmanlı hökuməti erməni patriarxı da daxil, bir qrup erməni millət vəkillərini, tanınmış ictimai-siyasi xadimləri və iş adamlarını hökumət məqamına dəvət etmiş, ermənilərin törətdiyi bütün qanunazidd və xəyanətkar hərəkətləri onların diqqətinə çatdırmış və “müharibə bölgələrindəki erməni xəyanətlərinin və üsyanlarının, yerli türk-müsəlman əhaliyə qarşı törətdikləri qətliamların və s. qeyri qanuni halların dərhal dayandırılmasını” onlardan tələb etmiş, əks təqdirdə müharibə dövrünün tələblərinə uyğun olaraq, ən sərt tədbirlərə əl atılacağını diqqətə çatdırmışdır. Eyni xəbərdarlığı türk hökuməti müxtəlif vasitələrlə müharibə bölgələrindəki əksər erməni milli komitələrinə, yerli liderlərə və icma rəhbərlərinə də çatdırmışdır. Lakin, bütün bunlara baxmayaraq, ermənilər yenə də kütləvi formada əyalətlərdə müxtəlif təxribatlar törətməkdə, dinc əhalini yurd-yuvasından didərgin salmaqda, işgəncələrə məruz qoymaqda və s. qanunazidd, antiinsanı əməllər törətməkdə davam etmiş, erməni milli komitələri özlərinin antidövlət fəaliyyətini dayandirmamış, müharibə ərəfəsində və sonrakı dövrlərdə türk dövlətinə xəyanət etməkdə davam etmişlər. Odur ki, Osmanlı dövlətinin baş vəziri Midhət paşa “müharibə bölgəsində yaşayan üsyançı ermənilərə qarşı təcili tədbirlər görülməsi” ilə bağlı təxirəlsalınmaz təkliflər paketi hazırlamağa məcbur olmuş və türk ordu komandanlarına müharibə bölgələrində bəzi qabaqlayıcı tədbirlər həyata keçirməsi ilə bağlı tapşırıqlarını vermişdir.
 
 
Ermənilərin xəyanəti nəticəsində yaranmış gərgin vəziyyəti nizama salmaq üçün Osmanlı İmperatorluğu 1915-ci il aprelin 24-də Daxili İşlər Nazirliyinin təqdimatı ilə “Təhcir haqqında” (köç haqqında) xüsusi qanun layihəsini müzakirəyə çıxararaq, qəbul edir. Bununla yanaşı, həmin gün Birinci Dünya müharibəsi sırasında Osmanlı Hökuməti müharibə gedən bütün bölgələrdə erməni milli komitə və mərkəzlərinin fəaliyyətini dayandırır, əşyalarını müsadirə edir və 14 vilayətdə “qeydə alınmış 2345 nəfər silahlı erməni terrorçusunu” həbs edərək, istinrtaqa cəlb edir. Aprelin 26-da Osmanlı Ordusunun Ali Baş komandanı müharibə qanunlarına uyğun olaraq, “silahlı terrorçulara qarşı tədbirlər” haqqında xüsusi əmr imzalayır. Həmin əmrə əsasən, bəhs olunan terrorçular müharibə başlanan gündən davamlı olaraq kəndlərin dinc əhalisinə və yerli hökumət qurumlarına silahlı basqınlar təşkiil etdiklərinə, dinc əhalini kütləvi qırğınlara və işgəncələrə məruz qoyduqlarına görə cəzalandırılırlar.
 
 
1915-ci il may ayının 27-də “Söbh və isqan haqqında” qanun (“Köç” qanunu) qüvvəyə minir və onun tətbiqi nəticəsində qısa müddət ərzində “Şərqi Anadolunun 14 vilayətində uzun müddətdən bəri davamlı olaraq dövlətə və yerli sakinlərə qarşı problem yaradan, xarici qüvvələrlə işbirliyinə girərək, ölkənin hərbi təhlükəsizliyinə böyük təhlükə törədən əhalinin (ermənilərin-Ə.H.) ölkənin digər bölgələrinə, təhlükəsizlik, etibarlılıq və idarəçilik baxımından daha rahat nəzarət olunan ərazilərə köçürülməsi” təmin edilir. (Bax: A. Süslü, F. Kırzıoğlu, R. Yinanç, Y. Halaçoğlu, Türk Tarihinde Ermeniler, Ankara, Kars Kafkas Üniversitesi Rektörlüğü Yayınları, 1995, s.229)
 
 
Ermənilərin müharibə gedən Osmanlı torpaqlarından məcburi olaraq başqa ərazilərə köçürülməsi, göründüyü kimi ölkənin təhlükəsizliyi çərçivəsində reallaşdırılan məcburi və müvəqqəti addım olmuşdur. Qanundan göründüyü kimi, bu məcburi tədbirə ermənilərin öz günahları və xəyanəti nəticəsində əl atılmışdır. Onu da qeyd etmək lazımdır ki, bəhs olunan dövrdə mümkün olan hər yerdə qanunun icrası- köçürmə prosesi nizamlı və sivil formada həyata keçirilib. Köçürmə marşurutu üzrə yol boyu və son məskunlaşma məntəqələrində “köçkünlərə yardım mərkəzləri” təşkil olunub, əhali yedizdirilib, içizdirilib, xəstəsinə, qocasına və uşağına yardım edilib, digər zəruri köməkliklər göstərilibdir. Qanuna əsasən və real olaraq, köçürülən əhaliyə öz mülk və varidatlarını başqalarına satmaq və yaxud bağışlamaq imkanı yaradılıb, bunu etmək istəməyənlərin mal-mülkü qorunmaq üçün xüsusi siyahıya alınıb və dövlətə təhvil verilib. Müharibə bitəndən sonra köçürülən insanların öz əvvəlki yaşayış məskənlərinə geri qayıtmaq və dövlətə təhvil verdikləri əmlaklarını, varidatlarını geri almaq hüququ mövcud qanunda öz əksini tapıb. Mənbələrin verdiyi məlumata görə, müharibənin bitməsi və Antanta ilə Osmanlı arasında 30 oktyabr 1918-ci il Mudros sülhünün imzalanmasından sonra 1915-ci ildə müharibə bölgələrindən köçürülmüş yüz minlərlə erməni əhali mövcud qanundan istifadə edərək Türkiyə ərazisinə- öz əvvəlki yaşayış məskənlərinə qayıtmış və dövlətə təhvil verdikləri mal və mülklərini geri almışlar. (Bax: Ermeni tehciri ve tehcirden donen ermenilerin iskan sorunu. S.145. // https: www.dergipark.org.tr).
Qeyd etmək lazımdır ki, yuxarıda sadalanan məcburi tədbirlərin- sərəncam, əmr və qanunların heç birində “erməni” kəlməsi işlədilməmişdir. Bu qanun və əmrlərin hamısı “müharibə dövründə ölkə ərazisində silahlı üsyan qaldıran, düşmənlə əməkdaşlığa girərək casusluq və xainlik edən insanları hərbi anlayışlarla, müharibə gedən ərazilərdən uzaqlaşdırmaq üçün” qəbul edilmişdi. Əslində isə, tarixçilərin fikrinə görə: “bu xəyanəti edənlər əsasən ermənilər olduğu üçün, qanun da ilk növbədə onlara şamil edilmiş və dövlətə qarşı qiyam qaldıran ermənilər ölkənin daha təhlükəsiz yerlərinə köçürülmüşlər. Sadəcə olaraq, köçürmə prosesi sistemli şəkildə aparılmışdır... Köçürmə zamanı müəyyən problemlər yaşansa da, məqsəd heç də ermənilərə qarşı hər hansı “soyqırımı” həyata keçirmək olmayıb. Türklərin bu köçürmədə başlıca məqsədi dövlətə qarşı arxadan vurulan zərbələrin qarşısını almaq olub”.
 
 
Son illərdə Türkiyə və xarici ölkələrdə Osmanlı imperiyasına aid bir çox arxiv sənədlərinin açılması nəticəsində məlum olmuşdur ki, “1915-ci ilin aprel-may aylarında Osmanlı dövlətinin qızgın müharibə gedən ərazilərindən- Şərqi Anadollu bölgəsinin 14 vilayətindən, xüsusən Van, Bitlis, Ərzurum, Adana, Sis, Mərsin, İskəndərun, Antakya və başqa vilayətlərdən 1915-ci il hadisələri fonunda, ümumilikdə, təxminən 700 min erməni imperiyanın ucqarlarına- Suriya, İraq, Livan, Hatay və s. kimi əyalətlərə köçürülmüşdür. Köçürülmə prosesində erməni əhalinin böyük qismi köçürülən bölgələrə sağ-salamat çatmış və məskunlaşdırılmışdır. Müharibə şəraitinin çətinlikləri, ağır yol həyatı, xəstəliklər və s. kimi səbəblərdən köç prosesində ölən ermənilərin sayı, təxminən 200 minə yaxın olmuşdur”.
 
 
1916-cı ilə aid olan başqa bir mənbədə 27 may 1915-ci ildə “Köç haqqında” qanun qüvvəyə mindikdən sonra köçürülən ermənilərin sayının ümumilikdə 702 min 900 nəfər olduğu göstərilir ki, bunun da təxminən 400 min nəfərinin rus və erməni zabitlərinin təşkilatçılığı ilə Şərqi Anadillu ərazilərindən - Qars, Ərzurum, Ağrı, Van, Maraş, Muş, Sarıqamış və başqa bölgələrdən Rusiyanın nəzarəti altında olan Cənubi Qafqaza- İrəvan, Naxçıvan, Qarabağ və Zəngəzur ərazilərinə köçürüldüyü bildirilir. (Bax: İ.Öztek. 100 yilında ermeni sorunu. İstanbul, Murat Sabah yayın, 2015.s. 50-53.)
 
 
Tarixi sənədlər onu da sübut edir ki, xəyanət etməyən, həmin dövrdə dövlətə qarşı çıxmayan və müharibəyə cəlb olunmayan ərazilərdə yaşayan ermənilər, yaşadıqları şəhərlər və kəndlərdə necə yaşayırdılarsa, eləcə də yaşamaqda davam ediblər. Əlbəttə, bütün bu gerçəkliklərin fonunda, erməni təbliğatçılarının “1915-ci il hadisələri zamanı Osmanlı imperiyasında ölən ermənilərin sayının 1. 500 min nəfərə qədər şişirdildiyi, bunun heç bir real faktlara və əsaslara söykənmədiyi, sadəcə siyasi təbliğat xarakteri daşıdığı” bir daha aydın görünür.
 
 

ERMƏNİ XƏYANƏTİNİ “ERMƏNİ SOYQIRIMI” KİMİ QİYMƏTLƏNDİRƏN ÖLKƏLƏR VƏ ONLARIN ƏSAS HƏDƏFİ

 
 
Beləliklə, ermənilər və onların havadarı qismində çıxış edən bəzi beynəlxalq dairələr tam bir əsrdir ki, real tarixi həqiqətləri və ortada olan arxiv materialllarını qəsdən inkar edərək, müxtəlif siyasi-ideoloji vasitələrlə “Osmanlı imperiyası ərazisində 1915-ci ilin 24 aprel tarixində guya 1 milyon 500 min günahsız erməninin türklər tərəfindən qətlə yetirildiyini və “soyqırımı”na məruz qaldığını” dayanmadan bütün dünyaya bəyan və təlqin edirlər. Əksər tarixi faktlar sübut edir ki:
 
 
əvvəla, Birinci Dünya müharibəsi dövründə Osmanlı imperiyası ərazisində yaşayan ermənilərin ümumi sayı, ermənilərin iddia etdiyi kimi 2.500 min deyil, cəmi 1.250 min nəfər olmuşdur;
 
 
ikincisi, Osmanlı imperiyasının satqın və xəyanətkar ermənilərə qarşı həyata keçirdiyi köçürmə siyasəti məcburi xarakter daşımış, qanunlar çərçivəsində, sivil formada həyata keçirilmiş, insanların mal və mülkü siyahıya alınmış, müharibədən sonra geri dönməsi və dövlətə təhvil verdikləri bütün əmlaklarını geri almaq hüququ təsbit edilmişdir. 1918-ci il Mudros sülh müqaviləsindən sonra köçürülən ermənilərin böyük qismi geri qayıtmış və əvvəlki yaşayış məskənlərində yenidən məskunlaşmışlar.
 
 
üçüncüsü, məcburi köçürmə tədbirləri nəticəsində yolda tələf olan, lakin erməni təbliğatçıları tərəfindən “qətlə yetirilməsi” iddia olunan əhalinin sayı hər il ermənilərin fantaziyası ilə artırılaraq, dünyaya təqdim olunduğu formada: ilk onillikdə 400 və 600 min, daha sonrakı bir neçə onillikdə 800 min, XXI yüzilliyin başlanğıcındansa 1 milyon 500 min nəfər deyil, rəsmi arxiv materiallarından göründüyü kimi- cəmi 200 min ətrafında olmuşdur;
dördüncüsü, ermənilər qondarma “soyqırımı” ideyası ilə hazırda spekulyasiya edərək, XX əsr boyu Avrasiya və Anadollu bölgəsindəki çoxsaylı hərbi əməliyyatlarda öz məkrli planları çərçivəsində iştirak edən silahlı erməni dəstələrinin mövcudluğunu inkar etməklə, həmin müharibələrdə tələf olan erməni əsgərlərini dinc “soyqırımı” qurbanları kimi qələmə verməklə, dünya içtimaiyyətini çaşdırmağa çalışır;
 
 
beşincisi, əsl tarixi tədqiqatçılar, uydurma “erməni soyqırımı” iddiaları ilə çıxış edən maraqlı siyasi dairələrdən fərqli olaraq 24 aprel 1915-ci il hadisələrinin məqsədyönlü şəkildə həyata keçirilmiş “erməni soyqırımı” hesab edilməsini aşkar erməni uydurması sayır. Tarixi sənədlərin əksəriyyəti aydın şəkildə göstərir ki, ermənilərin “soyqırımı” kimi təqdim etmək istədikləri hadisələrin heç bir real əsası yoxdur və bu istiqamətdə həyata keçirilən qərəzli təbliğat ermənilərin və beynəlxalq havadarlarının dünyada reallaşdırdığı antitürk kompaniyasından başqa bir şey deyildir.
 
 
Bəzi tədqiqatçılar hesab edir ki, son onilliklərdə bütün xristian dünyasında dəstəklənən qondarma “erməni soyqırımı” kampaniyasının kökündə: ilk növbədə Türkiyə dövlətinin bölgədə və dünyada getdikcə güclənən mövqelərinə təsir göstərmək, regionda cərəyan edən prosesləri idarə etmək; rəsmi Ankaranı fakt qarşısında qoyaraq, özünün müstəqil strateji və prinsipial mövqelərindən çəkindirmək; uydurma soyqırımını dünyada tanıtmaqla Türkiyə Cümhuriyyətindən təzminat qoparmaq, mümkün olarsa ermənilərin xeyrinə əlavə torpaq və ərazi qazanmaq istəyi dayanır. Bu qondarma “soyqırımı” təbliğatını reallaşdıran ermənilər, həm də ayrıca olaraq, son iki əsr boyu Cənubi Qafqazda azərbaycanlılara və Anadolluda türklərə qarşı həyata keçiirdikləri etnik təmizləmə və soyqırımı siyasətini pərdələməyə, Dağlıq Qarabağda uzun müddətdən bəri yürütdükləri işğalçılıq siyasətinə haqq qazandırmağa və s. çalışırlar. Bu mənada ermənilərin “qondarma erməni soyqırımı” və öz qonşularına qarşı əsassız ərazi iddialarına qarşı birgə mübarizə aparmaq həm Türkiyənin, həm də Azərbaycanın əsas dövlət vəzifələrindən biri kimi gündəmdə saxlanılmalıdır. Əksər dövlət strukturlarımız və milli elitamız ermənilərin antitürk və antiazərbaycan siyasətinin, əsassız iddialarının qarşısını almaq üçün birgə çalışmalı, tarixi həqiqətləri davamlı olaraq araşdıraraq, bütün dünya içtimaiyyətinə çatdırmalıdır.
 
 
Unutmaq olmaz ki, ötən əsrin 50-ci illərindən başlanan ermənilərin soyqırımı kampaniyası nəticəsində 2019-cu ildə Amerika Birləşmiş Ştatları, Braziliya, Kanada, Fransa, Almaniya, İtaliya və Rusiya kimi aparıcı dövlətlər də daxil olmaqla, ümumilikdə dünyanın 30 ölkəsində və ABŞ-ın 50 ştatından 49-da qondarma “erməni soyqırımı” dövlət və parlament səviyyəsində rəsmi şəkildə qəbul edilmişdir. İllər üzrə həmin ölkələrin siyahısı belədir: Uruqvay, Argentina, Rusiya, Yunanıstan, Kanada, Livan, Belçika, Vatikan, İtalya, Fransa, İsveçrə, Slovakiya, Hollandiya, Polşa, Almaniya, Venesuela, Litva, Çili, Boliviya, Braziliya, Lüksemburq, Bolqarıstan, Avstriya və Suriya.
 
 
 
Əli Həsənov
/Professor/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

Baş Prokurorluq təfərrüatı AÇIQLADI

Erməni terrorçuları barədə yeni məlumat - RƏSMİ

İnam Kərimov fenomeninə qısaca NƏZƏR

Saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü

"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

Pensiya yaşı ilə bağlı TƏKLİF

Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

Bu tələbələr dövlət imtahanından azad olunacaq

"Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə reaksiya vermədilər"

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Universitetlərimiz müasir təhsil verə bilmir"