Nazarbayevlə böyüyən, Tokayevlə bölünən Qazaxıstanda nə baş verir?

20:45 07-01-2022 | icon 181 | Geopolitika
Nazarbayevlə böyüyən, Tokayevlə bölünən Qazaxıstanda nə baş verir?

Maraqlı yanaşmalar, təhlillər var

 
 
 
 
 
 

CƏMALƏDDİN QULİYEV

 
 
Qazaxıstanda baş verən hadisələr, hakimiyyətdən gedən Nursultan Nazarbayev haqda çoxsaylı şərhlər verirlər. Maraqlı yanaşmalar, təhlillər var.
 
Şərhdən mümkün qədər yayınaraq əlavə edəcəyim bir neçə fakt:
 
 

***

Qazaxıstanda hadisələrin başladığı Janauzen azərbaycanlılara 1989-cu ildən tanışdır. O zaman şəhərdə qazaxlarla dağıstanlılar, daha doğrusu ləzgilər arasında toqquşmalar baş vermişdi. Bir müddət sonra Xaçmazda yerli sakinlərlə görüşündə ölkənin ovaxtkı rəhbəri Əbdürrəhman Vəzirov Azərbaycandan gedən ermənilərin geri qayıtması haqda məşhur uyğunsuz açıqlamasını edəndə onu da deyəcəkdi ki, Özbəkistandan qovulan axıskalılar, Leninqradda təqibə məruz qalan yəhudi ziyalıları və Qazaxıstanda etnik toqquşmalarda tərəf olan Dağıstan ləzgiləri də Azərbaycana pənah gətirirlər.


Sonralar Şimali Qazaxıstanda axıskalılarla qazaxlar, müstəqillik illərində isə türkiyəli işçilərlə qazaxlar arasında toqquşmlar da qeydə alınacaqdı.
 


 


***

Bu yaxınlarda Nikol Paşinyanın Ermənistan Azərbaycanın ərazi bütövlüyünü MDB-yə daxil olanda tanımasını etiraf etməsi bizdə xeyli ruh yüksəkliyi yaratmışdı. Amma Paşinyanın demədiyi, izah etmək istəmədiyim bu və ya digər səbəblərdən bizim də üstündən adladığımız bir mühüm tarixi fakt var. 1991-ci il sentyabrın 23-də Rusiyanın Jeleznovodsk şəhərində Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ bölgəsi ilə bağlı üç illik hərbi əməliyyatları dayandırmaq niyyəti ilə birgə sülh razılaşması imzalanmışdı. Razılaşmanın ictimai legitimliyini təmin etmək məqsədilə Azərbaycan tərəfindən iki müxalifət nümayəndəsi - Araz Əlizadə və Tamerlan Qarayev də danışıqlarda iştirak edirdi. Razılaşmaya əsasən, Ermənistan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edirdi, hər iki tərəfin silahsızlaşdırılması və silahlı qüvvələrin bölgədən çıxarılması, qaçqın və məcburi köçkünlərin geri qaytarılması, Dağlıq Qarabağda Sovet dövründəki inzibati qaydanın yenidən qurulması və münaqişənin sülh yolu ilə həlli nəzərdə tutulurdu. Razılaşma Nursultan Nazarbayevin birbaşa iştirakı, gərgin diplomatik fəaliyyəti sayəsində baş tutmuşdu, əslində razılaşmanı Qazaxıstanın regional oyunçu kimi geosiyasi səhnədə ilk uğurlu diplomatik gedişi idi. Razılaşmadan sonra Azərbaycanın birinci Prezidenti Ayaz Mütəllibov Rusiyanın dövlət telekanalı əməkdaşının sualına cavabında “соглашение нас вполне устраивает” demişdi, Ermənistan Prezidenti Levon Ter-Petorsyan isə bu cavab üzərində hiyləgər bir kalambur qurmuşdu: “A нас не вполне устраивает”. Razılaşmanın dəfn olunduğu mənhus Qarakənd faciəsi zamanı helikopterdə həlak olanlardan biri də Qazaxıstan daxili işlər nazirinin 1-ci müavini Saylau Serikov idi. Yeri gəlmişkən, onun xatirəsi hələ ki Azərbaycanda əbədiləşdirilməyib.


***

Sumqayıt və 20 yanvar hadisələrindən sonra SSRİ Ali Sovetində qazax deputatların, xüsusən Oljas Süleymenovun Azərbaycanı sonadək, “ziyalı olduqları üçün susan” bəzi deputatlarımızdan daha çox müdafiə etməsini də unutmadıq.

***
 

 


Dinmuhammed Kunayevin hakimiyyətə gəlişinədək (1964-cü il) qazaxlar öz respublikalarında sadəcə azsaylı titul xalq idilər - əhalinin cəmi 29 faizi. O hakimiyyətdən getdiyi 1986-cı ildə isə qazaxların 39 faizə çatmış, ruslara nisbətən 1-2 faiz çoxluq təmin edilmişdi. Yeri gəlmişkən, Nazarbayev məhz onun vaxtında irəli çəkilmiş, 1984-cü ildə Qazaxıstan Nazirlər Kabinetinin sədri təyin olunmuşdu.


Nazarbayev o yolu davam etdirdi, hakimiyyətdən tam uazqlaşdırdığı 2022-ci ilin yanvarına olan məlumata görə, qazaxlar indi öz ölkələrində mütləq çoxluqdadır +- 70%. Qazaxlar əməkçi miqrant kimi nə Moskva, nə Avropa küçələrinə səpələnməyib. Əkinsə həmhüdud ölkələrdən 1,5-3 milyon arası qazax "oralman" (repatriant) kimi Qazaxıstana qayıdıb.

***
 



Kunayevin rus Gennadi Kolbinlə əvəzlənməsinə etiraz aksiyalarının arxasında Nazarbayevin durması haqda çoxsaylı fərziyyələr, ehtimallar dolaşır, bu haqda bəs deyincə yazılar da yazılıb. Rus nasbolları (natsional-bolşevik) fəal olduqları 90-cı və 2000-ci illərdə buna görə Nazarbayevdən qisas alacaqlarını da deyirdilər. Sonradan danışılan, dərc olunan xatirələrdən öyrənəcəkdik ki, Kunayevlə bərabər Nazarbayevin də başının üstündə qara buludlar dolaşırmış.


Onun xilas edilməsində mərhum Prezident Heydər Əliyevin xüsusi rolu olub. Nazarbayev sonradan dəfələrlə Heydər Əliyevi öz ağsaqqalı, dar macalda gənəşib məsləhət aldığı şəxs kimi minnətdarlıqda xatırlayırdı. O. Süleymenov isə Heydər Əliyevin ölümündən sonra qələmə aldığı memuarında keçmiş Sovet İttifaqı türklərinin həyatında oynadığı rolu yüksək qiymətləndirərək onu "Ustad" adlandıracaqdı.

***

Qazaxıstan gələcəyi necə olacaq? Bu sual indi hər kəsi düşündürür.




Hələ 2006-cı ilin sentyabrında Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev "Республикостан или Казахский султанат" adlı opusu dərc olunanda aydın idi ki, ölkənin gələcəyi ilə bağlı siyasi elitada ciddi ixtilaflar var. O ixtilafların gün üzünə çıxarılması Rahat Əliyevə baha başa gəldi. Əvvəl "Əmir kürəkən" (Damad paşa) olma şansını itirdi; Dariqa ilə boşandılar. Sonra siyasi sürgün həyatı başladı. Hazırda isə həyatda yoxdur...


Amma mənə üsuli-idarə yox, Qazaxıstanın indiki siyasi-coğrafi xəritələr daxilində mövcudluq pespektivi maraqlı gəlir. Son əsr ərzində qazaxlar bir neçə dəfə dövləti birləşmə yaratmağa təşəbbüs ediblər. Əvvəl əraziləri qeyri-müəyyən, iki qardaş xalqı -qazaxları və qırğızları birləşdirən Alaş Respublikası elan edilib, sonra RSFSR tərkibində Qırğız Muxtariyyəti (qazaxlara da qırğız deyilirdi), 1925-ci ilə Qazax Muxtar Respublikası, 1936-cı ildə Qazaxıstan Sovet Sosialist Respublikası elan edilib. Hər dəyişiklikdən ərazi itkiləri ilə çıxıblar; əvvəl qırğızlar ayarılıb, daha sonra Orenburq edilib, paytaxt Almatıya köçürülb və s.


Müstəqillikdən sonra ərazi itkisi təhlükəsi "Domokl qılncı" kimi həmişə Qazaxıstanın başı üzərindən asılıb. Hələ 80-ci illərin sonları, 90-cı illərin əvvəllərində tanınmış yazıçı Aleksandr Soljenitsin Rusiyanın gələcyini yad Qafqazdan və Uzaq Şərqdən gedib Ukrayna (mümkün olmasa Şərqi Ukrayna), Belarus və Şimali Qazaxıstanı özünə birlışdirməkdə öngörən plan açıqlamışdı. Qafqazdan və Uzaq Şərqdən getmək hissəsini ixtisar etməklə bu plan rus siyasətçiləri tərəfindən daim aktual saxlanıb. İş o həddə çatıb ki, Vladimir Putin belə qazax dövlətçilyinin olmaması, bu dövlətçilyin Nazarbayev tərəfindən yaradıldığı haqda məlum açıqlama ilə çıxş etmişdi.




Ötən ilin son günləri Putinin hüzurunda Qafqazdan getmək, rus torpaqlarına fokuslanmaq çağırışı yenidən səsləndi-rejissor Aleksandr Sokurov tərəfindən.
Belarus və Şərqi Ukraynanın ardınca Şimali Qazaxıstanın qarışması dahi yazıçının qələmilə ictimailəşdirilən o mənhus planı istər-istəməz yenə də yada salır.

***

Əbülfəz Elçibəy müsahibələrinin birində "Nazarbayev ruslardan qorxur" demişdi. Görünən budur ki, qorxmaqda haqlıymış.

***




 
Bu aralar şərhlərdə, açıqlamalarda maksimum siyasi korrekt olmaqda fayda var. Ərdoğanın Tokayevlə danışıqlarını həm də bir yanaşma kimi qəbul edək. Qazaxıstanda hansı rejim, hansı şəxs hakimiyyətdə olur- olsun biz onunla işləyəcəyik. Qardaşlığımız xalqladır, rejimlə, üsuli –idarə və ya fərdlərlə deyil. Hərçənd fərdlərin tarixi rolunu etiraf edir və dəyərləndiririk. Tokayevə və ya süngü ilə hakmiyyətə gələcək başqa birinə kin qusmaqla Ərəb Liqasının vaxtı ilə etdiyi yanlışı təkrarlamağa doğru yuvarlanırıq, yəni TDT- nin aparıcı üzvlərdən birinin təcridinə...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Ramiz Mehdiyev getməlidir!”

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

“Sevgi səsi” “CinemaPlus”da

"Zaxarova öz ağzı ilə rus sülhməramlılarını ifşa etdi"

“Fəaliyyətimizin görünməsi üçün Parlamentdə təmsil olunmalıyıq”

Gözdə erkən ölümü göstərən əlamət

Sülh müqaviləsi olmadan sərhədlər necə müəyyənləşəcək?.

“AMEA ümumiyyətlə ləğv edilməlidir” - ETİRAZ

“Llüğətlə bərabər apostrof da bərpa olunsun!” - TƏKLİF

10 il azadlıqdan məhrum edildi

Sabah yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

“Şəhadətilə əbədiyyət qazananlar”