Fransa senatının sədri şərə təslim olub?

20:57 27-04-2021 | icon 110 | Siyasət
Fransa senatının sədri şərə təslim olub?

Bu sualları Fransanın hansı üzünə ünvanlayaq?

QƏNİRƏ PAŞAYEVA
/MM-nın Mədəniyyət komitəsinin sədri/

 

Fransa ATƏT-in Minsk qrupunun həmsədridir. Fransa BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür. Fransa dövlətçilik ənənələri olan ölkədir. Fransa elm, mədəniyyət və demokratiya keçmişinə (irsinə) malik ölkədir.

 

Amma Fransa: -uzaq olmayan keçmişdə Əlcəzairdə, ümumən Afrika qitəsində (eləcə də başqa coğrafiyalarda; Əlcəzair, Tunis, Mərakeş, Liviya, (indiki) Kanada ərazisində) soyqırım aktları törədib; -soyqırım törətməmiş Osmanlının varisi olan Türkiyəni soyqırım törətməkdə ittiham edib, Fransa ərazisində saxta “erməni soyqırımı”nı inkar edənlər üçün cinayət məsuliyyəti müəyyənləşdirib; -ATƏT-in Minsk qrupunun həmsədri kimi öz mandat-missiyasına uyğun gəlməyən şəkildə (birtərəfli qaydada və davamlı olaraq) Ermənistanı müdafiə edib; -Azərbaycan torpaqlarının işğaldan azad edilməsini nəzərdə tutan BMT qətnamələrinin icrasına deyil, tam tərsinə, ermənilərin (işğalı davam və inkişaf etdirərək) Qarabağda möhkəmlənməsinə çalışıb; -özünün qoşulduğu beynəlxalq öhdəliklərə, üzərinə düşən məsuliyyətə uyğun gəlməyən tərzdə ikilistandartlar tətbiq edərək, dini, milli, irqi ayrı-seçkilik edib; -konkret olaraq, 44 günlük Vətən Müharibəsi vaxtı və müharibəsonrası qondarma “DQR”-i tanımaq təhdidində bulunub (qanunverici orqanda bununla bağlı müzakirə və hökumətə tövsiyyə qərarı qəbul edilib) və s. Fransız dövləti və cəmiyyəti, çox təəssüflər ki uzun müddətdir Şəri Xeyirdən üstün tutmaqdadır...

 

Fransanın bir çox yüksək vəzifəli rəsmiləri bugün Şəri təmsil, tərənnüm və təsbit etməklə öz klassiklərinə, mədəniyyət və incəsənət ənənələrinə xəyanət edir. İşin mənəvi tərəfi öz yerində, Fransa üzərinə götürdüyü siyasi, hüquqi məsuliyyətə sayğısızlıq edir. Bəli, Fransa hökuməti və parlamentinin bir sıra üzvlərinin 44 günlük müharibə vaxtı nümayiş etdirdiyi ədalətsiz mövqe Fransa-Azərbaycan münasibətlərinə ağır zərbə vurub. Fransa Senatının, Fransa Milli Assambleyasının Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin tanınması ilə bağlı qəbul etdiyi qərarlar bağışlanmazdır. Fransa heç olmazsa, müharibə bitdikdən sonra sülhə xidmət edən çağırış və davranışlarda bulunsaydı, münasibətlərimizin yaxın gələcəkdə istiləşəcəyinə müəyyən ümidlər yaranardı; başqa sözlə, bu, bir güvən təzələməsi sayıla bilərdi. Lakin Fransa rəsmiləri öz hərəkətləri ilə həm Fransa-Azərbaycan münasibətlərinə, həm də Azərbaycan-Ermənistan arasında dayanıqlı sülh, təhlükəsizlik və sabitlik düsturunun müəyyənləşdirilməsinə ard-arda ciddi zərbələr vurmaqdadır. Sual olunur: Fransanın yüksək vəzifəli şəxsləri nə üçün bir dəfə də olsun, işğaldan azad edilmiş ərazilərdəki erməni vandallıqlarına baxmaq, həqiqətin gözünün içinə dik baxmaq lüksündə bulanmayıb?! Azərbaycana məxsus mədəni, tarixi, dini abidələrin məhv edilməsi mədəni Fransanı, BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən və ATƏT-in Minsk qrupunun 3 həmsədrindən biri olan dövləti niyə narahat etmir? – Tam tərsinə, heç bir fakta əsaslanmadan Dağlıq Qarabağda erməni mədəni irsinin guya dağıdıldığı iddiası ilə çıxış edir..?

 

Fransa senatının sədri Jerar Larşenin bugünlərdə “Artsax”da “erməni mədəniyyəti”nin izlərinin silinməsi və (bir az da irəli gedərək) mövcud olmayan qondarma rejimin tanınması ilə bağlı İrəvandakı açıqlamalarını qəbul etmək, sadəcə, mümkün deyil. Bu, ya dövlət ciddiyyətindən xəbərsizliyin ya da fransız dövlətinin ciddi-cəhdlə bizə ədalətsiz qərar qəbul etdirmə niyyətinin əlamətidir. – Hər iki halda cavab aydındır: əgər Fransa separatçıları, terrorçuları, işğalçıları belə çox istəyirsə, buyursun özünün böyük ərazisindən bir hissəni ermənilərin ikinci dövləti üçün ayırsın. Tarixdəki ilk erməni dövləti 102 il öncə bizim torpaqlarda qurulub, ikinci erməni dövləti illa da qurulmalıdırsa, elə ən yaxşı yer Fransa əraziləri, məsələn, Marsel çevrəsi sayıla bilər. Gələcəkdə Fransa ilə ikinci erməni dövlətinin arasında hər hansı bir münaqişə çıxarsa, o zaman biz Fransadan fərqli olaraq ədalətli mövqe tutmağa söz veririk. Fransadan ədalətli mövqe gözləmək Azərbaycanın haqqıdır.

 

Fikir verin: Jerar Larşe öz açıqlamalarında həm Minsk qrupunun fəaliyyətinin yenidən canlandırılmasına, həmsədrlərin işinə impuls verilməsinə çağırış edir, həm də açıq-aşkar antisülh, antiazərbaycan, antitürk, antiislam mövqe(sizliyi) nümayiş etdirir.

 

Beləliklə, Fransa rəsmilərinin açıqlamaları bu ölkənin Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasında, etimad mühitinin formalaşmasında, davamlı sülhün təmin edilməsində maraqlı olduğuna dair çox ciddi şübhələr yaradır. Bəlkə Fransa I Qarabağ müharibəsində əsir və girov götürülmüş günahsız azərbaycanlıların taleyi ilə maraqlanıb nə vaxtsa? Bəs necə olur ki Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Üçtərəfli Bəyanatından sonra Azərbaycan ərazisində terror törətməyə cəhd edən erməni diversantların qaytarılması ilə bağlı “tələb”lə çıxış edir? Bu tələbin hansı hüquqi, mənəvi-əxlaqi əsası var? Yoxsa, Fransa minalanmış ərazilərin xəritələrinin Azərbaycana verilməsi ilə bağlı Ermənistandan bir tələbdə bulunub da bizimmi xəbərimiz olmayıb? Suallar çoxdu. Ancaq bu sualları Fransanın hansı üzünə ünvanlayaq?..

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Başımıza qapaz vururlar ki, sakit durun” - MÜSAHİBƏ

Hafiz Hacıyevin partiyasının fəalı OD PÜSKÜRDÜ

Vəkillər Kollegiyası 230 beynəlxalq təşkilata SƏSLƏNDİ

Baş Prokurorluq təfərrüatı AÇIQLADI

Erməni terrorçuları barədə yeni məlumat - RƏSMİ

İnam Kərimov fenomeninə qısaca NƏZƏR

Saxta əlilliyi ifşa olunan “müharibə əlili” həkimi döydü

"Azərbaycan Ordusu məcbur olub İrəvana girəcək"

Pensiya yaşı ilə bağlı TƏKLİF

Həkim körpücük sümüyünün sınığı haqqında danışdı

İcra başçıları Adil Məmmədovla Xəzər Aslanova XƏBƏRDARLIQ

Bu tələbələr dövlət imtahanından azad olunacaq

"Ermənilərin azərbaycanlı əsirlərə verdikləri işgəncələrə reaksiya vermədilər"

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Universitetlərimiz müasir təhsil verə bilmir"