"Bu siqnallar hamıya çatdı, TƏBİB-ə çatmır?" - MÜSAHİBƏ

14:49 26-04-2021 | icon 236 | Sağlamlıq
"Bu siqnallar hamıya çatdı, TƏBİB-ə çatmır?" - MÜSAHİBƏ

Musa Quliyev: "Xəstələri klinikaya yerləşdirmək, üçün haqq tələb etmək nə qanuna, nə də ədalətə sığmır"

 

COVID-19-la mübarizə aparan “Yeni klinika” tibb müəssisəsinin direktorunun qanunsuz əməlləri ölkə gündəmini tutmaqla çoxsaylı müəmmaları meydana çıxarıb. Koronavirus xəstələrinin kədəri üzərində varlanmaq istəyən həkimlərin dərman, palata, vaksin alveri edərkən və eləcə də vaksinasiya prosesini pozması bütün ictimaiyyətin narahatlıqla müzakirə etdiyi bir məsələyə çevrilib. Sosial şəbəkələr, ictimaiyyətin dediklərindən bəlli olan budur ki, koronavirusa qarşı dərmanların altdan satılması, bahalı olması, apteklərdə tapılmaması faktları yeni xəbər deyil.

 

Versus.Az xəbər verir ki, deputat, həkim Musa Quliyev müsahibəsində müəyyən məqamlara toxunub.

 

- Musa müəllim, COVID-19-la mübarizədə insanların sağlamlığı üzərində “bazar” quran həkimlərin, dərman dəllallarının özbaşınalığını özündə cəmləyən mövcud situasiyanı nəzərdən keçirsək, sizcə, belə neqativlər nəyin nəticəsində ortaya çıxıb?

 

- Son günlər, xüsusən dünən baş verən hadisə doğrudan da cəmiyyətdə çox ciddi naharatlıq doğurub. Bu, koronovirusla mübarizədə həkim ordusunun ağır əməyinə vurulan böyük zərbədir. Yadınızdadırsa, 1 il öncə koronavirusla mübarizə təzə başlayanda cənab Prezident hörmətli Mehriban Əliyeva ilə bir yerdə parlamentdə həkimləri ayaqüstə alqışladılar. Həkimlər vətəndaşlarımızın xəstəliklə mübarizəsində əsl peşəkar həkim kimi öz borclarını layiqincə yerinə yetirdilər. Amma dünən baş verən hadisə məni də bir həkim kimi sarsıtdı. Axı siz həkimlər cavan, savadlı insanlarsınız, sizə o boyda etimad göstərilib, klinikalara rəhbərlik etmək sizə həvalə olunub. Görün gedib orada nə ilə məşğul olursunuz...

Koronavirusla mübarizə aparan klinikalarda həkimlər əməkhaqqının 5 misli qədər əlavə ödəniş alırlar. Bunun qarşısında əli hər yerdən üzülmüş, son nəfəsi ilə xəstəliklə çarpışan insanlardan pul tələb eləmək, dərmanlara qiymət qoymaq, burada bir şəbəkə yaratmaq məni çox məyus elədi, eyni zamanda hiddətləndirdi. Düşünürəm ki, Respublika Prokurorluğunun apardığı bu əməliyyat cəmiyyət tərəfindən də böyük rezonansa səbəb olub. Burada ictimai qınaq çox vacibdir. Əgər belə hallar başqa klinikalarda varsa, qısa müddətdə aşkar olunmalı, o insanlar cəmiyyət tərəfindən tanınmalı, cəzalarını almalıdır. Cənab Prezidentin korrupsiya ilə mübarizəyə başladığı və daim bütün çıxışlarında hər kəsin dövlətə, cəmiyyətə dəstək durmağa səslədiyi bir vaxtda, ictimai qınaq, ictimai nəzarətin göz önünə gətirdiyi bir vaxtda, belə hərəkətlər eləmək doğrudan da insanlığa sığan bir şey deyil. Koronaviris elə dəhşətli xəstəlikdir ki, hər birimizin ailəsində bu xəstəliyə yoluxan, dünyasını dəyişən var. Hər birimiz görürük ki, bu insanlar nə qədər əzab çəkirlər. Tamam sağlam bildiyimiz adamlar bir də görürsən, bir həftənin içində dünyadan gedirlər. Xəstəlik halında onları klinikaya yerləşdirmək, yardım etmək  üçün haqq tələb eləmək nə qanuna, nə də ədalətə sığmır.

 

- Sosial şəbəkələrdə ictimaiyyət virusa qarşı təyin olunan dərmanların tapılmadığından, çox bahalı olmasından, tanışlıqla əldə edilməsindən daim şikayət edirdi. Hətta deyilirdi ki, pulu olmayan ölümə məhkumdur. Bu istiqamətdə yaranan gərginliyi necə izah etmək olar?

 

- O gərginliyi yaradan səbəbləri TƏBİB-in rəhbərliyi izah eləməlidir. Yadınızdadırsa, ötən ilin yay vaxtında ikinci dalğa başlayanda Milli Məclisdə, mətbuatda çıxış elədim ki, dərmanlar apteklərdə satılmalıdır ki, insanlar ala bilsinlər. Ondan sonra bir qədər buraxdılar, dərmanlar apteklərdə də var idi, mən bilən indi də var. Elə insanlar var ki, dərmanlar bahalı olduğuna görə ala bilmirsə, təbii ki, bunlar dövlət təminatındadır və poliklinikalar, sahə həkimləri bu dərmanları çatdırmalıdır. Dərmanları tapa bilməyən insanlar birinci növbədə hara müraciət eləməlidir? Səhiyyə Nazirliyinə, TƏBİB-ə, mətbuata, Milli Məclisə... Sosial şəbəkələr var və hamı bir-birinə dəstək olmalıdır. Bu iş kimə həvalə olunubsa, onların məsuliyyəti daha artıq olmalıdır. Prokurorluğun apardığı bu əməliyyat isə tibb işçilərinə bir dərs olmalıdır. Eyni zamanda ibrət götürülməlidir. Bu hal heç də bizim yaxşı həkimlərimizi kölgə altına salmalı deyil. Bizim yaxşı həkimlərimiz də var. 5-3 nəfər belə nankor həkimlər varsa, bu o demək deyil ki, Azərbaycan tibb işçiləri hamısı belədir. Layiqli həkimləri hörmətdən salmaq olmaz və onların da əməyi qiymətləndirilməlidir. Vicdanlı, namuslu həkimlərimiz çoxdur. Çox təəssüf edirəm ki, bu böyük klinika bunlara tapşırılıb, bunlar isə məsuliyyətsizlik edərək cinayətə yuvarlanıblar. Cavan adamlardır. Onların gələcəkləri, perspektivləri vardı.

 

- Bu həbslər nəyi dəyişəcək?

 

- İndiyə qədər olan həbslər nəyi dəyişibsə, bu da onu dəyişəcək. Ən azı məsuliyyət hissi, qorxu yaranacaq. Digərlərinə görk olacaq. TƏBİB-in rəhbərliyi, əlaqədar digər idarə müəssisə rəhbərliyi də nəzarəti gücləndirməlidir. Siqnal alan kimi onun üstünə getməlidirlər, onları məsuliyətə cəlb etməlidirlər, yerini dəyişməlidirlər. Bu məsələlər ictimailəşməlidir. İctimailəşmədikcə, bu xaos kök atır, şəbəkə yaradır.

Vaksin xilas yoludur. Kifayət qədər vaksinimiz var. Bu istiqamətdə işlər gedir. Bu vaksinlərin alınmasında milyonlarla pul xərclənir. Hansısa məsuliyyətsiz həkim onu kənara tökür və buna görə xəstəyə arayış verir. Bunlar ikiqat cinayətdir və yolverilməzdir.

 

- Belə neqativ hallar səhiyyədə və TƏBİB-də hansı boşluqdan xəbər verir? Bəs Səhiyyə Nazirliyi, TƏBİB bundan sonra hansı addımı atmalıdır?

 

-  Tamamilə doğrudur. Bunlar da ən azı nəzarəti gücləndirməlidir. Haradan siqnal gəlirsə, ona operativ cavab verməlidirlər. Məgər bu siqnallar sizə, bizə çatır, TƏBİB-ə, səhiyyəyə çatmır? Deməli, bu qurumlar məsələ ilə bağlı vaxtaşırı tədbirlər görməlidirlər. İctimaiyyətlə işləməlidirlər. Düzdür, virusla mübarizə davam edir. Problemlərin çox olmasına baxmayaraq, heç kəsdə məsuliyyət hissini azaltmır. /həftə içi/

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Müəllimlərin sertifikasiyası keçiriləcək?

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI

"Harutyunyanı yox, Hafiz Hacıyevi axtarıb, dərdlərini bölüşməlidilər"

"Heydər Əliyevin namizədliyini irəli sürəndə məni öldürəcəkdilər" - MÜSAHİBƏ

“Qəribə dünya” - YENİ KLİP

Gənclər Hafiz Hacıyevin partiyasına üz tutur - FOTO

Ermənilərin daha bir YALANI

“İMZA”çılar Ümummilli liderin doğum günündə

Sabah hava necə olacaq?