Böyük güclərin uzlaşan və toqquşan maraqlar

18:09 08-10-2021 | icon 325 | Geopolitika
Böyük güclərin uzlaşan və toqquşan maraqlar

Rauf Məmmədov: “Ermənilərin bir qismi öz evlərini satıb gedəcək, yerdə qalanlar isə...”

 

Azərbaycan Cənubi Qafqaz regionunda böyük güclərin uzlaşan və toqquşan maraqları müstəvisində öndə dayanır. Azərbaycanın çoğrafi məkan olaraq məhz Türk Birliyi xəttinin qovşağında yerləşməsi bir çox maraqlı dövlətləri, gücləri narahat etməklə yanaşı aktiv fəaliyyət fazasına gətirib. Əslində gündəmin müzakirəsində olan Minsk Qrupu dövlətləri, eləcə də digər qonşularımız İran və bölgədə möhkəmlənən Türkiyənin Azərbaycanla bağlı müşahidə olunan fəaliyyəti qlobal geopolitik mənzərənin görünən ən sadə detallarıdır. Nə baş verir. Regionda cərəyan edən qlobal proseslərin fonunda Azərbaycan özünün hədəflərini və maraqlarını qoruya bilirmi?

 

Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən AMEA-nın elmi işçisi, politoloq Rauf Məmmədov maraqlı nüanslara diqqət çəkib. 

 

- Rauf müəllim, bu gün regiondakı vəziyyət hansı yeni mərhələdədir. Burda Rusiya ilə Türkiyənin uzlaşan mövqeyi nədir? Bir qədər əvvəl Türkiyə rəsmisinin Soçi səfəri və orada aparılan danışıqlar, ardınca gözlənilən Putin-Paşinyan görüşü və Rəcəb Tayyib Ərdoğanın Bakıya edəcəyi səfər Qarabağda qurulan oyunların kökündən həlli ilə bağlı hansı irəliləyişə səbəb olacaq?

 

- Soçi görüşündə böyük bir irəliləyişin olduğuna inanmıram. Xüsusilə, Qarabağ məsələsində. Tərəflər sadəcə bir-biri ilə gərgin tərəfdaşlıq əlaqələrini qorumaq və toqquşmadan özlərini zəmanət altına almaq istəyirlər. Çünki bölgədə Rusiya və Türkiyənin toqquşmasını istəyən güclər çoxdur. Onların məqsədi, Avrasiya bölgəsində hegemonluq etmək istəyən hər iki ölkəni qarşı-qarşıya gətirməklə zəiflətmək, parçalamaq və nəticədə, Avrasiya bölgəsinə hakim olmaqdır. Avrasiya bölgəsinə hakim olmaq istəyən əsas güc Çindir. Rusiya və Türkiyənin bölgədə ağalıq etmək iddiaları, onun “bir kəmər, bir yol” layihəsinə ziddir. Rusiya və Türkiyə “bir kəmər, bir yol” layihəsinə qarşı çıxmasalar da və hətta, onu dəstəkləsələr də, bu yola nəzarət mexanizmini öz əllərində saxlamaq istəyirlər və bu səbəbdən, Çin onlardan asılı durumda qalmaq istəmir. Buna görə də, Çin, Rusiya və Türkiyənin toqquşmasını istəyir. 

ABŞ-ı da Rusiya və Türkiyənin toqquşmasını istəyir. Çünki bu iki ölkə onunla əməkdaşlıq etsə də, öz fərqli siyasətlərini həyata keçirirlər. Türkiyənin ABŞ ilə münasibətləri get-gedə gərginləşir. Türkiyə - Suriya, Liviya, İraq ərazilərində ABŞ ilə toqquşur, onun dəstəklədiyi PKK ilə savaşır və öz daxilində ABŞ-ın 5-ci kolonu olan kriptofetoçularla mübarizə aparır. Türkiyə artıq müstəqil siyasət apardığı üçün, ABŞ-nı qane etmir. Lakin, Türkiyə NATO ölkəsidir. ABŞ onunla açıq savaşa girə bilməz. Bu NATO-nun nizamnaməsinə ziddir və nəticəsi, blokun dağılması ola bilər. Lakin, Türkiyə Qərbdə Britaniya ilə əməkdaşlıq edir. Britaniya Türkiyə vasitəsilə Avrasiyada iqtisadi gücünü bərpa etməyə və avroatlantik məkanı öz hakimiyyəti altına almağa çalışır.

Rusiya isə ABŞ ilə daha yaxın əməkdaşlıq edir. Suriya və Liviyada Türkiyəyə qarşı ABŞ-Rusiya əməkdaşlığı ortada idi. Hətta, Fransa da onların yanında idi. Bu ölkələrin maraqları fərqli olsa da, onlar Türkiyəyə qarşı bir araya gələ bilirlər. Lakin, Cənubi Qafqazda Rusiya onlarla bir araya gəlmək istəmir. Çünki onlar bölgəyə daxil olsalar, Rusiyanın Qafqaz üzərində nəzarəti əldən çıxacaqdır. Onsuz da, onlar artıq Gürcüstan və Ermənistanda öz mövqelərini tədricən gücləndirirlər. Bu durum, Türkiyəyə də sərf etmir. Çünki Ermənistan, Gürcüstan, Qara Dənizdən Türkiyə PKK və digər terrorçu qruplarla üzləşməli olacaqdır. Həmçinin, Türkiyənin Avrasiyaya daxil olmaq və Türk Birliyi yaratmaq ideyaları iflas edəcəkdir. Türkiyənin Avrasiyaya çıxışı perspektivli çıxışdır. Burada enerji, ticarət, yeni bazarlar, turizm və digər imkanlar var. Bu baxımdan, Türkiyə Rusiya ilə xoş münasibətlər saxlamaq məcburiyyətindədir.

Eynilə, Rusiya da Türkiyəin Cənubi Qafqazda varlığına dözməyi ən əlverişli variant hesab edir. Əks təqdirdə, Cənubi Qafqaz nə Rusiyanın, nə də Türkiyənin olacaqdır. Buna görə də, Rusiya, Cənubi Qafqazı Türkyə ilə bölüşdürməyi daha doğru variant hesab edir. Ola bilər ki, müvəqqəti belə qərar veribdir və əlverişli fürsət düşənə qədər belə davranmaq qərarına gəlibdir.

Bölgədə üçüncü bölgəsəl güc İrandır. İran da bölgədən öz payını almaq istəyir. Ənənəvi olaraq İran bölgəni Rusiya ilə birgə nəzarətdə saxlayırdı. O, Türkiyənin bölgəyə daxil olması ilə barışmaq istəmir. İrana görə, Azərbaycan və bütün Cənubi Qafqaz ən yaxşı halda onun tarixi əraziləridir və ona qayıtmalıdır, orta halda, Rusiya ilə birgə idarə olunmalıdır, ən pis halda, Rusiyaya tabe olmalıdır. Ancaq heç bir vəchlə Türkiyə bölgədə olmamalıdır. Çünki güclü Türkiyə və Azərbaycan, əhalisinin yarı hissəsi türk olan İranı narahat etməyə bilməz. Bu, İran teokratik rejiminin farslaşdırma və şiələşdirmə siyasətini ortadan qaldırır və onun zəifləməsinə şərait yaradır. Divin canı şüşədə olduğu kimi, İran teokratik rejiminin də gücü onun ideologiyasındadır.      

Soçi görüşündən əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ səfəri və oradan narazı dönüşü və Rusiya prezidenti Vladimir Putinin onu pozitiv qarşılaması ilə yadda qaldı. Qarşılıqlı iqtisadi maraqlar və geosiyasi təhlükələr, hər iki ölkəni bir-birinə yaxınlaşmasına şərait yaradır. Rusiyanın əsas hədəfi, Türkiyəni NATO blokundan və Qərbdən uzaqlaşdıraraq özünün Avrasiya layihəsinə cəlb etməkdir. Lakin, Türkiyə, bunun bir tələ olduğunu anlayır və buna görə də, Qərb ilə əlaqələri davam etdirir. Onun həm Rusiya, həm də Qərb ilə əlaqələrini balanslı şəkildə davam etdirməsi, bölgəsəl güc kimi manevr etmək imkanlarını daha da artırır və gücləndirir.

Türkiyə Çin ilə də əlaqələr qurur və “bir kəmər, bir yol” layihəsində fəal iştirak edir. Bu layihə Rusiyanın maraqlarını tam təmin etməsə də, Türkiyənin və Azərbaycanın maraqlarına cavab verir. Çünki bu layihənin Azərbaycan və Türkiyənin ərazisindən keçərək Avropaya getməsi, Azərbaycan və Türkiyənin Avrasiya bölgəsində geosiyasi əhəmiyyətini artırır. Bu, müəyyən qədər Rusiyanın da maraqlarına cavab verir. Çünki Avrasiyada Türkiyə-Rusiya tandemi, nəhəng Çin hegemoniyasına alternativ ola bilər. Bu tandem, Avrasiyada Rusiyanı Çinin  təsiri altına düşməkdən qoruyar. Rusiya təkbaşına Çin ilə bacara bilməz. Rusiyanın gözü qarşısında Orta Asiyanın Çin tərəfindən işğal olunması və bu prosesinin postsovet məkanının dərinlərinə işləməsi fəlakətdir. Bunun qarşısını almağın yeganə yolu, Avrasiyada Türkiyə-Rusiya tandemidir.  

Soçi görüşündən əvvəl Rusiyada müəmmalı hadisələr baş verdi. Rusiyada fövqəladə hallar naziri Yevgeni Ziniçyevin müəmmalı ölümü, Putinin ətrafındakı məmurlar arasında koronovirusun yayılması xəbəri, Putinin bu hadisələrdən sonra xəlvətə çəkilməsi (Sibirə getməsi), Kreml daxilində Putinə qarşı təzyiqlərin artdığını və ona, sevimli adamlarından olan və onun xələfi hesab olunan Yevgeni Ziniçyevin müəmmalı ölümü ilə siqnal ötürüldüyünü göstərir. Bunlar, Soçi görüşündən əvvəl baş verir. Deməli, Putinə Kremldə təzyiq edənlər və hətta, onu öldürməklə hədələyən güclər var. Onlar, bölgədə dəyişən geosiyasi durumdan narahatdırlar. Onlar, Avrasiyada Türkiyə-Rusiya tandemini istəməyən, Rusiya və Türkiyənin toqquşmasını istəyən güclərdir. Bu gücləri təmsil edənlər Kremlin içində dərin kök salıblar. Onlar, Rusiya və Türkiyənin indiyə qədər toqquşması üçün, onlarla təxribatlar törətmiş, informasiya təxribatları etmiş, hansı ki, Rusiya erməni diasporu bu işdə fəaldır və istəklərinə nail ola bilməmişlər. Türkiyədə də 15 temmuz hadisələrinə qədər fetoçular tərəfindən onlarla belə təxribatlar həyata keçirilmişdir. Məsələn, rus təyyarəsinin vurulması, rus səfirinin öldürülməsi və s. 

Bunları nəzərə alsaq deyə bilərik ki, Soçi görüşündə Putin və  Ərdoğan Avrasiyada birgə əməkdaşlıq etməyi və heç bir vəchlə toqquşmaya getməyəcəklərini, hər cür təxribatlara uymayacaqlarını müzakirə ediblər. Təbii ki, Suriya və Liviya məsələləri də müzakirə mövzusu olubdur. Qarabağ məsələsinə gələndə, söhbətin əsas mövzusunun Zəngəzur dəhlizi olduğunu düşünürəm. Bu məsələdə ortaq maraqlar müzakirə olunub. Düşünürəm ki, Putin Kreml daxilində baş verə biləcək təhlükələrdən özünü qorumaq üçün, ehtiyatlı addımlar atır. Soçi görüşünün qapalı keçirilməsi də buna işarə idi.   

 

- Necə hesab edirsiz, ABŞ, Fransa yenidən Minsk Qrupu formatında regionda aktivləşəcəksə, Ermənistanı sülh sazişinin bağlanmasına cəlb edəcəkmi? Minsk qrupu aktivləşərsə, qələbədən sonra regiona hansı təsirləri ola bilər?

 

- Minsk qrupunun həmsədr dövlətləri olan Rusiya, ABŞ və Fransa erməni mövqeyindən çıxış edirlər. Fransa beynəlxalq hüquqa zidd olaraq bunu açıq şəkildə etməkdən çəkinmir. Bu isə, onların statusunu sual altında qoyur. Əgər onların fəaliyyəti beynəlxalq hüquq ilə tənzimlənirsə, o zaman, Azərbaycan bu hüquq çərçivəsində onların fəaliyyətindən rəsmi imtina edə bilər. Çünki həm Rusiyanın İnkander-M raketlərinin Gəncəyə və başqa yaşayış yerlərinə atılması, Ermənistana İran ərazisindən daşıdığı silahların fiksasiya olunması, rus sülhməramlılarının 10 noyabr sazişinə uyğun olmayan əməllər törətməsi və onlarla belə faktlar var ki, onlar əsasında Rusiyanın Minsk qrupunun həmsədr dövləti kimi statusunu və rus sülhməramlılarının mandatsız qeyri-qanuni fəaliyyətlərini qeyri-legitim saymaq olar.

Fransanın beynəlxalq hüquqa zidd bəyənatları, onun statusunu mexaniki şəkildə ortadan qaldırır. Bunlar, Minsk qrupunun fəaliyyətindən qanuni şəkildə imtina etməyə kifayətdir. Minsk qrupunun fəaliyyətinə artıq ehtiyac da yoxdur. Çünki Azərbaycan beynəlxalq hüquqa uyğun olaraq öz torpaqlarını azad etdi. Lakin, ABŞ və Fransa oyundan kənarda qalmaq istəmirlər. Onlar da Cənubi Qafqazdan öz paylarını istəyirlər. Əgər öz paylarını ala bilsələr və ya bu paylar onlara verilsə, bəlkə sülh sazişi bağlana bilər. Əks təqdirdə, onlar geri çəkilməyəcəklər. Onların dərdi sülh deyildir, iqtisadi və geosiyasi maraqlardır.

 ABŞ və Fransa artıq Ermənistan və Gürcüstanda mövcuddurlar. Gürcüstanın prezidenti Salome Zurabaşvili və Gürcüstanın baş oliqarxı İvanaşvili Fransa vətəndaşlarıdırlar. İvanaşvilinin Fransada böyük sərmayəsi vardır. Zurabaşvili isə, Fransa XİN-nin məmurlarından biri olmuşdur. Bu günləndə Saakaşvilinin Gürcüstana dönməsi, orada Britaniyanın revanş götürməsi niyyətindən xəbər verir. Çünki Saakaşvilinin Ukrayna mənşəli yeni həyat yoldaşı Britaniya ilə bağlı bir şəxsdir. Görünən odur ki, Britaniya Saakaşvilinin vasitəsilə Gürcüstanı öz nəzarəti altına almağa və Fransanın 5-ci kolonunu oradan kənarlaşdırmağa çalışır. Bu onu göstərir ki, Gürcüstanda durum gərginləşəcəkdir. 

Rusiya indiki Gürcüstan hökuməti ilə uzlaşır. Çünki Fransa ilə Rusiya dünya siyasətində birgə əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər. Onları bir-birinə bağlayan, hər ikisinin arxasında dayanan qlobalist və transmilli maliyyə gücləridir. Bu güclərin yeni və əsas qərargahı Çindir. Onlar ABŞ-dan öz sərmayələrini Çinə transfer edirlər. Rusiya-Çin-Fransa-İran bu güclər tərəfindən idarə olunur. Bu ölkələrin paralel siyasətləri də buradan irəli gəlir. Bu tandemdə Putin riskli də olsa, bir qədər fərqli siyasət aparır. Rusiya qarşı tərəfdə olan ABŞ ilə, həm də Türkiyə ilə də əməkdaşlıq edir. Görünür, Putin daxildəki digər qrupun dəstəyinə arxalanaraq manevr etmək imkanlarını əldə edir.

Ermənistana gəldikdə, Ərbildən sonra ABŞ-ın dünyada ən böyük səfirliyi Yerevandadır. Paşinyan ABŞ dərin dövlətinə bağlı olan Sorosun kadrıdır. Rusiyanın dəstəklədiyi Qarabağ klanı öz hakimiyyəti dövründə pis imic qazandı. Onların 30 il hakimiyyətdə qalmasını Rusiya təmin etdi. Yəni, Qarabağın işğal edilməsi, onların nüfuzunu cəmiyyətdə qaldırdı. Lakin, onlar, bu dövrdə ölkəni tarimar etdilər, heç bir inkişafa qol qoymadılar, Qarabağı dağıdıb tikinti materialları kimi satdılar, diaspordan gələn pulları yedilər. Onlar, Rusiyanı təmsil edirdilər. Erməni xalqı anladı ki, xilas yolu onlardan qurtulmaqdan keçir. Buna görə də, Paşinyan seçkilərdə qələbə qazandı. 44 günlük savaşda Ermənistanın tam məğlubiyyəti, Rusiyanın nüfuzunu heçə endirdi. İndən sonra Ermənistanda Rusiyanın tədricən çıxarılması prosesi başlayacaqdır. Rusiya bu prosesin qarşısını almaq üçün, Azərbaycan və Ermənistan arasında sülhün olmasını istəmir. Çünki sülh sazişindən sonra Ermənistan Azərbaycan və Türkiyə ilə yaxınlaşacaq, iqtisadi inkişafa nail olacaq və Türkiyə vasitəsilə Avropaya çıxacaqdır. Belə olan halda, Rusiyanın iqtisadi və hərbi əhəmiyyəti sıfıra enəcək və rus ordusunun Ermənistandan çıxarılması məsələsi gündəmə gələcəkdir. Buna görə də, Rusiya, Xankəndi və ətraf ərazilərdə möhkəmlənmək yolunu seçdi. Rusiya, Qarabağ ermənilərindən bir separatçı amil kimi yalnız Azərbaycana qarşı deyil, Ermənistanın özünə qarşı da istifadə edə bilər.

Fransa və ABŞ Cənubi Qafqazda möhkəmlənmək üçün ya Türkiyəni seçməli, ya da yeni bir koridor açmalıdırlar. Bu planda var. Şimal-cənub koridoru kimi də bilinir. Əslində, “bir kəmər, bir yol” layihəsinin İrandan keçən qolunun Ermənistan-Gürcüstan yoluyla Qara Dənizə çıxışı və oradan da Avropaya çatması planı mövcuddur. İran-Ermənistan-Gürcüstan bu planı dəstəkləyir. Bu plan, Türkiyə və Azərbaycanı layihədən kənarlaşdırır və geosiyasi əhəmiyyətini ortadan qaldırır. Cənubi Qafqazda İran-Ermənistan-Gürcüstanın və dolayısı ilə Fransanın rolu böyüyür. Çin də bu planın tərəfindədir. Çünki türklərin, türk dünyasının və müsəlman aləminin güclənməsindən və yol üzərində nəzarəti ələ keçirməsindən qorxur. Lakin, bu plan 44 günlük Qarabağ savaşı ilə iflas etdi. Azərbaycan ordusunun Azərbaycan İran sərhədlərini nəzarət altına alması, Gorus-Qafan yoluna nəzarət etməsi, Zəngəzur dəhlizi məsələsini gündəmə gətirməsi, Qara Dəniz koridoru planının qarşısını aldı. Bu, Britaniyanın Cənubi Qafqazda Fransa maraqlarına vurduğu zərbə idi. Fransa Rusiyanı bu işdə qabağa verərək Türkiyəyə qarşı sərt addım atmağa vadar etdi. Lakin, Rusiya Türkiyə ilə toqquşmamaq üçün, ehtiyatlı davrandı və Fransanı da narazı salmamaq üçün, Ermənistana gizli hərbi dəstək verdi. İran da bu dəstəyi göstərdi. Çünki Çin və Fransa bunu ondan tələb etdilər. İranın öz dövlət maraqları bunu vadar edirdi. Lakin, bu məsələ bitmədi. İranın bu gün Azərbaycan və Türkiyəyə qarşı aqressiv mövqedən çıxış etməsi bununla bağlıdır.        

 

- Siz də qeyd etdiniz, Azərbaycanın qələbədən sonra regiondakı əsas addımı Zəngəzur dəhlizi ilə bağlıdır. Dəhlizin açılmasında maraqlı və maraqlı olmayan bu qüvvələr nəyə çalışır? Bu prosesdə İran hansı mövqedə dayanır və nədən ehtiyat edir?

 

- Zərgəzur koridorunun açılması İrana zərərdir. Çünki naxçıvanlıların İran vasitəsilə öz evlərinə getmələri, İrana iqtisadi baxımdan sərfəli idi. Ermənistanın Türkiyə və Azərbaycan ilə əməkdaşlığa getməsi və sərhədlərin açılması, İranın bu bazarı itirməsi deməkdir. Üstəlik, İran beynəlxalq narkotrafikin tranzit ölkəsi kimi, bu koridor vasitəsilə böyük gəlir əldə edirdi. Bu koridor vasitəsilə Qara Dənizə çıxış əldə edən İran, bu və ya digər şəkildə sanksiyalar dövründə özünün iqtisadi sistemini qura bilmişdir. İranı sanksiyalardan xilas edən əsas dövlət Çin idi. Çin hər il 18-19 milyard dollar həcmində İrandan ucuz neft alır. Bütün bunlar İranı sanksiyalar dövründə ayaqda qalmasını təmin etdi. Azərbaycan ordusunun Qarabağı azad etməsi və Gorus-Qafan yolunu nəzarətə götürməsi, onun bu çıxış nöqtəsini qapatdı. İranın bu istiqamətdə Ermənistana və daha sonrakı ərazilərə daşıdığı yüklər 30 il işğal dövründə dayanmadan davam etmişdi. Azərbaycanın son bir neçə ay ərzində nəzarəti dövründə bu yüklər arasında 0.5 ton narkotik də ələ keçirilmişdir. Mətbuatda bu məlumat vardır. Bu baxımdan, Qarabağın azad olunması İranın iqtisadi maraqlarına zərbə vurdu.

Zəngəzur Dəhlizi, İranın Qara Dənizə çıxış koriduru layihəsinə zərbə vurdu. Əslində, bu layihə Çin və Fransanın layihəsi idi. İranda infrastruktur layihələrə və hərbi dirçəlişə, texnologiyalara, kəşfiyyata yardım adıyla Çin 400 milyard sərmayə qoyubdur. Çin “bir kəmər, bir yol” layihəsi çərçivəsində eyni sərmayəni digər Yaxın Şərq ölkələrinə, həmçinin, İsrailə də qoyur. İran - Suriya, İraq və Livan istiqamətində şiə qaz koridoru açmaqla Aralıq Dənizinə çıxmaq istəyirdi. Əslində, bu Çinin layihəsi idi. Lakin, ABŞ İraq, Suriya ərazisində yerləşməklə bunun qarşısını aldı. Sonra bu bölgəyə Türkiyə daxil oldu. Lakin, Rusiya Türkiyənin qarşısına çıxdı. ABŞ bölgəni Rusiyanın nəzarətinə təhvil verərək çəkildi. Bu durum, həmin koridorun açılmasına mane oldu. İsrail də bunu istəmirdi. Rusiya bölgədə İsrailin təhlükəsizliyini təmin etmək vəzifəsini yerinə yetirməklə Suriyada gücləndi. Buna görə də, İranın Aralıq Dənizinə çıxışı qapandı. Əgər Türkmənistan qazı Azərbaycan vasitəsilə Türkiyəyə ötürülsə, bu İran qazına böyük rəqabət təşkil edəcəkdir. 

Digər tərəfdən, Türkiyə və Azərbaycan bölgədə 6-lıq formatı çərçivəsində əməkdaşlıq təklif etdilər. Bu formatda əməkdaşlıq bütün bölgə ölkələrinin maraqlarını təmin etməlidir. Lakin, İranın Azərbaycan və Türkiyəyə qarşı aqressiv münasibəti onu göstərir ki, bu təklif İranı qane etmir. Bəlkə də, İranın arxasında dayanan Fransa və Çin bunu istəmirlər. Əslində, onların hamısı eyni fikirdədirlər. Çünki Zəngəzur dəhlizi iqtisadi layihədən daha çox, geosiyasi bir layihədir. Bu layihə ilə Türkiyə-Azərbaycan və Orta Asiya ölkələri arasında iqtisadi, siyasi, mədəni birlik məsələsi güclənir. Bu isə, nə İrana, nə Çinə, nə də Fransaya sərf edir. Əslində, bu Rusiyaya da sərf etmir. Lakin, Rusiya, Türkiyə və Çin amilini tərəzidə ölçür və daha çox Türkiyə amili ilə razılaşmağa vadar olur. Buna görə də, Rusiya Türkiyə ilə toqquşmaqdan imtina etdi. Deməli, Fransa və Çin, toqquşmaq üçün İranı qabağa verdilər. Lakin, iranlı strateqlər başa düşürlər ki, bu toqquşma İranın dağılması ilə nəticələnə bilər. Çünki İran əhalisinin yarısı türk mənşəlidir. Ağıllı dövlət heç vaxt buna getməz. Lakin, İran dərin dövlətində Fransanın və Çinin 5-ci kolonu mövcuddur. Son bir neçə ildə İranını ən məhrəm yerlərində baş verən terrorlar onu göstərir ki, onlar dövlətdə çox güclüdürlər. Təbii ki, onlar, İran və Azərbaycan sərhədində istənilən təxribatı törədə bilərlər. Buna hazır olmaq lazımdır. 

 

- Rauf müəllim, nəhayət erməni silahlılarının Xankəndi, Xocalı, Ağdərədən çıxarılması hansı mərhələdə baş verəcək? Rusiya, eləcə də Paşinyan buna hazırdırmı? Paşinyan-İlham Əliyev danışıqlarını hazırlayan beynəlxalq təşkilatlar bundan hansı nəticəni güdürlər və biz nə istəyirik. Hədəflər bəllidir, amma qazanan kim olacaq?

 

 - Erməni silahlılarının Xankəndi, Xocalı, Ağdərədən çıxarılması baş verməlidir. Bu məsələ Soçi danışıqlarında da müzakirə oluna bilərdi. Bu, Rusiyanın 10 noyabr sazişində üzərinə götürdüyü öhdəlikdir. Burada Paşinyanlıq bir iş yoxdur. Sazişə görə, ərazidə mülki əhali qalmalı və onların təhlükəsizliyi təmin olunmalıdır. Artıq azərbaycanlıların da bu ərazilərə köçürülməsi vaxtı çatıbdır. Əsas məsələ budur. Bizim əhali ora köçəndən sonra dövlət institutları da orada yer alacaqdır. Ermənilərin bir qismi öz evlərini satıb gedəcək, yerdə qalanlar isə, Azərbaycan vətəndaşları kimi Azərbaycan qanunları ilə yaşayacaqlar. Bu mühit getdikcə Azərbaycanın mövqeyini orada gücləndirəcək və rus sülhməramlılarının orada qalmasının əhəmiyyətini ortadan qaldıracaqdır. Beynəlxalq təşkilatlar da mövcud durumla barışmalı olacaqlar. Çünki orada azərbaycanlıların sayı ermənilərdən dəfələrlə çox olacaq və insan hüquqları məsələsi yüksək səviyyədə təmin olunacaqdır. Qazanan biz olacağıq. Rusiya bölgəni hərbi güc kimi tərk edəcəkdir. Lakin, bölgə müxtəlif iqtisadi maraqların kəsişdiyi bir məkan kimi, daha çox beynəlmiləl xarakter alacaqdır.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Xanım siyasətçidən “avtobus müxalifəti” deyənlərə TUTARLI CAVAB

"Bunun fonunda İranın Azərbaycana “xox” gəlməsi mənasız görünür" - MÜSAHİBƏ

"O əldəqayırma deputat gedib işi ilə məşğul olsun"

Partiya sədri mer postuna İDDİALIDIR

Söz atdı, cavabını da aldı

"Bu agentura şəbəkələri ifşa olunmalıdır"

Morton nevroması daha çox qadınlara qənim kəsilib

Daha bir qadağa qüvvəyə mindi

Prezidentin çıxışındakı ÖNƏMLİ MESAJ

Hüquq müdafiəçisi beynəlxalq təşkilatları QINADI

İran yeni, çox böyük təlimlərə BAŞLADI

Ərdoğan Baydenlə Qarabağı müzakirə edəcək

Uşaq bağçasının müdiri barəsində cinayət işi başlandı

Dünya çempionatına gedəcək samboçular bilindi

Toy qaydaları POZULDU