"Rusiya gözüdönmüş canlıya bənzəyir"

15:22 08-01-2022 | icon 133 | Siyasət
"Rusiya gözüdönmüş canlıya bənzəyir"

Qabil Hüseynli: “Qazaxıstanda baş verənlər Azərbaycanda president ola bilməz”

 

Qazaxıstanda baş verən etiraz aksiyası və xeyli insanın zərər görməsi ilə bağlı yayılan məlumatlar ölkə ictimaiyyətini narahat etməklə yanaşı birmənalı olmayan fikirlərin də yaranmasına şərait yaradıb. Qazaxısatanı çalxalayan hansı səbəblərdir? Niyə türkçülük ideologiyasını inkişaf etdirən, Türk Dövlətləri Təşkilatında birləşən Qazaxıstan birdən-birə hədəfə alındı. Regionda narahatlıq yaradan bu hadisələr kimə və nəyə qarşı yönəlib? Niyə region yenə də başqa bir türkdilli, müsəlman dövlətin hansısa qara güclər tərəfindən əzilməsinə şahidlik edir?

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən politoloq, professor Qabil Hüseynli maraqlı nüanslara diqqət çəkib.

 

- Qabil müəllim, Qazaxıstanda baş verən etiraz dalğası regionda gedən hansı proseslərin fonunda baş qaldırıb. Əgər məsələ yerli əhalinin sosial vəziyyətinin ağırlığı və qiymət artımı faktları üzərində cücəribsə, bu vəziyyətin digər ölkələrə də sirayət etməsi üçün hansı münbit şərait yetişə bilər?

 

- Qazaxıstanda kütləvi etirazların qiymət artımına görə başlaması ilə bağlı irəli sürülən arqumentlər ciddi xarakter daşımır. Qazaxıstan əhalinin maddi güzəranına, əmək haqlarının səviyyəsinə görə MDB məkanında, hətta Rusiyanı da qabaqlayaraq öndə gedən bir ölkədir. Qazaxıstan parlaq iqtisadiyyat strukturlarının qurulması sürətinə, kiçik və orta sahibkarlığın inkişaf səviyyəsinə görə MDB məkanında ilk yerlərdə dayanan ölkədir. Qazaxısatan öz qarşısına Avropa maddi rifah hədəfini qoyub və bu hədəfə sürətlə yaxınlaşmaqdadır. Orada sıxılmış maye qazının qiyməti qaldırılmaqla yanaşı, yanvar ayında əmək haqlarında da böyük artımlar oldu. Etiraz edənlər yalnız Almatı şəhəri və Aktauda-Xəzər dənizinin sahillərində olan ərazinin “bir ovuc əhalisidir” desəm yanılmaram. Bu aksiyaçılar xarici kəşfiyyat orqanlarının, üçüncü bir dövlətin xüsusi xidmət orqanları tərəfindən bir müddətdir ki, hazırlanırdı. Eləcə də Qazaxıstanda həyata keçirilən türkçü siyasəti, “kiril”dən latın qrafikasına keçilmə, Türkdilli Dövlətlər Təşkilatının yaranması, Qazaxısatanın öz ərazisində, hətta NATO-nun hərbi bazasını yerləşdirmə ehtimalı və bu zaman da Türkiyənin burada hərbi bazalar yaratmaq imkanına edilən işarələr, Türkiyə ilə hərbi əməkdaşlıq barədə sazişin imzalanması və sair məsələlər üçüncü dövlətin qəzəbinə səbəb olmaqda idi. Bu qəzəb də əsasını ermənilər təşkil edən ölkənin kütləvi informasiya vasitələrində gah ciddi, gah yarımciddi, bəzən də ələsalma formasında müzakirə edilməkdə idi. İndi isə Qazaxıstana Kollektiv Müdafiə Təşkilatı Komitəsinin (KTMT) qüvvələri adı altında Rusiyanın desant qüvvələri göndərilib. Bu desant dəstələrinin hansı şəraitdə razılaşdırıldığını, niyə onun tərkibində Özbəkistan, Qırğızıstan rotasının olmadığını söyləyən yoxdur.

Rusiya onsuz da bütün dünyanı özünə qarşı səfərbər etməkdədir. Post-sovet məkanındakı ölkələrə bu, sözün əsl mənasında yaşamaq imkanı tanımır. Bunu Estoniyanın xarici işlər naziri də öz çıxışında bəyan etmişdi. Ona görə də bu gün baş verən hadisələr çox ürəkağrıdıcıdır. Qazaxıstanın qurucu memarı olan Nursultan Nazarbayevin xidmətlərinə əhəmiyyət verməyərək, vəzifədən uzaqlaşdırılması və hətta onun haqqında daha radikal addımların görülməsini tələb edən o bir ovuc etirazçı xarici dövlətlərin agenturasının, şəbəkəsinin fəal üzvləridir. Və yaxud da bu, tayfa, qəbilə münasibətlərinə söykənərək eyni şüurla çıxış edən geridə qalmış cahil insanların yanaşmasıdır. Rusiya faktoru yenə ortada. Təəssüflər olsun ki, vəziyyət bundan sonra da başağrısı yaradacaq.

 

- Belə qeydlər var ki, Rusiyanın Çindən Avropaya uzanan “bir kəmər, bir yol” layihəsinin Qazaxıstandan keçən hissəsini Rusiyaya adlatmaq niyyəti və regionla bağlı iqtisadi-siyasi acgözlüyünün nəticəsidir. Siz necə hesab edirsiz?

 

- Belə bir istək var. Bu, eyni zamanda Azərbaycanın Bakı-Tibilisi-Qars dəmir yoluna da qarşıdır. Məsələn, indiyə qədər Çindən Avropaya gedən mallar Rusiya dəmir yolları vasitəsi ilə həyata keçirilirdi. Tutaq ki, Pekindən çıxan dəmir yolu qatarı həmin yolla 20-25 günə Avropaya çatırdısa, bu gün Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə Pekindən çıxan qatar 12 günə Londona çatır. Rusiya ilə Londona çatdırılma isə bəzən 1 aya yaxınlaşırdı. Həmin yüklərin daşınmasının maya xərcləri də azalıb. Əgər Türkiyə daşınan malın hər tonuna 100 dollar tələb edirdisə, indi bizim ərazimizdən keçən və Pekini Avropa ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu cəmi 50 dollara başa gəlir, özü də çox qısa müddətə - 12 günə mənzil başına çatdıra bilir. Nəqliyyat-loqistika məsələsində isə vaxt, tez çatdırılma onun qiymətindən də əhəmiyyətlidir.

Bütün parametrlərə görə Rusiya uduzduğunu görüb bəzi məsələlərdə çığallıq edir və bəzi məsələlərdə hətta köhnə sovet məkanına daxil olan ərazilərə də torpaq iddia edir. Bu mənada Rusiyanın Qazaxıstanın ondan torpaq oğurlamasını iddia etməsi həddən artıq qanqaraldıcı bir hadisədir. Bu, Rusiyanın neo-imperialist vərdişlərini yenidən zühur etdirən cəhdlərdir.

 

- Qazaxıstanda yaradılan bu prosesdən kim qalib çıxacaq, hansı nəticələr gözlənir?

 

- Bu gün Rusiya gözüdönmüş bir canlıya bənzəyir. Bütün dünyanı özünə qarşı çevirib. Bu saat onun NATO ilə kəllə-kəlləyə gəlmək ehtimalı var. Yaponiya, Koreya, Tailand, Avstraliya, Yeni Zellandiya və sair demək olar ki, əksər ölkələr Rusiyaya qarşıdır. Deyəsən, Rusiya bu tərəfdən də özünə cəbhə açmaq xəyalına düşüb. Faktlar bir azdan daha da aydın olacaq. Hamını nüvə ilə təhdid edərək dünyanı özünə tabe etdirə bilməzsən ki. Dünyanı iqtisadi metodlarla, yeni texnologiyalarla, qabaqcıl fikirlərlə, qabaqcıl mədəniyyət nümunələri ilə özünə cəlb edə bilərsən. Lakin görünən odur ki, hələ bir müddət Rusiya siyasətinin nəticəsində belə bir vəziyyətlə baş-başa qalmış olacağıq.

 

- Qabil müəllim, bu gün sosial şəbəkələrdə çıxış edən bir çox insanlar Qazaxıstandakı vəziyyətdən yazır, Azərbaycan hökumətinə üzünü tutaraq, “unun, çörəyin, suyun qiymətini qaldırmayın, xalqın səbr kasasını daşırmayın, Qazaxıstana baxın”- deyirlər. Necə hesab edirsiz, qiymət artımı ilə başlanan Qazaxıstan hadisələri Azərbaycan üçün president ola bilərmi?

 

- Məhsullara qiymətlərin qoyulması məsələsi iqtisadiyyat elminin ən mühüm problemlərindən biridir. Dövlətin iqtisadi mexanizmləri qiymət əmələgətirmə siyasəti ilə idarə olunur, tənzimlənir. Əlbəttə ki, qiymətyaratma siyasəti də sosial yönümlü olmalıdır. Aztəminatlı ailələrin sosial ehtiyaclarını güdməlidir. Güman edirəm ki, Azərbaycan hökuməti də belə bir siyasəti yeridəcək. Maaşların, müavinətlərin, pensiyaların qaldırılması ilə yanaşı müəyyən xidmət sahələrində qiymətlərin artırılmasına getməyəcək.

Lakin Qazaxıstanda baş verən proseslərin xarici təsirlərlə siyasiləşdiyini nəzərə alsaq, qiymət artımı ilə baş verən etiraz aksiyalarını Azərbaycanla uyğunlaşdırmaq düzgün deyil. Bir qədər əvvəl də qeyd etdim, Qazaxıstanda ac olan yox idi axı. Dövlət əkib-becərməsi üçün vətəndaşına torpaq verir, amma onlar işləmək əvəzinə, inqilab eləmək istəyir. Bunu xarici kəşfiyyatdan pul alanlar edir. Ona görə də Qazaxıstanda baş verənlər Azərbaycanda president ola bilməz. Biz müharibədən çıxmış xalqıq. Müharibənin nəticələrini sülh müqaviləsinin bağlanması ilə təsdiq edilməsi istiqamətində addımlar atmalıyıq. Vətənini, xalqını sevən adamlar belə avantrüst hərəkətlərə uymamalıdır. Dövlətə müəyyən sifarişlərimiz ola bilər, amma bütövlükdə xalqın arasında heç bir hiss-həyəcan yaratmağa ehtiyac görmürəm. /hafta.az/

 

T.Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağlama, QƏRƏNFİLİM… Bir bəyaz gecə gələr…

Azərbaycan 20 Yanvar hadisələrindən yayına bilərdimi -

"...qoyun kimi onun zorakı siyasətinin qarşısında mələşir..."

"20 yanvar" -qisas gününə gedən yol...

“Ramiz Mehdiyev getməlidir!”

İlham Əliyev və Mehriban Əliyeva Şəhidlər xiyabanını ziyarət edib

"Heç kim "Tərtər işi"ndə siyasi məqsəd güdə bilməz"

Ölümlə nəticələnən ən təhlükəli XƏSTƏLİK

"Məgər Rövnəq Abdullayev əmək haqqı ilə dolanır?"

Türkiyəli aktyorlar Bakıda

“Hazırcavablar” “Şuşa” adını nəyə dəyişdi?

Baş direktordan Ramiz Mehdiyevə ETİRAZ

Həbsxanadan qaçan məhkum 19 ildən sonra Bakıda necə həbs edildi

“Sevgi səsi” “CinemaPlus”da

Qorbaçov Bakıya niyə hücum etdi?