Uğursuz dövlətin və separatçıların “bayraq böhranı”

16:04 21-04-2022 | icon 175 | Siyasət
Uğursuz dövlətin və separatçıların “bayraq böhranı”

Dəmir Yumruqla zarafat etmək olmaz

 


QƏNİRƏ PAŞAYEVA
/Milli Məclisin Mədəniyyət komitəsinin sədri/

 
 

Son günlər Ermənistanın ictimai-siyasi həyatında hökm sürən “bayraq böhranı” Azərbaycan ictimaiyyətinə məlumdur. Uğursuz dövlətin parlamentində baş vermiş olay – keçmiş Müdafiə naziri Seyran Ohanyanın qondarma rejimin əski parçasını parlament tribunasından “asması” və ardınca hakim partiya təmsilçisi olan deputat Vaaqn Aleksanyan onu qoyulduğu yerdən götürüb, aşağıda gizlətməsini nəzərdə tuturam. Bu, yeganə olay deyildi; digər olay İrəvandakı Fransa meydanında, gənc fəalların qondarma rejimin bayrağını boyaması oldu. Olsun ki, başqa açıq, gizli olaylar da baş verib. Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyi (evsahibliyi) ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşü ərəfəsində və görüşsonrası baş verən olaylar erməni cəmiyyətinin yaşadığı təlatümləri büruzə verməkdədir. Həmçinin Xankəndindəki separatçı-terrorçu rejimin rəsmi İrəvana etiraz əlaməti olaraq, Moskvaya müraciət etməsi – “müstəqilliy”in tanınması yaxud “Rusiyaya birləşmək” iddiaları erməni siyasi dairələrinin ciddi çaxnaşma yaşadığını göstər­məkdədir.

 
 
Belə siyasi qarşıdurmalar fonunda cərəyan edən proseslər yaxud bir sıra açıq-gizli proseslərin qarşıdurmaya çevrilməsi, əlbəttə, bizi yaxından maraqlandırır. Çünki Ermənistan bizim tarixi torpaqlarımızda qurulub və bu azmış kimi, neçə onillikdir ki, ərazisini genişləndirmək, Dağlıq Qarabağı özünə birləşdirməkçün dəridən-qabıqdan çıxır. Birləşdirmədən ziyadə “ikinci erməni dövləti” iddiaları ilə də çıxış etməsi, erməni toplumunun xəstə təxəyyülünün bəhrəsi olub, bölgənin hüzurunu pozmuşdur.
 
 
Ötən əsrin 90-cı illərində SSRİ-nin parçalanması ilə müşayiət olunan yeni dönəmə ermənilər məlumatlı və hazırlıqlı girmişdi. Onlar havadarlarının hərbi-siyasi dəstəyi, dünya erməniliyinin güclü və davamlı maliyyəsi ilə o dövrün şərtləri daxilində bütün kəmfürsətlikləri etdi. Və 30 ilə yaxın müddətdə ermənilərin üzərində ömrüboyu qalacaq qara ləkələr yaratdılar. Vandalizm, terrorizm, şovinizm, soyqırım törətmək – bunlar Ermənistanın dövlət siyasəti olaraq sabitləşdi. Belə bir “sabitləş”mənin hansı bayraqla təzahür etməsi, o bayrağın kölgəsində hansı prezidentin və “prezident”in, baş nazirin və “baş nazir”in əyləşməsi fərq etməz. Mövzu bayraqda deyil, zehniyyətdədir. Mövzu o zehniyyəti, o bayrağı doğuran sosio-psixoloji keçmişdədir. Ermənilərin qaldırdığı heç bir bayraqla gələcəyə getmək mümkün deyil – bunu tarixdəki ilk erməni dövlətinin 104 illik mövcudluğu açıq-aydın göstərir. Dövlət qurmaq, onu yaşatmaq özü bir mədəniyyətdir. Bayraq da mədəniyyətdir, himn də. Ermənistanın nəinki bayrağı, himni, dünya erməniliyinin səfərbəredici qüvvəsi “qriqorianizm” də saxtadır. Din, bayraq, himn əslində humanizmə, birgəyaşayışa, mehriban qonşuluğa səsləməli yaxud belə çağırışlara adekvat olmalıdır. İndi təsəvvür edin: 104 yaşlı Ermənistanın müstəqilliyi və bayrağı nəyə yaradı ki, hələ bir, 31 yaşlı qondarma rejimin də “bayrağı”, “müstəqilliy”i nəyə yaraya? 44 günlük II Qarabağ müharibəsi ilə başı möhkəm əzilmiş Ermənistan silahlı qüvvələri, tarixin zibilliyinə atılmış “miatsum”, “status”, “status-kvo” və daha necə ideoloji-siyasi, psixoloji tutalğaclardan birmənalı şəkildə əl çəkməlidir.
 
 
Azərbaycan torpaqları hesabına “birləşmiş” erməni dövlətinin yaradılması ideyasının hansı nəticələrə, başqa sözlə, nəticəsizliyə gətirib çıxardığı gün kimi aydındır. Azərbaycan Dəmir Yumruğu bütün kəsafətləri gorbagor elədi. Ağlı başında olan hər kəs anlayır ki, Qarabağ heç zaman nə Ermənistana yaxud hər hansı başqa ölkəyə birləşdirilməyəcək, nə də müstəqil olmayacaq. Qarabağ – Azərbaycandır və nida! Qarabağda yaşayan azərbaycanlılar öz ata-baba torpaqlarına qayıdacaq və əbədi olaraq orada Azərbaycan bayrağı dalağalanacaq. – Orada yenidən evlər tikiləcək, bağ-bağat salınacaq, ocaqlar qalanacaq, əmin-amanlıq təmin olunacaqdır.
Ermənistan sərhəd məsələsində, Sülh müqaviləsində daha sürətli, keyfiyyətli proseslərdə maraqlı olmalıdır. Rəsmi İrəvan müsbət siqnalları real müstəvi üzərində inkas etdirməldir. Paşinyan hökuməti siyasi iradə nümayiş etdirib, Brüssel Sülh gündəliyinə sadiq qalsa, Ermənistana tarixi xidmət göstərmiş olacaqdır. Sülh gündəliyindən çıxmağa təhriklər Ermənistanı geridən geri salacaqdır.
 
 
Gün kimi aydındır ki, erməni hakim dairələri yeni reallıqlar fonunda, 30 illik müharibə cinayətlərinə hüquqi don geyindirmək, “xalqların öz müqəd­dəratını təyin etmək” prinsipini təhrif etmək və onu qəbul etdirmək iqtidarında deyil. Əgər bu bədnam planlar Azərbaycan torpaqlarının işğal altında olduğu dönəmdə gerçəkləşmədisə, qalib Azərbaycana bədnam prinsipləri nəinki qəbul etdirmək, müzakirə masasına gətirmək belə mümkün deyil. Ermənistanın üzərinə düşən öhdəliklər hər keçən gün daha da ağırlaşa bilər. Əgər Ermənistan öz gələcək müqəddaratını sual altından çıxarmaq, Azərbaycandan (eləcə də, Azərbaycanın strateji müttəfiqi Türkiyədən!) asılıdırsa, Xankəndi və çevrəsindəki ermənilərin müqəd­daratı birmənalı şəkildə Azərbaycandan asılıdır. Ermənilər Rusiyaya yaxud hər hansı başqa xarici gücə arxalanmaq yanlışı ilə yalnız bir çıxış yolu əldə edə bilər: Laçın dəhlizi ilə Ermənistana köç etmək. Biz hu­manistik, getmək istəyənlərə mane olmayacaq, onları güllə yağmuruna tutmayacağıq. – Ermənistan I Qarabağ müharibəsində bizim ağ bayraq qaldıran mülki əhalimizə tələ qurdu, divan tutdu, bizsə II Qarabağ müharibəsində onların köç etməsi üçün qeyri-adi humanizm nümayiş etdirdik. – Onlar buna layiq olmasa da...
 
 
Bir az da konkretləşdirək: biz Qarabağda yaşayan keçmiş Azərbaycan vətəndaşlarına münasibətdə humanizm prinsiplərini üstün tutacağıq. “Keçmiş” ona görə deyirəm ki, onların əksəriyyəti mənəvi cəhətdən vətəndaşlıq hüququnu çoxdan itirib. Sırf hüquq müstəvisində götürsək, o zaman, dövlətə silah qaldırmamış, müharibə cinayətləri törətməmiş və müstəqil Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini daşımağı özünə şərəf bilən insanın hər hansı qorxusu olmamalıdır. Onların təhlükəsizliyini Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarından daha yaxşı kimsə təmin edə bilməz. Bayraq – Azərbaycan bayrağı, respublika – Azərbaycan Respublikası, pasport Azərbaycan pasportu, qarantiya – Azərbaycan dövlətinin verdiyi qarantiya! – “Sözümüz imzamız qədər keçərlidir”! – Bu formulları kim daha tez qəbul etsə, o daha şanslıdır. Zatən, minlərlə erməni vətəndaşımız 30 il boyunca, bakı başda olmaqla, respublikamızın ayrı-ayrı şəhər və rayonlarında öz həyatlarına davam edib.
 
 
Qaldı ki, Üçtərəfli Bəyanata görə bölgəyə sülhməramlı sifəti ilə gəlmiş Rusiya hərbi bölmələrinə, onlar qondarma rejimin “başçı”sı Araik Arutyunyanın terrorçu dəstəsini himayə etməməli, separatçılara təhlükəsizlik mexanizmləri yaratmamalıdır. Yaradırsa, bu, o deməkdir ki, Rusiya Azərbaycanla imzalanmış 22.02.2022-ci il tarixli Müttəfiqlik fəaliyyəti barədə Moskva Bəyannaməsini pozur. Rusiya Xankəndi və çevrəsində Üçtərəfli və İkitərəfli anlaşmalara zidd planlar üzərindən fəaliyyət yürütməməlidir. Ermənilərin öz aralarında, Paşinyanla Araikin arasında nə baş verdiyini öz açıqlamalarından görmək mümkündür. Kreml Xankəndindəki və çevrəsindəki separatçı-terrorçular tərəfindən gələn səslərə, açıqlamalara məntiqli, anlaşıqlı və qəbulediləsi izahat verməlidir. Sülh Gündəliyinin bütün tərəfləri beynəlxalq hüquq normalarına zidd planlardan birmənalı şəkildə əl çəkməlidir.
 
 
Əgər Qorbaçovun “Yenidənqurma”sı dövründə sərsəm “miatsum” ideyası erməni toplumunda özünə geniş dəstək tapır, erməni cəmiyyətini səfərbər edirdisə, artıq bu, tam avantüradır. Ermənistanda yüz dona büründürül­müş təcavüzkarlıq ideyasının tərəfdarları günü-gündən azalır və yaz qarı kimi sürətlə əriyib gedir. Əgər XX yüzilin 22-ci ilində, 44 günlük müharibənin yaratmış olduğu reallıqlar fonunda da bu ideyanın arxasınca düşənlər tapılacaqsa, bu ciddi fəsad yaradacaq: artıq qondarma rejimin deyil, bütövlükdə Ermənistanın taleyini konkret təhlükə altına salan fəsad! Dəmir Yumruqla zarafat etmək olmaz!
 
 
BAYRAĞIMIZ UCA, DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"