"Rusiya sülhməramlıları bu gün onlara başqa dərsləri keçir" - MÜSAHİBƏ

20:04 27-04-2021 | icon 128 | Siyasət
"Rusiya sülhməramlıları bu gün onlara başqa dərsləri keçir" - MÜSAHİBƏ

Flora Qasımova: "Ermənilərə bu qədər can yandırırsan, bəs azərbaycanlı əhali barədə niyə düşünmürsən?"

 

Son günlərdə ölkə gündəmində müzakirə edilən əsas məsələrdən biri yenə də Rusiya sülhməramlılarının Dağlıq Qarabağdakı fəaliyyəti, daha doğrusu missiyalarına uyğun olmayan davranışlarıdır. 9 maq faşizm üzərində Qələbə ilə bağlı rus hərbiçilərinin Azərbaycan xalqı üçün çox həssas yer olan Xocalı ərazisində parada hazırlıq məşqləri keçirtməsi, bu “tədbirə” separatçı rejimin qalıqlarının da qatılacağı ilə bağlı iddialar ciddi narazılıqlar yaradır.

 

Versus.Az xəbər verir ki, Xankəndinin sabiq deputatı Flora Qasımova müsahibəsində maraqlı nüanslara toxunub.

 

- Flora xanım, hazırda regionla bağlı vəziyyəti necə izah etmək olar? 44 günlük müharibədən sonra sülhməramlıların Qarabağdakı missiyası nə ilə diqqət çəkir?

 

- 44 günlük müharibə bizə böyük qalibiyyətı yaşatdı, şəhidlərimiz, qazilərimiz var. Uzun illərin o torpaqlara qayıtmaq həsrəti  bitdi. Mən bunu da tam qələbə hesab eləmirəm.  Sülhməramlı missiyası ilə Qarabağda yerləşən rus hərbçilərinin fəaliyyəti hamını narahat edir. Biz belə gözləmirdik. 10 Noyabr üçtərəfli Bəyannaməsində göstərilən maddələr hələ də yerinə yetirilməyib. Əlbəttə ki, bu, ermənilərə bir arxayınçılıq yaradır.

Bizim Ermənistanla sərhədlərimiz möhkəmləndirilməlidir.  Laçında yaradılan 5 kilometrlik dəhliz zonasında Azərbaycanın sərhəd qoşunlarını yerləşdirmək lazımdır. Əgər biz bunu eləsək, separatçı ermənilərin gözü qırılar. Bizim sərhəddə duran ruslar istənilən yükü, istənilən adamı Xankəndinə ötürə bilməzlər. Biz görürük ki, ermənilər 44 günlük müharibədən dərs almayıblar. Rusiya sülhməramlıları bu gün onlara başqa dərsləri keçir.

Məlum idi ki, müharibə vaxtı ermənilərin hamısı qaçmışdı, Xankəndidə erməni qalmamışdı. Rus sülhməramıları onları gətirib yenidən yığdı ora. Üstəlik, onlara rus dilini “dövlət dili” etmələri ilə bağlı qərar vermələrinə şərait yaratdı. Silahlı ermənilər ərazidən çıxarılmır, əksinə orada təlimlər keçirirlər. Yaxşı, sən doğrudan da sülh yaradırsansa, bu 5 ay müddətində hansı sülhü yaratmısan? Erməni silahlıları tez-tez terror hadisələri törədirlər, mülki paltarlar geyinib Qarabağda azərbaycanlı postlarına soxulurlar. Sülhməramlılardan soruşmaq lazımdır ki, sən ermənilərə bu qədər can yandırırsan, bəs azərbaycanlı əhali barədə niyə düşünmürsən? Hansı icmalar arasında süh müzakirələri aparırsan, indi də özbaşına hərəkətini davam etdirib, Qarabağda 9 may paradı keçirmək haqqında düşünürsən. Söhbət hansı paraddan gedir? Bu saat orada parad keçirmək vaxtıdır?!

Əlbəttə ki, mövcud vəziyyət çətindir. İnanmıram ki, onların bu hərəkətləri cavabsız qalsın. Yəqin ki, dövlət səviyyəsində öz cavablarını almalıdırlar. Azərbaycan Prezidenti sülhməramlılar və “İsgəndər-M” raketi ilə bağlı özünün sərt mesajlarını verib, amma buna qarşı həm də xalq tərəfindən müqavimət göstərilməlidir. Sual olunmalıdır ki, axı siz burda hansı sülhü yaradırsız, siz vəziyyəti daha da kəskinləşdirirsiz. Bu günə qədər rus sülhməramlıları yalnız ermənilərin həyatını yaxşılaşdrmaq üçün işlər görür. Erməniləri Xankəndinə köçürüblər, amma azərbaycanlıların öz yerlərinə qayıtması üçün heç bir tədbir görülməyib.

Xalqın bu etirazı, həm də Prezidentə bir dəstək olardı. Mən demirəm küçələrə çıxaq, nəsə edək, amma hesab edirəm ki, bu özbaşınalıq da uzun sürə bilməz.

 

"Ermənilər bunların əlində bir payadır, kimə qarşı, nə vaxt istəsələr yönəldirlər"

 

- Rus sülhməramlılarının parad keçirmək niyyəti cəfəng, eyni zamanda qıcıq doğuran məsələ olsa da, bu nəyə yönəlikdir? Bu, Rusiya üçün nə deməkdir və regiona nələr vəd edir?

 

- Xalqın səbrini daşırmasınlar. Bu xalqın Dəmir Yumruğunun zərbəsini görüblər, indi niyə unudurlar? Onların arxasında rus, Amerika, Fransa durur. Mən həmsədrlərlə bir dəfə görüşmüşəm. O görüşdə dedim ki, neçə il keçib, sülh danışıqlarının nəticəsi yoxdur. Axı bizi müharibəyə təhrik edirlər. Fransalı həmsədr tez mənə dedi ki, müharibənin nəticəsini bilmək olmaz... Demək, bunlar ona görə arxayın danışırdılar ki, bunların ermənilərin bizim ərazilərimizdə qurduqları terror istehkamlarından, xəndəklərdən, ora nə qədər silah yığılmasından xəbərləri olub. Azərbaycan Ordusunun gücünü nəzərə almırdılar. Elə bilirdilər ki, uğursuzluğa düçar olacağıq. “Müharibənin nəticəsini bilmək olmur” söhbəti məni lap özümdən çıxartdı.

Xalqımız buna etirazını bildirir. Əlbəttə ki, bu etirazın bir nəticəsi olmalıdır. Dövlət öz missiyalarından kənar işlərlə məşğul olan sülhməramlılara özünün mövqeyini bildirməlidir.  Xüsusilə bu günlərdə ermənilərin “1915-ci ili unutmayacağıq” demələri erməni həyasızlığının bariz nümunəsdir. Yaxşı olardı ki, faşist ermənilər bu gün Azərbaycanda törətdikləri soyqırımlara, cinayətlərə nəzər salsınlar, Azərbaycan xalqının başına gətirdikləri faciələri görə bilsinlər. Bu 200 ildə xalqımız erməni faşistləri tərəfindən çox mərhumiyyətlərə, soyqırımlara məruz qoyulub. Hər dəfə də Azərbaycan humanistlik göstərib, ermənilərə öz torpağında yaşamağa yer verib. Düşmən öz məkrindən əl çəkmir, Azərbaycanın bu humanistliyindən sui-istifadə edir. Hərdən bu tarixə baxıb deyirik ki, biz unutqan xalqıq. O tarixə baxanda doğurdan da unutqanıq. Ermənilərin Azərbaycana olan kin-kidurəti bitmir. Axı biz onlara nə etmişik? Yaşamaları üçün torpaq da vermişik. 1918-c ildə Gürcüstandan  torpaq istəsələr də, ala bilmədilər. 1915-ci ildə Türkiyəyə xəyanət elədilər, arxayın oldular ki, məkrli qüvvələr Türkiyədə onlara bir dövlət yaradacaq, o da alınmadı. Azərbaycan dövləti sülh olsun deyə, 9 min kvadrat-kilometr ərazisi olan İrəvanda ermənilərə yaşamaq üçün yer verdi. Onlar bu humanistliyin əvəzində nə etdilər? Azərbaycanlıları öz tarixi torpaqlarından qovdular. Axırıncı azərbaycanlı İrəvandan 1988-1989-cu illərdə qovuldu. Azərbaycanın maddi-mədəni irsi məhv edildi. Nədənsə güc dövlətləri bunları görməzdən gəlir. Bu günlərdə ABŞ-ın yeni prezidenti Baydenin “erməni soyqırımı” ilə bağlı fikirlərini oxuyuram. Deyirəm, bu erməni onlar üçün nə qədər lazımlı millət olub ki, bu dünyanın iki böyük dövəti - Amerika ilə Rusiya onların arxasındadır. Ermənilər bunların əlində bir payadır, kimə qarşı, nə vaxt istəsələr yönəldirlər.

 

- Türkiyə ilə əməkdaşlıq insanlarda belə bir ümid yaradıb ki, Rusiya bölgədə nə qədər çapalasa da, artıq əvvəlki kimi təsir edə bilməz. Buna fikriniz nədir?

 

- Bizim 30 illik həsrətimizin arxasında Rusiya dayanır. O tarixi torpaqarı ermənilər rusun hesabına almadımı? Düzdür, biz bu gün dövlətlər, hökumətlər, prezidentlər arasındakı danışıqların  təfərrüatını o dərəcədə bilmirik. Onu bilirik ki, Prezident illəröncə həmişə deyirdi ki, bundan sonra Azərbaycanda ikinci erməni dövləti yaradılmayacaq. Biz Xankəndinə, digər işğal olunmuş ərazilərə qayıdacağıq, Zəngəzura qayıdacağıq.  Prezidentin fikri yenə də onu təsdiq edir ki, biz Xankəndinə, Xocalıya qayıdacağıq. Bəlkə də dövətlər arasında gizli danışıqlar gedir, əlaqələr var. Mən bunun dərinliyini bilmirəm deyə, bu barədə dəqiq söz deyə bilmirəm. Onu bilirəm ki, cənab Prezident indiyə qədər nə deyibsə edib. Bilirik ki, erməniləri Xankəndidən tamamilə qovub çıxarsaydıq, buna görə təkcə Rusiya yox, elə Qərb də bizi günahlandırmağa başlayacaqdı. Mənə belə gəlir ki, bu vəziyyət uzun sürməz. Yəqin ki, Türkiyə ilə də danışıqlar gedir. Bunun yekun nəticəsi olacaqdır. Əlbəttə, bizə çətindir, xüsusilə minaların təmizlənməsi, əhalinin o yerlərə köçürülməsi prosesi gərgin əmək tələb edir. Hələlik mən inanmıram ki, yaxın vaxtlarda Xankəndinə, Xocalıya getmək mümkün olsun. Heç olmasa, Dağlıq Qarabağın ətrafındakı rayonlarda  insanlarımızı təcili surətdə məskunlaşdırmalı, sərhədimizi möhkəmləndirməliyik. Birdəfəlik elə eləmək lazımdır ki, ermənilər və başqa qüvvələr bir də Azərbaycan ərazilərinə iddia etməyə cəsarət eləməsinlər. Birdəfəlik bilmək lazımdır ki, ermənilərin bizimlə barışmaq fikri yoxdur və yaxud bu, kimlərinsə marağında deyil. Ermənilər şəhərlərimizi, kəndlərimizi xaraba qoyublar, indi hansı üzlə bizim torpaqlarda qalmaq istəyirlər?!

 

"Görünür ki, burda din, dövlət maraqları, ikilistandartlar və ədalətsiz yanaşmalar var"

 

- Sizin də qeyd etdiyiniz kimi, Azərbaycanın torpaqları, kəndləri, şəhərləri ermənilərin genosidinə məruz qalıb. Azərbaycanın mülki insanlarına qarşı hərbi cinayətlər törədilib. Bu faktlar beynəlxalq təşkilatların gözü qarşısındadır. Bəs o beynəlxalq aləmdən bizə gələn hazırki münasibət nədir?

 

- Çox təəssüf ki, erməni faşistləri məhz illəruzunu o beynəlxalq təşkilatların gözlərinin qabağında istehkamlar qururdu. Münaqişənin həlli missiyasını öz üzərinə götürən həmsədr qrupu neçə dəfə dəyişib. Bu proseslər, erməni cinayətləri onların gözləri qarşısında baş verib. Elə bu ikilistandart, xristian təəssübkeşliyi və ədalətsiz yanaşmaların nəticəsidir ki, 1 milyon insanımızın öz yurdundan qovulmasını, 30 ildir çəkdiyi əzab -əziyyəti dəyərləndirən kimsə yoxdur. Tutaq ki, müxalifətdə bir nəfərin hüququ pozulan kimi o saat tökülürlər üstümüzə, amma 1 milyon insanın 30 ildir hüququ tapdanır, ev-eşiyinə, torpağına qayda bilmir, bu məsələyə qarşı səslərini çıxartmırlar. Niyə hansısa sülhməramlı İrəvandan qovulan azərbaycanlıların öz yurdlarına qayıtması üçün humanitar tədbirlər görmədi, niyə Rusiya bugünkü erməniyə olan canfəşanlığını azərbaycanlıların öz yurdlarına qayıtması üçün etmədi?! Görünür ki, burda din, dövlət maraqları, ikilistandartlar və ədalətsiz yanaşmalar var.  Və bundan sonra da biz yalnız özümüz öz haqqımızı qorumalı, onu pozmağa çalışanları yerində oturtmalıyıq.

Ümumiyyətlə, Azərbaycanla Türkiyəyə qarşı münasibət həmişə belə olub. İlləruzunu Türkiyə kimi güclü dövləti Avropa birliyinə buraxmadılar. Avropa Birliyində bir dənə müsəlman dövləti yoxdur.

 

- Bütövlükdə Azərbaycan, dünya azərbaycanlıları bizim bu məsələyə nə dərəcədə həssas yanaşır? Bu gün ölkə içində və kənarda informasiya müharibəsini, təbliğatını necə aparırıq?

 

- Biz həmişə məsələnin bu tərəfindən narazı qalmışıq. Mütləq bizim bu tariximiz fimlərlə təbliğ olunmalıdır. Ən böyük təbliğat vasitəsi tarixi filmlərin çəkilib dünyaya təqdim olunmasıdır. Yəqin ki, bu qələbədən sonra filmlər daha çox işıq üzü görəcək. Amma ictimaiyyət neyləsin axı. Görürsünüz, nə qədər şəhidimiz, qazimiz və onların problemləri var? Bir tərəfdən də pandemiya ilə mübarizə aparmalıyıq.

Sülhmramlılarla bağlı biz ziyalılarımızın, partiyaların etirazlarını görürük. “Erməni soyqırımı” ilə bağlı müxalifətdən olan partiyaların da öz fikirlərini izləyirik. Cəmiyyət ayaqdadır. Biz niyə bu müharibəni başladıq, çünki xalq ayağa qalxdı, tələb elədi. Arxasında xalqın durduğunu görən Prezident bu qərarı ürəklə verdi. Arxasında xalqın dayandığı prosesin nəticəsini gördük.

 

- Bir çoxları hesab edir ki, Qarabağda Rusiya varsa, problem yenə də çözümsüz görünür...

 

- Biz, artıq Rusiya xofundan çıxdıq. İndi də rusməramlılarla bağlı  addımlar atılacaq. Görürük ki, ermənilər o qədər arxayındılar ki, nə istəyirlər eləyirlər. Yəqin, Türkiyə ilə danışıqlarımız, birgə komissiyanın yaradılması məsələnin həllinə kömək olacaq. Məlumdur ki, ABŞ-da “soyqırımla” bağlı çııxışdan sonra Türkiyədə komissiya yaradılıb və bizim Azərbaycan nümayəndələri də orada var. Düşünürəm ki, o komissiyada ermənilərin Azərbaycan ərazilərində törətdikləri soyqırımlar, qətliamlar araşdırılacaq. Filmlər çəkiləcək və dünyada nümayiş olunacaq. Bu çox mühümdür.

 

"Bu qələbəyə görə onlara borcluyuq"

 

- Flora xanım, şəhidlərdən, qazilərimizdən danışdıq. Şəhid ailələri, qazilərimizin problemləri, əlilliyin alınması ilə bağlı narahatlqlar var. Problemlər zamanında həll olunmadıqca, narazılıq artır. Sizcə, bu məsələyə necə yanaşılmalıdır?

 

- Bu qələbəyə görə onlara borcluyuq. Onlara diqqətin göstərilməsini təkcə dövlətdən gözləmək lazım deyil. Hər birimiz onlara dəstək olmalıyıq. Hər kəs öz bacardığı qədər bunu etməlidir. Görün nə qədər şəhid ailəsi, şəhidimiz, qazimiz var. İki ayağını, qolunu, gözünü itirən qazilərimiz var. Cəmiyyət olaraq bunların arxasında dayanmalıyıq. Necə hamımız ayağa qalxıb torpaqların azadlığı naminə bir olduq, bu məsələdə də bir olmalıyıq. Əsas məsələ odur ki, artıq sərhədlərimiz bütövdür və onun sərhədlərində Azərbaycan sərhəd zastavaları tikilir. Qarabağ da bu sərhədlərin içərisindədir. Ermənilərin yaşadığı nəzarətimizdə olmayan ərazilər də bu sərhədlər daxilindədir. Ümidimizi itirməyək.  Mənim anam da torpaq həsrəti ilə dünyasını dəyişdi. Allah o həsrətlə dünyadan gedənlərə rəhmət eləsin. Ruhları şad olsun.

 

- Hazırda biz xaricdən öz sərhədlərimizi qorumaq, informasiya təbliğatımızı qurub daha uğurlu nəticəyə nail olmaq üçün nə kimi işlər görürük. Nəyə görə biz xaricdə “yumşaq gücü” formalaşdıra bilmirik?

 

- İnformasiya təbliğatı müharibə vaxtı bundan yaxşı idi, güclü idi. Doğrusu, müharibədən sonra diasporalardan, xaricdə yaşayan təşklatlarımızdan səs çıxmır. Elə müharibə vaxtı etirazlarını gördük. Müharibədən sonra nəsə etmələrini görmürəm.  Əksinə, müharibədən sonra xaricdə yumşaq gücü daha da gücləndirmək lazım idi. Təbliğatımızı daha da artırmalıydıq.  Ermənilərin törətdiyi cinayətlər ortadadır. Bütün bunları dünayaya çatdırmaq lazımdır. Amma bu sahədə zəifliyimiz var. Yəqin gözləyirlər ki, bu işləri görmələri üçün kimsə onlara göstəriş versin. Biz beləyik də.

 

- Niyə, bütöv cəmiyyət olaraq toparlanmağımız çətin prosesdir?

 

- Çətin olmasaydı, millətin ağır vəziyyətində, bu xəstəlik dövründə xəstələrdən o qədər pul alıb xəstəxanada yerləşdirməzdilər. Düzdür, Səhiyyə naziri işdən getdi. Gərək insanların daxilində vicdanı olsun. Hərənin başı üstündə bir polis nəzarətçi qoyulası deyil axı. Bu, vicdan məsələsidir. /"həftə içi"/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Avropa İttifaqı operativ silahlı qüvvələr yaradır

Ukrayna üçün NATO-nun qapıları açılır

5 avtomobil körpünün üstündə toqquşub

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Kosmosda suborbital ekskursiya üçün bilet HƏRRACDA

Uşağın səsi görənləri heyrətləndirdi

Kütləvi etiraz və tətillər başladı

Qlobal fəlakət barədə XƏBƏRDARLIQ