Qərb Qarabağı da belə satmışdı

09:25 09-07-2021 | icon 104 | Geopolitika
Qərb Qarabağı da belə satmışdı

Azərbaycanın Ukrayna və Gürcüstandan praqmatik fərqi

 

Rəsmi Kiyev Ukrayna və Gürcüstanın ərazilərinin itirilməsinə görə Fransa və Almaniyanı suçlayıb. “Yeni Müsavat”ın xəbərinə görə, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksiy Danilov belə deyib.

 

Onun fikrincə, hər iki Qərb ölkəsi bu hadisələrdə mənəvi məsuliyyət daşıyır. Ukrayna rəsmisi bununla izah etməyə çalışıb ki, Rusiyanın Ukrayna və Gürcüstan əraziləri işğal etməsinə “qoca qitə”nin iki nəhəng dövləti seyrçi mövqedə dayanıb.

 

“Fransızlar 2008-ci ildə (”5 günlük müharibə"dən sonra - red.) Gürcüstan və Rusiya arasında danışıqlarda vasitəçilik elədilər. Nəticədə gürcülər ərazinin bir hissəsini itirdilər, fransızlar isə Rusiyadan “Mistral” üçün (Fransa istehsalı olan sualtı qayıq - red.) sifariş aldılar. Mən Donetsk və Luqansk bölgələri və Krım qarşılığında nəsə aldıqlarını bilmirəm, amma mənəvi məsuliyyətləri var", - Danilov qeyd edib.

 

O xatırladıb ki, Fransa və Almaniya 2008-ci ildə Buxarestdə bu iki ölkənin NATO-ya üzv olması üçün fəaliyyət planını əngəlləyəndən sonra Rusiya Gürcüstan və Ukraynaya hücum edib.

 

Əslində Kiyevin giley-güzarında müəyyən arqumentlər, həqiqət payı var. Qərb demokratik dəyişikliklər etdiyi, məxməri inqilablar təşkil etdiyi bu iki postsovet respublikasını axıradək ciddi müdafiə etmədi. Nəticədə rəngli inqilablar xalqların öz torpaqlarını itirməsi ilə nəticələndi. Yəni iki ölkəni NATO-ya, Avropa Birliyinə üzvlüyə şirnikləndirən Qərb onların arxasında durmadı, onları Rusiyadan effektli şəkildə qorumadı, faktiki olaraq, taleyin ümidinə buraxdı.

 

Bu, Azərbaycanın NATO və AB məsələsində necə uzaqgörən davrandığını bir daha ortaya qoyur. “Qərbə ümid olan şamsız qalar”. Üstəlik, əgər xristian Gürcüstan və Ukraynanın başına bu oyunlar gəlibsə, görün müsəlman Azərbaycan Qərbə aldansaydı, nələr yaşayacaqdı. Qarabağ məsələsində xristian amili onsuz da açıq görünürdü. Bu, həmçinin ölkədə kor-koranə Qərbə pərəstiş edən qüvvələrə mesajdır ki, Qərbə ümid edib eyforiya ilə yaşamasınlar.

 

Azərbaycan isə daha praqmatik siyasət yürütdü, özünü Avroatlantik məkana tələm-tələsik atlamış biri kimi göstərmədi, Kremlin qəzəbinə tuş gəlmədi, əksinə, Türkiyənin və AB-dan çıxmış Böyük Britaniyanın siyasi dəstəyini almaqla 44 günlük müharibə apardı, Rusiyanı neytrallaşdırdı, Moskvanı razı sala bildi və bölgədə sülh üçün yeni bir era başladıldı.

 

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslı: “Avropa onları yarıyolda qoydu, bizimsə bəxtimiz onda gətirdi ki...”

 

AĞ Partiya başqanı Tural Abbaslı da bu fikirlərlə razıdır ki, Ukrayna və Gürcüstandan fərqli olaraq Azərbaycan hər şeyi bada vermək xətti götürmədi. Onun “Yeni Müsavat”a bildirdiyinə görə, bu iki ölkə kor-koranə kurs götürməklə ərazi itkisinə məruz qaldı: “Düzdür, Rusiya da beynəlxalq təzyiqlərlə qarşılaşır, sanksiyalar tətbiq olunur. Amma faktiki torpaqlar əldən çıxıb. Və Ukrayna ilə Gürcüstan Qərbin lazımi dəstəyini hiss etmədilər. Azərbaycan isə daha ehtiyatlı hərəkət etdi”.

 

T.Abbaslı hesab etmir ki, Azərbaycan iqtidarı bu siyasəti yalnız ümummilli maraqlardan çıxış edərək yürüdüb:

 “Təbii ki, hakimiyyət də Qərbə inteqrasiyada bir o qədər maraqlı deyildi. Qarabağa gəldikdə, biz bölgədəki reallığı nə Avropanın, nə Rusiyanın sayəsində xeyrimizə dəyişmişik. Bu prosesdə Türkiyənin nüfuzunun artması, regionda olması, dünyada siyasi oyunçular arasında yer alması milli maraqlarımızın təmin edilməsində rol oynadı. Baxın, biz illərlə Rusiya və Qərblə balanslı siyasət aparmışıq. Amma bu balanslı xətt nəticəsində bizə bir qarış torpaq da qaytarmadı. Ukraynalı siyasətçiləri anlayıram, Avropa onları arxayın saldı, yarıyolda qoydu. Bununla Qərb mesaj verdi ki, hər bir ölkə öz başının çarəsinə baxmalıdır. Bizim isə bəxtimiz onda gətirib ki, Türkiyə kim müttəfiqimiz var. Əks təqdirdə Rusiya və Qərb bizi Ukraynanın vəziyyətinə salacaqdı”.

 

Azad MƏSİYEV

“Qərb həmişə aldadır, vəd verir, sonra əhdinə xilaf çıxır”

 

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyev bildirdi ki, dünyada ABŞ və Rusiyanın maraqları hər zaman toqquşur. Onun sözlərinə görə, Azərbaycan supergüclərin geosiyasi mübarizəsində balanslı siyasət yürüdüb, Qoşulmama Hərəkatına üzvlüklə hərbi alyanslara qoşulmaq məcburiyyətində qalmaq problemindən azad olub.

 

Politoloq hesab edir ki, 44 günlük müharibəyə ABŞ qarışa bilmədi, Rusiya neytral dayandı və bu da Azərbaycanın böyük uğurudur:

 “Ukrayna rəsmiləri əlbəttə ki, haqlıdırlar. Onlar ümid edirdilər ki, ABŞ, Qərb və NATO-dan dəstək alacaqlar. Amma tarix göstərir ki, Qərb həmişə aldadır, vəd verir, sonra əhdinə xilaf çıxır. Bu, bir dərs olmalıdır.  Rusiya Ukrayna və Gürcüstanda, regionda Qərbə qarşı özünümüdafiə tədbirləri görməklə siyasətini həyata keçirdi. Çünki Amerika Rusiyanın ətrafında öz ”mina"larını yerləşdirməklə məşğul olurdu".

 

Ekspertin fikrincə, Azərbaycan Rusiya ilə münasibətini xeyli dərəcədə yaxşılaşdırıb, iki ölkə prezidentlərinin əlaqələri yüksək səviyyədədir: 

“Bakı Tiflis və Kiyev kimi özünü Moskva ilə pis eləmədi. Əks halda, münasibətlər gərgin fazada qala bilərdi. Necə ki, 90-cı illərdə Rusiya ilə o dövrün Azərbaycan iqtidarı arasında münasibətlər soyuqlaşdı, nəticədə Qarabağ müharibəsində ruslar ermənilərə dəstək verdilər. Vətən müharibəsində isə tam fərqli mənzərə oldu, Ermənistan Rusiyanın dəstəyindən məhrum oldu, Azərbaycan Rusiya ilə üz-üzə qalmadı. Burada Azərbaycan Prezidenti İlham Əliyevin ağıllı siyasəti də mühüm rol oynadı”.

 

Ramiyə Məmmədova: “Sanksiyalar Türkiyəyə ziyan vura bilər”

“Avropa Kiyev və Tiflisi liberallaşdırmağa çalışsa da, ərazi bütövlüyünün bərpasında heç bir ciddi dəstək verməyəcək”

 

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Ukrayna və Gürcüstan demokratiya qurmaq ümidi ilə özlərini oda atdılar. Ekspertin fikrincə, bu iki ölkənin Rusiya ilə sərhədləri var və onların Qərbə açıq şəkildə inteqrasiya xəttini tutmasına Moskva heç vaxt tamaşa edə bilməzdi. “Oxşar proses Amerikanın qulağının dibində getsəydi, Vaşinqton sakit dayanmayacaqdı. Faktiki, SSRİ-nin Kubada kommunistlərə dəstək verməsinə görə indiyə qədər Amerika bu ölkəni blokadada saxlayır. Odur ki, Rusiya Ukrayna və Gürcüstandakı dəyişikliklərin acığını belə çıxdı, Krımı, Abxaziya və Cənubi Osetiyanı götürdü. Hər iki ölkə ümid edirdi ki, Avropa onlara görə Rusiya ilə müharibə edəcək. Amma çox təvazökar yanaşdılar, Qərb heç zaman bu səhvi etməzdi. İndi Almaniya Rusiyadan qaz alır, onu Krım maraqlandırmır. Odur ki, Avropa Kiyev və Tiflisi liberallaşdırmağa çalışsa da, ərazi bütövlüyünün bərpasında heç bir ciddi dəstək verməyəcək. Ukrayna və Gürcüstan Rusiya ilə barışmaqla müəyyən qədər onu razı sala bilər. Bu mənada Azərbaycan şübhəsiz ki, daha ağıllı iş apardı”. /“Yeni Müsavat”/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Koronavirusa 468 yeni yoluxma faktı müəyyən olunub

63 min əhalisi olan ölkə Olimpiya Oyunlarında qızıl medal qazandı

“Paşinyan yenə xislətinə uyğun manevrlər edir”

“Zaman kapsulu” yaradılır

Hafiz Hacıyevin müavininin "facebook"dakı rəyi gündəm oldu

Bu gün I və IV ixtisas qrupları üzrə 14 mindən çox abituriyent imtahan verəcək

Ən yüksək bal toplayan abituriyentlərin SAYI

Hər peyvənd olunana 100 dollar

Ermənistan atəşkəsi yenə pozdu

Mövludun mübarək, Şəhidim

Bağçasında quyu qazarkən 100 milyon dollarlıq sapfir tapdı

İmtahan suallarının çətinləşdirilməsi məsələsinə aydınlıq gətirildi

Yer üçün təhlükəli olan asteroid xəbərdarlığı

Qəbul imtahanının nəticələri

Sunami XƏBƏRDARLIĞI