Süleyman Nazif və Tahirə Qürrətül-Eyn

13:07 01-05-2021 | icon 511 | Ədəbiyyat
Süleyman Nazif və Tahirə Qürrətül-Eyn

Görkəmli türk şairi Süleyman Nazif 1870-ci ildə Diyarbəkirdə anadan olub. Atası Səid Paşa, anası Ayşə xanım idi. Nazif fars, ərəb və fransız dillərini mükəmməl bilirdi. Farscanı atasından, ərəbcəni Muş müftisi Emin Əfəndidən, fransızcanı Aleksandr Qriqoryan adlı bir ermənidən öyrənmişdi. İbtidai təhsilini Diyarbəkirdə almışdı. Sonrakı təhsilini özü davam etdirir. 1892-ci ildə atasını itirdikdən sonra, Diyarbəkir Valiliyində katib vəzifəsində işləyir və eyni zamanda Diyarbəkir qəzetində baş redaktorluq edir.

 

Süleyman Nazif, ədəbi anlayış və üsluba görə Namiq Kamalın davamçısı sayılırdı. Hazırcavablığı və zəkası ilə də məşhur idi.

 

O, 1897-ci ildə Avropaya mühacirət edir. Səkkiz ay Parijdə qaldığı müddətdə “Məşvərət” qəzetinə istibdad əleyhinə yazılar yazır. “Məlumi İlam”“Namiq Kamal” adlı risaləsini Abdullah Tahir ləqəbi ilə çap etdirir. Vətənə qayıtdıqdan sonra II Əbdülhəmid tərəfindən Bursada məmur təyin olunur.

 

1908-ci ildə II Məşrutiyyətin elanından sonra İstanbula qayıdır və İttihad və Tərəqqi Partiyasına üzv olur. Yeni rəhbərlik tərəfindən Bəsrə (1909), Kastamonu (1910), Trabzon (1911) qubernatorluqlarında vəzifələrə layiq görülür. 1913-cü ildə Mosula və 1914-cü ildə Bağdada qubernator təyin olunur. 1915-ci ildə dövlət məmurluğunu buraxaraq bütün vaxtını yazıçılığa həsr edir. Yazılarını 1917-ci ildə “Batareya və Atəş” adı altında nəşr etdirir. Həmin il Türk əsgərinin Qalisiya cəbhəsindəki qəhrəmanlıqlarını özündə ehtiva edən “Asitanı Tarixdə” və 1918-ci ildə “Firaqı İraq” adlı ikinci şeir kitabını nəşr etdirir.

 

1918-ci ildə “Hadisat” qəzetini çıxardır. “Qara Bir Gün” başlıqlı yazısında İstanbulu işğal etmiş Fransız komandirini aşağılayır və Parijin də bir vaxtlar almanlar tərəfindən belə işğal edildiyini ona xatırladır. Bu kimi hərəkətlərinə görə ingilislər tərəfindən Maltaya sürgün edilir və 20 aya qədər orda qalır. Orada “Çal Çoban Çal” adlı əsəri nəşr olunur. Nəhayət, 1922-ci ildə İstanbula qayıdır və milli duyğulara xitab edən yazılar yazmağı davam etdirir.

 

Şahların xalqdan oğurlayaraq sahib olduqları sərvətlə bağlı məqalələrini də 1922-ci ildə “Oğurlanmış Ölkə” adı altında kitabda verir. 1923-cü ildə “Nəsirəddin şah və Babilər” adlı əsərini, 1924-cü ildə isə üçüncü şeir kitabı olan “Malta Gecələri”ni və Həzrəti İsaya Açıq Məktub” əsərini çap etdirir.

 

Ölümünə qədər yazdığı digər əsərləri bunlardır: Məhmət Akif (1924), Külliyatı Ziya Paşa (1924), İki dost, Füzuli (1926), İmana Təsəllüt- Şlyapa Məsələsi (1925), Kafir Həqiqət (1926), Livan Qəsrinin Sahibəsi (1926), Yıxılan Müəssisə (1927).

Süleyman Nazifin əsərləri arasında "Nəsirəddin Şah və Babilər" kitabının xüsusi yeri vardır. Əsərin müqəddiməsində Nazif nəql edir ki, Parijdə mühacirətdə olarkən şair Katul Mendeslə babilərlə bağlı təsirli söhbəti olub. K.Mendes ondan Babilərə münasibətini soruşub. Nazif, digər şərq sakinləri kimi, Babilər haqqında yaxşı bir fikir sahibi olmadığını və “Babi” adını eşidəndə “bir cüt qaniçən qara göz və qanlı bir xəncər xəyal etdiyini”, və ölkəsində insanların onlardan qorxu ilə danışdığını, Qərbdəki "anarxistin" Şərqdəki "Babi" ilə bərabər olduğunu Mendesə söyləyib. Mendes üçün bu cavab yetərli olmayıb. K.Mendes həyəcanla Nazifə deyib ki, Şərq xalqlarının və xüsusən də İranlıların Babiliyi səhv başa düşmələri təəssüf doğurur. Bu söhbətin təsiri altında Nazif babiliyi və bəhailiyi araşdırmağa başlayıb. Hətta Hayfada Əbdül-Bəha ilə bir neçə dəfə görüşüb.

 

Nazif kitabında Babi və Bəhai tarixini İran və Osmanlı İmperiyası tarixi kontekstində araşdırır. İran və Osmanlı İmperiyasındakı Babi hərəkatının mənşəyi, inkişafı və taleyindən bəhs edir. Kitabda diqqəti xüsusi çəkən məqam Onun Tahirə Qürrətül-Eynin şəxsiyyətinə, gözəlliyinə və fəzilətlərinə heyran olmasıdır. O, Tahirəyə münasibətini möhtəşəm sözlərlə ifadə edir. Tahirənin ölümü ilə bağlı rəsmi mənbələrin əksinə olaraq Nazif, onun Tehrandakı bir qalada diri-diri yandırıldığını iddia edir. Ona "Qəzvinli gənc türk qadını" kimi müraciət edir.

 

Süleyman Nazifin “Nəsirəddin Şah və Babilər” əsərində bəzi səhvlər olsa da, babilər hərəkatı haqqında Qərb oxucuları üçün əvvəllər əlçatmaz olan məlumatlar üçün əhəmiyyətli ilkin qaynaq kimi qəbul edilə bilər. Aşağıda Nicat Alkanın tərcüməsində Süleyman Nasifin “Nəsrəddin Şah və Babilər” əsərindən Tahirə-Qürrətül-Eynlə bağlı hissə verilmişdir.

 

“...Gənc bir qadın babiliyi qəbul etdi və yeni Xilaskarın həvvarisi oldu. Onun adı Zərrintac idi. Lakin onun saysız məziyyətlərinə cəzb olunan insanlar ona “Qürrətül-Eyn” ləqəbi (gözlərin təsəllisi) verdilər. Qeyri-adi dərəcədə zəkalı, bilikli, şairə, kamil, bəlağətli, qətiyyətli olan bu qeyri-adi qadın həm də iffət və ismət cəhətdən təmiz idi - hətta o dərəcədə ki, düşmənlərini belə onun böyüklüyünü təsdiq etməyə və razılaşmağa məcbur etdi. Onun ilk ardıcılları ona “Tahirə” ləqəbi verdilər; ona bu adla müraciət edirdilər, elə bu adla da xatırlanır. İranda poeziya ustaları arasında Qürrətül-Eynin şeirləri, şübhəsiz ki, yüksək yerdə durur. Babiliyi dəstəkləməyə tərəddüd edənlərin ağlı və fikri Tahirənin cəlbedici gözəlliyi, mübahisəsiz mükəmməlliyi, xüsusi bəlağəti, səbatlılığı və cəsarəti qarşısında çaşır və ovsunlanırdılar. O hər yerə çadrasız daxil olur, yeni təriqət haqqında oxuduğu mühazirələrlə qısa bir zamanda çoxsaylı üzvlərdən ibarət icma qurdu.

 

Bu bənzərsiz qadın, mənim fikrimcə, dünyanın ən dəyanətli və ən iffətli qadınıdır. Bu bənzərsiz qadın doğulanda, valideynləri ona Zərrintac adı verdilər. O, doğrudan da, zərrintac (qızıl tac) idi. O gözəllik və lətafət haləsi, bilik üçün hüdudsuz istedad xəzinəsi ilə doğulmuşdu. O, istər fitri, istərsə də qazandığı uca keyfiyyət və məzyyətlərini insanların nicatına həsr etdikdən sonra onlar onu “Qürrətül-Eyn” adına layiq gördülər. Zərrintac hər bir kədərli göz üçün sevinc işığına və ümid alovuna çevrildi. Belə gözəllik və cəsarətə əlavə olaraq, o elə iffətli və ismətli idi ki, hətta onun amansız qatı düşmənləri belə onun mühakimə bayrağı altında topananların ona verdikləri “Tahirə” sifətini sual altına ala bilmirdilər, onu öldürmək niyyətində olanlar isə qəbul edilir və onun şanı və şərəfi qarşısında hörmətlə davranılırdılar. Hər kəslə cürətlə ünsiyyət edən bu iffət rəmzi ehtiras çirkinliyindən ləkələnməmiş qaldı.

 

Onun ağıllara və şüura hakim olan söhbətlərinin bəlağəti kimi, onun cəzbedici gözəlliyi və lətafəti ancaq onun məqsədi və hədəfi olan, əzəldən sitayiş olunan Kəsə olan məhəbbətinin vəcdindən idi ki, sonda da o özünü Onun yolunda fəda etdi. Onun məziyyətləri ilə yalnız səfillər, zəlillər və möhtacları deyil, həm də o zamanın böyüklərini də ovsunlamışdı. Hətta Tehranın ən yüksək çinli polisi ciddi-cəhdlə bu misilsiz qəhrəmanın dustaqlığını yumşaltmaq və onu tamamilə azad etməyə çalışırdı. Lakin o qətiyyətli və ləyaqətli idi, bu planlaşdırılmış amnistiyanı qəbul etmədi, öz qururuna sadiq olduğu qədər də nəcib prinsiplərinə vəfalı qaldı. Həndəvərində Nəsrəddin şaha planlaşdırılmış sui-qəsdin baş verdiyi sarayda çoxsaylı şahzadələr, vacib rəsmilər və əyan-əşrəf Zərrintacın istintaqında iştrak edirdilər. Eyni zamanda da, bu insanların hüzurunda ikən o, qorxu və şübhə olmadan, Babi təriqətinə tərəfdarlığını və cəzb olunduğunu bəyan etdi, etiraflarına bunu da daxil etməkdə tərəddüd etmədi ki, öz dini uğrunda həyatını fəda etməyə hazırdır. Nə onun qatilinin hədəsi, nə də orda olan ərinin və atasının xahiş və göz yaşları onun qətiyyətini zəiflədə bilmədi. Dünyanın tarixi çətin ki nə vaxtsa bu cür faciəvi ölümü bu cür ruh ucalığı ilə qarşılayan Zərrintac kimi bir qadının, hətta kişinin belə tarixini yazmış olsun. Zərrintac gözəl doğulmuşdu, Qürrətül-Eyn isə şərəfli və böyük bir ölümlə ölmək istədi. Zərrintac Tehranda qalada yandırıldı, külünü isə küləklərə sovurdular.  Qürrətül-Eyn həyatının son səhifəsini bu beytlə bəzədi. Kim bilir, bəlkə o bu beyti o tarixi anda söyləmişdi:

 

Bir səməndər ol, bir pərvanə ol, mən demirəm
Yandırılmaq istəyirsən, cəsur qalmalısan.

 

Dindirmi, ya təriqət; xəyallar üstündəmi qurulmuş, yoxsa mövhumat; yenilənmə və inkişaf dövrünün ehtiyacının nəticəsidir ya yox, çox güman ki, Babilik yenidən dirçələcək,  - istər köhnə halında, istərsə də başqa bir formada. Və yenə də, çox güman ki, İran şahlarının ona qazdıqları dar quyuda məhv olub gedəcəkdir. Amma Qürrətül-Eynin adı və xatirəsi həmişə yaşayır və valeh edir. Heç nə, nə qüdrət, nə də hücum onun adını məhv edə bilməz. Əgər uğrunda onun həyatını verdiyi məqsəd yox olacaqsa və məhv olacaqsa, bu onun məzarında yazılır; amma əgər həyat və qüdrəti Allah vəd edirsə və O darə edirsə, onda Zərrintacın xəyalı və adı onun şanlı və nəcib daşının üstündə şimşək kimi əbədi olaraq parlaq işıq saçacaqdır.

O, Janna Darkdan daha mötəbər, daha gerçək, daha görkəmli və daha böyük qəhrəmandır, o qədər ki, Həvvadan tutmuş onun doğulacaq son qız övladına qədər, bu nəcib icmanın (müsəlman) hər bir üzvünün, Qəzvindən olan bu gənc Türk qadınını xatırlayarkən, gözləri yaşaracaq və o qürurla dolacaq. Ah! Təəssüf, Qürrətül-Eyn! Sən min Nəsrəddin şaha, min Qacar sülaləsinə dəyərdin. Sənin qatillərin sənin külünü Tehranın üfüqlərinə səpmədilər, xeyr, o üfüqlərdən bəşəriyyətin ürəklərinə səpdilər. Hər bir ürək sənin məskənindir, Tahirə…

Qürrətül-Eynin isintaqında digər məhbus babilər də vardılar. Hamı, həbs olunanların arasında olan gənc qızlar və oğlanlar şad və rahat idilər. Onlar bunun şahidi oldular ki, Tahirə bircə kəlmə belə söyləmədən, hətta vida sözləri belə demədən necə çıxıb edam yerinə getdi. Bu bədbəxtlərin növbəsi gələndə isə, həm sui-qəsddə əli olanlar, həm də olmayanlar istisnasız olaraq, etiraf etdilər ki, onlar babidirlər və həzrət deyə müraciət etdikləri Babın, Əli Məhəmməd Şirazinin və digər babi həvvarilərin və şəhidlərin adlarını mədh edərək və “Allah onları pak etsin” dualarını əlavə edərək dedilər ki, onlar hər şeyə hazırdırlar...”

 

Azər Cəfərov
/BDU-nun dosenti, Bəhai dini icmasının
ictimai Əlaqələr ofisinin koordinatoru/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Razi Nurullayev hiddətləndi: Əgər vaxtında dayandırmasaq...

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Kosmosda suborbital ekskursiya üçün bilet HƏRRACDA

Uşağın səsi görənləri heyrətləndirdi

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI