Zəfər Günündə AMNİSTİYA SEVİNCİ

14:32 04-11-2021 | icon 283 | Cəmiyyət
Zəfər Günündə AMNİSTİYA SEVİNCİ

“Əfv fərmanının da imzalanmasını istərdik”

 

8 noyabr – “Zəfər günü” ilə bağlı amnistiya gözlənilir. Artıq Milli Məclis “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsini müzakirə edib. Verilən xəbərlərə görə, Prezident tərəfindən Milli Məclisə təqdim olunan amnistiya sənədi preambula və 4 hissədən ibarətdir. Orada amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb. Bu amnistiyanı şərtləndirən ən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunmasıdır və müzakirəyə çıxarılan sənəd indiki dövrün ən böyük amnistiya aktı hesab olunur.

 

8 Noyabr – Zəfər Günü münasibətilə elan ediləcək budəfəki amnistiya Azərbaycan cəmiyyətində insan hüquq və haqlarına hansı töhfəni vermiş olacaq?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə açıqlama verən hüquq müdafiəçiləri, siyasətçi və deputatlar amnistiyanın əhəmiyyətinə toxunarkən maraqlı nüanslara diqqət çəkiblər.

 

 

 

 

 

“Hazırki amnstiya layihəsinin təsir dairəsi daha genişdir”

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirib ki, Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş “8 noyabr Zəfər günü ilə bağlı amnistiyanın elan edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib. Onun sözlərinə görə, hazırki qanun layihəsi əvvəlkilərdən daha geniş dairəni əhatə edəcək.

 

Ç.Qənizadə qeyd edib ki, bundan öncə verilən amnistiya aktı  2016-cı ildə I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisə təqdim edilmişdi və 10 min nəfəri əhatə eliyən amnistiya aktı idi:

 

“Hazırki amnstiya layihəsinin təsir dairəsi daha genişdir.  Amnistiya sənədinin preambulasına və amnistiyanı vacib edən şərtlərə baxdıqda görürük ki, amnistiya daha çox insanlara şamil ediləcək. Burda Qarabağ döyüşləri zamanı şəhid olanların ailə üzvləri, yaralılar, eyni zamanda Xocalı faciəsi zamanı zərər çəkən insanlar, torpaqlarımızın işğalı nəticəsində zərər çəkən insanların ailə üzvləri, II dünya müharibəsində iştirak edənlərin ailə üzvləri, Çernobl qəzasında iştirak edənlərin özləri, yaxınları və müəyyən yaş qrupu, yaş həddi tətbiq edilməsi ilə bağlı bəndlər bunu göstərir. İndi amnistiya düşənlərin sayı ilə bağlı müxtəlif fikirlər var. Bir çox hallarda bunun 15 min olacağı deyilir və bu da mümkündür. Çünki qanun layihəsi hazırlanmamışdan öncə Prezident Admnistrasiyasının müvafiq qurumlarında geniş araşdırma aparılıb. Təbii ki, bu maddələrin təsir dairəsinə düşən məhkumların sayı, azadlıqdan məhrumetmədən cəza çəkən şəxslərin sayı və dairəsi müəyyənləşdirilib. Ona görə də ola bilər ki 15 min məhkum bu amnistiya aktının humanizm dəyərlərindən bəhrələnsin”.

 

Ç.Qənizadə məsələyə “bir məhkumun sevinci təkcə onun sevinci deyil” prizmasından yanaşaraq, bu amnistiyanın hər bir məhkumun ailə üzvlərinə, dostlarına, qohumlarına sevinc bəxş edəcəyinə diqqət çəkib. Onun fikrincə, bunu nəzərə alsaq, bu artıq 100 minlərlə insanın sevincinə səbəb olacaq bir amnistiya aktı olacaq:

 

“Cənab Prezident həmişə xalqımzı özünün humanist qərərları ilə sevindirir. Ötən aylarda da 600 nəfər məhkum olmuş insanımız əfv fərmanının təsiri altına düşmüşdü. İndi də amnistiya aktının verilməsi ilə çoxlu  sayda insanların sevincinə sevinc bəxş ediləcək. 100 minlərlə insan həm qələbəmiz münasibəti, həm də amnistiyada azadlığın təmin edilməsi ilə bərabər sevinəcəklər. Hüquq müdafiəçiləri cənab prezidentin bu qərarlarını həmişə müsbət dəyərləndirib, alqışlayıb. Bir daha alqışlayırıq! Təşəkkür edirik ki, belə bir həssas vaxtda, həm qarşıdan gələn bayram sevinci, ümumiyyətlə ölkədə il ərzində baş verən proseslər, torpaqlarımızın işaldan azad olunması, şəhidlərimizin olması  və insanların pandemiya dövründə psixoloji gərginlik yaşaması fonunda belə bir gözəl addım atıldı. Bu addımın atılması insanlara sakitlik, sabitlik və sevinc gətirəcək”.

 

 

 

 

 

“Çox sağ olsunlar, minlərlə insan ailələrinə qayıdacaq”

 

Hüquq müdafiəçisi və Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu bildirib ki, amnistiyanın qadınlara, müharibədə iştirak edən insanlara, 60 yaşdan yuxarı olanlara, uşağı xəstə olanlara şamil edilməsi mütərəqqi addımdır:

 

O, amnistiya aktı ilə bağlı bu addımı dəstəklədiklərini vurğulayıb:

 

“Çox sağ olsunlar, minlərlə insan öz ailələrinə qayıdacaq. Bu proses siyasi motivlə həbs olunanlara, hüquq müdafiəçilərinə də şamil oluna bilər. Bu zəfər günü ərəfəsində verilən amnistiya millətin bir-birini dəstəkləməsi, barış, humanist bir addımdır”.

 

 

 

 

 

 

 

“İlin sonuna kimi əfv fərmanının da imzalanmasını istərdik”

 

Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan milli bölməsinin rəhbəri Səadət Bəhmənyarlı bildirib ki, amnistiya ilə bağlı qərar hələ qüvvəyə minməsə də, gözləntilər böyükdür.

 

Onun szölərinə görə, bu amnistiyada böyük bir məhkum təbəqəsi əhatə olunacaq:

 

“Düşünürəm ki, amnistiya 10 mindən artıq məhkumun işində öz əksini tapacaq. Burada xüsusi məqam amnistiyanın I-II Qarabağ müharibəsi iştirakçılarına və onların ailə üzvlərinə şamil olunmasıdır. Bunu müsbət hal kimi dəyərləndirirəm”.

 

S.Bəhmənyarlının amnistiya aktından başqa digər gözləntiləri əfvin imzalanması ilə bağlıdır:

 

“Biz ilin sonuna kimi əfv fərmanının da imzalanmasını istərdik. Çünki bir çox müddüəlarla amnistiyaya düşməyən insanlar var ki, Prezident öz səlahiyyətindən istifadə edərək onları əfv edə bilər. Amnistiyada istərdim ki, siyasi motivlələrlə həbs olynan insanlar əfv olunsun. Cəmiyyətdə siyasi məhbus sözü qalmasın”.

 

 

 

 

 

 

“Dövlət öz vətəndaşlarına vaxtaşırı humanistlik aktlarını nümayiş etdirməlidir”

 

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli açıqlamasında bildirib ki, amnistiya aktı dövlətin öz vətəndaşına, cinayət törətmiş insanlara qarşı münasibətdə hümanist bir aktdır.

 

Onun sözlərinə görə, bütün ölkələrdə qəbul olunub ki, dövlət ayrı-ayrı tədbirlər, bayramlarla bağlı məhkumları bir növ bağışlayır, əfv edir:

 

“Bu cür amnistiya aktının verilməsini təqdirəlayiq hesab edirəm. Təxmini hesablamalara görə, amnistiya 15 mindən çox adama şamil olunacaq. O məhkumların hamısı dərhal 8 noyabrda azadlığa çıxmayacaq. Bu prosesin icrası 4 ay müddətində nəzərdə tutulur. Hər bir fərdin işini araşdırıb onun amnistiya aktına düşüb-düşməməsini müəyyənləşdirmək lazımdır. Amma bütün hallarda bu cür addımlar çox yaxşı haldır. Gələcəkdə də amnistiya aktını davam etdirmək lazımdır. Vaxtaşırı dövlət öz vətəndaşlarına humanistlik aktlarını nümayiş etdirməlidir. Və eləcə də amnistiya düşən inanların sosial adaptasiyası məsələlərinə baxılmalıdır. Amnistiya bütövlükdə cəmiyyətimizdə insan hüqularına hörmətlə bağlı olan bir məsələdir”.

 

Q.Əlibəyli qeyd edib ki, insan hüquqlarına bu cür hörmətlə bağlı davranışlar digər ölkələrdə də mövcuddur. Onun sözlərinə görə, belə amnistiya halları dövlətin özünün siyasəti ilə bağlıdır. Belə addımların başqa ölkələrdə olması da müsbət qiymətləndirilməlidir.

 

 

 

 

 

 

 

“Amnistiya o hallarda tətbiq edilməyəcək ki...”

 

Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərəmov “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin qərar layihəsinin priambulasında məqsədlərin göstərildiyini deyib.

 

Onun sözlərinə görə, orada amnistiyaya düşən şəxslərin dairəsi və amnistiyanın tətbiqinə qoyulan məhdudiyyətlər, eləcə də hüquqi qüvvəsi və hüquqi qaydaları əks olunub:

 

“Hüququn, ədalətin təmin olunması prosesi nəzərə alınaraq dövlət ümid edir ki, amnistiyanın təsirinə düşən vətəndaşlar dövlətimizin inkişafına və rifahına öz töhvələrini verəcəklər.  

Qeyd edim ki, amnistiya aktına Vətən Müharibəsində, müharibədən kənar suverenliyimiz, ərazi bütövlüyümüz uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər, onlardan kim həlak olubsa və yaxud itkin düşübsə onların yaxın qohumları, xüsusi xidmətlərinə görə orden və medallarla təltif olunmuş şəxslərimiz, erməni təxribatları nəticəsində həlak olan insanların yaxın qohumları, həlak olmayıblarsa, onların əlilliyi müəyyən olunubsa özləri, deportasiyaya məruz qalmış qərbi azərbaycanlılar, məcburi köçkünlük dövründə köçkün düşənlər, 20 yanvar, Xocalı faciəsində həlak olanların, itkin düşənlərin  yaxınları, eyni zamanda sağ olanların özləri, sovet dövründə beynəlmiləl əməliyyatlarda iştirak edən şəxslər, əgər itkin düşüb, həlak olublarsa onların yaxın qohumları, həmçinin II dünya müharibəsində həlak olan, itkin düşmüş şəxslərin qohumları, yaxınları, vətəndaşlarımız, SSRi orden və medalları ilə təltif olunmuş şəxslər, represiyaya məruz qalmış insanlar, Çernobl qəzası iştirakçıları, yaxud onların yaxınları, əlillər və sair şəxslər daxildir”.

 

Deputat bildirib ki, burda maraqlı məqam qərarın bütövlükdə qadınlara, 18 yaşına çatmamış bütün şəxslərə, 60 yaşına çatmış şəxslər, I-II qrup əlillərə şamil olunmasıdır. O, eyni zamanda amnistiya aktının kimlərə şamil olunmayacağını da vurğulayıb. Bildirib ki, amnistiya 1994-cü ilin 24 fevral qanununa əsasən Xocalı soyqırımı ilə bağlı cinayətlərdə, 20 yanvarda sovet qoşunlarının Bakıya daxil olaraq törətdiyi qırğınlarda, torpaqarımızın işğal edilməsində və sair bu tip təqsirləri  olan, yaxud, ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərə, təhlükəli və xüsusilə residiv yaradan şəxslərə tətbiq edilməyəcək:

 

“Bütövlükdə indiki akt həm cəzadan azad etməni, həm də cəzanın azaldılmasını əhatə edir. Bu, Vətən Müharibəsinin fonunda cənab İlham Əliyevin cinayətkar qəsddə bulunmuş,  ictimai təhlükə törətmiş şəxslərə vermiş olduğu ikinci şansdır. Bununla həm milli həmrəyliyimizi ortaya qoyuruq, həm vətəndaşlara ikinci şans verilir ki, dövlətin rifahı, cəmiyyətimizin inkişafı naminə öz səylərini ortaya qoysunlar. Bu amnistiya ən azı ötən dövrlərdə tətbiq olunan amnistiya aktlardan böyük olacaq. Ədliyyə Nazirləiyinin konkret rəqəmlərini qərarlarını gözləmək lazımdır. Mən də amnistiyaya düşənlərin 15 mindən az olmayacağını gözləyirəm”. /həftə içi/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"

Süni qiymət artımı edənlərə XƏBƏRDARLIQ

Nə gündəsən, Yardımlı?

Deputatlar TƏSDİQLƏDİ

Zəngilanın Ağalı kəndinə köçəcək sakinlərə MÜRACİƏT

Ekzema necə əmələ gəlir və müalicəsi varmı?

Politoloqlarımız Ərəbdilli mətbuatda "Zəngəzuru"şərh edib

İran - Əfqanıstan sərhədində nə baş verir?