Deputatın “Xankəndini verib Mehrini almaq” - təklifinə REAKSİYA

11:27 02-11-2021 | icon 239 | Siyasət
Deputatın “Xankəndini verib Mehrini almaq” - təklifinə REAKSİYA

"Belə çıxır ki, Laçını da güzəştə getməliyik, bu yolverilməzdir"

 

Ötən həftənin cümə günü “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun təqdimatında TVMusavat-da canlı yayımlanan “Dərin Təhlil” analitik proqramında regiondakı son proseslərlə bağlı kifayət qədər əhəmiyyətli fikirlər, proqnozlar, həmçinin təkliflər səsləndi. R.Arifoğlunun moderatorluğu ilə baş tutan polemikada parlamentin üç üzvü - Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa iştirak edirdilər. İki saatdan çox davam edən müzakirələrin gedişində deputat Həsənquliyev dərhal etirazla qarşılanan təklif və ehtimal irəli sürdü. Onun sözlərinə görə, Qarabağın dağlıq ərazisində suverenliyin təmin olunması əvəzində Xankəndi ilə Mehrinin dəyişdirilməsi razılaşdırıla bilər.

 

Amma onun bu fikrinə həmkarı Z.Oruc etiraz etdi və Azərbaycanın bir qarış ərazisinin də Ermənistana güzəştə gedilməyəcəyini açıqladı. Təxminən 20-22 il öncə də bu məsələ gündəmdə olub. O zaman Dağlıq Qarabağla Mehrinin dəyişdirilməsi təklifləri səsləndirilirdi. Amerikalı ekspert Pol Qoblun “ərazi mübadiləsi planı” ötən əsrin 90-cı illərində çox populyar idi, hətta danışıqların əsas tezisini, bazasını təşkil edirdi. İndi bu plan yenidən gündəmə gətirilir, mətbuatda bu tezislərin ətrafında müzakirələr aparılır. Söhbət təxminən eyni ölçüdə ərazini əhatə etməklə Laçın və Mehri dəhlizlərinin mübadiləsindən gedirdi.

 

 

"O deməkdir ki, Ermənistanın İranla sərhədi olmayacaq"

 

İsveçrədə yaşayan jurnalist Elbəyi Həsənli bu məsələyə toxunarkən yazıb ki, Ermənistan Mehrini Azərbaycana verməz. Onun sözlərinə görə, Mehrini vermək o deməkdir ki, Ermənistanın İranla sərhədi olmayacaq:

“Ermənistan buna razı olarmı? İran, Rusiya necə? Olmaz. Avropa Birliyi, ABŞ, Çin, Ərəb ölkələri... heç biri buna razılıq verməz. Bu işə yalnız Türkiyə, Pakistan, Böyük Britaniya, İsrail yaşıl işıq yandıra bilər”.

 

Siyasət adamları isə yazırlar ki, bu, Azərbaycan Respublikası Konstitusiyasının 11-ci maddəsinə ziddir, torpaqlarımızın heç bir hissəsini heç bir şəkildə kimsəyə vermək hüququmuz yoxdur. Yalnız sərhəd dəyişdirilməsi referenduma çıxarıla bilər ki, bunun da hüquqi təfsiri ərazi mübadiləsi deyil. Sərhəd xəttinin çəkilməsi ilə ərazi mübadiləsi fərqli hüquqi terminlərdir. Ona görə də yolverilməz haldır. Bəs Azərbaycanın rəsmi kursu bu perspektivə adekvatdırmı? Xankəndinin ermənilərə verilməsi və müqabilində Mehrinin alınması məntiqlidirmi, yoxsa zərərli qərar ola bilər?

 

Artıq həmsədrlərin bölgədə görə biləcəyi iş qalmayıb" – Qulamhüseyn Əlibəyli

 

“Beynəlxalq hüquqda ərazi mübadiləsi var, amma nə Ermənistan, nə İran razılaşar”

 

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli qeyd etdi ki, beynəlxalq hüquqda ərazi mübadiləsi var. Onun fikrincə, sadəcə, ermənilər razılaşmayacaq: “Prinsip etibarilə Azərbaycan üçün sərfəli variant saymaq olar. Zəngəzur dəhlizi öz yerində, Türkiyə ilə quru yolun əldə edilməsi ağıllı versiya olardı. Yəni beynəlxalq hüquq da buna icazə verir. Əgər nə zamansa baş tutsa, Azərbaycan üçün daha sərfəli olar. Amma bu gün baş tutacağını real görmürəm, buna nə Ermənistan, nə də İran razılaşar”.

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev “Yeni Müsavat” qeyd etdi ki, bu təklif Azərbaycan üçün ziyanlıdır:

“Xankəndini vermək o deməkdir ki, bizim ərazidən, yəni Laçından keçəcəklər. Belə çıxır ki, Laçını da güzəştə getməli olacağıq. Ona görə qarşıda bizi gözləyən işlər üçün qəti şəkildə uyğun deyil. Biz qarşıdakı aylarda 10 noyabr sənədinin bütün bəndlərinin icra ediləcəyini görəcəyik. Sənəddə qeyd olunub ki, erməni separatçı silahlı dəstələri ərazimizdən çıxmalıdır, biz bunun reallaşmasına şahid olacağıq, həmçinin nəqliyyat-kommunikasiyalar açılacaq”.

 

 

“O halda Laçından keçəcəklər, belə çıxır ki, Laçını da güzəştə getməliyik...”

 

ALDP sədri hesab edir ki, belə vaxtda bu təklifi müsbət qiymətləndirmir: 

“Əlbəttə, siyasətçilərin fərqli baxışları, subyektiv yanaşmaları, təklifləri ola bilər. Amma yenə diqqət etməliyik ki, Xankəndini güzəştə getdiyimiz halda onlar Laçın dəhlizindən keçməklə ərazilərimizdən istifadə edəcəklər. Buna razılaşmaq olmaz və biz 10 noyabr sənədinin icrasını tam yekunlaşdırmağa nail olmalıyıq”.

 

 

Qabil Hüseynli: "Lokal müharibə ilə Nikolun dərsini vermək lazımdır" -  MÜSAHİBƏ

 

“Pol Qoblun da təklifi olmuşdu, sadəcə, torpaq dəyişməsi ermənilərin gözünü doyurmayacaq”

 

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a söylədiyinə görə, torpaq dəyişməsi əvvəllər Saxarov, daha sonra Pol Qobl tərəfindən ideya kimi irəli sürülmüşdü:

“Amma bu təkliflər alınmadı. Yəni ”Torpaq əvəzinə torpaq" şüarı altında iş aparıla bilmədi. O da var ki, torpaq dəyişməsi ermənilərin gözünü doyurmayacaq. Mənə elə gəlir ki, bu şəraitdə riskli nəticələrə gətirib çıxara bilər. Bu məsələləri sonra müzakirə etmək olar. İndi sərhədlərin delimitasiya və demarkasiyasına hazırlaşırıq, kommunikasiyaların açılması gündəmdədir. Ona görə torpaq dəyiş-düyüşü ərazi bütövlüyünün tanınmasından sonra bəlkə gündəmə gətirilə bilər, onun da bir faydası olacağını gözləmirəm".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hafiz Hacıyevdən hakimiyyətlə təcili görüş barədə ŞOK SƏBƏBLƏR

Leykoz xəstəliyindən əziyyət çəkənlərin NƏZƏRİNƏ

"Sosial şəbəkələr ailə və cəmiyyət üzvlərini də bir-birindən ayırır və..."

Dörd ölkənin Azərbaycana yeni təyin olunmuş səfirləri qəbul edildi

Tahir Kərimli üzr istədi

Qəzetlərin tirajındakı saxtakarlıqlar məlum oldu

"Putin özbaşınalığına görə mütləq Paşinyana “dərs verəcək”"

Yardımlı şəhər küçələrinin İLHAM RZAYEV PROBLEMİ

105 yaşlı qadının uzunömürlülüyünün SİRRİ

Ov mövsümü başladı...

"Ermənistan Rusiyaya mesaj verir ki..."

“WhatsApp”da çoxdan gözlənilən yenilik

Bakıda Zəfər avtoyürüşü

EMIN x JAH KHALIB - "Улетай" - PREMYERA

"Hərbi əsriləri saxlamaq dövlət üçün o qədər də əhəmiyyətli deyil”