10 noyabr bəyanatı 1 il ərzində necə yerinə yetirildi?

10:00 11-11-2021 | icon 191 | Siyasət
10 noyabr bəyanatı 1 il ərzində necə yerinə yetirildi?

“Rusiyanın sıxışdırılması önəmli məsələdir”

 

2020-ci ildə Rusiya, Azərbaycan, Ermənistan arasında bağlanan 10 noyabr atəşkəs bəyanatından 1 il ötdü. Bu bəyanatın bəndləri necə yerinə yetirildi və bu 1 il ərzində bəyanat hansı əhəmiyyətə malik oldu. Ermənistan və Rusiya bəyannamədə nəzərdə tutulmuş hansı bəndlərin icrasını ləngidirlər və niyə?

 

Versus.Az xəbər verir ki, bu istiqamətdə şərh verən politoloq və siyasətçilər mühüm məqamlara diqqət çəkiblər.

 

 

 

 

“Ermənistan və Rusiya tərəfindən icra edilmir”

 

Politoloq Samir Hümbətov bildirib ki, II Qarabağ savaşının bitməsindən və üçtərəfli bəyannamənin icrasından bir il keçməsinə baxmayaraq, bəyannamənin şərtləri Ermənistan və Rusiya tərəfindən icra edilmir:

 

“Azərbaycan tərəfi imzalanmış bəyannamənin şərtlərinə tam şəkildə əməl etsə də, müqaviləni imzalayan Ermənistan və Rusiya tərəfi müqavilənin şərtlərinin icrasını yubatmaqla məşğuldur. Ermənistan və Rusiya tərəfi 10 noyabr 2020-ci ildə imzaladıqları bəyannamənin 4-cü, 7-ci, 8-ci və 9-cu maddələrini ya tam şəkildə, yaxud da ümumiyyətlə icra etməyib”.

 

S.Hümbətov 10 noyabr üçtərəfli bəyannamənin ayrı-ayrı bəndlərinə diqqət çəkib:

 

“4-cü bənddə qeyd edilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır. Bu maddəayə diqqət etdikdə görmək olur ki, rus "sülhməramlıları" bölgəyə yerləşdirilsə də, erməni terrorçu dəstələri bölgədən çıxarılmayıb, əksinə, onların həmin bölgələrdə özləri üçün dayaq postları qurmasına şərait yaradılıb. Yəni, bu maddənin icrası tam şəkildə həyata keçrilməyib.

Bəyannamənin 7-ci maddəsində qeyd edilir ki, daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır. Bu maddə isə tamamilə icra edilməyib. Yəni rus "sülhməramlıları"nın müvəqqəti nəzarət etdiyi Xankəndi şəhərində erməni əsilli Azərbaycan vətəndaşlarının yaşamalarına baxmayaraq, oradan qovulmuş azərbaycanlıların geri qaytarılması məsələsi hələ ki, gündəmdə görünmür.

Bəyannamənin 8-ci bəndində qeyd edilir ki, hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir. Burada diqqəti çəkən ən önəmli məsələlərdən biri də odur ki, həmin maddədə qəti şəkildə qeyd edilməyib ki, “I yaxud II Qarabağ savaşı dövründə”. Bu da o deməkdir ki, I Qarabağ savaşı dövründən Ermənistanın əlində 4 minə qədər azərbaycanlı hərbi və mülki əsir qalıb. Onların taleyi ilə bağlı da hansısa məlumat verilməli, sağ qalanlar geri qaytarılmalı, kütləvi şəkildə öldürülənlərin isə basdırıldığı yerlər göstərilməlidir.

Bəyannamənin 9-cu bəndində qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.

 

Politoloq bildirib ki, bu bəyanatdan qısa müddət sonra isə 11 yanvar 2021-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Azərbaycan prezidenti cənab İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin, Ermənistan baş naziri Nikol Paşinyan arasında 4 maddədən ibarət yeni bir sənəd imzalandı:

 

“Həmin sənəd 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin 9-cu maddəsini nəzərdə tuturdu. Göründüyü kimi, 10 noyabr bəyannaməsinin bəzi bəndləri icra edilməyib. Hətta müəyyən mənada demək olar ki, bu bəndlərin icrasını qəsdən yubadırlar”.

 

S.Hümbətov hesab edir ki, 10 noyabr bəyannaməsinə əsasən bəndlərin icrasının yubadılmasına səbəb Rusiya və Ermənistanın maraqlarının olmasıdır. Onun sözlərinə görə, bu dövlətlər yaranmış vəziyyətdən istifadə edərək öz maraqlarını təmin etmək istəyirlər:

 

“Rusiya 10 noyabr üçtərəfli bəyannaməsinə əsasən bölgəyə gətirdiyi "sülhməramlılarına” mandat ala bilmir. Digər tərəfdən, Rusiya Türkiyənin bölgədəki varlığını qəbul edə bilmir. Ona görə də mümkün qədər çalışır ki, Türkiyəni bölgədə sıxışdırsın”.

 

Politoloqun fikrincə, qeyd edilən bu məsələlərin həlli olduqca vacibdir və bunun üçün Rusiyanın sıxışdırılması önəmli məsələdir:

 

“Vladimir Putinin Valday klubunda da çıxışı zamanı Ermənistan-Azərbaycan sərhədi ilə bağlı məsələyə toxunması və "kompromis" ifadəsini işlətməsi də məhz bu fikirlərimizi təsdiq etmiş olur. Son günlər isə Rusiya KİV-də yaxın günlərdə üçtərəfli görüşün baş tutması ilə bağlı fikirlərin səsləndirilməsi, Rusiya XİN başçısı Sergey Lavrovun Azərbaycan XİN başçısı cənab Ceyhun Bayramova zəng etməsi və sair məsələlər onu göstərir ki, Rusiya öz xarici siyasət maraqlarını təmin etmək üçün hər cür "canfəşanlığı" edir. Hesab edirəm ki, bundan sonrakı mərhələdə Azərbaycanın güzəştə getməli olduğu məsələ yoxdur”.

 

 

 

 

“Ermənistanı imza atdığı sənədə əməl etməyə məcbur etməliyik”

 

Politoloq Fikrət Sadıqov bildirib ki, 1 il bundan əvvəl qəbul olunan bəyanat birmənalı şəkildə Ermənistanın kapitulyasiyasıdır:

 

“Artıq Ermənistan başa düşürdü ki, müharibəni uduzub. Azərbaycan elə bir üstünlüyə malik bir dövlət idi ki, Paşinyanın bu bəyanatı imzalamaqdan imtina etməyə yolu yox idi. Bu, bizim hərbi gücümüzün, diplomatik addımlarımızın qələbəsi idi.  Biz həm torpaqlarımızı azad etdik, həm də diplomatik müstəvidə  peşəkarlığımızı nümayiş etdirdik. Belə bir bəyannaməni qəbul etmək və ona imza atmaq Ermənistanın açıq şəkildə təslim olunması idi”.

 

Politoloq qeyd edib ki, Ermənistan 1 ildir bəyannamədə göstərilən bir sıra maddələrə əməl etmir. Onun fikrincə, Ermənistanın öz imzasına sahib çıxmamağı Zəngəzur və digər kommunikasiyaların açılmasına qarşı maneədir:

 

“Biz Ermənistanı imza atdığı sənədə əməl etməyə məcbur etməliyik. Bu sənəd Ermənistanı qane edir, yoxsa yox, bu bizi narahat etməməlidir. Biz qələbə çalan dövlətik, biz şərtləri diqtə etməli, irəli sürməliyik”.

 

F.Sadıqov hesab edir ki, 10 noyabr bəyanatı  gələcək perspektivə yönələn mühüm siyasi, diplomatik sənəddir:

 

“Bu bizim uğurumuzu göstərən sənəddir. Əgər kimsə bu sənədə kölgə salırsa, o zaman biz yeni bir addımlar atıb, Ermənistanı tam mənada öz boynuna götürdüyü funksiyaları yerinə yetirməyə məcbur edə bilərik”.

 

 

 

 

“Qarabağla bağlı görüləcək işlərimiz var”

 

Politoloq Elxan Şahiboğlu şərhində Ermənistanı 10 noyabr bəyanatına məcbur edən məqamlara diqqət çəkib.

 

O, bildirib ki, Azərbaycan 2020-ci ildə 44 gün çəkən müharibədə Ermənistanı və erməni separatçılarını məğlub etdi. Bildirdi ki, Ermənistan ordusu Şuşa şəhəri üzərində nəzarəti itirdikdən sonra Dağlıq Qarabağın paytaxtı Xankəndini itirmək təhlükəsi ilə üzləşdi:

 

“Buna görə də Ermənistanın baş naziri Nikol Paşinyan müharibəni dayandırmaq məqsədilə Rusiya prezidenti Vladimir Putinə müraciət etdi. Rusiya müharibənin ilk günlərindən savaşı dayandırmaq məqsədilə bölgəyə rusiyalı sülhməramlıların yerləşdirilməsini istəyirdi. Azərbaycan prezidenti İlham Əliyev bunun əleyhinə idi. Azərbaycan prezidenti müharibə günlərində xarici jurnalistlərin sülhməramlılarla bağlı sualına belə cavab vermişdi. Sülhməramlılar gələcəkdə müzakirə olunmalıdır. Hazırda Ermənistanın silahlı qüvvələri Dağlıq Qarabağdan çıxardılmalıdır. Biz sülhməramlıların harada və necə yerləşdiriləcəyini və onların funksiyalarının nədən ibarət olduğunu bilmirik”.

 

Bu açıqlama veriləndə hələ nə Şuşa işğaldan azad olunmuş, nə də Nikol Paşinyan İlham Əliyevin “İrəvan bizə işğal altındakı bölgələri nə zaman boşaldacağı tarixi verəcəyindən sonra müharibəni dayandıracağıq” tələbini qəbul etmişdi:

 

“Sülhməramlılar mövzusu Rusiya, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin oktyabrın 9-da Moskvada görüşündə müzakirə olunmuşdu. Xarici işlər nazirləri arasında müzakirələr 11 saata yaxın uzanmışdı. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov müzakirə müddətində bir neçə dəfə Bakıya zəng etmişdi. Rəsmi Bakı sülhməramlıların bölgədə yerləşdirilməsinə razılaşmamışdı. Çünki hələ azad olunması vacib olan ərazilər var idi.

Rusiya prezidenti Vladimir Putin noyabrın 7-də türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana zəng etdi. Bundan bir gün sonra Türkiyənin xarici işlər və müdafiə nazirləri Mövlüd Çavuşoğlu və Hulusi Akar Bakıya gəldilər, İlham Əliyevlə görüşdülər. Nazirlər Putinlə Ərdoğan arasındakı telefon danışığının detalları barədə İlham Əliyevə məlumat verdilər. İlham Əliyev Putinin təklif etdiyi atəşkəsin mətni ilə tanış oldu. Ancaq atəşkəs bəyanatına qədər Şuşa işğaldan azad edilməli idi. Çünki atəşkəs sazişi Şuşanın işğaldan azad olunmasına qədər imzalansaydı, Şuşa şəhəri erməni separatçılarının nəzarətində qala bilərdi. Buna görə də, Azərbaycan ordusunun xüsusi təyinatlı bölməsi Şuşa uğrunda ağır döyüşlərə başladı. Azərbaycanın xüsusi təyinatlıları ağır silahlar olmadan 3 istiqamətdən Şuşa qalasına dırmaşaraq azərbaycanlılar üçün tarixi və müqəddəs şəhəri azad etdilər. Bundan sonra Ermənistan hərbçiləri ağır vəziyyətə düşdülər. Nikol Paşinyan bundan sonra erməni generallarla görüşdübnm və ona aydın oldu ki, müharibəni davam etdirə bilməyəcək. Bu vəziyyətdə Paşinyan Rusiyanın hazırladığı bəyanatı qəbul etmək məcburiyyətində qaldı.

Müharibə ilə bağlı Azərbaycanda ən çox səslənən suallardan biri budur: “Azərbaycan ordusu Şuşanı azad edəndən sonra Xankəndiyə niyə daxil olmadı və rəsmi Bakı rusiyalı sülhməramlıların Qarabağda yerləşdirilməsinə niyə razılaşdı?”

Dövlət başçısı bu ilin avqustun 26-da şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində çıxışı zaman səslənən sualla bağlı bunları dedi”.

 

Elxan Şahinoğlu bildirib ki, müharibənin bizim tərəfimizdən dayandırılması da tamamilə əsaslı bir addım idi:

“Müharibə davam etsəydi, biz daha çox itkilər verəcəkdik, Kəlbəcər və Laçın rayonlarının azad edilməsi müəyyən çətinliklərlə üzləşə bilərdi. Çünki o bölgənin təbii iqlimi, dağları bizə problem yarada bilərdi. Bir də ki, qış başlayırdı. Eyni zamanda, Azərbaycan müharibəni müharibə qanunları ilə aparırdı. Biz ermənilərdən fərqli olaraq hərbi cinayət törətməmişik, etnik təmizləmə siyasəti aparmamışıq. Bu, bir daha xalqımızın böyüklüyünü, siyasətimizin müdrikliyini göstərir. Ona görə biz hər şeyi vaxtında etdik, hər şeyi vaxtında. Torpaqlarımızı vaxtında azad etdik, müharibəni vaxtında dayandırdıq və tarixi zəfərə çatdıq. Bəzi xarici mətbu orqanlarında yazılır ki, Azərbaycan yeddi rayonu azad edib. Bu həqiqətə uyğun deyil. Yeddi rayonu azad edib, amma bununla bərabər Şuşa şəhərini azad edib, bununla bərabər Hadrutu azad edib, bununla bərabər Xocavənd rayonunun 60 faizini azad edib, Suqovuşan qəsəbəsini azad edib. Ona görə biz yeddi rayondan daha çox ərazini azad etmişik. Bu ərazilərin strateji əhəmiyyəti göz önündədir. Hər kəs xəritəyə baxıb görə bilər ki, Azərbaycan hakim strateji nöqtələrə sahibdir, istər Qarabağ bölgəsində, istər Azərbaycan-Ermənistan sərhədində.

İlham Əliyev bununla haqqında danışılan suala cavab vermiş oldu. Birincisi, Azərbaycan ordusu Şuşanı azad etdikdən sonra Xankəndiyə daxil olsaydı beynəlxalq birlik Azərbaycanı etnik təmizləmədə ittiham edə bilərdi, ölkəmizə qarşı təzyiqlər artacaqdı. Digər tərəfdən qış ayları yaxınlaşdığına görə işğaldakı rayonları ordumuzda itki vermədən danışıqlar yolu ilə azad edilməsi vacib idi və buna nail olundu. Bunun qarşılığında mümkün variant kimi ermənilər yaşayan bölgələrdə rusiyalı hərbçilərin müvəqqəti yerləşidirlməsinə razılıq verildi. İkincisi, Azərbaycan ordusu yalnız Dağlıq Qarabağın ətrafını – 7 rayonu deyil, Hadrut və Şuşanı azad edib və bu daha böyük uğurdur. Azərbaycan ordusu həm Dağlıq Qarabağın ətrafını azad etdi, həm də Dağlıq Qarabağın içərisinə daxil oldu.

Buna baxmayaraq, Qarabağla bağlı görüləcək işlərimiz var. Rusiyalı hərbçilərin 4 ildən sonra Qarabağı tərk etməsi, yerdə qalan separatçıların tərksilah olunması, Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olması və Laçın dəhlizinin nəzarətə götürülməsi hədəflərimiz var”.

 

 

 

 

“...Sülh sazişini Azərbaycanın maraqlarına cavab verən şərtlərlə imzalaya bilək”

 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov bildirib ki, 10 noyabr  bəyanatı Azərbaycanın böyük qələbəsidir.

 

Onun fikrincə burda əsas məqam 3 rayonumuzun bir gülllə atılmadan özümüzə qaytarılması faktıdır:

 

“Biz həmin sənədə Naxçıvandan Azərbaycanın mühüm ərazilərinə nəqliyyat dəhlizinin yaradılması məsələsi ilə bağlı bəndi daxil etdik. Sonradan yanvarın 11-də bununla bağlı əlavə bir bəyanatın da qəbul olunmasına nail olduq. Biz 60 türk qardaşımızın regiona gəlməsinə və təmas xəttinin 7 kilometrliyində monitorinq mərkəzində fəaliyyətə başlamasına nail olduq və Türkiyənin Cənubi Qafqazda daha da möhkəmlənməsi üçün növbəti addımı atdıq”.

 

A.Səmədov bu bəyanatla bağlı Azərbaycanı qane etməyən məqamların da olduğunu vurğulayıb:

 

“Təbiidir ki, Ermənistan silahlılarının Azərbaycan ərazilərindən çıxarılması məsələsi hələ həll olunmayıb. Qarabağ  ermənilərinin tərksilah olunması məsələsi hələ həll olunmayıb Amma hiss olunur ki, bu istiqamətlərdə də işlər gedir. Bundan başqa bu günlərdə sərhədlərin delimitasiya və demorkasiyası ilə bağlı sənədlərin imzalanacağı, Zəngəzur dəhlizi ilə bağlı əlavə sənədin qəbul olunacağını gözləyirik və ən əsası sülh sazişinin imzalanacağına ümid edirəm. Hesab edirəm ki, 10 noyabr bəyanatı bu istiqamətdə atılan çox ciddi addım oldu. Bu bizə imkan verəcək ki, sülh sazişini Azərbaycanın maraqlarına cavab verən şərtlərlə imzalaya bilək”. /hafta.az/

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"