Türkiyə sülhməramlıları niyə Qarabağa gəlmədi?

14:35 27-05-2021 | icon 360 | Müharibə
Türkiyə sülhməramlıları niyə Qarabağa gəlmədi?

“Arzu olunandır ki, müharibə olmasın, amma ermənilər işğalçı siyasətlərini davam etdirəcəklərsə...”

 

10 noyabr bəyannaməsindən sonra Rusiya sülhməramlıları ilə paralel Türkiyə sülhməramlılarının da Azərbaycana gəlişi müzakirə olunurdu. Məlum olduğu kimi, bu gün Türkiyə Rusiya ilə birlikdə Azərbaycanda sülhməramlı missiayası ilə iştirak etmir. Nəyə görə? Gələcəkdə bu istiqamətdə hər hansı proqramın həyata keçirilməsi nəzərdə tutulurmu?

 

Versus.Az bu barədə ayrı-ayrı siyasətçi, politoloq və hərbi ekspertlərin təhlillərini təqdim edir.

 

“Türk hərbçilərinin Azərbaycanda harda yerləşməsinə yox...”

 

Azərbaycan Demokrat Partiayasının (ADP) sədri Sərdar Cəlaloğlu Türkiyə hərbçilərinin sülhməramlı missiyada Azərbaycana gəlişinin Rusiya tərəfindən məhdudlaşdırıldığını deyib.

 

Eyni zamanda bildirib ki, 10 noyabr bəyannaməsi lazımı səviyyədə yerinə yetirilmədi, ya da yarımçıq, Rusiyanın maraqlarına uyğun həll edildi:

 

“Azərbaycan ya üçtərəfli bəyannamənin yerinə yetirilməsini tələb eləməlidir, ya da həmin bəyanatdan imtina edilməlidir. Bunun başqa yolu yoxdur. Bəli, Türkiyə sülhməramlılarının regiona gəlişi ilə bağlı məsələ var idi. Amma Rusiya türklərin burda sülhməramlı missiyada iştirak etməsinin qəti əleyhinə oldular. Onlar deyirdilər ki, türklər ancaq nəzarət mərkəzində olsunlar. Ona görə də belə bir vəziyyət yarandı. Türkiyə ilə Rusiya arasında müəyyən razılaşma oldu. Təbii ki, bu siyasətdir, müəyyən dövrdə razılaşıb sonra istənilən gücü toplayandan sonra şərtlər dəyişə bilir. Görünür həmin dövrdəki şərtlər  Türkiyənin bundan artıq addım atmasına imkan verməmişdi”.

 

S.Cəlaloğlu bildirib ki, bu gün Türkiyənin Azərbaycanda kifayət qədər hərbi qüvvəsi var. Onun fikrincə, Türkiyə hərbi qüvvələrinin Azərbaycandakı statusunun sülhməramlı, yaxud müşahidəçi, yaxud dost kimi olmasının heç bir fərqi yoxdur:

 

“Hətta təlimlərdə iştirak edən Türkiyənin F-15 qırıcı təyyarələri bu günə qədər Azərbaycandadır. Türkiyə hərbçilərinin məhz Xankəndi, Laçın ərazilərində olub-olması ilə bağlı mübahisələrə gəlincə, türk hərbçilərinin Azərbaycanda harda yerləşməsinə yox, o qırıcıların hansı sürətə malik olmasına diqqət yetirmək lazımdır. O qırıcılar istənilən vaxt 2 dəqiqəyə Qarabağda ola bilər”.

 

S.Cəlaloğlu sonrakı proseslərin Azərbaycanın xeyrinə və gedişatın istədiyimiz istiqamətə yönlənməsinə geniş imkan yaradacağını qeyd edib:

 

“Azərbaycan tərəfi Prezident İlham Əliyevin simasında bəyan edib ki, bir qarış torpağımızı güzəştə getməyəcəyik. 30 il ərzində Dağlıq Qarabağ məsələsini siyasi, diplomatik yolla deyil, hərblə həll edə bildik. Yerdə qalan torpaqlarımızın azadlığı da lazım gələrsə eyni qaydada həll olunacaq. Arzu olunandır ki, müharibə olmasın, ermənilər dinc şəraitdə Azərbaycana qarşı revanşist iddialarından imtina eləsinlər. Amma ermənilər əvvəlki işğalçı siyasətlərini davam etdirəcəklərsə, 44 günülük müharibədəki eyni aqibətlə üzləşəcəklər”.

 

“Orda Azərbaycan əsgərləri ilə yanaşı türk əsgərləri də olmalıdır”

 

Politoloq Elxan Şahinoğlu bildirib ki, 10 noyabr atəşkəs bəyannaməsindən sonra Rusiya öz hərbçilərini Qarabağa göndərib və həmin vaxt rus sülhməramlı hərbçilərinin sayının 1960 nəfər olacağı vurğulansa da, sonradan hərbçilərin sayı artırılıb:

 

“O zaman ekspertlər olaraq deyirdik ki, mütləq Türkiyə də sülhməramlı kimi bu prosesdə iştirak etməlidir. Türkiyə rəsmiləri də deyirdilər ki, Rusiyanın Qarabağda hansı statusu varsa, bizim də statusumuz elə olmalıdır. Ancaq çox təəssüflər olsun ki, bu proses arxa plana atıldı. Ağdamda yaradılan birgə Monitorinq Mərkəzinin fəaliyyəti ilə kifayətlənildi. Bu da bizim maraqlara tam cavab vermir və o Mərkəzin elə də böyük səlahiyyətləri yoxdur. Biz istəyirdik ki, Qarabağda rus hərbçiləri qədər, türk hərbçiləri də olsun”.

 

Bir neçə gündən sonra Türkiyə Cumhuriyyətinin başqanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana-Şuşaya səfər edəcəyini xatırladan politoloq orda verilən rəsmi açıqlamalarda bu məsələnin də yer alacağına ümid etdiyini deyib:

 

“Türkiyənin Şuşada, Kəlbəcərdə, Laçında hərbi hissələrinin olması və Azərbaycan hərbçiləri ilə birlikdə qulluq göstərmələri gerçəkləşməlidir. Bu Rusiya və Ermənistana çox ciddi mesaj olardı. Azərbaycan xalqı bunu istəyir, amma bunu ilk növbədə Azərbaycan hakimiyyəti istəməlidir. Çünki biri var tək qarşımızda Ermənistan ola, biri də var qarşımızda Rusiya var, bizə əngəllər yaradır. Demək ki, məsələləri Türkiyə ilə birlikdə həll etməliyik. Bu mənada Türkiyənin bölgəyə gəlişi məsələsi aktualdır və biz bunu gündəmdə saxlamalıyıq. Yəqin ki, Ərdoğan Şuşada olanda bu səpkidə açıqlamaları olacaq”.

 

Politoloq  bu istiqamətdə ortaya atılan mübahisəli məqamlardan söz edərək, bir daha prosesin Azərbaycan ərazilərində cərəyan etməsinə diqqət çəkib:

 

“Ermənilərin “ruslar türkləri qoymazlar” ifadələri məntiqdən kənardır. Onların nə istəməsinin bizim üçün əhəmiyyəti olmamalıdır. Onların nəyi sevmədiyini özləri bilər. Biz istəyirik ki, Türkiyə ordusu Qarabağda olsun və biz öz təhlükəsizliyimizi Türkiyəyə etibar edirik. Biz istəyəndən sonra heç bir qüvvə buna maneə yarada bilməz. Rusiya deyə bilər ki, ermənilər narazıdır və yaxud başqa səbəblər deyə bilərlər, amma biz öz ərazimizdə başqalarının nazı ilə oynamalı deyilik. Prezident özü də dedi ki, Qarabağda cəmi 30 min erməni var. İndi durub 30 min erməninin nazı ilə oynayacağıq?.. Biz Şuşanı hərblə azad etdik, amma bizə qarşı xaincəsinə hücum təşkil oluna bilər. Biz bütün ərazilərimizdə Azərbaycanın idarəçiliyini qurmalı, təhlükəsizliyimizi bərpa etməliyik. Bunun üçün də orda Azərbaycan əsgərləri ilə yanaşı türk əsgərləri də olmalıdır. Son yüz ildə bir neçə dəfə Şuşaya hücumlar olub, Şuşa yandırılıb. Biz bu tarixi təkrarlaya bilmərik. Türkiyə ilə Azərbaycan arasında hərbi ittifaqı gücləndirməliyik. Qarabağda kimin qoşununun olması Rusiyanın həll edəcəyi məsələ deyil. Biz qərar veə bilərik ki, Türkiyə hərbçiləri olsun, ya olmasın. Məsələn mən deyirəm ki, olsun. Biz olsun deyiriksə, bu məsələni sürətləndirə bilərik. Rusiya Suriyada Türkiyə ilə hərbi əməkdaşlıq edir, Ağdamın özündə birgə Monitorinq Mərkəzi yaradılıb. O zaman niyə Qarabağda Türkiyə hərbçilərinin olması toqquşma yaratsın ki. Tam əksinə, bu, təhlükəsizliyi daha da artıracaq. Bizim vətəndşlar Şuşaya, Laçına, Xankəndiyə, Xocalıya qayıtmalıdır. Biz vətəndaşlarımızın təhlükəsizliyini təmin etməliyik. Düzdür bu təhlükəsizliyin təminatı Azərbycan Ordusunun üzərindədir. Amma orda Türkiyə ordusu da olmalıdır ki, Rusiya özünü yığışdırsın. Anlasınlar ki, ermənilərin nazı ilə oynamaq olmaz. Məsələ həll olunmalıdır. Söhbət 200 illik imperiya tarixi olan Rusiyadan gedir. Rusiya bütün münaqişələri özünün nəzarətinə alıb. Biz elə etməliyik ki, 5 ildən sonra Rusiya hərbçiləri Qarabağdan getsin. Azərbaycanın təhlükəsiz gələcəyi, inkişafı Türkiyə ilə hərbi ittifaqın qurulmasından keçir. Biz çox mürəkkəb bölgədə yerləşirik. Amma bizim qarşımızda böyük güclər var. Bunlardan qurtulmağın yolu Türkiyə ilə hərbi ittifaqın yaranmasından keçir”.

 

“Onsuz da Türkiyə burada özünün missiyasını yerinə yetirir və...”

 

Hərbi ekspert Ramin Məmmədli bildirib ki, noyabrın 10-da imzalanan bəyanata əsasən Rusiya tərəflər arasında atəşkəsin təmin olunması öhtəçiliyini öz üzərinə götürüb. Bu çox vacib məqamdır:

 

“Türkiyənin burda oynadığı  rol Azərbaycanı dəstəkləməkdir. Vasitəçilik missiyasında isə hansısa bir tərəfin dəstəklənməsi deyil, daha çox barışdırıcı mövqe ortaya qoyulur. Rusiyanın isə ermənilərə olan münasibəti, mövcud vəziyyətdə vasitəçilik missiyasının hansı formatda olduğu bizə məlumdur. 

Türkiyə sülhməramlı hərbi birləşməsinin bölgədə olmamasına gəlincə, bunun da məlum səbəbləri var. Məsələyə Azərbaycandan baxdıqda təbii ki, biz hesab edirik ki, Türkiyə hərbi qüvvələri Qarabağda sülhməramlı missiyası ilə olmalıdır. Lakin buna kənardan baxdıqda burada problemlərin yarana biləcəyi bəlli olur. Türkiyənin Azərbaycanda sülhməramlı kimi iştirak etməsi ermənilər tərəfindən qəbul olunan məsələ deyil. Buna görə də Türkiyə silahlı qüvvələrinin Qarabağda yerləşdirilməsi qəbul olunmadı. Türkiyənin iştirakı yalnız müşahidə məntəqəsi səviyyəsində həyata keçirildi”.

 

R.Məmmədli qeyd edib ki, onsuz da Türkiyə burada özünün missiyasını yerinə yetirir və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün lazım olan siyasi, diplomatik, hərbi addımları atır. Türkiyə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması ilə bağlı prosesləri bu gün də icra edir. /həftə içi/

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət Xidmətindən çağırışçılara MÜRACİƏT

Azərbaycanla Türkiyə arasında TƏHSİL KÖRPÜSÜ

Göldə boğulan zabitimizin meyiti tapıldı

5 saat düşmənlə təkbətək döyüşdü, ermənilərə qan uddurdu

"Artıq Rusiya anlayır ki..."

“Tələbə kreditlərinin faizi çox az olacaq”

Tromboz yaradan məhsullar

İctimai Şura üzvləri öz missiyalarını necə yerinə yetirəcək? - SORĞU

Almaniyanın koronavirusa qarşı vaksini uğursuz oldu

İlkin mərhələdə kredit hansı tələbələrə veriləcək?

Nurməhəmmədov UFC-yə qayıtmasından danışıb

Eriksenin ürəyinə xüsusi aparat qoyulacaq

Vaksinlərin sonsuzluq yaratması iddiasına aydınlıq gətirildi

Səhiyyə işçiləri təltif edildi

Yeni iş yerləri açılacaq