Möhtəşəm zəfərin nişanəsi, yaxud Şəhidlik yolunda solmayan çiçəklər

15:38 09-11-2021 | icon 325 | Ədəbiyyat
Möhtəşəm zəfərin nişanəsi, yaxud Şəhidlik yolunda solmayan çiçəklər

Sevindik Nəsiboğlunu hələ gənc də adlandırmaq olmaz. O hələ yeniyetmədir. Yaşın 14-cü ilini addımlayır. Əlbəttə, onun günümüzəcən yazdığı, yaratdığı ədəbi fəaliyyətinin barı-bəhəri olan kitabları ilə müqayisədə bu yaş təəccüb doğura bilər. Amma təbiətdə möcüzələr olduğu kimi cəmiyyətdə də ağlımızın, düşüncəmizin az qala qəbul edə bilmədiyi qeyri-adiliklər var. Sevindik Nəsiboğlu 4 kitabın müəllifidir. Bu kitabların hər biri onun kimliyini görmək üçün bəs edəcək gücdədir. “Dünyamsan Azərbaycan”, “Hərdən uçmaq istəyirəm”, “Könüllərə yol gəzirəm” poetik kitabları və nəhayət, “Ulu Naxçıvanım” ədəbi-tarixi-publisistik əsəri onun təkcə ədəbi mühitdə yox, həm də jurnalistikada dəqiq yerini göstərdi. Onu da deyim ki, Sevindik Nəsiboğlu Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Bizim “Kredo”da redaksiya heyətinin üzvü kimi də ədəbi jurnalistik fəaliyyətindən başqa fəal ictimai iş də aparır. Artıq iki ildən çoxdur ki, o, istisnasız olaraq qəzetin dərc olunan bütün saylarında çox maraqlı yazıları ilə çıxış edir. Bu yeniyetmə müəllifin sosial şəbəkədəki fəallığını da desək, onda, qeyri-adiliyi heç bir təəccüb doğurmaz.

 

Dünyada belə fenomenlər olub. Çox kiçik yaşlarından tanınan rəssamlar, musiqiçilər, hətta riyaziyyatçılar belə var ki, dünya mənəvi irsində öz payları ilə əbədi yaşayırlar.

 

Sevindik Nəsiboğlunun qeyri-adiliyinə təəccüblənənlər üçün bir fakt da əlavə edim. Bizim kəndimizdən həm də qohumumuz olan iki uşaq elə Sevindik yaşda Amerika universitetlərinin tələbələridir. Doğrudur, onlar riyaziyyat sahəsində parlayırlar. Amerikada yayımlanan verilişlərdə bu yeniyetmələrin təxəyyül, ədəbi-publisistik özünüifadə imkan ları kifayət qədər görünür. Bir qədər obrazlı desək, biz öz əjdahamızla nə üçün fəxr etməyək?!

 

44 günlük müharibənin zəfəri, əlbəttə, birinci növbədə ordumuzun və möhtəşəm siyasi iradə və hərbi rəhbərlik gücü göstərən Ali Baş Komandanımızın qələbəsidir. Söz yox ki, bu müharibədə xalqımız da səfərbər olmuşdu. Böyük birlik Qarabağın azadlığı naminə öz gücünü göstərirdi. Sadə zəhmət adamlarından tutmuş söz-sənət adamlarına qədər hər kəs bu müharibədə iştirak edirdi. Bu bir il Sevindik Nəsiboğlunun yazdıqlarını, yaratdıqlarını gözdən keçirdikcə qəlbim qürur hissi ilə döyünür. 700 səhifədən çox kitabın müəllifi S.Nəsiboğlu, əgər belə demək mümkünsə, müharibənin gündəliyini yazdı. Onun iti və diqqətli nəzərləri sanki göy üzündən od tutub yanan bütün Qarabağı izləyirdi. Onun iti nəzərlərindən heç nə yayınmırdı. Ordumuz qələbəyə doğru irəlilədikcə Sevindik Nəsiboğlu da öz sözü ilə ordumuzu müşayiət edirdi.

 

Bu müharibə həm də Azərbaycan xalqının yetirdiyi oğulların, ordumuzun igid əsgərlərinin necə vətənsevər olduqlarını da dünyaya nümayiş etdirdi. Ali Baş Komandanın çıxışlarında qeyd etdiyi kimi Azərbaycan əsgərləri ölümün üstünə yeriyirdi və elə bu da düşməni vahiməyə salırdı. Ölümə gedən oğullar şəhidlik şərbəti içdikcə ölməzliklərini qazanırdılar, əbədiyyət axtarırdılar. Əslində elə S.Nəsiboğlunun da məramı, məqsədi budur ki, öz yazıları ilə bu qəhrəmanların adlarını əbədiləşdirsin, onlara əbədiyaşarlıq bəxş etsin.

 

Beləliklə, S.Nəsiboğlunun “Möhtəşəm zəfərin nişanəsi” kitabı zəfər yolunun xronikası, müharibənin gündəliyi və qələbəyə möhtəşəm zəfər tağı kimi araya-ərsəyə gəldi.

 

Onun yeniyetmə qəlbindəki hələ uşaqlıqdan ayrılmayan duyğularının sözə çevrilən rəngləri vətən sevgisinin solmayan çiçəkləri kimi səhifələrə yığıldı.

 

Sevindik Nəsiboğlu doğru olaraq ədəbi müharibə gündəliyini Tovuz döyüşlərindən başlayır.

 

Müəllifin ürək çırpıntılarını elə ilk səhifələrdəncə hiss edirik. Hər söz canlı varlıq kimi müəllifin daxili “mən”inin səsi kimi üzə çıxır.

 

Oxucu diqqətini Sevindik Nəsiboğlunun düşüncə axarına yönəltmək istərdim: “O günləri heç vaxt unuda bilmərəm. Dünənki yox, indiki kimi xatırlayıram. 12 iyul gecə vaxtı atəşkəsin pozulmasından xəbər tutdum. İlk şəhidlərimizin olduğu andan dərindən kədərləndim. Ertəsi gün bütün televiziyalar və sosial şəbəkələr Tovuz döyüşləri barədə xəbər yaymağa başladı. İlk şəhidlərimizin dəfnlərindən olan görüntülər ürəyimi parçaladı. Sonra isə dayımoğlu Saleh Həsənovun Tovuzun Dondar Quşçu kəndində artileriyada şəhid İlqar Mirzəyevin komandanlığı altında qızğın döyüşlərdə iştirak etdiyini eşitdim. Bütün əsgərlərimizin sağ-salamat bu döyüşlərdən qələbə ilə çıxmasını Allahdan arzu elədim. Ertəsi gün alacağımız məlumatdan isə xəbərsiz idik. Bu xəbər Azərbaycan xalqının yenidən oyanışına təkan verəcəkdi. 14 iyul günü, tarixə çevrilən o gün General-mayor Polad Həşimov şəhidliyə yüksəldi! 30 il generalı şəhid olmayan bir ölkəni bu xəbər necə dərindən sarsıdırsa, bizi də sarsıtdı. Eşitdiklərimizə inana bilmədik. Həmin gün neçə-neçə qəhrəmanlarımızı şəhid verdik. 15 iyul gününün səssizliyini 16 iyul günü əsgər Nazim İsmayılovun Tovuz döyüşlərində sonuncu şəhid olması xəbəri pozdu. Bu xəbər bizə “Bəsdir!” demək üçünkifayətidi. Döyüşlər səngidi, yara isə sağalmadı. Qisas alovunda yanan odlar ölkəsinin mərd oğulları, istefada, ehtiyatda olan zabitlər, əsgərlər Qarabağ uğrunda səfərbər oldular! “O gün olsun ki” sözü tarixə qovuşacaqdı, müharibə gözlənilirdi!”. İlk baxışdan mətn duyğulanmalardan ibarətdir, amma müəllifin yüksək həyəcanla, faktları mənalandıra-mənalandıra düşüncənin dərinliklərinə irəliləməsi göstərir ki, yazı oxucuya təkcə təəssürat bəxş etmir, həm də onu məlumatlandırır. Hər bir faktın özü elə təsir əhatəsi yaradır ki, müharibənin miqyası, ordumuzun əzmi və həm də müharibənin dəhşətləri haqqında məlumat ala bilirik. Elə təkcə bir ifadəni diqqətə çəkirəm: “30 ildə generalı şəhid olmayan vətən” düşüncəsi nələrdən xəbər vermir? Yəni müəllif demək istəyir ki, daha nəyisə gözləməyin yeri yoxdur. Əqidələrin, amalların, düşüncələrin səfərbər olunma zamanıdır. Bəli, general Polad Həşimovun həyəcanlı notlarla yaradılan obrazı artıq Qarabağ uğrunda mübarizənin yeni mərhələyə daxil olmasından xəbər verir.

 

Sevindik Nəsiboğlunun döyüş mühitini təsvir edərkən sükutla, səssizliklə gurultuları, müharibə zəlzələsini qarşılaşdırması həm də onun nə qədər müşahidə ehtiyatına sahib olduğunu göstərir.

 

Müəllifin düşüncələri axın kimi gəlir. Sanki mənbəyini dağlardakı gurultulu yağışdan alan sel mənzərəsi elə bu düşüncələrlə görünür. Yəni bu qarşısıalınmaz bir axındır. Maraqlıdır ki, sözün, fikrin, düşüncənin zəncirvari əlaqə ilə axını gözlərimizin önündə qarşısıalınmaz hücum axınını təsəvvür etməyə imkan verir. Müəllif kitabın ilk səhifələrində elə bu ovqatla irəliləyir: “21 sentyabr günü şəhid olan Elşən Məmmədovun qisas günü artıq hazır idi. Təlimə gedən çağırışçılar bir neçə gün sonra zəfər tarixini yazmağa başladılar! Gün Zəfər günü idi! Həyat tamamilə dəyişirdi! Şəhidlər verilirdi, ancaq qisası alınan və qisas alan Şəhidlər! Və sonra bu yol Şuşadan da keçdi! Şuşada Zəfər bayrağını dalğalandırdı! Bütün şəhidlərimizin ruhu şad oldu! Ali Baş Komandan Tovuz döyüşlərində Şəhid olan hərbçilərimizi “Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə və “Milli Qəhrəman” fəxri adı ilə təltif etdi”.Fəxri adları, təltifləri yada salan müəllif sanki gələcək oxucusunun diqqətinə çatdırır; bu təltiflər müharibədə döyüşən əsgər və zabitlərin əsas məqsədi deyil. Onların əsas məqsədi uzun müddət azğın düşmən tapdağında qalmış vətən torpağını canı, qanı bahasına azad etmək idi.Ali Baş Komandan özünün iti nəzərləri ilə döyüşü, müharibənin gedişatını, zəfər yürüşünə başlanğıcı çox diqqətlə izləyir və bu izləmənin nəticəsini qəhrəmanların hünərlərini təsdiq edən fəxri adlarda, təltiflərdə görürük və onu da görürük ki, o necə həssaslıqla qəhrəman generala üz tutur, xitab edir: “Cənab General, rahat uyu! Səndən sonra qisasının eşqiylə şəhid olanlar qisasını aldılar! Sən ruhunla azad etdiyin Şuşada Zəfər bayrağını da öz ruhunla dalğalandırmısan! O bayraq əbədiyaşarın nişanəsidir”. Şeir kimi oxunan, nəğmə kimi ötən sətirlər göstərir ki, onun ruhu necə səfərbər olub. Onun varlığı başdan-başa döyüş əzminə köklənib. Təsəvvüründə, xəyalında canlandırdığı odlu səhnələri, qanlı çarpışmaları artıq kifayət qədər zəngin olan söz ehtiyatı ilə süsləyir.

 

Sevindik Nəsiboğlunun “Möhtəşəm zəfərin nişanəsi” kitabını şərti olaraq 3 bölməyə ayırmaq olar. Doğrudur, bu kitab məzmunu, mahiyyəti, ideyası ilə bütövdür. Heç bir bölgüyə tabe olmur. İstər şəhidlərin yaşam yolu haqqında qısa xronikal qeydlər, istər geniş publisistik yazılar və istərsə də şeirlər mahiyyəti etibarı ilə bir müstəvidə görünür.

 

Sevindik Nəsiboğlunun kitaba toplanmış əsərlərinin qəhrəmanları da müəllifdən aldıqları sevgi payı ilə fərqlənmir. Çünki müəllif üçün vətən torpağına qanı axmış hər bir oğulun adı əzizdir, qanı müqəddəsdir. Bu qəhrəmanların döyüş yolunun Suqovuşanda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Ağoğlanda (Hadrut)... harada bitməsindən asılı olmayaraqonların qəhrəmanlığı ölçüyəgəlməzdir.

 

Sevindik Nəsiboğlu tərənnüm etdiyi hər bir qəhrəmanla Qarabağı qarış-qarış gəzir, onlarla birgə savaş yolu keçir. Hətta qəhrəmanlarına dəyən güllənin ağrısı onun canını da oda bələyir. Varlığında gözəgörünməz güllər açılır. O, bu gülləri düşmən güllələrinə sipər edir. Onların ölümsüzlük yolunu dastana çevirir, yazıya gətirir.

 

S.Nəsiboğlunun yazı yolunu bütövlükdə 44 günlük savaş yolu yeni çalarlar, yeni rənglərlə zənginləşdirmişdir. Onun çılğın, yanğılı publisistikasını bir çox hallarda şeirlərdən ayırmaq olmur. Ayrı-ayrı parçalar o qədər poetik əhval kəsb edir ki, nə vaxt mahiyyətin şeirə çevrildiyini oxucu hiss etmir. Yazılar bir-birinin davamı kimi oxunur, elə buna görə də Sevindik Nəsiboğlunun bu kitabını bütövlükdə bir nəğmə kimi də qavramaq olar.

 

Əlbəttə, Sevindik Nəsiboğlunun bu zəfər ruhu ilə oxunan nəğmələri Laçın, Kəlbəcər, Ağdam və Şuşa motivləri ilə zirvəyə çatır.

 

Müəllif hansı yazını hansı formada yazacağını qabaqcadan düşünmür. Sadəcə obrazı tanıyır, obrazı görür. Onu ruhuna, varlığına çəkir. Bundan sonra onun varlığından hansı səs gəlirsə, həmin səsi olduğu kimi yazıya alır. Ona görə də bütün mətn boyu (kitab boyu) yazılar təbii şəkildə növbələnir. Bəzi yerlərdə müəyyən qədər poetik forma alır, bəzi yerlərdə düşüncələr öz axarı ilə çağlayır: “Kimdir keçilməz cığırlardan keçən, Kimdir şəhadət şərbətini içən, Kimdir döyüşlərdə həm öndə gedən, Kimdir nurlu zəfəri mümkün edən, Kimdir düşmənindən qisasın alan, Düşmənin canına vəlvələ salan, Kimdir mümkünsüzü mümkün eyləyib, Şuşada zəfər bayrağın ucaldan, Üçrəngli bayrağı dalğalandıran?”. Bu mətnin yalnız ruhunu qavrayırıq. Onun poetik biçimdə, yaxud publisistik fonda görünüşü bizim üçün fərq etmir. Əsas odur ki, müəllif varlığından gələn səsi olduğu kimi yazıya gətirir.

 

Kitabda müəllifin özünün “Zəfər nəfəsli, zəfər qoxulu şeirlər və poemalar” adı ilə təqdim etdiyi silsilə yazılar əslində Sevindik Nəsiboğlunun ruh etibarı ilə şair olduğunu təsdiq edir. Çünki bu bölməyə daxil etdiyi şeirlər və poemalar, süjetli poetik parçalar müharibənin ən qızğın olaylarından təsirlənən müəllifin həyəcan hayqırışları kimi üzə çıxır. Bütün hallarda yazdığı, yaratdığı nə varsa hamısı təbii hisslərin nəticəsi kimi görünür. Ali Baş Komandanın dilindən oxunan, ancaq bir şəhid övladının nəğməsi kimi duyulan şeiri biz həm də müəllifin özünün ata gözündə gördüyü şəhidlərə öygüsü kimi qavrayırıq:

 

Bu sözü çatdıranda,
Dilim bayram eylədi.
Sözüm elə güllədi,
Düşmən başına dəydi.
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!

 

Sevincdən sığmıram mən,
Şuşaya, Xankəndiyə.
İndi biz dərs veririk,
Vandal ermənilərə!
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!

 

Həssas, tələbkar, eyni zamanda, mütəxəssis oxucuların diqqətinə çatdırmaq istərdim ki, müəllif 14-cü yaşa yenicə qədəm qoymuş yeniyetmədir. Mətni düşüncədə təhlilə çəkərkən bu amil mütləq nəzərə alınmalıdır. Çünki gələcəyin sahibi bu günün uşaqlarıdır, gəncləridir. Onların kamil sənətkar gücünü biz hələ gələcəkdə görəcəyik.

 

Sevindik Nəsiboğlunun istər şeirləri olsun, istərsə də publisistik qeydləri – bu kitabda əhatə olunmuş bütün yazılarında müəllifin xəritə üzərində yeri görünür. Şuşanın adı çəkilirsə, Şuşadadır, Xankəndinin adı çəkilirsə, Xankəndindədir. Bir sözlə, harada savaş varsa, özü də oradadır. Ən başlıcası, Sevindik Nəsiboğlu düşmənə qarşı sərtdir, qəzəblidir, hətta bir çox məqamlarda erməni vandallarına nifrəti ilə savaş elan edir. Onun od-alovla, xüsusi həyəcanla yazdığı misralarda qəhrəmanın yenilməzliyi görünür. Özünün kövrək düşüncələri ilə müəllif müzəffər komandanın yanında dayanır.Və demək, həm də şəhid övladının yanında dayanır. Onunla doğmalığı, canbir qəlb olmağı özünə şərəf bilir:

 

Mane olammazdılar,
Orda durammazdılar...
Qazdıqları quyuda,
Özləri də azdılar.
Şuşamız azad oldu!
Ata, ruhun şad oldu!”.

 

Bəli, hətta uca, qürurlu, mənəvi dünyası ilə Ali Baş Komandanın dili ilə vandallara ibrət dərsi keçir, onlara bildirir ki, sizin düşdüyünüz quyunu özünüz qazmısınız. Bu quyu indi sizin məzarınız olacaq.

 

Ümumiyyətlə, kitab boyu ən ağır məqamları yazanda belə Sevindik Nəsiboğlu qürurundan enmir. Öz sözünün içindən özü boya-boy görünür, qürurlu görünür, ötkəm görünür. Bu mahiyyət də əslində təkcə onun özünün daxili-mənəvi gücünün göstəricisi deyil, o həm də mənsub olduğu xalqın, sahibi olduğu vətənin göstəricisidir:

 

Dünyanın Azərləri, Yığıbdır ərənləri. Dönürlər Şuşamıza, Qeyd edirlər zəfəri. Şuşamız azad oldu! Ata, ruhunşad oldu!

 

Bu gözəl zəfər ilə, Bildirdik ki, ölməyib. Bu yurdun ərənləri, Riad və Albertləri. Şuşamız azad oldu! Ata, ruhun şad oldu!

 

Bu müharibədə döyüşən ordunun 3 min nəfərə qədər itkisi oldu. Doğru olaraq Sevindik Nəsiboğlu hər əsgəri bir ordu gücündə görür. Hər şəhidi bir əfsanəvi qəhrəman kimi tərənnüm edir. Onun yazılarında bu qəhrəmanların hər biri xalqın bədənindən qopmuş bir parça kimi görünür. Müəllif bu ağrını yaşayır,ancaq ağrılar altında əzilmir, qəhrəmandan-qəhrəmana keçdikcə sanki yeni əzm alır, güc götürür. Ona görə də bütün kitab boyu onlarca qəhrəmanın adları sadalanır, içimizdəki yanğı alovlanır, ancaq biz döyüşən ordunun qüdrətini və gücünü gördüyümüz üçün qürurlanırıq, başımızı daha da uca tuturuq.

 

Sevindik Nəsiboğlunun bu kitabı yalnız ədəbi-publisistik əsər kimi qavranıla bilməz. Bu kitab həm də zəngin məlumat mənbəyidir, zəngin müharibə xronikasının yığıldığı ensiklopedik topludur.

 

Bircə onu deyim ki, müəllif əsgərləri fərdiləşdirir, onların adlarını, ünvanlarını göstərir, döyüş yollarına işıq tutur. Nəhayət, bu adların bütöv fonunda Azərbaycan ordusunu dünyanın təqdir etdiyi güc və qüvvət rəmzi kimi göstərə bilir. Eləcə də işğaldan azad olunan rayonları, hətta öz azadlığına qovuşmuş kəndləri belə sadalayır. Hər kəndin, hər ərazinin özünə uyğun epitetlər tapır, forma seçir. Şəhid edilmiş, yağmalanmış, xarabazarlığa çevrilmiş kəndlər dəhşətli kino lentləri kimi gözlərimizin önündən keçir.

 

Doğrusu, kitabdan həmin hissələri oxuduqca qəlbim həyəcan hissi ilə döyünürdü. Cəbrayılın azad edilmiş tarixi yurd yerlərinin adlarını da sözə çəkilmiş sıraların içində görmək məni nə qədər həyəcanlandırdı. Elə başqa oxucuların da bu kitabın vərəqlərini çevirdikcə hansı hissləri keçirəcəyini bəri başdan təsəvvür edə bilirəm.

 

Mənə elə gəlir ki, belə kitabların yazılması yaddaş üçün əvəzsiz iksirdir. Vaxt gələcək, Zəfər müharibəsinin tarixi yüz illiklərin fonunda qeyd olunacaq. Ola bilsin ki, hansı zamandasa insanlar bu müharibəni bir əfsanə kimi yada salacaqlar, bir nağıl kimi danışacaqlar. Ancaq bu kitab həmin andacacanlanacaq, yaddaşının üzərini toz basmış insanların gözü önündə qalxacaq və hər kəsə diktə edəcək ki, bu tarix əsası olmayan əfsanə deyil, yaşanmış həqiqətdir. Deməli, bu kitab həm də yaddaşımızın qaraçuxası kimi gələcəkdə, hətta uzaq gələcəkdə xalqımızın yaddaş keşikçisi olacaq.

 

Səhifələr çevrilir, adlar sıralanır, igid oğulların şəkilləri sətirlərdən səssiz, sakit baxışlarla oxucunu izləyir. Hətta səhifəni oxumayan, yazının nə demək olduğunu bilən hər kəs bu səhifələr üzərində qədərindən artıq anlarla dayanacaq, adlarla danışacaq, şəkillərlə dilləşəcək,aldığı təəssüratı kitabın özünün mahiyyəti kimi varlığına yığacaq.

 

Bizim söz-sənət sahibi olan klassiklərdən biri deyirdi ki, qələmin müqəddəs vəzifəsi xalqa xidmət etməkdir. Bu qeyri-adi kitabın müəllifi də öz yaradıcılığı ilə bir daha xalqa xidmət manifestini elan edir, bütün gücü ilə xalqa mənəvi xidməti özünün əbədi borcu olacağını təsdiqləyir.

 

Mən bilərəkdən canını xalqına qurban vermiş igid oğulların adlarını bir daha sadalamadım. Hansı adınsa ümumi sıradan qıraqda qalacağından ehtiyatlandım. Zənnimcə, müəllif də, oxucu da məni başa düşər.

 

İlkin kompüter variantını vərəqləyib axıra çıxıram. Hər səhifəni ağır dağ kimi aşırıram. Və bu səhifələri yaradan müəllifin hansı hissləri keçirdiyini təsəvvür etməyə çalışıram. Hər qəhrəman oğulun, vətən şəhidinin obrazını düşməndən geri alınmış müqəddəs torpaqlarımızın bir parçası kimi görürəm.

 

Kitab sona çatır. Və sanki Laçında, Kəlbəcərdə... zirvələrdə dayanıb vətən sərhədlərinə baxıram. Şuşadan üzü bəri vətənin sevinən, gülən çöllərinə baxıram. Azad olunmuş torpaqları seyr edirəm və hiss edirəm ki, tək deyiləm.

 

Necə tək ola bilərəm? Bu möhtəşəm yaradıcılıq örnəyini, “Möhtəşəm zəfərin nişanəsi”ni yaradan müəllifin özünü də yanımda görürəm.

 

...və hətta onu da görürəm ki, təkcə biz ikimiz də deyilik. Bizimlə birgə Şuşa dağlarına söykənib vətəni seyr edən canını vətən naminə qurban vermiş oğullar da elə bizimlə birgədir.

 

... Sevindik Nəsiboğlunun böyük zəhmət və eyni zamanda vətənə sevginin şəhidlik yolunda solmayan çiçəklərdən yaratdığı çələng özünün təravətini, qoxusunu, ətrini əbədi qoruyacaq.

 

Əli Rza XƏLƏFLİ
/“Kredo” qəzetinin baş redaktoru, şair, publisist, Beynəlxalq Rəsul Rza mükafatı laureatı/

19.10.2021

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"