"Bu cür çıxışlara səsləri var, amma bunları həyata keçirməyə gücləri yoxdur" - MÜSAHİBƏ

17:29 04-05-2021 | icon 483 | Müharibə
"Bu cür çıxışlara səsləri var, amma bunları həyata keçirməyə gücləri yoxdur" - MÜSAHİBƏ

Şair Ramaldanov: "...Həmin icraçılar sülhməramlıların aşağı zümrədə olan nümayəndələrdir"

 

Ermənilərin sülh prosesini pozub, növbəti savaşa hazırlaşmaları barədə iddiaları artmaqdadır. Bu günlərdə ermənilərin Azərbaycanın Zəngilan, Qubadlı sərhədində törətdikləri hərbi təxribatlara dair yeni videogörüntülər də yayıldı.

 

Versus.Az xəbər verir ki, bu və digər məsələlərlə bağlı müsahibə verən hərbi ekspert Şair Ramaldanov mühüm məqamlara diqqət çəkib.

 

- Şair müəllim, ermənilər hərbi ritorikadan əl çəkmir. Hərbi cinayətkar Robert Köçəryan “müharibənin bitməsi hələ konfliktin bitməsi demək deyil, ədalətli sülh olmasa yenə müharibə ola bilər”, - deyə bildirib. Cinayətkar erməni Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisini danışıqlar yolu ilə bərpa edilməsini, Şuşa və Hadrutun qaytarılmasından danışıb. Ermənilərin sərhəd qoşunlarımıza atəş açması halları da mövcuddur. Baş verənlərin fonunda Qarabağdakı hərbi durumu necə dəyərləndirmək olar, vəziyyət nədir?

 

- Hazırda bölgədə vəziyyət sabitdir. Üçtərəfli bəyanatda göstərildiyi kimi, tərəflər sənədləri yerinə yetirməkdədir və o bəyanatdan kənara çıxan heç bir hadisə yoxdur. Yəni Azərbaycan respublikası, Azərbaycanın Şanlı Ordusu  qələbə qazanaraq, hazırda Ermənistanla sərhədlərin dəqiqləşdirilməsini aparır. Azərbaycan sərhədçiləri Ermənistanla bərpa olunmuş sərhəddə xidmət aparırlar. Yəni artıq Azərbaycanda təmas xətti yoxdur, cəbhə bölgəsi yoxdur. Azərbaycanın digər ölkələrlə olduğu kimi Ermənistanla da dövlət sərhədi var. Sadəcə, digər ölkələrdən fərqli olaraq  erməni dövləti və orda  müxalifətdə olan siyasi qüvvələr müəyyən çıxışları ilə İrəvanın mövqeyini bildirirlər. Belə bir formada onlar müəyyən şəkildə üstünlük qazanmaq istəyirlər. Elə düşünürlər ki, qazanacaqlar. Hesab edirəm ki, artıq Ermənistan  xalqı bütün bunlardan yorulub. Onlar 30 il torpaqlarımızı işğalda saxlamağın nəticəsini gördülər. Ümid edirəm, bütün iqtisadi proseslərdən kənarda qalan və sosial problemlərdən boğulan xalq düzgün yolu seçə biləcək. Qisasçı ideyalardan çıxış edən siyasətçilər demək olar ki, artıq cənab Prezident İlham Əliyev dediyi kimi, fəaliyyətləri ilə özlərini zibilliyə atırlar. Bir atalar sözü var; it hürər, karvan keçər. Bu ifadə nə qədər kobud olsa da, deməliyəm ki, o itlər hürəcək, bizim karvanımız isə gedəcək. Biz bütün dövlətlərlə sülh şəraitində yaşamağa, qonşularla normal qonşuluq münasibətlərdə olmağa davam edəcəyik. Əgər kimsə bizim torpaqlara göz dikərsə, Dəmir Yumruğu işə salmağa hazırıq. Ermənilərin də Azərbaycanın daxilində yaşamağını, son durumları  nəzərə alaraq  onları da yavaş-yavaş sülhə doğru yönəltməliyik. O insanlar cənab Prezidentin də dediyi kimi, istəsələr, Azərbaycan vətəndaşlığını qəbul edib burada qalacaqar və qanunlarımıza hörmət edəcəklər. Etməsələr, rədd olub çıxıb gedəcəklər. Ermənilər qələbədən sonra bizə hansı niyyət və hansı fikirlərlə yanaşacaqlarsa, elə də cavab alacaqlar.

Bu gün Azərbaycan Ordusu yetərli qədər güclüdür, Azərbaycanın düşməni əzilib, digər ölkələrlə çox yaxşı münasibətlərimiz var. Köçəryanlar və digər revanşist ideyalarla yaşayanlar sadəcə özlərini gündəmdə saxlamaq üçün populist çıxışlar edirlər. İndi bilirik ki, bu saat Ermənistanda seçkiqabağı proses gedir, orda dövlət nəzarəti yox şəklindədir. Ona görə də mən o çıxışlara o qədər də fikir verməzdim. Ola bilsin, belə çıxışlar etməyə səsləri var, amma bunları həyata keçirməyə gücü yoxdur.

 

- Azərbaycan Ordusu tərəfindən darmadağın edilən, faktiki olaraq diz çökdürülən ermənilər  qisasçı çıxışlar edərkən cəsarəti haradan alırlar?

 

- Ermənistanda hakimiyyətə kim gəlirsə-gəlsin, onlar xarici qüvvələrin əlində bir alət kimi fəaliyyət göstərirlər. İndi də revanşist çıxış edənlər müəyyən yerli və xarici qüvvələrin niyyətlərini səsləndirirlər. Bunu nəzərdən qaçıqmaq lazım deyil. O da məlumdur ki, əgər onlar bir şey bacarsaydılar, bunu 44 günlük müharibədə edə bilərdilər. Bu revanşist xarici qüvvələr elə müharibəyə qədər də var idilər. Əgər bu qüvvələr o vaxt Azərbaycanın qələbəsinin qarşısını ala bilməyiblərsə, Azərbaycan öz qəhrəman ordusunun şücaəti nəticəsində zəfər qazanıbsa, inanmıram ki, düşmən bundan sonra nəyəsə nail ola bilsin. Belə təxribatçı çıxışlar sülh sazişi əldə edilməyənə qədər Ermənistanda olacaq. Azərbayacanın Ali Baş Komandanı da bəyan edib ki, biz ordumuzu daim gücləndirəcəyik, inkişaf elətdirəcəyik. Bu yaxınlarda Türkiyənin Hərbi Sənaye Kompleksinin rəhbərliyi Azərbaycana gəlib və Müdafiə Nazirliyi ilə birgə müəyyən layihələrə imza atılıb. Cənab Prezident demişkən, Dəmir Yumruğu həmişə işə salmağa hazırıq və həmin revanşist ideyaları həyata keçirməyə çalışmaq istəyənləri darmadağın etməyə iradəmiz, gücümüz ordumuz var.

 

- Ermənilərin Zəngilan sərhədində törətdiyi hərbi təxribat məlumdur. Prezident İlham Əliyev Zəngilanda istifadəyə verilən hərbi hissədə çıxışında bu təxribatın cavabını verdi. Dedi ki, əgər bir daha buna oxşar cəhd göstərilərsə, düşmən yerindəcə məhv ediləcək. Sizcə erməni təxribatçıları bu çıxışdan hansısa dərs götürdülər?

 

- Cənab Prezident indiyə kimi nə deyibsə hamısını yerinə yetirib. O, müharibəyə qədər də son xəbərdarlığını etmişdi. Azərbaycan Ordusu son təxribat nəticəsində əks-hücum əməliyyatı keçirərək, torpaqlarını işğaldan azad etdi. Biz bu tarixi dərsi artıq vermişik və lazım olsa belə dərsləri hələ bundan sonra da verə biləcəyik.  Azərbaycan Ordusu, artıq düşmənə nəyə qadir olduğunu göstərdi. Ermənilər bunu heç vaxt unutmayacaq. O ki qaldı Zəngilan istiqamətində ermənilərin törətdiyi hərbi təxribata, bu yaxınlarda yenə silahsız şəkildə insident törətmişdilər. Bu cəhdləri də heç bir nəticə vermədi. Prezident son xəbərdarlığı elə-belə vermir. Əgər son xəbərdarlığı verirsə, bu artıq o deməkdir ki, növbəti  təxribatçı addımlar onların faciəsi ilə nəticələnəcək.

 

- Azərbaycan sərhədlərinin təhlükəsizliyinin təminatı üçün bu gün Ermənistanla sərhəddə təkcə sərhəd xidməti qoşunlarının dayanması kifayət edirmi?

 

- Hazırda Müdafiə Nazirliyinin hərbi hissələri sərhəd xidməti qoşunları ilə bərabər Azərbaycan sərhəddini qoruyurlar. Əsas odur ki, Azərbaycan Dövlətinin sərhədi qorunur və tam şəkildə nəzarət olunur. Düşünürəm ki, bu istiqamətdə proses gedir. Əlbəttə ki, gələcəkdə Ermənistanla sərhəddə təkcə sərhəd xidməti qoşunlarının bölmələri yerləşəcək və xidmət aparacaq. Azərbaycan Ordusunun Müdafiə Nazirliyinə aid olan hissələri isə öz döyüş hazırlığı ilə təyinatı üzrə məşğul olacaqlar. Buna bir qədər zaman lazımdır.

Bilirsiniz ki, bizim orada xidmət edən sərhəd xidmətçilərimiz kifayət qəqər peşəkardırlar. Onlar özlərini bu müharibədə göstərdilər. Hesab edirəm ki, digər ölkələrlə olan sərhədlərdəki kimi Azərbaycanın sərhəd xidmətinin bölmələri Ermənistanla sərhəddə də öz işini layiqincə yerinə yetirərək Azərbaycanın sərhəd təhlükəsizliyini qoruyacaqlar.

 

- Şair müəllim, Laçın sərhədində ermənilərə dəhliz verilib və oradan da Qarabağa gediş-gəliş var. Digər tərəfdən, sülhməramlı dəstələrin özbaşına davranışları ilə paralel,  Azərbaycan qoşunlarının nəzarət etmədiyi ərazilərində erməni separatçıların, silahlıların mövcudluğu hərbi təxribatlar üçün bir qığılcımdır. Məsələyə bu fonda baxanda Qarabağ regionunda hərbi vəziyyət Azərbaycan tərəfi üçün nə dərəcədə qaneedicidir?

 

- Azərbaycan tərəfi regionda öz öhtəsinə düşənləri yerinə yetirir. Düzdür, sülhməramlı qüvvələr Azərbaycanda bəzi xoşagəlməz addımlar atırlar ki, bu da icraçılar səviyyəsindədir. Biz bilməliyik ki, həmin icraçılar sülhməramlıların aşağı zümrədə olan nümayəndələrdir. Onların daim ermənilərin içində olduğu üçün ermənilərin təsiri altına düşmələri istisna olunmur. Baş verən hadisələri görürük, bütün bunlar nəzarət altındadır. Türkiyə Monitoriq Qrupu orada  prosesə nəzarət edir. Azərbaycanın da nəzarət eləməyə böyük inkanları var. Hansısa xoşagəlmnəyən və Azərbaycanın maraqlarına uyğun gəlməyən məsələlər sülhməralı qüvvələrin rəhbərliyi ilə müzakirə olunur. Nöqsanlar ola bilər, amma Azərbaycanın təlükəsizliyinə, suverenliyinə, maraqlarına zidd olan bəyanatdan kənara çıxan hərəkətlər hələ ki, yoxdur. Ona görə də xırda nöqsanların aradan qaldırılmasına zaman lazımdır. Azərbaycan ölkə daxilində gedən bütün məsələləri nəzarətdə saxlayacaq. Görüləcək işlər həddən çoxdur. Prinsipcə, Azərbaycanı bölgədəki bugünkü vəziyyət qane edir. Nəhayət Azərbaycan dövləti bütün ərazilərinə tam nəzarəti əlinə alacaq.

 

- Ölkə başçısının Zəngəzur dəhlizi ilə bağlı çıxışları Ermənistanı niyə narahat edir, əslində burada hədəf nədir? Bu, Azərbaycanı istəməyənlərə hansı mesajdır?

 

- Cənab Prezident Zəngəzur məsələsini həm daxili auditoriya, həm də beynəlxalq aləm üçün çox gözəl şəkildə açıqladı. Azərbaycanın gələcəkdə hansı addımlar atacağı, hansı niyyətdə olacağı haqqında bəyanat verdi. Azərbaycan Prezidentinin bu bəyanatları erməni xalqının ürəyindəndir. Prezidentin etdiyi çıxışlar, istiqamətlər birinci növbədə sülhə yönəlib. Bu enerji layihələrinin yerinə yetirilməsi və enerji layihələrindən faydalanaraq Ermənistanın da rifahının yaxşılaşması deməkdir. Müharibəyə qədər olduğu kimi, müharibədən sonra da cənab Prezident ermənilərə sülhə gəlmək üçün yol göstərir. Əgər ağıllı olsalar, düşmənçilik niyyətindən əl çəksələr,  güclü qonşu dövlətlərlə, bir tərəfdən Azərbaycan, bir tərəfdən Türkiyə ilə öz inkişaflarını sürətləndirərlər. Hazırda əsas hədəflər sırasında Zəngəzur, Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə təmin edilməsi dayanır və Ali Baş Komandan bunu öz çıxışlarında bəyan edib. /həftə içi/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qadın sahibkarlar üçün BİZNES TƏLİMLƏRİ

Koronavirusla bağlı son STATİSTİKA

Sabiq nazir müavininin məhkəməsi başlayır

“Dərs vaxtı”nın bu günə olan CƏDVƏLİ

AVRO-2020 kuboku Bakıda

HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER

Qəhrəman oğlunun vəfatına ağlamayan qəhrəman ata

Bronxial astma xəstəliyində yeganə və əsas klinik ƏLAMƏT

“ADDIM-ADDIM YAPONİYA”nın TƏQDİMATINDA

Müəllimlərin sertifikasiyası keçiriləcək?

"İşğaldan azad edilmiş torpaqlarımıza BÖYÜK QAYIDIŞ buradan başlayır - MÜSAHİBƏ

Nazir əyani dərslərin bərpasından DANIŞDI

Bakı-Sumqayıt yolu BAĞLANDI

X-XI siniflərdə dərslər distant formada davam etdiriləcək

Vakant yerlərin sayı AÇIQLANDI