“Kreml Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmır”

12:02 12-11-2021 | icon 167 | Geopolitika
“Kreml Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmır”

Elxan Şahinoğlu: "Putinin Şoyquya belə bir təlimat verməməsi Kremlin..."

 

Rusiya 10 noyabr tarixinə özünəməxsus şəkildə hazırlaşıb və bu “hazırlıqlar” Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.

 

Versus.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu Qarabağda Rusiya hərbçilərinin hərbi düşərgəsinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” açması, Xocalıda kilsə inşa edilməsi, rusiyalı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradovun Qarabağa gələrək Moskva bəyanatının qəbul edilməsinin bir illiyi ilə bağlı medallar paylaması ilə bağlı cərəyan edən prosesləri şərh edərkən bildirib.

 

“Azərbaycanda rus ədiblərinə, Lermontovdan tutmuş Puşkinə qədər böyük hörmət var, əsərləri məktəblərdə tədris olunur. Bakının mərkəzi bağlarının birində Puşkinə heykəl də qoyulub. Ancaq Rusiya hərbçilərinə kim səlahiyyət verib ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoya bilərlər? Qeyd edim ki, Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.

 

1992-ci ildə erməni separatçılarının Rusiyanın 366-cı alayı ilə birgə Xocalıda törətdikləri soyqırım ərazisində başqa heykəl də qoyulub – “Rusiyalı əsgər ona gül verən erməni qızına minnətdarlığını bildirir”. Xocalıda kilsə inşa edilməlidirsə, buna da qərarı Moskvada deyil, Bakıda verməlidirlər. Rüstəm Muradova gəldikdə, bu hərbçi işğal altındakı torpaqlara səfərlərinə ara vermir. Qarabağda Rusiya sülhməramlılarının başqa komandanı olduğu halda Rüstəm Muradovun tez-tez Qarabağa ezam olunması bir başqa müəammadır”. 

 

E.Şahinoğlu bildirib ki, Qarabağda kilsənin tikintisi, abidələrin qoyulması birbaşa Moskvanın təlimatıyla həyata keçirilir. Onun sözlərinə görə, əgər Rusiya Müdafiə Nazirliyi Qarabağdakı hərbçilərinin fəaliyyəti - inşaat çalışmaları, kilsə və abidələrin qoyulması barədə Azərbaycan Müdafiə Nazirliyini əvvəlcədən məlumatlandırmırsa demək Moskva Bakı ilə hesablaşmır:

 

“Rusiya Müdafiə Nazirliyi Qarabağdakı silahlı insidentlər barədə də yaydığı açıqlamalarda ermənilərin “məntiqinə” əsaslanır.  Şuşada 8 noyabrda Zəfər bayramının keçiriləcəyi və həmin tədbirdə dövlət başçısı İlham Əliyevin xarici qonaqlarla birgə iştirakı əvvəlcədən bəlliydi. Rusiya hərbçilərin Qarabağdakı komandanı bunu bilərkən ermənilərin Şuşa yaxınlığında “su borularının dəyişdirilməsi” adı altında şübhəli çalışmalarını əngəlləyə və ya başqa tarixdə keçirilməsini təmin edə bilməzdimi? İnsident baş verdi və Rusiya ermənilərin itki verdiyi xəbərini yayımladı”.

 

E.Şahinoğlu qeyd edib ki, haqlı olaraq Azərbaycan rəsmilərinin və dövlət strukturlarının açıqlamalarında “müvəqqəti bölgədə yerləşdirilmiş sülhməramlı qüvvələr” ifadəsi yazılır. O, hesab edir ki, bu azdır:

 

““Müvəqqəti” dediymiz rusiyalı hərbçilər hələ 4 il bölgədə qalacaqlar və bu müddətdə gördüklərimizdən başqa əlavə təxribatların da şahidi ola bilərik. Bu mövzularda Moskva ilə müzakirələr aparılmalıdır, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda rusiyalı hərbçilərin iştirakı ilə baş verən və cəmiyyətimizi narahat edən hər məsələylə bağlı Rusiya Müdafiə Nazirliyindən hesabat istəməlidir. Rusiya prezidenti Vladimir Putin bircə dəfə müdafiə naziri Sergey Şoyquya “Qarabağdakı planlarınızı və çalışmalarınızı Bakı ilə də bölüşün” desə, məsələ böyük ölçüdə həll olunar. Putinin Şoyquya belə bir təlimat verməməsi Kremlin Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmadığı anlamına gəlir”. /hafta.az/

 

Ləman
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Bu ölkələr 90-cı illərdə heç də Azərbaycanın yanında deyildilər”

"Laçın azaddır və insanlarımız o torpaqlarda rahat nəfəs alacaqlar”

"Mənə belə demokratiya lazım deyil"

MMP-dən Tofiq Yaqublunun döyülməsi ilə bağlı BƏYANAT

“Müstəqil Azərbaycanın prezidenti istərmi ki, SSRİ-nin tərkibində asılı dövlət rəhbəri olsun?!”

Azərbaycanda hərbi helikopter QƏZAYA UĞRADI

Baş prokuror helikopterin qəzaya uğraması məsələsini nəzarətə götürdü

Ən pis ssenari: "Putin hücum edə bilər"

Helikopter qəzasında həlak olanların SİYAHISI

"Hündürlüyü itirirdik, sonra anidən yerə çırpıldıq, bir də..." - VİDEO

"Azadlıq fədaisi"nın növbəti QALİBİ

Soçi görüşünü uğursuz hesab edənlərə MESAJ

DSX mayorunun əndazəyə sığmayan hərəkəti KADRLARDA

Gələn ilin BAYRAM GÜNLƏRİ

"Hər şey Rusiyanın və Putinin istəyinə bağlı deyil"