“Bu varislik əbədi olacaq”

17:46 27-05-2021 | icon 151 | Siyasət
“Bu varislik əbədi olacaq”

Səbinə Xasayeva: “Azərbaycan dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir və...”

 

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 103 il keçir. 1918-ci il may ayının 28-də yaranan bu tarix, ölkəmizin həyatına böyük hadisə kimi bu gün də qeyd olunur.

 

Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən - Əqdnamədən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Müstəqil Azərbaycanın  tarixi ənənələri bu gün özünü torpaqlarını düşməndən azad etməklə bir daha sübut etdi.

 

Versus.Az xəbər verir ki, bu istiqamətfdə şərh verən Milli Məclisin deputatı Səbinə Xasayeva diqqəti tarixin mühüm məqamlarına yönəldib. O, 1918-ci il 28 may tarixi ilə yaddaşlara həkk olan Müstəqil Azərbaycan Dövlətçiliyi tarixinin ənənələrinə və varislik hüququnun bu gün necə təmin edilməsi xronologiyasına toxunub.

S.Xasayeva bildirib ki, tarix təkcə illər deyil, həm də rəqəmlə ifadə edilən dövlətçilik qürurudur. Azərbaycan da bəzən tarixi ədalətsizliklərlə üzləşib:

 

“ Müharibələrdə ərazi qazanan da olur, ərazi itirən də. Dövlətlərarası münasibətlər bəzən üçüncü dövlətin dövlətçiliyinin itirilməsinə səbəb olur. Gülüstan müqaviləsindən sonra Azərbaycanın əraziləri hesabına Rusiya ilə İranın ərazisi genişləndi. Araz çayı ayrılıq çayına döndü. Dünyada eyni ərazinin (dövlətin) ikiyə bölünməsi ilə “o tay, bu tay” ifadəsı yarandı. Xalq bu ayrılığı tarixin bir mərhələsi kimi yaşamadı, iki dövlətin dövlətçiliyimizə qəsdi kimi yaşadı. Xalqın azadlıq, müstəqillik mübarizəsi tarixin yaddaşını da silkələdi. Tarix gördü ki, bu xalq kimdənsə, kimlərdənsə asılı tarix (vassal tarixi) yaşamaq istəmir və yaşamayacaq”.

 

Azərbaycanda milli-azadlıq hərəkatlarının həmişə baş verdiyini önə çəkən deputat, xalqın taleyini, dövlətçilik tarixini düşünənlərin bu mübarizəni axına, nəhrə çevirə bildiyini qeyd edib:

 

“Beləliklə, 1918-ci ilin may ayının 28-də İstiqlal Bəyannaməsi imzalandı: “28 mayı, sənə 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası - rəis müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyov, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məhəmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məhəmmədyusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikaslanov və Hacı Mirzə Səlim Axundzadə əfəndilərin iştirakı ilə Azərbaycanın istiqlalı haqqında zildəki əqdi elan etdi.”. Azərbaycan Demokratik Cümhuriyyəti yarandı.

Milli Şura üzvlərinin qətiyyətli siyasi mövqeləri demokratik parlamentin formalaşmasını təmin etdi. Milli hökuməti tanımaq istəməyən, yaşamasının, tarixdə qalmasının əleyhdarı olan ermənilər və Rusiyaya meyillilər, əslində Rusiyanın dövlət maraqlarının ifadəçisi olanlar parlamentin yaradılmasına mane ola bilmədilər.

Ali qanunverici orqan 1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dilini dövlət dili elan etdi. 1918-ci ilin dekabr ayının 7-də Parlamentin təntənəli açılışı oldu. Bu, bütün müsəlman Şərqində o dövrün demokratik prinsipləri əsasında formalaşdırılan ilk parlament idi. Əlimərdan bəy Topçubaşov parlamentin sədri, Həsən bəy Ağayev onun birinci müavini seçildi.

O vaxtlarda Gürcüstan da, Ermənistan da müstəqilliyini elan etmişdi. Üç müstəqil dövlətin rəsmiləri Batumda Osmanlı dövləti ilə danışıqlar apararaq, 1918-ci il iyunun 4-də ayrı-ayrı müqavilələr imzaladılar. Azərbaycanla bağlanan Dostluq və Əməkdaşlıq Müqaviləsini Azərbaycan tərəfdən Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə və Xarici işlər naziri Məmməd Həsən Hacınski imzaladı. Azərbaycanın müstəqilliyini taniyan ilk dövlət Türkiyə olmuşdu və onunla imzalanan müqavilənin üçüncü maddəsi Azərbaycanın torpaq və ərazi bütövlüyünü, dördüncü maddəsi isə Türkiyənin Azərbaycana siyasi və hərbi köməyini əhatələyirdi”.

 

S.Xasayeva bildirib ki, Parlamentli respublika dünyəvilik mahiyyətli olur. Belə dövlətlərin inkişaf istiqamətləri birmənalı şəkildə bəşəriliyə meyillidir. Azərbaycan Demokratik Cümhuriyyəti belə dövlət idi. Onun sözlərinə görə, dövrünə görə geniş səlahiyyətlərə malik olan Azərbaycan parlamenti dövlətçilik təsisatlarının müəyyənləşdirilməsində, onların dünyanın iri dövlətlərinin parlamentlərinə intreqrasiyasına mühüm tədbirlər həyata keçirirdi:

 

“Belə tədbirlər milli maraqların qorunması baxımından xarakterik idi. Parlamentin sədri Əlimərdan bəy Topçubaşovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında iştirakı da, gərəkli diplomatik fəaliyyəti də dövlətçiliyimiz baxımından səmərəli oldu: 1920-ci il yanvarın 11-də Antanta dövlətləri Azərbaycanın istiqlaliyyətini de-fakto tanıdılar. Azərbaycan Xalq Cümhuriyyəti dünyanın 20-dən çox dövləti ilə (Türkiyə, Gürcüstan, Ermənistan, İran, Belçika, Hollandiya, Yunanıstan, Danimarka, İtaliya, Fransa, İsveçrə, İngiltərə, ABŞ, Ukrayna, Litva, Polşa, Finlandiya, ...) baş konsulluq, konsul agentlikləri səviyyəsində əlaqələr qurmağa nail olmuşdu.

Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərb naziri, general Əliağa Şıxlinski hərb nazirinin müavini, general Süleyman Sulkeviç baş qərargah rəisi təyin edildi. 1920-ci ilin yanvar ayında ordu quruculuğu işi tamamlandı və 30 mini piyada, 10 mini süvari olmaqla, 40 min nəfərlik nizami ordu yaradıldı.

Azərbaycan dinc, mədəni, çoxmillətli və çoxmədəniyyətli bir cəmiyyət kimi Cümhuriyyət dövründə də multikultural dəyərləri qoruyan, qanunla dəstəkləyən bir dövlət idi. 1919-cu il iyulun 21-də Azərbaycan Parlamenti “Azərbaycan Respublikasının Müəssislər Məclisinə Seçkilər Haqqında 4 fəsildən, 116 bənddən ibarət Əsasnamə”ni təsdiq etdi. Dövlətçilik baxımından vacib olan bu sənədə əsasən Müəssislər Məclisinə seçkilərdə dinindən, cinsindən, milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün Azərbaycan vətəndaşları iştirak edə bilərdi”.

 

Deputat qeyd edib ki, dövlətçiliyi müəyyənləşdirən hər qurum ayrılıqda da, vəhdətdə də gərəklidir və hər birinin mahiyyəti, dövlətçilikdə rolu, digər dövlətçilik (dövlət) qurumları ilə əlaqədə fəaliyyəti nizamnamələr (və yaxud nizamnamələri əvəzləyən müvafiq sənədlər) əsasında müəyyənləşdirilir. Azərbaycan Demokratik Cümhuriyyətində ali qanunverici orqanın fəaliyyəti bilavasitə onun nizamnaməsini əvəzləyən "Azərbaycan parlamentinin nakazı (təlimatı)" ilə tənzimlənirdi:

 

“Parlament Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu istiqamətində dünyəvi dəyərlərlə səsləşən, o dəyərlərə müvafiq, ancaq milli-xəlqi ruhu əhatələyən sənədlər qəbul etdi. Həmin dövrdə Azərbaycan müsəlman Şərqində yeganə parlamentli respublika idi. 23 ay ərzində respublika parlamentinin 145 iclası keçirildi, 270-dən artıq qanun layihəsi müzakirəyə çıxarıldı, onlardan 230-a yaxını təsdiq edildi. Bu rəqəmlər dövlətçiliyin təsisatlarının (deməli, dövlətçiliyin) möhkəmləndirilməsi baxımından diqqəti çəkirdi. Dünya dövlətləri gənc Azərbaycan dövlətinin inkişaf istiqamətlərini, dinamikasını təqdir edirdi.

Təhsilin, maarifçiliyin cəmiyyətin sosial inkişafında mühüm rol oynayacağı gümanı mühüm bir qərarla tamamlandı, Azərbaycan Demokratik Cümhuriyyətinin parlamenti o dövr üçün olduqca gərəkli, dünyəvi inkişaf baxımından son dərəcə zəruri bir qərar qəbul etdi: 1919-cu ilin sentyabr ayının 1-də Bakı Dövlət Universiteti təsis olundu. Maarifçilik daha dinamik əsaslarla inkişaf edəcəkdi, elmin bütün sahələrinin inkişafına yüksək səviyyəli şərait yaranacaqdı”.

 

S.Xasayeva qeyd edib ki, müstəqil Azərbayacanın dövlətçilik prinsiplərinin ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti ilə uzun müddətli mübrizədən sonra bərpa olunduğunu önə çəkib. Onun sözlərinə görə məhz ümummilli lider Heydər Əliyev Azərbaycanın dövlətçiliyini, dövlət müstəqilliyinin qorunmasını təmin etdi, gərəkli, qətiyyətli tədbirlər gördü, ölkəni labüd çevrilişdən xilas etdi:

 

“Qısa müddətdə dünya dövlətləri ilə ikitərəfli, çoxtərəfli müqavilələr imzalandı ki, bunlar da Azərbaycanın iqtisadi inkişafı istiqamətində son dərəcədə əhəmiyyətli oldu. Həyata keçirilən ciddi islahatlar dövləti dinamik inkişafa yönəltdi. Ümummilli liderin rəhbərliyi ilə Azərbaycan yeni inkişaf mərhələsinə çıxdı. Bu mərhələ zaman anlamında sabahların, deməli, əbədiyyətin cığırdaşı oldu. 

Ümummilli Liderin bu siyasətini Cənab Prezident İlham Əliyev uğurla davam etdirir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikası indi dünyanın ən dinamik inkişaf edən dövlətləri sırasındadır. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin “Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır” qətiyyəti məhz bu inkişafa söykənir. 

Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Müstəqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”.

2020-ci ilin 27 sentyabrında əks-hücun əməliyyatı kimi başlayan Vətən müharibəsi Cənab Prezidentimiz İlham Əliyevin böyük sərkərdəliyi ilə Zəfərlə tamamlandı. Bu Zəfər də, Zəfərdən sonra Şuşada keçirilən “Xarlbülbül” festivalı da Azərbaycanın dövlətçiliyinə sevginin, dövlətçilik ənənələrinə sədaqətin nəticəsidir.

Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin qəbul etdiyi qanunvericilik aktları həm səviyyəsinə, həm də məramına görə Azərbaycan dövlətçiliyi tarixində, bu anlamda parlament mədəniyyəti tarixində həmişə ehtiramla xatırlanacaq. Azərbaycan dövləti Azərbaycan Demokratik Cümhuriyyətinin varisidir və bu varislik əbədi olacaq!”

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Nəcməddin Sadıqovdan Hafiz Hacıyevin iddialarına CAVAB

Məşhur aktyor Türkiyə yığmasına MÜRACİƏT

Məşhur müğənni həbs oluna bilər

Metroda rəqs edən kişini həbs gözləyir

Məşhur Sofiyadan sonra Qreyms gəlir

Ermənistan yenidən Kəlbəcər istiqamətində mövqelərimizi atəşə tutdu

Azərin yeni ifası ilə Türkiyə millisinə dəstək oldu

Ali məktəblərə qəbul imtahanlarının TARİXİ

Birinci sinfə gedəcək uşaqların SAYI

Rezidenturaya qəbul imtahanının VAXTI

İlham Əliyevin təzyiqi bəhrəsini verdi

Müəllim saçlarını uzatdığı üçün həbs olundu

Qar yağdı

Hindistanda “qara kif”ə yoluxma sürətlə artır

Əhaliyə tibbi təhsil verilir