“Bizm hədəfimiz budur” - MÜSAHİBƏ

15:15 21-04-2022 | icon 233 | Siyasət
“Bizm hədəfimiz budur” - MÜSAHİBƏ

Zahid Oruc: “Şuşa Zirvəsi gələcək dövr baxımından bölgəyə bir millət kimi baxışımızı özündə əks etdirəcək”

 

Dünyada gərginliyi ilə müşahidə olunan proseslərin fonunda region və işğaldan azad olunmuş ərazilərimizdə gedən diplomatik müzakirələr, eləcə də işğalçı-məğlub Ermənistanın sərsəm iddiaları davam edir. Müharibədən yeni çıxan ölkəmizin üzləşdiyi maddi-mənəvi zərərin miqyası və bərpa prosesinin gedişində ölkəmizin dəyişən dünya düzəninin mövcud reallığı ilə nə dərəcədə uzlaşa bilməsi, diplomatik cəbhədəki real vəziyyətdən hansı baza ilə çıxacağımız gündəmin əsas müzakirə mövzusu olaraq çözülməkdədir.

 

Ölkəmizin ətrafında hansı oyunlar gedir və biz nəyə diqqət etməliyik?

 

Versus.Az xəbər verir ki, millət vəkili, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc müsahibəsində bir sıra maraqlı nüanslara diqqət çəkib.

 

- Zahid müəllim, “ikitərəfli format”da Ermənistanla aparılan danışıqlara diqqət çəksək, Azərbaycanın öz ərazilərində suverenliyinin təminatı, qarşı tərəfin sülh müqaviləsinin imzalanmasına cəlb edilməsi yönündə hansı mərhələni keçdiyini söyləmək olar? Bu müstəvidə Brüssel görüşü nə vəd edir və Azərbaycan üçün hansı imkanlar yaranıb?

 

- Vətən Müharibəsində qələbədən sonra Prezident İlham Əliyevin apardığı əsas dövlət kursu məhz hərbi meydanda qazanılmış uğuru siyasi-diplomatik müstəvidə rəsmiləşdirməkdir. Tarixən belə bir təcrübə formalaşıb ki, hər zaman silahlı toqquşmaların, hərbi davaların yekunu mütləq hüquqi aktlarla müşayiət olunur. Əks halda, qələbə yarımçıq sayılır. Ona görə də ötən 1 il yarımdan artıq dövrü “sülh müharibəsi” adlandıra bilərik. Faktiki olaraq Azərbaycanın siyasi məntiqi, əsas arqumentləri, prinsipləri və tezisləri danışıqlarda hökmranlıq qazanmışdı. Yalnız son ayda biz onların 5 prinsip kimi ictimailəşdiyini gördük. Şübhəsiz, biz savaşı tək ona görə aparmamışdıq ki, ermənilərin işğalına və təcavüzünə son qoyaq. Bu, əlbəttə ki, ali niyyətlərimizdən biri idi. Ən önəmli məsələ tarixi erməni iddialarını məhv etmək, onların bir daha cücərməsinə yol verməmək və gələcək nəsillər üçün hər hansı mənfi miras saxlamamaqdır. Bu sözlər Ali Baş Komandan İlham Əliyevə aiddir. Zənn edirəm, hazırda Ermənistanda Paşinyan hakimiyyətinin ölkəmizin elan etdiyi mövqelərə müsbət reaksiya verməsi, bunu Brüssel görüşlərində dilə gətirməsi, bir daha təsdiqləməsi analogiyası olmayan bir hadisədir. Son günlər görürük ki, Ermənistanda keçmiş hərbi-siyasi qüvvələr indi İsaq Rabinin taleyini Paşinyana yaşatmaq üçün atəş açmağa qədər gedib çıxa biləcəklərini və revanşist qüvvələr daxildə müxtəlif addımlar atacaqlarını və Azərbaycanla sülh müqaviləsinin bağlanmasını onlar üçün öldürücü mahiyyət daşıyacağını elan etməyə başlayıblar. Dərhal onların arqumentinin qarşısına mühüm bir məsələ çıxır - hansı bir qeyri-adi beynəlxalq, regional şərait formalaşacaq ki, onlar keçmişdə 20 faizi rəsmiləşdirə bilmədikləri halda indiki məğlubiyyət durumundan çıxıb, ordu formalaşdırıb hərbi əməliyyatla o əraziləri qaytarıb onun üzərində təzədən ikinci dövlət quralar. Tarixi proses də gəlib ona dayandı ki, sülh müqaviləsi regionda Ermənistanın varlığını təsdiq etmək anlamında qəbul oluna biər. Bu onlar üçün mühüm bir nəticədir. Yəni böyük deyil, kiçik Ermənistan bu müharibənin yekunlarından biridir. O, mütləq olaraq coğrafi, siyasi, hərbi, iqtisadi təhlükələrə yol açır. Ona görə də gərək öz coğrafiyana, biçiminə, miqyasına uyğun iddialarda olasan. Hesab edirəm, Brüssel görüşü bu baxımdan çox əlamətdar oldu. O anlamda ki, bunu bir sıra hallarda çoxları 10 Noyabr və 11 Yanvar Moskva görüşlərinə, oradakı razılaşmalara qarşı qəbul edir. Bundan ötrü müəyyən açıqlamalarda müəyyən elementlər olsa da, mahiyyət etibarilə Qərb regionda ilk dəfədir ki, Avropa Birliyinin timsalında iki millət arasında münasibətlərin sülhlə yekunlaşmasında maraqlı olduqlarını göstərmək istəyir. Şübhəsiz ki, bu təqdir olunası məsələdir, həm də on görə ki, Avropa Birliyi tərəflərə yalnız siyasi bəyanatlar, konsultasiyalar, hansısa başqa xarakterli nəzəri mahiyyətli yardımlarını təklif eləmir. Eyni zamanda, bölgəyə Ermənistanın timsalında 2,6 milyard avro, bizim ölkəyə isə əvvəl 150 milyon elan olunduğu halda cənab prezidentin sərt etirazları fonunda 2 milyard avroya qədər vəsait verəcəyini rəsmiləşdirib. Bu, öz-özlüyündə iki dövlət arasındakı sülhə Avropa Birliyinin də investisiya yatırmağa hazırlığını göstərir.

Ümumən, cənab Prezident Cənubi Qafqazda yalnız iki dövlət arasında deyil, Türkiyə-Ermənistan, bəlkə də Gürcüstan və bölgə, İranın da region və qlobal dünya ilə münasibətlərinə təsir edəcək və tarixdə nə “Gülüstan-Türkmənçay”la, nə 2020-ci ilin Moskva müqaviləsi ilə müqayisə olunmayacaq dərəcədə Azərbaycan qələbəsini özündə ehtiva edən, lakin regionda birgə yaşayışı, təhlükəsizliyi təsbit edən bir müqaviləyə son dərəcədə yaxındır.

 

- Məlumdur ki, Ermənistan Azərbaycanın ona təklif etdiyi 5 baza prinsipinə qarşı öz şərtlərini də irəli sürür. Ermənistanda, hətta Qarabağda qalan erməni separatçıları sülh müqaviləsinə qarşı etiraz edərək, “Dağlıq Qarabağ statusu”, danışıqların Minsk qrupu çərçivəsində aparılması”, “Azərbaycan öz qoşunlarını sərhədlərdən və təmas xətlərindən geri çəkməsi”, “öz müqəddəratın təyin etmə”, “Rusiyaya birləşmə” iddialarını irəli sürürlər...

 

- Öncə onu qeyd edim ki, ordu qurmaq yalnız vəsait tələb etmir, bunun üçün insan resursları, uzun illər aparılan sistemli iş aparılmalıdır. Koçaryan və Sarkisyan birləşib yenidən hakimiyyətdə təmsil olunsalar da, onlar çox yaxşı dərk edir ki, bu artıq qeyri-realdır. Sənin insan resursun çatışmır ki, bundan sonrakı dövrdə nəinki Qarabağ və ətraf ərazilərdə, Gədəbəy, Qazax, Tovuzdan tutmuş ta Naxçıvana qədər böyük ərazilərdə tank, top, dronlarla təmin edib Azərbaycanla sərhədi təmas xəttinə çevirəsən. Yoxdu bu qüvvə...

Məsələnin başqa tərəfi... Sizin də qeyd etdiyiniz kimi, digər tərəfdən də müəyyən şərtlərin irəli sürülməsidir. Qarabağla bağlı əslində Paşinyanın beynində olan və uzun illərdir buna görə ittiham edildiyi yalnız ermənilərin təhlükəsizliyinə zəmanət verən bir formula gedilməsidir. Yaxşı başa düşür ki, fərqli olan bütün digər mövqelər yeni toqquşmalar və erməni xalqının məhvinə səbəb olacaqdır. Bunu dərk etmək üçün çox da uzağa getməyə ehtiyac yoxdur. Tarixən Azərbaycanla sülh şəraitində yaşadıqları bütün dövrlərdə və yaxud, azərbaycanlılarla, türklərlə mehribanlıq münasibətlərində demoqrafik cəhətdən artıblar, inkişaf ediblər, iqtisadi inkişaf qazanıblar və sair. Əks halda, o dövlətlərin hamısında bütün parametrlərini itiriblər. Qarabağ və ətraf 7 rayonda qarşımızda fərqli bir mənzərə, yəni yüksək inkişaf etmiş bir durum olsaydı, orada sıx məskunlaşma getsəydi, milyonlarla insan da Cəbrayıldan, Zəngilandan Kəlbəcərə qədər yaşasaydı, savaş sürətlə gedərdimi? Hər bir küçə və meydanda gedən müharibə görün nələrə səbəb olardı. Görün, mülki insanların prosesə qoşulması hansı nəticələr doğurardı...

İlk dəfədir bunu söyləyəcəyəm: faktiki Qarabağın mülki erməniləri müharibədə, demək olar ki, iştirak etməyiblər. Bilirsiniz niyə? Onlar dərk edirdilər ki, savaşı Azərbaycanla ümumiyyətlə aparmaq lazım deyil, hətta o, mümkün də deyil. Ona görə də meydanda hərbi qüvvələr məğlub oldular. Beləliklə, status haradan verilə bilər? Sən məğlub olub, danışıqlar meydanında necə xüsusi bir şərtlər irəli sürə biərsən?! Var belə bir nümunə? Ulu öndər Heydər Əliyevdən başqa tarixdə çox az istinad nöqtələri, faktlar var ki, sən qarşı tərəfə imkan verməmisən ki, onlar arzuladıqları sənədi imzalatdırıb səndən alsınlar. Yoxdur belə hadisələr. Ona görə də indiki reallıqda sizin də qeyd etdiyiniz bir neçə maksimalist iddia daha çox ona xidmət edir ki, Azərbaycan həqiqətən də Ermənistanın yaşamına, siyasi təhlükəsizliyinə, varlığına dair müəyyən öhdəliklərdə olsun. Bu, başadüşüləndir, proses Qarabağ müstəvisindən çıxıb. Bu, son təzyiq alətidir. Paşinyan tam əmin olsa ki, Azərbaycan bəyan edir ki, Ermənistan üçün heç bir problem olmayacaq, sərhəddə ağır sılahları toplamayacaq, kommunikasiyaların açılması şəraitində dinc yanaşı yaşam olacaq, o, erməni xalqının xilaskarı kimi çıxış edib, Azərbaycanla o sənədəri imzalamağa hazırdır ki, bu savaş bitsin. Həmin sənədə qol çəkəcək. Buna tam hazırdır. Erməni psixoloji aləmi Paşinyanın portretini cızaraq, dəfələrlə erməni mediasında onu türkiyəçilikdə, azərbaycanpərəstlikdə, casusluqda, gizli razılaşmalarda ittiham edirlər. Hərçənd, bunun heç biri doğru deyil. Paşinyan qatı ermənipərəstdir. Yalnız ona görə ki, erməni xalqının nümayəndəsidir. Yalnız o dərk edir, başa düşür ki, bütün hesablamalarda hər rayonun bir cinahında milyonluq türk xalqı, digər bir hissədə 30 milyona qədər İranda yaşayan azərbaycanlı soydaşımız, 10 milyon azərbaycanlı, Orta Asiya hövzəsində, hərçənd bunlarla heç bir sərhədi olmadığı şəraitdə yenə də bir türk respublikaları təmsil olunurlar. Belə şəraitdə hansı savaşçı özünə bir status, yaxud başqa bir müddəa qazanıb öz xalqının taleyinə zərbə vurar?!

Ermənistanla paralel bizim insanlarımızın da sülhə hazır olması gərəkdir, bu çox önəmlidir. Mən çox arzu edərdim ki, Ermənistan və Azərbaycan arasında heç bir vasitəçi olmadan danışıqların keçirilməsinə nail olaq. Bunun üçün bütün mənalarda siyasi, iqtisadi, hərbi zərurət ortadadır. Çox arzu edərdim, növbəti görüşlər Zəngəzur mahalında keçirilsin. Fərq etməz bu Zəngəzurun Qərbində olacaq, yoxsa Şərqində. Bunu Zəngilanda da reallaşdırmaq mümkündür, Meğridə də.

 

Xatırlayırsınızsa, Koçaryan özünü bir qədər əvvəlki hərbi xunta təmsilçisi olmaqdan kənar göstərmək üçün ulu öndər Heydər Əliyevin təklifinə razı olub Sədərək ərazisi üzrə bir görüşdə də olmuşdur. Tarixi nümunədə bu var. Ona görə də hesab edirəm, bizim hazırkı reallıqda Avropa Şurasının da, beynəlxalq dairələrin də irəli sürdüyü delimitasiya, demorkasiya məsələsi, sərhəd boyunca hərbi birləşmələrin hansı məsafədə yerləşməsi, sanki danışıqların 5-7-ci müddəalarını önə çıxarmaq kimi görünür. Əsas məsələ sülh müqaviləsinin Azərbaycanın irəli sürdüyü və ölkə üçün təhlükəsizlik formulu olan müddəalar üzrə imzalanmasıdır. Bundansonrakı reallıqda deyilən digər məsələlər üçün tam zəmin yaranmış olacaqdır və nisbi bir etimad mühiti də uzun toqquşmalardan sonra ilk dəfə yarana biləcək. Yalnız ondan sonra həmin digər məsələləri də dəyərləndirmək olar.

 

- Regionda marağı olan Qərbin, Avropanın müəyyən insan hüquqları, maddi irsin qorunması təsisatları tərəfindən ikilistandartlı yanaşmalar, erməni işğalını dəstəkləyən kifayət qədər faktlar var. Bu gün həmin qurumlar erməniləri sülh sazişi masasına gətirməkdə nə qədər səmimidir?

 

 

- Öncə Qərbin 90-cı illər və indiki dövr davranışlarına 30 illik makroskopik nəzərlərlə baxdıqda görürük ki, biz illəröncə çox sadəlövh inam üzərində idik. Xatırlayırsınızsa, cənab Prezidentin prezidentliyə gəldiyi ilk dövrdə necə dərin inam içərisində olduğunu söylədi. Mühüm siyasi çağırışlar, bağlı qapılar arxasından görünən dünyanın gerçək üzü idarəçiliyin ağır və dözülməz prinsipləri Ali Baş Komandanı dəmir məntiqə, güclü iradəyə gətirib çıxardı. Ona görə də açıq söyləsək, abstrak olaraq deyilsə də, erməni və Azərbaycan xalqları arasında dostluğun, xoş münasibətlərin olması çox çətin yarana biləcək hadisələrdir. Onda maraqlı olmayan çoxlu qüvvələri saya bilərik. Ermənistan kartakedalarda həmişə mühüm bir təzyiq aləti və silahı kimidir. İstənilən xarici bir ölkə Türkiyə və Azərbaycana qarşı o “dəyənək”dən faydalana bilib. İndi onun Ermənistanın xarici siyasət gücü, resursu kimi dəyərləndirilməsini deyə bilmərik. Ona görə də Paşinyan emossionallıqla söyləyir ki, nəhayət, mən öz xalqımı qurbanlıq qoyun olmaq rolundan çıxarmaq istəyirəm. Onu başa düşür ki, kimsə o xalqa məhəbbətindən onun parlamentini parlamentlərdə irəli sürmür və yaxud da “soyqırımı” davalarına çıxmır. Məsələn, Türkiyəyə qarşı Fransanın və yaxud başqa bir dövlətin münasibətləri pisləşəndə ilk yada düşən bayaq söylədiyimiz kimi, o “silahlar” işlədilir. Bu anlamda bizim üçün kimin hara qədər “səmimiyyət dərəcəsini” ölçməkdən çox, Ermənistanın hazırkı reallığında bütün situasiyaların o millət tərəfindən dərki və öz taleyini müəyyənləşdirmək istəyən qüvvələrə belə demək mümkünsə dəstək verməkdir. Bu gün bütün müstəvilərdə Ermənistanla dialoq getməlidir. Hesab edirəm, qalib dövlət və millət kimi artıq bizim üzərimizdə olan mənəvi tələbdir.

Bilirsiniz, Ermənistanın keçmişdə faciəsi həm də onda oldu ki, hər hansı səbəbdən, hansı qüvvənin yardımından asılı olmayaraq, əldə etdikləri uğuru sonrakı dövr münasibətlərə, dayanıqlı əlaqələrə çevirə bilmədilər. Məsələ təkcə onların maksimalizmində deyildi. Apakaliptik olaraq Levon Ter-Petrosyan 1997-ci ildə onlara həmin düşüncənin hansı tale ilə yekunlaşacağını göstərmişdi. Ona görə də biz nə deyə bilərik: burada önəmli məsələ bildiyimiz bütün əlaqələri üst səviyyədə saxlamaq, qurmağa başlamaqdır.

Bilirsiniz ki, Türkiyə Ermənistan arasında səlahiyyətli şəxslər təyin olunublar, artıq onların görüşləri başlanıb. Prosesi irəliyə aparmaq üçün ölkə rəhbərinin siyasi bəyanatları, iradəsi, mövqeləri millətimiz üçün aydındır. Burada davakar bir rol, əbədi müharibə modelini, mövqeyini keçmək bizim üçün çox da uyğun yol kimi görünə bilməz. Yəni “bütün ermənilər bizə bundansonrakı dönəmdə harada olmalarından asılı olmayaraq düşməndir fəlsəfəsi” hazırkı anda, durumda bizi toqquşdurub bölgəni əlində saxlamaq istəyən qüvvələrin işinə yarıyır. Biz ermənilərin səhvlərini təkrarlaya bilmərik. Ona görə də nəzərdə tutduğumuz sülh modeli Azərbaycanın milli maraqlarını sənəd üzərində tanıyan bir yoldur. Əks halda, kimsə birdən-birə yenidən sovet dövrünün o hansısa qardaşlıq, birlik, əməkdaşlıq və yaxud daha yaxın münasibətlər kimi anlayışa gəlib-çatmayıbdır. Yəni azərbaycanlılar və ermənilər arasında dinc yaşam o dərəcədə dərin inkişaf edə ki, gələcəkdə yenə də qarışıq ailələr qurula abstraksiyasını heç kim xəyalında canlandırmır. İnsanlarımıza, maddi-mənəvi irsə qarşı o qədər ağır müharibələr, cinayətlər həyata keçiriblər ki, bu mümkün deyil.

Qeyd edim ki, hal-hazırda sülhməramlıların Qarabağda yerləşməsi fonunda, bu gün xüsusilə də Ukrayna-Rusiya müharibəsinin regional beynəlxalq təhlükəsizliyə təhdidi çox önəmli faktor kimi meydana çıxır. Biz dövlətimizin baxışlarını və addımlarını Qarabağda fəaliyyət aparan qüvvələrin dəqiq hüquqi çərçivədə mandatının tanınması, o səlahiyyətlərdən kənara çıxmamaları üzərində qururuq. İmzaladığımız sənədlərin də ruhuna sadiqik, prinsiplərinin də yerinə yetirilməsində davamlı iradə göstəririk. Gördüyünüz kimi, bu gün erməni mediasında “Ermənistanla əlaqələr üçün 2l ərzində başqa alternativ Laçın yolu tikiləcəkdir, indi artıq hazırdır və beləliklə, Laçın da bütövlükdə Azərbaycanın nəzarətində olacaqdır” anlayışı ilə kimsə təhlükə siqnalını vermək istəyirsə, bu yanlışdır. Başa düşmürlər ki, faktiki olaraq sonrakı dövrdə hansı yolla əlaqələr qurulmasından asılı olaraq erməni xalqının resursu yoxdur. Gəlib qarşına çıxa, deyə ki, 1 milyon insanım var, bunları Qarabağda harada yerləşdirsinlər. Yoxdur.  Azərbaycan xalqı köçkünlük dövründə artıb, çoxalıb. Ermənilərin o ideoloqlarının mənfur dualarına baxmayaraq silinməyib, məhv olmayıb. Ona görə də bizim üçün önəmli olan məsələ sülhyaradıcı qüvvələrin Qarabağda hansı fəaliyyəti aparmalarından asılı olmayaraq, gələcək dövr üçün əmin-amanlıq şəraitini bərqərar edərək, oradakı məskunlaşma və böyük qayıdışın həyata keçirilməsi fonunda Konstitusiyamızı tanıyan, ərazi bütövlüyümüzə ehtiram göstərən, bizə qarşı düşmənçilikdə və real hərbi əməliyyatlarda iştirak etməyən hər kəsin, o cümlədən mülki ermənilərin yaşamasına münbit zəmin yaradan mühiti formalaşdırmaqdır. Bizm hədəfimiz budur. Azərbaycan savaşdan sonra özünün dəqiq gedəcəyi Yol Xəritəsini cızıbdır. Diqqətimi çəkən bir məqama toxunmaq istərdim. ADA Universitetinin təşkilatçılığı ilə beynəlxalq məkanda tanınmış politoloqların, analitiklərin cənab Prezidentlə, təxminən, 1 il əvvəl onlayn platforma üzərindən görüşü olmuşdu. Orada “Azərbaycanın özünün suverenlik hədləri varmı?” - deyə maraqlı bir sual səsləndi. Mən bu terminin qabardılmasının tərəfindəyəm. Yəni bundansonrakı dönəmdə bizim suverenliyin tam komponentlərinə nail olmaq üçün ərazi bütövlüyü, delimitasiya, demorkasiya, tanınma, kommunikasiyaların açılması, Qarabağda dinc yanaşı yaşama, onu qəbul edən ermənilərlə münasibətlər, onların hüquqları Qarabağda, ilk növbədə, geri dönən bizim insanlarımızın torpaq, təhsil, sosial, məişət hüquqları, güzəştlər, iqtisadi imkanlar, xarici investisiyaların cəlb olunması kompleks tədbirlərdir. Bütün bunların hamısını suverenlik cədvəli adlandırardım. Bunun üzərində düşündüyümüzdə, daha çox ona yönəldiyimizdə hansısa qüvvələrin addmları, xarici dairələrin münasibətlərini, əlbəttə ki, araşdırmalıyıq. Əsas məsələ bizim addımlarımızın üzərindədir.

 

- 10 Noyabr üçtərəfli sazişinə görə əsas vasitəçi olan Rusiya bu prosesdə harada dayanır, hansı addımları atmalıdır? Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlıları sülh sazişinə təminat yaradacaq əsas 4-cü bəndin və digər addımların yerinə yetirilməsi üzrə nə vaxt hərəkətə keçəcək?

 

- Mənə elə gəlir ki, Rusiyanın 10 noyabrda göstərdiyi davranışlar Azərbaycan tərəfindən məqbul sayıldığına və Rusiyanın ənənəvi siyasətindən fərqli davranışlar olduğuna görə bizim tərəfimizdən qəbullanmışdır. Bununla bərabər, Rusiya içərisində müxtəlif qüvvələr var ki, onlar ənənəvi olaraq hansısa imperiya duyğularını qabardırlar. İkincilər millətçi - faşist təmayülü təmsil edir, bu bölgələrə pereferiya kimi baxıb onları milli subyekt kimi tanımamaq mövqeyi göstərirlər və s. Bizim ölkəmiz içərisində də çox sərt davranışların tərəfində olanlar var. Ulu Öndərdən bu yana cənab Prezidentin Rusiya ilə münasibətləri dəqiq, hüquqi, siyasi, regional, geosiyasi münasibətlərdə qarşılıqlı mənafelərin tanınmasına dayanıb. 22 fevralda da imzalanmış sənəd onu özündə ehtiva edib ki, Azərbaycan Rusiyaya qarşı bir forpost, cəbhə açmayıb və özünə qarşı da eyni davranışları gözləyir. O sənəddə müstəqilliyimizə, bütövlüyümüzə hörmət qeyd olunubsa, biz daim o sənədə istinad edəcəyik. Bu gün ölkəmiz tərəfindən Rusiyaya qarşı hər hansı embarqo, blokada tətbiq olunmayıb. Yeganə olaraq Rusiya-Ukrayna savaşında Türkiyə və Azərbaycan qədər onun barışla sonuclanmasını istəyən və buna görə mühüm addımlar atan dövlətlər yoxdur. Başqaları savaşın meydanı və şiddəti artsın deyə, bir siyasət ortaya qoyurlar. Bizim isə əsas niyyətimiz həmin savaşda silah satmaq, xüsusi qazanclar əldə etmək deyil, “tərəflər zəifləsin, bizim mövqeyimiz güclənsin” amalına sahib deyilik. Ona görə də bu bölgədə sanksiyalara məruz qalmayan yeganə dövlət Azərbaycandır. Bu, bizə üstünlüklər verir. İran da bəlli səbəblərdən 1979-cu ildən hansı durumdadır, sizə bəllidir. Qardaş Türkiyə də müxtəlif Avropa ölkələri ilə çox sərt münasibətdədir. Yalnız indki dövrdə İsraillə münasibətlər normallaşmaqdadır. Rusiyaya qarşı olan sanksiyaların sayı dünyada rekord səviyyəyə çatıb.  Belə olan şəraitdə Azərbaycanın siyasi, iqtisadi, hərbi pəncərə rolu bütün bölgə dövlətləri, xüsusən də Ermənistana xilasa gedən bir yol ola bilər. Onu xeyir kimi dərk etməyən qüvvəni hansı formada adlandırmağa da çətinlik çəkirəm. Ona görə də fikirlərimizi onunla tamamlamaq istərdim ki, Azərbaycanın taleyi bu gün hansısa diplomatlardan, xarici qonaqlardan, beynəlxalq məkandakı titullu şəxslərdən deyil, məhz öz ölkəmizdən, rəsmi Bakının addımlarından asılıdır. Qoy onlar bizim fəaliyyətimizin nəticəsini özləri üçün həlledici görsünlər. Burada cənab Prezidentin bir sözünü xatırlatmaq istərdim: gündəliyi biz müəyyənləşdiririk. Bu, çox önəmlidir. Yoxsa Minsk qrupu, qeyriləri, hansısa səfərlər, bəyanatlar dövrü bir era kimi keçmişdə qalıb.

 

- Bu günlər artıq Azərbaycan Şuşada Dünya Azərbaycanlılarının Qurultayına başlayır. Bu qurultay Şuşadan dünyaya hansı mesajı verəcək və dünya azərbaycanlılarının qarşısında nə kimi vəzifələri qoymuş olacaq?

 

- Ötən onillər ərzində dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlılar Vətənlə sıx əlaqələr qursunlar, yaşadıqları məkanda ciddi ictimai-siyasi qüvvəyə çevrilsinlər və öz milli identik xüsusiyyətlərini qoruyub-saxlasınlar deyə, milli ideologiya üzərindən sistemli fəaliyyətlər aparıldı. Başlıca olaraq ermənilərin yüzillər ərzində dünya çapında apardıqları fəaliyyətin qarşısında bir müqavimət cəbhəsi formalaşsın deyə, Ulu Öndərdən başlayan bir xətt oldu. Bir sıra ölkələrdə siz diaspora, bu kimi komitələr, təşkilatlar görməzsiniz. Amma ölkəmizdə bunun zəruri səbəbdən irəli gəldiyini qəbul edirik. Ona görə də uzun illər mübarizə apardığımız, indi isə azadlığına qovuşmuş, bizim üçün müqəddəs Şuşada nəinki mədəni, həm də artıq siyasi paytaxtın ünvanı kimi dünya azərbaycanlılarının ən mühüm tədbirinin orada reallaşması xüsusi tarixi məna daşıyır. Hesab edirik, bu az qala müqəddəs bir andın orada içilməsi ilə yekunlaşacaq bir tədbir deməkdir. Şuşa həqiqətən də qardaş ölkənin liderinin orada böyük bir qarşılama mərasimi ilə təsbit olunur ki, cənab Prezident bundansonrakı dövrdə Bakı ilə bərabər Şuşanı da dünya siyasətinə təqdim edir. O, yalnız mədəniyyətimizin deyil, indi həm də dövlətçilik həyatımızın, idarəçilik quruluşumuzun, dünyanın bütün coğrafiyalarında yaşayan insanlarımızın ana nəğməsidir. Vaxtilə Cəlil Məmmədquluzadənin yazdığı “Anamın kitabı” əsəri yada düşür. İndi Şuşa bizim Anamızın Kitabıdır. Yəni ruhi, mənəvi, ictimai, siyasi düşüncəmizin baş meydanıdır.

Belə qurultaylar ona imkan verəcək ki, hər kəs mühüm vəzifələrlə önə çıxsın. Biz Qarabağı sülh məkanına çevrimək istəyirik və bunun üçün nə etməliyik. Biz uzun illər zəif nöqtəmizi indi güclü mərkəzə çevrimək istəyirik. Orada yaşam, gələcək məskunlaşma üçün hər zaman azərbaycanlıların səsinin, nəfəsinin gəlməsi üçün mühüm proqramların olmasını istəyirik. Şuşa gələcək dövr, bəlkə də onillər bundansonrakı zaman üçün mühüm proqramların, konsepsiyaların hazırlanması üçün belə tədbirlərin meydanı olacaqdır. Mən, əlbəttə ki, bu qərarın “Şuşa İli”nin ən mühüm Zirvə toplantısı olaraq bir parlament üzvü kimi alqışlayıram. Hesab edirəm, burada qəbul olunacaq sənədlər təkcə diaspora, soydaşlarımız üçün deyil, bütün hakimiyyət orqanları, media, vətəndaş cəmiyyətləri institutları və sair üçün əhəmiyyətli olacaqdır. Bütövlükdə Şuşa Zirvəsi bizim üçün gələcək dövr baxımından bölgəyə bir millət kimi baxışımızı özündə əks etdirəcəkdir. /“həftəiçi”/

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"