"I Qarabağ savaşında döyüşənlər bu günü gözləyirdilər"

12:25 29-09-2021 | icon 198 | Cəmiyyət
"I Qarabağ savaşında döyüşənlər bu günü gözləyirdilər"

Məlahət Rzayeva: “Xalqımız şəhid olmağa hazır idi, ta ki torpaqlar azad edilsin”

 

44 günlük Vətən savaşında öz canı, qanı ilə torpaqlarımızı işğaldan azad edən Azərbaycanın qəhrəman igid oğulları tarix yazdılar. Azərbaycan tarixinə qələbə yazan o Şəhid, Qazi oğulları uzun zaman düşmən tapdağında qalan bu torpağın ağrısını, acısını azaltdılar, böyük sevgi ilə özünü Vətənə qurban edən igidlərin ruhunu süvindirdilər, millətin əyilən qamətini dikəltdilər...

 

Bu gün həmin o gündür. Vətən uğrunda Müharibənin başlandığı O 27 sentyabr tarixi günü. Azərbaycan hərbi qüvvələrinin işğalçı Ermənistanın hərbi təxribatlarına əks cavab verərək düşmən üzərinə hücuma keçdiyi və 44 gün savaşaraq torpaqlarımızı işğaldan azad etdiyi günün başlanğıcı. O gün - Anım Günüdür.

Bu gün Şəhid, Qazi ailələri II Qarabağ savaşına hansı ruhla baxır və nə düşünürlər?

 

Versus.Az xəbər verir ki, Baş qazi, I Qarabağ savaşının qazisi - Şəhid Etimad Əsədovun həyat yoldaşı jurnalist Məlahət Rzayeva uzun illər vətənin işğal altında qalmasının ağrı-acısı ilə yaşayan Şəhid ailələrinin, Qzilərimizin Vətən sevgisi, vətən nisgili və bu gün yaşadıqları fəxarət, qürur hissindən danışıb.

 

M.Rzayeva deyib ki, Baş Qazi adını alan Etimad Əsədov həmişə Qarabağ savaşının məğlubiyyət acısını yaşamış bir insan olub:

  

“Təkcə Etimad Əsədov yox, bütün qazilərimizə, eyni zamanda Şəhid ailələrimizə torpaqların işğalda qalması ikiqat ağrı-acı verirdi. Mən Şuşa Batalyonunun komandiri Ramiz Qəmbərovun adını həmişə çox qürurla çəkirəm. Çünki mənim üçün Şuşa Ramiz Qəmbərov idi. Ramiz Qəmbərov Şəhid oldu və Şuşa işğal olundu. O insanın şəklinə baxanda, baxışlarında, duruşunda çox qəribə bir məna hiss edirdim. Sanki bir ağrı ilə deyirdi ki, mən şəhid olacam, amma Şuşa işğal olunacaq. Bəlkə də artıq Şuşa işğal olunduğu üçün o ifadəni görürdüm, bilmirəm.  

Çünki Onlar Şəhid olmuşdular, amma torpaqlar işğal olunmuşdu. Qazi olmuşdular, bədənlərini itirmişdilər, amma torpaq işğalda idi. Çox adamlar ayağını, qolunu, gözünü itirdi. Müharibənin doğurduğu xəstəliklə yaşayan çox qazilərimiz oldu. İndi də çoxları o düşmən qəlpələrini bədənlərində daşıyırlar.

Etimad da bir ayağını itirmişdi. Amma elə qazi qardaşlar var idi ki, iki ayaqları da yox idi. Məsələn, qazimiz Bəhruz Camalovun 2 ayağı yoxdur. Etimad bəy çox vaxt müsahibələrində, yaxud mənimlə danışanda deyirdi ki, mənim 1 ayağım yoxdur belə əziyyət çəkirəm, Bəhruzun iki ayağı olmadan necə yaşadığını təsəvvür etmirəm”.

 

M.Rzayeva deyir ki, Etmad bəy rəhmətə gedənə qədər bu ağrı ilə yaşadı. O, düşünür ki, qələbə nə qədər qürurlu, sevincli olsa da, bir millət olaraq bizi qürurlandırsa da, o insanların içində bir  acı qalır - Övlad, Ata, Ər itkisi...

 

“Allah bütün Şəhidlərimizə və dünyadan köçmüş qazilərimizə rəhmət eləsin, sağ olanlara şəfa versin, güc, qüvvət versin. Təbii ki, onlar mənim nəzərimdə çox güclü insanlardılar. Çünki o cür həyat tərzinə baxmayaraq, bütün çətinliklərə sinə gərirlər. Şəhid ailələri də çox dözümlüdür. Biz o anaların qarşısında baş əyirik. Bu söz elə-belə deyilən söz deyil”.

 

M.Rzayevanın sözlərinə görə, Etimad Əsədov qələbə gününü görsəydi, yəqin ki, günü Ağdamda və digər  rayonlarda keçərdi:

 

“Bu illər ərzində Etimad bəy söhbətlərində deyirdi ki, kaş müharibə başlayaydı və biz yenidən döyüşə atılaydıq. Deyirdi ki, bizim döyüşümüz yarımçıq qalıb. Biz öz vəzifəmizi tam yerinə yetirə bilməmişik, istəyirik ki, yarımçıq qalan bu işi biz qazilər yerinə yetirək. Sanki özünü günahkar hiss edirdi ki, niyə yaralanıb və döyüşdən yarımçıq çıxıb. Düşünürdü ki, bəlkə də döyüşdə olsaydı hər şey başqa cür olardı”.

 

O, Etimad Əsədovun uzun illər sədri olduğu Qarabağ Qaziləri İctimai Birliyinin mühaibə başlayanda necə Qazilər Batalyonu formalaşdırıb döyüşə qatılmalarına da diqqət çəkib:

 

“Qazilər dedilər ki, biz hərbi hissələrdə olmalıyıq və özümüzün keçdiyimiz təcrübəni, bildiklərimizi əsgərlərimizə öyrətməliyik. Və getdilər... Təşkilatın rayon şöbələri ayrı-ayrılıqda batalyon yaratdılar. Hətta 1992-94-cü il Qarabağ savaşında qazi olmuş qardaşlarımız var idi ki, onlar II Qarabağ savaşında şəhid oldular. I Qarabağ savaşında döyüşənlər hər biri bu günü gözləyirdi. Və inanıram ki, onların ruhu işğaldan azad olunmuş torpaqlarda dolaşır”.

 

M.Rzayeva bildirib ki, düşmən üzərində əks hücum bir qazinin həyat yoldaşı kimi onun üçün də çox gözəl başlanğıc oldu:

 

“Necə ola bilər ki, insan müharibəni bu cür arzulasın. Bəlkə də bu çoxlarına qəribə görünə bilər. Amma o müharibənin sonunda bizim ərazi bütövlüyümüzün bərpası varsa, qələbəmiz varsa, bizim illərlə çəkdiyimiz o ağrı-acının yox olması varsa, təbii ki, O Vətən Savaşı arzulanmalı idi. O savaşı hamıməz istəyirdik - qazilər, şəhid ailələri, gənclər. Hamı deyirdi  ki, Ali Baş Komandan əmr versin gedək irəli.

Nəhayət ki, o günü gördük və həqiqətən də bu gün çox qürurlu, çox fəxarətli bir gündür. Müharibə qələbə ilə başa çatdı. İnsanlarımız müharibənin bu sonluqla bitəcəyinə əmin idi.  Hamı inanırdı ki, müharibəni başlasaq, qalib gələcəyik. Hər kəs savaşa atılmaq, öz toprpaqlarını işğaldan azad etmək əzmində idi. Xalqımız şəhid olmağa hazır idi, ta ki torpaqlar azad edilsin. Çünki vətən bizim üçün müqəddəsdir. Həqiqətən də biz vətənə həmişə ana kimi baxmışıq. Ana nə qədər müqəddəsdirsə, vətən də o qədər müqəddəsdir”.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xırdalan sakinlərinə ŞAD XƏBƏR

Yeni siyasi partiya təsis edildi

“Müstəqilliyimiz əbədidir” - VİDEOÇARX

Deputat şəhid ailəsinin ağır vəziyyətini ictimailəşdirdi

Xalq bundan sonra da dövlətçiliyin sədaqətli əsgəri olacaq

Çiyin ağrıları: səbəbləri və müalicəsi - MÜSAHİBƏ

Bu məktəb-lisey koronavirusa görə BAĞLANDI

Sabah Moskvada Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası keçiriləcək

20.10.2020-ci il: Zəngilan şəhəri işğaldan azad olundu!

Məktəblər bağlanır?

Bu məktəb distant tədrisə keçdi

Bu orta məktəbdə tikinti işləri yekunlaşır

2021-ci ilin ən nüfuzlu MÜSƏLMANI

Ordumuz Laçında təlimlərə başladı

Vahid məktəbli geyimi dəyişdirilə bilər