Ömür dastanı

11:55 22-04-2022 | icon 139 | Cəmiyyət
Ömür dastanı

Tanrı məndən də lütfünü əsirgəməyib

 

BAYRAM MƏMMƏDOV
/Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim/

 

"İşıq" ifadəsinin mahiyyətinin dərki bəşəriyyətlə yaşıddır. Dan yerini niyə bunca çox sevirik? - işıq gətirdiyinə görə. Cəmiyyətin ehtiramıyla əhatələnənlərdə də Dan yerinin xisləti olduğuna görə onlara işıqlı insan deyirik. İşıqlı insanlarla kəlmələşənlərin könül xoşluğu illərlə yaşanılır. Hərdən bu illərə Tanrı payı deyənlər də olur və onları kimsə qınaya bilməz; könül xoşluğuyla əhatələnmək Tanrının bəndəyə ən gözəl lütfüdü. Tanrı məndən də lütfünü əsirgəməyib. Mən də işıqlı insanların düşüncələrinin işığında aylar-illər yaşamışam. O düşüncələrdən düşüncələrimə hopanları yaşada-yaşada yaşamağın fəzilətləri şükranlığım olub...

 

Şər həmişə oyaq olub. Şərə el arasında şərxata da deyirlər, yəni şər, xata, qada-bəla daşıyıcısı. Ondan uzaq olursan, uzaq dolanırsan, "ayağı iz bulur", uzaq dolanmırsan, şər səni izləyir. Ötən əsrin 30-cu illərində Qasımov Teymur Paşa oğlu belə çıxılmazlıqla üzləşib. Paxır ürəklilər görünən işığı söndürməyə cəhd göstərib; Səməd Vurğun sonralar yazacaqdı ki, "Günəşi örtsə də qara buludlar, Yenə qiymətini özündə saxlar". Dan yerini ona görə çox sevirik ki, qaranlıqları əridir, yəni Şəri üstələyir...

 

1911-ci ildə Qubadlı rayonunun Tatar kəndində anadan olan Teymur da Xocahan kəndində açılmış 7 illik məktəbdə təhsil alırdı. Onu da, sinif yoldaşı Hüseyn Məmmədovu da Bakıya ikiillik hüquq məktəbinə yazırlar. Göndərilmə ərəfəsində Şər öz işini görür: atasının yüzbaşı olduğunu bəhanə gətirərək Teymurun orda təhsil almasına imkan vermirlər.

 

Tatar kəndində kolxoz qurulanda Qubadlıdan gələn rəhbərlər hansı duyumun, hansı hissetmənin təsiriyləsə, Teymur Paşa oğlunu kolxoza mühasib təyin edirlər. Teymurun düşüncələrindən bir kəlam dikəlir: "Dərin qazma, özün düşərsən". "Dərin qazanlar"ın niyyəti bu gözlənilməz təyinatla daşa dəyir. Niyə belə edirdilər? - əqrəb xisləti istilahı həyatın bütün sahələrində gerçəkliyi ifadə edir...

 

Teymur işləyir, Bakıda mühasiblik təhsili alır, kəndə qayıdır. Daha böyük inamla, gərəkli savadla, dünyanın işləklərini "saf-çürük" etməyə yetərli olan təfəkkürlə qayıdır. Jdanov adına kolxozda baş mühasib işləyir. Camaatın güzəranının düzəlməsi üçün qanunla müəyyənləşdirilmiş bütün təzminatların ödənilməsinə nail olur. Bu, o dövr üçün böyük fədakarlıq idi...

 

Şər fəallaşır. Teymuru da, əmisi oğlu Qasımı da komsomol sıralarından çıxardırlar, toplanmış materiallar tələm-tələsik NKVD-yə ötürülür. O illərdə belə qərarlar sonrakı qəddarlığın başlanğıcı olurdu. Sonralar məlum olacaqdı ki, Sovet rejiminin siyasi dayaqları da, məlumat-informasiya mənbələri də "donoslardır". Yalan ayaq tutub yeriməsə də beləydi. Paşa kişi arşını əyilən dünyada kişiliyin, mərdliyin qadirliyini bilirdi, illərini bunu görə-görə yaşamışdı. Uşaqlarına da əyilməzlik, qorxmazlıq, mətinlik aşılamışdı.

 

"Şər daşıyıcıları" çox şeyə əl atsalar da heç nəyə nail ola bilmirdilər. Teymurla  Qasım "qaradan artıq rəng olmaz" fəlsəfəsini yaranmış vəziyyəti üyüşdürəcəyin gümanı ilə Stalinə məktub yazırlar. Və məktub hansı möcüzə nəticəsindəsə ünvanına çatır (çatdırılır). Az sonra Stalinə yazılmış məktubun məntiqi hədəsi rayonun liberal rəhbərlərini də, şər daşıyıcılarını da qorxudur: Oğul ataya cavabdeh deyil!..

 

Bu cavab Teymurun da, Qasımın da sabahlarına əl uzadan bədxahlığa son nəfəs olur; qəlbi paxırlar görürlər ki, əlləri heç zaman haqqın, ədalətin boyuna çatmayacaq.

 

Bədxahların (bədxahlığın) bulandırdığı su duruldu. El-oba onsuz da sayğı ilə, hörmətlə yanaşdığı bu nəsilin gücünə bir daha inandı. Bu güc həqiqətin gücü idi və Paşa kişi də, balaları da, digər əzizləri də təsdiqlədi ki, həqiqətin dizi heç zaman yerə gələ bilməz.

 

İkinci Dünya müharibəsi başladı. Bir zamanlar özünü sovet hökumətinin "gözünə soxanlardan" fərqli olaraq Teymur böyük qardaşı Şükürlə müharibəyə getdi. Mozdokda 6 ay hazırlıq kursu keçəndən sonra Şükür Stalinqrad (indiki Volqoqrad), Teymur isə Leninqrad (indiki Sankt-Peterburq) cəbhəsinə göndərildi. Üç ilə yaxın Leninqradı müdafiə edənlərin sırasında döyüşdü. O döyüşlər haqqında bu gün necə danışasan, nə danışasan? Hər anını ölüm hədələyən 517 belə gün haqqında danışmaq da, düşünmək də duyğuları coşdurur. Teymur Paşa oğlu kişi kimi döyüşürdü. Millətinin adına döyüşdü. El-obasının adına döyüşürdü, piral-ıməmmədli nəslinin adına döyüşürdü, öz adına döyüşürdü, balalarının alın açıqlığına döyüşürdü...

 

Teymur Paşa oğlunun 1943-cü ildə cəbhədən yazdığı məktubdan: "...Üç ay bundan əvvəl "Sever" adı ilə keçirilən çox böyük bir hücum əməliyyatında başımın sol tərəfindən güllə dəymişdi, lakin güllə daxilə keçməmişdi, sadəcə sümüyümü yaralamışdı. İki ay hərbi hospitalda yatdım, indi yenidən cəbhəyə qayıtmışam. Həmin hücum əməliyyatında məni də "Qırmızı Ulduz"ordeni ilə təltif etdilər. İndi səhhətim çox yaxşıdır, gümraham....

 

...Göndərdiyin baratı (pasılkanı) aldım, isti corablar bizə elə bil ki, göydəndüşmə oldu, isti əlcəklər də yaxşıdır. Burada bir azərbaycanlı dostum var, İmişli rayonundandır. Bir nəfər də tatar balası var. Onların da hərəsinə bir cüt corab, bir cüt əlcək verdim. Şirniyyatı isə bütün bölüyün əsgərlərinə payladım..."...

 

Məktubda bir məqam diqqəti çəkir: Teymurun ömür-gün yoldaşı Tovuz xanımın əliaçıqlığı - Teymura bir cüt deyil, bir neçə cüt corab, əlcək göndərib, Teymurun səxavəti, dost sevgisi - ona göndərilən isti corabların, əlcəklərin bir cütünü dostlarına verib, şirniyyatı hamıya göndərilmiş hesab edib - Qubadlıdan Leninqradda döyüşənlərə ehtiram kimi...

 

Müharibə illərindən söz düşəndə qürurlanırsan da, kövrəlirsən də. Qürur döyüşlərin qürurudu. Qələbənin qürurudu, kövrəklik davadan qayıtmayanların kövrəkliyidi, naməlum talelilərin kövrəkliyidi.

 

 

Teymur Paşa oğlu müharibədən qayıtdı. Ancaq necə?

 

1944-cü ilin iyulunda hücum əmri verilib. 30 gündən çox döyüş gedib. Düşmən geri çəkilməyə məcbur edilib. 

 

Gecənin zülmət qaranlığında aramsız yağış altında döyüşürdülər. Ətrafı topların, tankların atəşinin işığında görürmüşlər. Qəflətən elə bil Teymuru qaldırıb yerə çırpıblar. Nə baş verdiyini düşünməyə macal tapmayıb, huşunu itirib. Xeyli müddətdən sonra özünə gəlib. Hiss edib ki, sağ ayağı çox ağrıyır. Çəkməsini çıxartmaq istəyib, çıxarda bilməyib. Çəkməsi qanla dolubmuş. Sağına boylanıb, soluna boylanıb, döyüşçü yoldaşlarını səsləyib. Heç biri harayına hay verməyib. Bir də səsləyib. Nə qədər ağır olsa da çəkməsini özü kəsib çıxardıb. Bud sümüyü sallanırmış. Şinelinin ətəyini kəsib, yarasını sarıyıb, qanaxmanı birtəhər dayandırıb. Hava işıqlaşanda görüb ki, yaxınlığında üç döyüşçü həlak olub...

 

Teymuru xizəyə qoyub sanitar hissəyə gətiriblər, oradan hərbi hospitala təxliyə ediblər. Bir gün sonra cərrahiyyə əməliyyatı aparıblar. Üç ay hospitalda qalıb. Hərbi həkim komissiyasının qərarı ilə ordu sıralarından tərxis edilib...

 

Budur, bir azərbaycanlı döyüşçünün döyüş yolu. Sevgi var bu yolda, qətiyyət var, dözüm var. Zamanında danışılıb, eşidilib, yaddaşlara yazılıb. Mən də yazdım ki, unudulanlar yada düşsün.

 

Teymur Paşa oğlu ordu sıralarından tərxis edildikdən sonra uzun müddət müalicə olunub. Sonra - 1945-ci ilin may ayında Həsən Seyidbəylinin eyniadlı əsərində olduğu kimi, döyüş cəbhəsindən yenidən əmək cəbhəsinə qayıdıb. Qubadlının Tatar, Vənətli, Ulaslı, Məmər kəndlərində kolxozun   baş mühasibi, 1955-ci ildə Qubadlı rayon Partiya Komitəsinin Jdanov kolxozu üzrə partiya komitəsinin katibi, sonralar Zəngilan rayon Mərkəzi Xəstəxanasında və Zəngilan şəhər sovetində mühasib  işləyib; hamı - kolxoz idarə heyətinin üzvləri də, kolxozçular da, rayonların rəhbərliyi də onu dürüst kişi kimi tanıyırdılar, halallığına bələd idilər. "Qanan adama halal çörək ömür deməkdi..." - Teymur Paşa oğlunun kəlamlarındandı. Belə yaşadı, uşaqlarını da belə böyütdü. Halallıq bu ailənin də qibləsi olub. Tanıyanlar bunun gerçəkliyinə indi daha böyük sevgilərlə inanırlar.

 

Qasımov Teymur Paşa oğlu Böyük Vətən müharibəsində "Qırmızı ulduz" ordeninə, "İgidliyə görə" və digər döyüş medallarına layiq görülüb...

 

Oğlu Umud xatırlayır: Atam deyərdi: Çörək açmayan qapını heç nə aça bilməz. Bu kəlam Quranla tən tutulan çörəyi müqəddəs bilmənin, çörəyə verilən müqəddəs dəyərin, qonağı azərbaycançılığın emblemi bilmənin və s. nəticəsidir. Bir el məsəlini xatırlayıram: Ərlə arvadın torpağı eyni yerdən götürülür. Teymur kişinin ömür-gün yoldaşı Tovuz xanım deyərmiş: "Qonaqsız ev suyu sovulmuş dəyirmana bənzəyir"...

 

 Teymur kişi həmişə övladlarına deyərdi:

- Yadıınızda saxlayın, sizin hərəkətlərinizdən heç kimə ziyan dəyməməlidir, yoxsa çörəyimi sizə halal etmərəm...

 

Teymur Paşa oğlunun ömür yolu da düşüncələrə nələrsə demək qüdrətindədi.

 

Nə vaxtsa eşitdiyim bir kəlamı xatırlayıram: Yaxşı övlad ən böyük xəzinədir. Teymur Paşa oğlu sağlığında övladları ilə böyük qürur yaşadı, son nəfəsindən sonra ruhu narahatlıq çəkmədi.

 

Böyük oğlu polkovnik İslah Paşayev uzun müddət Daxili İşlər Nazirliyində məsul vəzifələrdə işləyib. 2022-ci il aprelin 4-də haqq dünyasına köcüb.

 

Nuşirəvan, Bakı Politexnik Texnikumda müəllim, direktor müavini, direktor  işləyib. Dissertasiya müdafiə edib, dosent olub. 1987-ci ildə Təhsil Nazirliyinin Dövlət Müfəttişliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilib...

 

Umud institutunu bitirdikdən sonra Xırdalan Pivə zavodunda sex rəisi, zavodun direktor müavini, zavod üçün mütəxəssislər hazırlayan  94 saylı texniki peşə məktəbinin direktoru işləyib. Sonralar Yeyinti Sənayesi Nazirliyinə məsul vəzifəyə göndərilib. Təyin olunduğu bütün vəzifələrdə məsuliyyətlə işləyib...

 

Rizvan fizika-riyaziyyat emləri doktoru kimi  Bakı Dövlət Universitetinin professoru, 80-dən çox elmi əsərin müəllifi idi, Azərbaycanda kibernetikanın inkişafında, formalaşmasında böyük xidmətləri olub.Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin ilk dekanı olub... "Tərəqqi" medalı ilə təltif edilib.

 

Seyfəddin Zəngilanda müxtəlif məktəblərdə riyaziyyat müəllimi, Zəngilan rayon Partiya Komitəsində təlimatçı, Əhaliyə Məişət Xidməti İstehsalat idarəsinin rəisi və iyirmi ildən çox Zəngilan rayon İcra Hakimiyyəti başçısının müavini vəzifələrində işləyib. "Tərəqqi" medalı ilə təltif edilib.

 

Teymur Paşa oğlunun nəvələri babalarının da, atalarının da adına yaraşan vətəndaşdırlar, dövlətçiliklə bağlı vəzifələrdə, sosial həyatın müxtəlif sahələrində məsuliyyətlə, dövlətə sədaqətlə xidmət edirlər...

 

Teymur Paşa oğlu sağlığında oğulları ilə qürurlanırdı. Bu qüruru Tanrı lütfü bilirdi.

 

1980-ci il fevralın 25-də dünyadan narahat köçmədi Teymur Paşa oğlu...

 

Zəngilanın işğaldan azad edilməsi onun da dünyadan vaxtsız köçmüş oğullarının- Rizvanın və Nuşirəvanın da ruhunu narahatlıqdan qurtardı...

 

Ruhun sağlığında Vətən üçün yaşadı, son nəfəsindən sonra ruhun Zəngilanın sabahlarının keşiyində də şad olsun, Teymur Paşa oğlu...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"