Müxalifətin 30 ildən sonrakı PORTRETİ

14:00 06-05-2022 | icon 187 | Siyasət
Müxalifətin 30 ildən sonrakı PORTRETİ

Elxan Şükürlü : “...canavar kimi ağız-ağıza yatanların ikrah doğuran seçki oyunları”

 

 “Adamlar özünütənqid hissini tamamilə itiriblər və hələ də anlamırlar ki, hakimiyyəti dəyişmək üçün əvvəlcə özlərini - müxalifəti dəyişməli, öncə müxalifəti yeniləməyin yolunu tapmalı, səhvlərinə görə üzr istəməli və yalnız bundan sonra cəmiyyətə üz tutmalıdırlar. Yenilənə bilməyən, kininin, nifrətinin və yalanlarının əsirinə çevrilmiş müxalifətin onu dəfələrlə yenmiş bir hakimiyyətdən çarəsiz dəyişiklik tələbi, bağırtıyla deyilsə belə, cəmiyyətdə zəhlətökən köhnə qapı cırıltısından başqa bir şey deyil”.

 

Versus.az xəbər verir ki, bunu Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü dünya düzəninin yenilənmə prosesində Azərbaycan müxalifətinin bugünkü durumu ilə bağlı şərhində bildirib. Onun sözlərinə görə, “Azərbaycan xalqı düz 30 ildir ki, bir siyasi qüvvənin - YAP-ın hakimiyyətdə, onun hakimiyyətdən yıxdığı siyasi qüvvənin - AXC-Müsavat tandeminin isə müxalifətdə rol aldığı eyni tamaşanı, siyasi serialı seyr edir.

 

E.Şükürlü qeyd edib ki, 30 il boyunca özünü dəyişə bilməyənlərin və 30 il sonra da etdiyi səhvləri təkrarlayanların hakimiyyətdən dəyişiklik tələb etməsi və bütün təqsirlərini cəmiyyətin üzərinə yıxaraq, onu dəstək verməməkdə qınaması, borclu çıxarması təkcə itirilmiş mənəviyyatın yox, həm də ağır psixoloji travmanın, xəstəliyin ifadəsi, təzahürüdür:

 

“Prezidentli respublika olan ölkəmizdə bu 30 il ərzində 6 dəfə prezident, 6 dəfə də parlament seçkiləri keçirilib. 1993 və 1998-ci ilin prezident seçkilərində YAP sədri Heydər Əliyev, 2003, 2008, 2013 və 2018 seçkilərində isə varisi - oğlu İlham Əliyev qalib gəlib. Son 30 il boyunca ata-oğul Əliyevlərin əsas alternativi olduqlarını iddia edən, özlərini “ana müxalifət”, digər partiyaları “cib müxalifəti”, indi isə “avtobus müxalifəti” adlandıran AXC və Müsavat partiyaları bu 6 prezident seçkisinin 4-nü boykot edib, 2-nə isə qatılaraq uduzublar. Hər dəfə də prezident seçkilərinin nəticələrini tanımadıqlarını və hakimiyyəti qeyri-legitim elan etsələr də, seçkilərdən sonrakı etirazları davamlı, sistemli və təsiredici xarakter daşımayıb və məğlubiyyətləriylə, faktiki olaraq, barışıblar. Hətta qeyri-legitim elan etdikləri hakimiyyətin qanunverici orqanında – parlamentində yer almaq üçün ayrı-ayrılıqda separat danışıqlara gedərək, 1995, 2000, 2005 seçkilərində deputat mandatı da əldə ediblər. Bu 30 il boyunca AXC-Müsavat tandemi hər seçki məğlubiyyətini hakimiyyətin onlara qarşı sərt repressiv siyasət aparmasıyla izah etməyə çalışa da, reallıq budur ki, cəbhəçilərlə müsavatçılar arasında hökm sürən ənənəvi qeyri-səmimi və qeyri-sağlam münasibətlər vaxtilə Elçibəy hakimiyyətinin zamansız çöküş səbəbi olduğu kimi, müxalifətdəki uzunmüddətli uğursuzluqlarının da əsas səbəbinə, ictimai dəstəyin sürətli itirilməsinin ana xəttinə çevrilib. 30 il boyunca eyni siyasi təşkilatda və eyni hakimiyyət komandasında təmsil olunsalar da, eyni masa və süfrə arxasında əyləşib, eyni siyasi blokda birləşsələr də, ancaq hər dəfə də bir-birinin üzünə gülə-gülə eyni adamlar bir-birinin çörəyinə bal içərisində zəhər sürtüblər, bir-birinin ayağının altını, hətta bir-birinin siyasi məzarını həvəslə qazıblar. İqtidardakının yox, öz düşərgə və komanda yoldaşlarının məğlubiyyətinə sevinib, əl çalıb, bunun üçün çalışıblar”.

 

E.Şükürlü bildirib ki, təbii, hakimiyyət də rəqib cinahındakı bu qeyri-sağlam və riyakar mühitdən, münasibətlər sistemindən məharətlə yararlanaraq, hər iki tərəfi uzun illər boyu ustalıqla idarə edib, bütün prosesləri zamanında öz lehinə dəyişməyi bacarıb. O, müxalifətin bu illər ərzində yalnız iki dəfə hakimiyyətə gəlmə mkanının olduğunu qeyd edib:

 

“1998-ci il seçkilərində rəhmətlik Elçibəyin prezidentliyə vahid namizədliyi müzakirə olunsa da, hətta vaxtilə Heydər Əliyev komandasında yer alan və sonradan müxalifətə keçmiş İlyas İsmayılov, Rəsul Quliyev, Lalə Şövkət kimi nüfuzlu partiya sədrləri belə, eks-prezident Elçibəyin namizədliyini müdafiəyə hazır olduqlarını bildirsələr də, məhz keçmiş komanda və hərəkat yoldaşları - Müsavat Partiyası və AMİP Elçibəyin önünə sədd çəkmiş, beləcə, müxalifətin vahid namizədlə seçkiyə qatılması prosesini pozmuşdular...

 

2000-ci ilin parlament seçkiləri ərəfəsində isə eks-prezident Elçibəyin qəfildən xəstələnib Türkiyədə dünyasını dəyişməsi ilə Xalq Cəbhəsi iki təşkilata parçalanmış, hakimiyyət legitim tərəf kimi Əli Kərimlinin rəhbərlik etdiyi qanadı, Müsavat Partiyası isə Mirmahmud Mirəlioğlunun rəhbərlik etdiyi qanadı “gerçək Cəbhə” kimi tanımışdı. Hətta həmin ilin seçkilərində Əli Kərimlinin AXCP-si “ana müxalifət” kimi parlamentə də buraxılmışdı. Ancaq rəhmətlik Heydər Əliyevin səhhəti haqqında məlumatlı olan amerikalıların parlament müxalifəti ilə apardıqları intensiv iş Əi Kərimli AXCP-sinə hakimiyyətin isti münasibətni də dəyişmiş və hakimiyyət dəyişikliyi mexanizmini əldə saxlamaq üçün 2002-ci ilin avqustunda Konstitusiya referendumuna gedilməsini zəruri etmişdi...

 

Beləcə, Heydər Əliyevin Klivlenddə xəstə halında yatdığı, hakimiyyət düşərgəsində qeyri-müəyyənliyin və çaşqınlığın yarandığı bir şəraitdə 2003-cü ilin prezident seçkilərinə gedilmişdi.

 

Xatırlayanlar olar: xarici ölkə səfirləri həmin aylar ərzində müxalif partiya qərargahlarından çıxmaq bilmir və bütün diplomatik etiketləri, qayda-qanunları bir kənara tullayaraq, açıq şəkildə ölkənin iç işlərinə də qarışaraq, partiya sədrlərinə çağırış edirdilər: “Qələbə istəyirsinizsə, gedin, vahid namizədinizi müəyyənləşdirin, biz də dəstək verək”.

 

Müxalif düşərgə isə müsavatçılarla cəbhəçilərin ənənəvi intriqası ucbatından bölünmüşdü, birləşə və vahid namizədini, liderini müəyyənləşdirə bilmirdi. Müsvatçılar cəbhəçiləri, cəbhəçilər də müsavatçıları hakimiyyətə işləməkdə suçlayır və əllərindəki media resursları ilə bütün müxalifəti şantaj edir, pozuculuqla məşğul olurdular.

 

Elə bu sayaq didişə-didişə, bir-birinin ayağından çəkə-çəkə də 2003-cü il seçkilərinə qatıldılar. Əli Kərimlinin cəbhəsi Elçibəy hökumətinin yıxılmasında əsas rolu olmuş Etibar Məmmədovun, Mirmahmud Mirəlioğlunun cəbhəsi isə Elçibəyin son arzusunu ürəyində qoymuş İsa Qəmbərin namizədliyini dəstəklədi...

 

Hakimiyyət isə ata Əliyevin tövsiyəsinə uyğun olaraq, öz vahid namizədini və gələcək liderini asanca müəyyənləşdirdi – gənc İlham Əliyev...”

 

 

E.Şükürlü məhz müxalifətin pərakəndəliyi, hakimiyyət komandasının monolitliyini və cəmiyyətin ona aşkar dəstəyini görən beynəlxalq aləmin hakimiyyətin namizədindən yana olduğunu qeyd edib. Onun sözlərinə görə, məhz bu səbəbdən Azərbaycanda hakimiyyət dəyişikliyində rolu və imkanı olan güclərin hamısı – Rusiya, Türkiyə, ABŞ və Avropa Birliyi birmənalı şəkildə hakimiyyətin cızdığı dəyişiklik ssenarisini qəbul etməyə məcbur qaldılar...

 

E.Şükürlü bildirib ki, canavar kimi ağız-ağıza yatan cəbhəçilərlə müsavatçıların ikrah doğuran seçki oyunları sonrakı müddətdə - 2005, 2008, 2010, 2013, 2015 seçkilərində də oxşar ssenarilərlə təkrarlanıb:

 

“Bir-birini hökumətə işləməkdə, satqınçılıqda suçlayanlar hər seçkiqabağı dövrdə ictimai qınaqdan qorxaraq, yığışıb birlik görüntüsü yaratdılar, seçkidən sonra da yenə bir-birini hökumətə işləməkdə suçlayaraq, parçalanıb, dağıldılar. Eyni ab-hava 30 ildən sonra – bu gün də həmin düşərgədə, həmin insanlar arasında ən eybəcər formada davam edir. Bir neçə gün əvvəl Müsavat Partiyasının Milli Şura rəhbərliyində təmsil olunan Tofiq Yaqublunun AXCP sədri Əli Kərimli və Milli Şura üzvü Gültəkin Hacıbəyli haqqında yayılmış səs yazısını qeyd edən E.Şükürlü bildirib ki, bu səs yazısı bu qədər məhrumiyyətlərə, basqılara baxmayaraq, adamların 30 il boyunca alışdıqları intriqa təkrarçılığını, pis vərdişlərini qətiyyən tərgitmək niyyətində olmadığını sübut edir.

İndi belə görünür ki, 30 ilin ənənəvi cəbhəçi-müsavatçı intriqası acı tale kimi, bu siyasi təşkilatların da qədərinə çevrilib, onu dəyişmək qətiyyən mümkün deyil.

 

E.Şükürlü bildirib ki, İkinci Qarabağ savaşından sonra artıq təkcə ölkəmizdə, yerləşdiyimiz regionda yox, bütün dünyada yeni bir dövr başlayıb:

 

“Bu yeni dövrə adaptasiya olunmaq və öz milli maraqlarımızı bu yeni şəraitdə uğurla müdafiə etmək istəyiriksə, keçmişinin və hisslərinin - kininin, nifrətinin girovuna çevrilmiş, xarici güclərin maşası funksiyasını yerinə yetirən uğursuz siyasətçilərin yox, ölkəsini və insanlarını sevən, ümumun uğurunu istəyən və gələcəyə dair aydın baxışları olan insanlarımızın siyasət səhnəsinə çıxmasında maraqlı olmalıyıq”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İnfeksion endokarditin xüsusi formaları

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"