“Proseslər Gürcüstan-Azərbaycan münasibətlərində gərginlik yaratmağı hədəfləyib”

17:34 25-05-2021 | icon 26 | Siyasət
“Proseslər Gürcüstan-Azərbaycan münasibətlərində gərginlik yaratmağı hədəfləyib”

Zəlimxan Məmmədli: "Fəal ictimai-siyasi proseslərə qoşulan insanların əl qolu bağlanıb"

 

Son günlər Gürcüstanda yaşayan azərbaycanlılara qarşı etnik savaşın yenidən canlanması prosesi müşahidə olunur. Dmanisi və Tiflisdə baş qaldıran olaylar və bir nəfər soydaşımızın öldürülməsi faktı Azərbaycanın Gürcüstanla münasibətlərə yenidən baxılmasını gündəmə gətirir. Vəziyyəti təhlil edən ekspertlər Gürcüstanda tarixi torpaqlarında yaşayan soydaşlarımıza qarşı etnik svanların hücumlarını birbaşa "Gürcü Arzusu" partiyası və Gürcü kilsəsinin fəaliyyəti ilə əlaqələndirirlər. Belə ki, məhz bir neçə ay bundan əvvəl yeni torpaq qanuna görə soydaşlarımızın torpaqları gürcü kilsələri tərəfindən zəbt olunur. Ardınca Dmanisidə svanlar vasitəsilə soydaşlarımıza qarşı bu zəmində hücümlar edilir. Belə hesab olunur ki, etnik hücumlar planlı şəkildə həyata keçirilir və "Keşikçidağ" məbəd kompleksi ilə bağlı siyasətin tərkib hissəsidir.

 

Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli ciddi nüanslara diqqət çəkib.

 

- Zəlimxan müəllim, Gürcüstanda öz tarixi torpaqlarında yaşayan soydaşlarımıza qarşı aparılan etnik savaş nə ilə bağlıdır. Dmanisi və Tiflisdə baş verən son insidentlərə diqqət çəksək, vəziyyəti necə təhlil edərdiniz?

 

- Müəyyən siyasi məqsəd güdən mərkəzlər vəziyyəti daha çox məişət xarakterli bir hadisə kimi dəyərləndirirlər. Amma həm tarix, həm də proseslərin gedişi bizi başqa məqamlar axtarmağa vadar edir. Tarixdən svan problemi olub. Gürcüstanda elə bir cinayətkar təşkilat olub və əsas hədəfi, xüsusilə türklərə qarşı, guya ki, Gürcüstanı işğaldan qorumaq istəyi ilə bizim soydaşları daha çox hədəfə alıblar. O vaxtdan bəri oğurlananlar, öldürülənlər, qarət olunanlar, başına pul qoyulanlar bizim camaat olub. Söhbət 1990-cı illərdə olan hadisələrdən gedir. 1994-95-ci illərdən sonra bu proses müəyyən mənada səngidi və Saakaşvili dönəmində isə demək olar ki, “VorZakon” dediklərimiz o dəstələr Gürcüstandan təmizləndi. Amma yenə də həmin o izlər var. Amma hesab edirəm ki, o prosesin özü deyil. Düşüncəmə görə regionda gedən siyasi proseslər Gürcüstan-Azərbaycan münasibətlərində gərginlik yaratmağı hədəfləyib. Zəngəzurda yaranan müəyyən gərginliklər və sonrakı dönəmlərdə Rusiyanın məhz Ermənistanla hərbi baza yaratmaq istəyi, eyni zamanda Azərbaycanla Gürcüstan arasında olan strateji tərəfdaşlıq və Türkiyəyə çıxan bir qapı olduğunu nəzərə alaraq, bu qapını bağlamaq meyli var. Proseslər onu sübut edir ki, hakimiyyətdə və Gürcüstanın hüquq-mühafizə sistemində də bu cür xətti körükləyən zehniyyət var. Faktlar sübut edir ki, quldurlar soydaşlarımıza hücum ediblər və bu barədə çəkilişlər var, sosial şəbəkələrdə yayılıb. Onların adları, simaları bəllidir. Yəni cinayəti törədən, cinayətin xarakteri barədə hüquq-mühafizə orqanlarında kifayət qədər gözlə görünən məlumat var. Deməli, hazırda heç kimin həbs olunmaması və yaxud da bu cinayətkarların prosesdən kənarda saxlanılması baş verir. Soydaşlarımız həyacanlıdır, tələblər irəli sürürlər, hüquq-mühafizə orqanlarını, siyasi hakimiyyəti doğru olaraq ittiham edirlər. Məqsədyönlü şəkildə bu prosesi gərginləşdiriblər. İndiki zamanda isə artıq Rusiya maşınının erməni kartı ilə birgə işlədiyinin qənaətindəyəm. Hesab edirəm ki, indiki zamanda günün günorta çağı bu cür dərəbəylik olmaz. Cinayətkarlar bəlli olduğu halda azadlıqda gəzir. Bu artıq siyasi xarakterli məsələyə oxşayır. Buna da etniklərin qarşıdurması yox, tarixdə baş verən bir yaranın üstünün açılması kimi baxmaq olar. Bəzi qüvvələr bundan məharətlə istifadə edib Gürcüstan, Türkiyə və Azərbaycanın strateji maraqlarına uyğun olmayan bir müstəviyə daşımağa can atırlar. Amma bugünkü gündəmdə haqlı olaraq, insidentin araşdırılması, cinayətkarların istintaqa cəlb olunması, tərəfsziz, qərəzsiz iş aparılması çox önəmlidir. Bu prosesin arxasında üçüncü qüvvənin olub olmamasını istintaq ortaya çıxarmalıdır. Ona görə də şəffaflıq təmin olunmalıdır. Bu soydaşlarımızın tələbidir. Məlumdur ki, Tiflisdə baş verən insidentdə bir ölüm hadisəsi də baş verdi. Qrup halında kimlərsə azərbyacanlıların üstünə hücum edib və orda dava olub. Orda gürcü olub, erməni olub hələ bəlli deyil. Orda bir nəfər də bizim soydaşımız bıçaqla vurularaq qətlə yetirilib. Gürcüstan hüquq sistemi buna susqun yanaşdıqca və adekvat tədbirlər həyata keçirmədikcə, vəziyyətin digər bölgələrə daşınması, Azərbaycan-Gürcüstan münasibətlərinin pozmaq istəyi ilə bağlı ehtimalı daha da çoxaldır.

 

- Svanların azərbaycanlılara qarşı olan hücumunun arxasında nə dayanır?

 

- Bilirsiz ki, svanlar qar uçqunu səbəbi ilə 90-cı illərdə Svanitidən Borçalıya-Kvemokartli bölgəsinə, Marneuli, Dmanisi, Qardabanı, Candar gölünün ətrafına, sərhədboyu düzüldülər. Ondan sonra etnik zəmində qarşıdurma elementləri baş verdi. Hətta bizim svan icması ilə görüşlərimizdə onlar zaman-zaman deyirdilər ki, bizi təhrik elədilər. Guya onlara deyiblər ki, orda Gürcüstanın düşmənləri var, bunlar azərbaycanlılardır, onlara qarşı vuruşmalısız. Guya sonra onlara məlum oldu ki, bu belə deyilmiş. Və guya bunu icma rəhbərlərimizlə görüşdə etiraf ediblər. Faktlar var ki, azərbaycanlılara qarşı təzyiqlər, cinayətlər baş verib. Daha sonra xalqlar bir yerdə yaşayıb, bir yerdə təsərrüfat qurublar, ictimai-siyasi qurumlarda bir yerdə olublar. Amma sonra birdən-birə nə baş verdi. Bu sual adamı düşündürür. Dmanisidə svanların daha çox fəal olduğu bir dönəm olub, yaddaşlarda qalıb və svanların icmasının əsas mərkəzlərindən biri də Dmanisi rayonundadır. Yenə birdən-birə svan kartı ortaya çıxır, bizim soydaşların mağazasına gedirlər, ərzaq alırlar, pul vermək istəmirlər. Bundan başlayıb 40 nəfərə yaxın adam dinc insanlara hücum edib, vurub, xəsarət yetiriblər. Bu zaman baltalarla, bıçaqla, dəyənəklərlə, kvantla silahlanıblar. Amma bu günə qədər də bu adamlarla bağlı heç bir istintaq işi getmir. Niyə?!.

 

- Bu hadisələrin bir qədər əvvəl Keşikçidağda baş verən hadisələrlə hansı oxşarlığı və əlaqəsi var?

 

- Borçalı Cəmiyyətinin sədri olaraq 2009-cu ildən Gürcüstanda baş verən prosesləri təhlil eləmişik, təhqiqatlar aparıb ciddi  təhlükələrin olması barədə Azərbaycanın rəsmi qurumlarına, Diaspora Komitəsinə, Dini Qurumlarla iş üzrə Komitəsinə və sair orqanlara müraciətlər edib, təkliflərimizi vermişik. Çox təəssüf ki, Azərbaycan tərəfdən təklif qaldıran və yaxud da onun rəhbərlik etdiyim təşkilata qarşı ikili yanaşmaları olub. Bu bizi təəccübləndirib. Hər halda, Azərbaycanın Gürcüstana, Borçalıya yönəlik siyasəti yanlışdır, qüsurludur və bu düzəlməlidir. Zakir Qaralovların, Ramiz Həsənovların və digər Gürcüstan kökənli rəsmilərimiz, o bölgəni yaxşı bilənlər öz səlahiyyətləri çərçivəsində çox şeyləri həll edə bilərdilər. Zakir Qaralov özü Dmanisi rayonundandır, amma orda soydaşlarımızın fəal olan kəsiminin əl-qolunu bağlamaqla məşğul olublar. Bu bizim üçün çox ciddi bir qüsurdur. Həmin rayonda iş yerləri, fabriklər, istehsal, emal müəssisələri açılmalıydı. Soydaşlarımızın rifah halı yaxşılaşdırılmalıydı. İnsanlarımızın siyasi proseslərdəki fəaliyyəti stimullaşdırılmalıydı. Əksinə, Azərbaycan tərəfdən orda bizim fəal gəncliyin, fəal ictimai-siyasi proseslərə qoşulan insanların əl qolu bağlanıb.

Təbii ki, biz Keşikçidağ məsələsinin həyəcanını qaldırdıq. Bizim əsgərin üzərinə hücum da oldu, əlindən silah da alındı, ora qədər gedildi, bu böyük təxribat idi. Xocalı soyqırımı günü Axalkalakda erməni terrorçusuna abidənin qoyulması yəqin ki, yadınızdadır. Və yaxud da Azərbaycanın anım tədbirlərində ermənilərə şənliklər keçirmələri üçün yer verilirdi. Bu da Gürcüstanın indiki hakimiyyətinin Azərbaycana və Gürcüstanda yaşayan azərbaycanlılara münasibətinin sağlam olmadığını göstərir. O cümlədən, Borçalı Cəmiyyətinin birbaşa təşəbbüsü və təşkilatçılığı ilə qurulmuş Borçalı Türklərinin Elat bayramına yasaq qoyulub. Mənim və idarə heyətinin bir neçə üzvünün işinin yasaq olunması, hamısı məqsədyönlü, ardıcıl siyasi kursdur. Çox təəssüf edirəm ki, faktlar əsasında aidiyyatı orqanlara Milli Təhlükəsizliyə, rəsmi qurumlara təkliflərimizi vermişik və bildirmişik ki, bu qadağalarda Azərbaycan tərəfinin də “xeyir-duası” var. Problemin kökü ondadır ki, soydaşlarımızın yanında olaq, soydaşlarımızın haqqının yanında olacaqsan, soydaşımızın vətəndaş hüquqlarının təmin olunmasına dəstək verəcəksən, soydaşımızı Azərbaycanın əmək bazarına rahat buraxacaqsan. Daha rasional bir şey olmalıdır ki, aqrar sektorda çalışan insanlar öz profillərinə uyğun iş yerləri ilə təmin olunsun. Bunun üçün Azərbaycan məqsədynlü şəkildə siyasət yeritməldir. Bütün bunların olmaması bu təxribatların işlənməsi üçün münbit şərait yaradır. Amma o bölgəni yaxşı bilən, 12 il bir təşkilata rəhbərlik edən biri kimi bilirəm ki, çox az vəsaitlə, sağlam məfkurə ilə Azərbaycanın milli maraqlarını uyğunlaşdıraraq, həmin bölgədə təmin etmək mümkündür. Bu cür təxribatları da önləmək mümkündür. Bunun üçün soydaşlarımız potensial resursdur. Bu resursdan düzgün istifadə olunmalıdır. Soydaşlarımız orda taleyin ümidinə buraxılıb. Orda  böyük ermənistan ideyaları ilə xəstələnmiş erməni kartı, onlarla bir yerdə PKK-nın uzantıları, Rusiyanın diversiya qrupu, o biri yandan isə İranın siyasi şiyəliyi var. Azərbaycanın bölgədə yaratdığı boşluq milli maraqlarımızın təhdidi üçün ciddi əsaslar verir və münbit şərait yaradır.

  

- Zəlimxan müəllim, Azərbaycanda yaşayıb, fəaliyyət göstərən xeyli Borçalıdan olan ziyalılar, siyasi fəallar oradakı soydaşlarımızın təşkilatlanması üçün nə kimi fəaliyyət göstərirlər?

 

- Borçalıda böyük təşkilatlanma üçün əsas motiv Elat Bayramı idi. Azərbaycandan bu bayramın keçirilməsinə dəstək verilmədi. Bu bayram Azərbaycan hakimiyyətinə karyera üçün sığınanların xəyanətinə məruz qaldı. Bu gün Gürcüstan siyasi elitası ilə baş-başa durub, siyasəti bilən milli maraqları olan, dövlət təəsübü olan fədakar, savadlı insanlara ehtiyac var. Şükürlər olsun ki, bu gün Borçalıda yetkin gəncliyimiz formalaşır. Onların resursundan düzgün istifadə olunmalıdır. Əksinə biz görürük ki, bunların yolu bağlanır. Bizim siyasilər məhz svana yer verib, seçkidə səs toplayan Əhməd İmanquliyevin parlamentə gedən yolunun qarşısını kəsdilər, ikinci turda svanı qalib elədilər. Onlar sıvanın yanında poz verib bizim üstümüzə hücuma keçirlər. Bunun kökü bizim milli siyasətimizin yanlışlığıdır. Ağlaşma qurmaqla heç nə olmur. Bu gün insan resursu var, ziyalılar var, yetkin gəncliyimiz var. Bu resurslar düz yönləndirilməlidir və Gürcüstanla Azərbaycan arasında mükəmməl bir körpüyə çevrilməlidir. Bu körpünü qıran vaxtilə Diaspora Komitəsinin sədri Nazim İbrahimov oldu. İndiki zamanda diaspora komitəsi yenə köhnə ənənələri və köhnə kadırlarından istifadə edir. Eyni simalarla heç nə əmələ gələn deyil. Parlamental Siyasi təfəkkür ortada olmalıddır. Borçalı Azərbaycan-Gürcüstan, Türkiyə arasnda tarazlıq körpüsüdürt. Üç dövlətin birliyini zədələməklə yad qüvvələrin  bölgəyə girməsinə, Rusiyanın, ermənilərin, PKK-nın maraqlarının ödənməsinə gətirib çıxarmaq istəyirlər. Adını çəkdiyim qüvvələrin marağı Axıskadan tutmuş, Karsdan üzü bu tərəfə türksüzləşdirməkdir. Bu bir proqramdır və buna qarşı dirəniş göstərmək üçün Azərbaycanın resursu var. Təfəkkür rassional olmalı, dəyərləndirməlidir. Məsələlərə Strateji baxmalıdır. Borçalı toplumu strateji toplumdur. Borçalı geosiyasi durumu təmin edən bir regondur. Azərbaycanda özəl, koorparativ maraqlar o qədər yüksəkdədir ki, milli maraqlar görünməz olur. Yenilənmə olsa, milli maraqların üzərindən tozu götürüb üzə çıxmaq olar. Mən gürcü tipini bilirəm. Gürcülər öz millətinə sevgi, sayqı ilə yanaşan insanların yanında olub, onlarla dost olub onları dəyərləndirə bilir. Heç vaxt yanlarında xəyanətkarı saxlamırlar. Ona görə də Azərbaycanın Gürcüstanla bağlı siyasəti dəyişməlidir. Azərbaycan-Gürcüstan Parlamentlərinin dostluq qrupu var. Bu parlamentarilərimiz hara baxır, nə edir. Bu gün jurnalistlər Borçalı məsələsini tədqiq edib gündəmə gətirməlidir. İctimai rəyi birgə hazırlamalıyıq. Onsuz da Azərbaycan və Türkiyənin missiyası xırda nüanslarda ilişib qalmayacaq, bizim strateji məqsədlərimiz var və ona doğru gedəcəkyik. Amma  resurslarımız işə düşsə ermənilərin svanlarla birləşib bizə daş atmağa imkanları qalmaz.

Azərbaycan Gürcüstanda universitet tikməli idi. Gəncliyimiz orda təhsil alacaqdı. Bu bizim yeni yetişən gəncliyin Gürcüstana adaptasiyası deməkdir. Güvənc yeridir. Həm də inteqrasiya məkanıdır. Ermənistan orda universitet açıb, amma orta Gürcüstan iniversitei açılsa nə demikdir. Ona görə də bütün imkanları səfərbər edib, milli maraqlarımızı qorumalıyıq. Xalq durub, bunun ardında əllərində səlahiyətində olan insanlar dəstək olmalıdır.

 

- Gürcüstanda yaşayan azərbaycanlıların öz dilində təhsil alması, dərslik məsələsi, Gürcüstanın təhsil sisteminə inteqrasiyası və milli adətlərin qorunması ilə bağlı məsələlər nə yerdədir?

 

- Gürcüstanda milli məktəblərimizin statuslarının endirilmə cəhdləri var. Bəzi məktəblərimiz bağlanıb. Bu barədə hər zaman fikirlərimizi bildirmişik. Təhsil Nazirliyimiz isə sadəcə bunu seyr edir. Məktəblərə 5-3 kitab göndərməkə məsələ həll olunmur. Azərbaycanın Gürcüstanda yetişən gəncliyi gürcü cəmiyyətinə inteqrasiyalı şəkildə inkişaf etdirilməlidir. Bu, orada yaşayan insanlarımıza dövlət dəstəyi ilə olmalıdır. Bu gün Azərbaycan-Gürcüstan orta unversitetlərinin qurulması vacibdir.  Milli məktəblərin statusunun toxunulmazlığı qorunmalıdır. Bizim Azərbaycanda təhsil alan Borçalı kökənli insanlarımız  geri qayıtmaq şərti ilə dövlətlə müqavilə bağlamalıdır. Azərbaycanlıların gürcü Gürcüstan cəmiyyətinə inteqrasiyası üçün addımlar atılmalıdır. Gənclərin elmlə məşğul olması, karyera qurması üçün işlər görülməlidir. Bunun üçün ürək olmalıdır. Azərbaycan  borçalıda sayılıb seçilən 3-5 nəfəri Oksvord universitetinə oxumağa göndərməldir. Azərbaycan bunu istəməlidir. Pullar bu insanların yetişməsi üçün xərclənməlidir. 40 milyon azərbaycanlılanın resursundan düzgün istifadə edilməlidir. Azərbaycanın tarixi resursundan düzgün istifadə olunmalıdır.

 

- Belə fikirlər var ki, bu porsesin qarşısı alınmasa, Gürcüstanda yaşayan soydaşlarımız Borçalıdan didərgin düşə bilər. Hazırki vəziyyət hansı addımların atılmasını tələb edir?

 

- Azərbaycan fundamental siyasətində yeniliklər eləməlidir. Borçalının öz yurdundan qovulacağı absurddur. Borçalılar 90-cı illərin insanları deyil. Borçalı insanı Azərbaycan bayrağının kölgəsində böyüyüb. Biz özümüzə zəif baxmayaq. Şuşa əməliyyatları göstərdi ki, biz qəhrəman millətik. Cəsarətlə deyirəm ki, bu gün elə bil Osman Qazilər diriliblər. Ortada olan bu ürək bulandıranlar yalnız siyasi çevikliyimizi məhdudlaşdıra bilərlər. Əlavə heç nə edə bilməzlər. Bu gün Türkiyə- Azərbaycan inteqrasiyası elə bir səviyyədədir ki, artıq birgə hərbi aeradromun inşaası gündəmə gəlir. Bu gün Türkiyənin regiondakı gedişləri Gürcüstana deyir ki, dayan. Amma burda Rusiyanın da barmağı var və Rusiya Türkiyə ilə regionda toqquşur. Başqa bir məsələ odur ki, Gürcüstan bu cür dərəbəyliklərin qarşısını almasa, yaxud şüursuz şəkildə seyrici qalsa, yalnız özünə zərər verəcək. Bütün hallarda son hədəfimiz soydaşlarımızın hüququnu təmin etməkdir. Azərbaycan öz soydaşlarının hüququnu qorumalı və gürcüstanda baş verənlərlə bağlı Gürcüstan hökuməti qarşısında məsələ qaldırmalıdır. Diplomatiyamız çevik olmalıdır. Biz onun - bunun ağzına baxıb gözəməli deyilik ki, kim nə deyir. Azərbaycan öz soydaşlarının hüquqlarını təmin etməsə, onu qorumasa ona heç kəs hörmət etməyəcək.

Artıq Azərbaycanın iç siyasətində millətin, xalqın iradəsini tədricən hakimiyyətə daşınması başlayıb, islahatlar gedir. O yekunlaşandan sonra biz rahat nəfəs alacağıq. Biləcəyik ki, dostlarımız kimdir, düşmənimiz kim. Və gürcü də biləcək ki, burda Azərbaycan xalqının iradəsi hakimdir. /"həftə içi/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

"Minanı kim basdırıb, günahkar kimdir, demədilər"

12 yaşlı iş adamı

"Kəlbəcərdə baş verən son hadisə tamamilə başqa mətləblərdən xəbər verir"

"Bəyannamədə minalanmış ərazilərin xəritələrinin verilməsi bəndi yoxdur"

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətində bölmələrimizə atəş açıb