"Başqa “yan” hakimiyyətə gələrsə,  vaxt uzanacaq"

10:30 14-05-2022 | icon 331 | Siyasət
"Başqa “yan” hakimiyyətə gələrsə,  vaxt uzanacaq"

Fuad Əliyev: “Rus sülhməramlıların ərazilərimizdən çıxmasına az vaxt qaldı və...” 

 

Bir qədər əvvəl dünya azərbaycanlıları Şuşa Zəfərinə toplaşdı və qala şəhərindən dünyaya müəyyən mesajlar ötürüldü. Bu gün isə Şuşa növbəti bir festivala ev sahibliyi edir. Dünya xalqları öz folklorları, mədəniyyətləri ilə Şuşada bir araya gəldilər. Bu gün Azərbaycanımız dünayaya sülh mesajı verdiyi halda, Ermənistan silahlı qüvvələri Kəlbəcər istiqamətindən ərazilərimizi atəşə tutur, rəhbərliyi isə öz revanşist siyasətindən əl çəkmir....

 

Bu istiqamətdə Versus.az-a müsahibə verən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev maraqlı nüanslara diqqət çəkib.

 

- Fuad bəy, regionda cərəyan edən proseslərin fonunda görünən odur ki, erməni revanşistləri öz məkrli niyyətlərindən, müharibə ritorikasından əl çəkmirlər. Azərbaycan isə Şuşa festivalından dünyaya sülh mesajını verir. Bəs Ermənistan atəşkəsi pozmaqla nə demək istəyir?

 

- Biz artıq 2 ildir ki, Şuşa şəhərində müxtəlif festivallar keçirdirik. Bu ilk növbədə bütün dünyaya onu göstərir ki, biz xalq olaraq həmişə sülhün tərəfdarı olmuşuq. Xalq olaraq öz yüksək mədəniyyətimizi göstərmişik, təbliğ etmişik. Biz belə tədbirlərlə hansı adət-ənənəyə sahib olduğumuzu, xalq, dövlət olaraq hansı niyyətdə olduğumuzu nümayiş etdirmişik. Bundan əvvəl Şuşada diaspor təşkilatları toplaşmışdı. Bu bizdə belə bir ümid yatatdı ki, bundan sonra diaspora təşkilatlarımız Vətən Müharibəsində göstərdikləri aktivliyi daha da artıracaqlar. İndi əsas yük onların üzərindədir. İnformatik və diplomatik müharibədə onlar ön cəbhədədirlər. Onlardan çox şey asılıdır...

Aydın məsələdir ki, erməni diaspor təşkilatları 100 illər boyu fəaliyyət göstəriblər və qondarma “dənizdən- dənizə” siyasətlərini genişləndimək kimi sərsəm ideyalarının arxasınca gediblər. Təbii ki, bizim qarşımızda dayanan əsas işlərdən biri bu yanlış ideyanın pozulmasına, dağıdılmasına çalışmaq və cəfəng olduğunu bir daha dünyaya çatdırmaqdır. Ermənilər özləri də gördü ki, onların bu uydurma ideologiyası 44 gün ərzində darmadağın edildi. Bu günə qədər də radikal-revanşist erməni millətçiləri hələ də özlərinə gələ bilməyiblər.

Bu gün keçirilən Şuşa festivalı onu göstərir ki, biz irəliyə doğru yürütdüyümüz siyasəti davam etdiririk.  Çox xoşdur ki, artıq bu festivalda bir neçə türkdilli ölkələrdən, Avropadan qonaqlar gəlib öz folklorlarını nümayiş etdirirlər. Təbii ki, bu bir sülh mesajdır. Amma onu da unutmamalıyıq ki, biz bu sülh mesajlarını hər zaman vermişik. Dünya bunu qəbul edirdimi, sual budur. Biz illər boyu ermənilərin Azərbaycan torpaqlarını işğal etdiyini, mədəniyyətimizi məhv etdiyini BMT, YUNESKO kimi təşkilatlarına çatdırmışıq. Amma onlar bizim səsimizi eşidirdimi, yox!..

Və bizim Ordumuz BMT-nin məlum 4 qətnaməsini, digər Avropa təşkilatlarının qərarlarını özü həyata keçirtdi. Bu beynəlxalq təşkilatlar sadəcə kağızlar üzərində müəyyən qərarlar verirdilər ki, Ermənistan Azərbaycanın dövlət sərhədlərini tanımalıdır, Qarabağda olan separatçı silahlı ermənilər ərazilərimizdən çıxarılmalıdır və sair. Amma real bir addım atmırdılar və bu proses hələ də davam edir. O da bəllidir ki, ATƏT-in Minsk Qrupu adında ölü bir təşkilat yaratdılar ki, o qrup da erməniləlrin xeyrinə vaxt udmaqdan başqa bir iş görmürdü. Siyasi Partiyalar işğaldan sonra Ağdam, Şuşa şəhərinə gedəndə bütün kəndlərin, şəhərlərin necə darmadağın olduğunu, xarabalığa çevrildiyini öz gözlərimizlə gördük. Ermənilər bu 30 il ərzində torpaqlarımızı, kəndlərimizi, rayonlarımızı, kəndlərimizi dağıdıblar. Bu da onu göstərir ki, onların həmin yerlərdə yaşamaq fikirləri olmayıb. O onların məqsədi dağıtmaq, məhv etmək, Azərbaycan dövlət, xalq olaraq zərər vermək olub. Biz dünyaya “o torpaqlar işğaldan azad edilməlidir” deyirdik, amma qəbul etmirdilər. Ona görə də biz özümüz torpaqları o erməni işgəncəsindən xilas etdik. Hətta indi də festival ərəfəsində mayın 10-11-də Xankəndidə atışmalar olmuşdu və özləri bir erməni generalını tərksilah edərək saxlamışdılar. İndi də Kəlbəcər İstiqamətində atəşkəsi pozurlar.

 

- Söz yox ki, bu gün Azərbaycan özü yeni düzən yaradır və dəmir yumruğumuz yerindədir.  Lakin belə bir ərəfədə sosial şəbəkələrdə “maraqlı” fikirlərlə rastlaşdıq. Şuşada keçirilən festivalla bağlı “Şükr” edənlər də çoxdur, “düşmən silahı yerə qoymayıbsa, bu nə mənasız çal-çağırdır” deyə, pessimist yanaşanlar da var. Buna nə deyərdiz, belə neqativ yanaşmalar hardan gəlir, nə dərəcədə doğrudur?

 

- Belə ümidsiz, neqativ yanaşmalara əvvəldən də rast gəlinirdi. Amma bunlar çox az qisim insanlar tərəfindən səslənir. Onlar sadəcə qələbəni qəbul edə bilmirlər. Hesab edirəm ki, Xankəndi, hələ ki, nəzarətimizdə olmayan digər şəhərlər Azərbaycan əraziləridir və çox qısa zamanda bizim vətəndaşlarımız ora qayıdacaqlar. Dövlət başçısı da qeyd edib ki, ilk olaraq azad olunan ərazilərdə bərpa işləri getməlidir və ilin axırına qədər əhalinin Ağdama, Zəngilana, Şuşaya, Füzuliyə, Laçına və digər ərazilərimizə qayıtması nəzərdə tutulur. Ondan sonra artıq vətəndaşlarımız Xankəndi və digər şəhərlərə də qayıdacaqlar.

Əhalinin qayıtması üçün birinci növbədə onların yaşayışı təmin olunmalıdır. Bu gün onlar hara qayıtmalıdır? Düşünürəm ki, bunlar mərhələli şəkildə həll olunacaq. Düzdür, ilk zamanlarda mən də belə fikirlər işlədirdim ki, biz çox qısa zamanda o yerlərə qayıtmalıyıq. Amma özüm gedib o yerlərin vəziyyətini görəndən sonra gördüm ki, yox, hələ bu yerlərdrə görüləcək işlər çoxdur. Biz tez bir zamanda orada həyatı bərpa edə bilməyəcəyik. Amma sülhməramlıların ərazilərimizdən çıxmasına az vaxt qaldı və onlar ərazilərimizdən çıxacaqlar. Hətta sülhməramlıların müəyyən ərazilərdən çıxarılması ilə bağlı xəbərlər yayıldı, artıq gedirlər.

Digər tərəfdən, biz 2021-ci ildə rus sülhməramlılarının erməniləri Xankəndiyə köçürməsi, onlara evlər, məktəblər tikib orada yerləşdirmələrini müşahidə edirdiksə, indi ermənilərin ordan qaçdığını görürük. Yəni ermənilər də Qarabağda yaşamaq istəmirlər. Əgər ötən ilki statistikaya görə Xankəndinə 20 min erməni yaşayırdısa, son statistikaya görə 10 min erməni yaşayır. Yəni say getdikcə azalır, yəni bunlar orda qalmayacaq.

 

- Amma nəzərə alaq ki, kimlərsə onların orada qalmasında maraqlıdır, erməniləri həmin ərazilərə köçürür və deyir ki, yaşamalısan. Üstəlik, Ermənistanda etiraz aksiyaları keçirdib Azərbaycanla münasibətlərin normallaşmasına qarşı çıxırlar. Bir sözlə, Qarabağda qalan ermənilərin ixtiyarları da öz əllərində deyil və istənilən separatizmi onlardan gözləmək olar....

 

 

- Ermənilər orda qalmayacaq, qalanlar da yaşlı nəsil olacaq. Burdan gedənlər də Ermənistana gedə bilmir. Qarabağda yaşayan bizim erməni vətəndaşlarımız əsasən Rusiyaya gedirlər. Ermənistandakı aksiyalara gəlincə, ilk gündə orda 10 minlərlə adam iştirak edirdisə, son günlərdə aksiyaçıların sayı azalıb. Burda Paşinyan taktika yürütdü, imkan verdi ki, adamlar küçələrə çıxıb öz etirazını bildirsinlər. Parlamentə də girdilər. Amma sonra nə baş verdi, elə ilk gündə 220 nəfər həbs olundu. Sonrakı gündə əsas etirazçılar götürüldü. Orda etiraz edənlər də bizim keçmiş vətəndaşlardır. Hansı ki, Qarabağda yaşamaq istəməyib Ermənistana gediblər. Bir sözlə, meydanda Ermənistanın yerli vətəndaşları ilə Qarabağdan gedən vətəndaşlar arasında toqquşma gedir.

 

Burda Paşinyanın devrilməsi məqsədi ola bilərmi?

 

Paşinyan özü də meydandan, küçədən hakimiyyətə gəlib. Onu meydanlarda 100 minlərlə insan dəstəkləmişdi. 5-10 min insanla hələ heç kim hakimiyyətə gələ bilməyib. Ona görə də Ermənistanda etiraz edən çox az sayda insanla hər hansı bir ciddi dəyişikliyin olacağını düşünmürəm. Keçmiş bizim vətəndaşlar olan Köçəryan, Sarkisyan elə bilirlər ki, yenə də 88-99-cı illərdə olduğu kimi qondadma “arsax” fikiləri ilə hakimiyyətə gələ bilərlər. Bunlar alınmayacaq. Məlumdur ki, Köçəryan “Qazprom”un bir neçə aksiyasına sahibdir. “Qazprom” da Moskvada yerləşir və belə deyilir ki, Putinin yaxın adamıdır. Amma görünən odur ki, Putin də artıq onu hakimiyytə gətirə bilmir. Çünki dəstək yoxdur, erməni vətəndaşları onlara hərbi dəstək vermirlər. Paşinyan yalnız daxili komandasının çevirilişi ilə devrilə bilər.

 

- Fuad bəy, məsələ budur ki, hərbi ekspertlər də bildirirlər ki, sərhəddə atəşkəsin pozulması məhz siyasi meydanda keçirilən aksiyalarla əlaqəli şəkildə davam edir.

 

- Sözsüz ki, erməni ordusunda müəyyən vəzifəli şəxslər var ki, münaqişəni daha da gərginləşdirib hərbi çevriliş yaratmaq istəyirlər. Bunlar olacaq. Amma belə hadisələr lokal xarakter daşıyır. Atəşkəs bir ay əvvəl Tovuz istiqamətində idisə, indi Xankəndidə, Kəlbəcərdə baş verdi. Paşinyan özü bunları zərərsizləşdirir. Yadınızdadırsa, Paşinyan hələ hakimiyyətə gəlməzdən qabaq erməni ictimaiyyətinə belə bir mesaj vermişdi ki, "Dağlıq Qarabağ" bizim üçün yükdür. O vaxt da demişdi ki, gərək Azərbaycanla müəyyən məsələlərdə razılaşsınlar.

 

- Paşinyan nə dərəcədə güclü, nə dərəcədə ağıllıdır ki, bu siyasəti özü tənzimləyə bilsin. Ola bilərmi ki, bu proses erməni hakimiyyətini tənzimləyən, yönəldən xarici güclərin diqtəsi ilə getsin?

 

- Paşinyan təcrübəli siyasətçi olmasa da, işin içindədir. Hamıya da məlumdur ki, o SOROS-un maliyyəsi ilə hakimiyyətə gəlib. Bu da onu göstərir ki, onunla işləyiblər, onu hazırlayıblar və nəzarətdə saxlayırlar. Onun hakimiyyətə gəlməzdən qabaq meydanlarda necə şou göstərdiyini izlədik: bir “kepka”, bir sumkanı çiyninə atıb gedirdi meydana. Onu belə treninqlərdən keçirib, yetişdiriblər. Onun arxasında da duran Amerika, SOROS fondudur. Bu gün də həmin dəstək qalır. Sadəcə hakimiyyətdə qalmaq üçün o, Putinlə müəyyən razılaşmaya gedib. Başa düşür ki, Rusiyanın razılığı orda olmasa, hakimiyyətdə qalması mümkün olmayacaq. Çünki hər kəs yaxşı bilir ki, Ermənistanın enerji resurslarının 80-90 fazisi Rusiyanın əlindədir. Ermənistanın dəmir yolu Rusiyanın əlindədir, sərhədlərini rus əsgərləri qoruyur. Demək olar ki, bütün aparıcı müəssisələr hamısı Rusların əlindədir. Ona görə də Paşinyan anlayır ki, hakimiyyətdə qalmaq üçün müəyyən məsələlərdə Putinlə razılaşmaq lazımdır. O da Moskvaya son səfərində bunu edib. İndi də müəyyən addımlar atır ki, Ermənistanın Rusiyanın nəzarətindən tam çıxartsın.

 

- Paşinyan çox “maraqlı” oyun aparır. Bir tərəfdən Brüssel görüşündə söz verdi ki, Azərbaycanla münasibətləri qaydasına qoymalıdır, sühə gəlməlidir, delimitasiya, demorkasiya prosesinə başlamalıdır. Digər tərəfdən də Moskva səfərindən sonra Azərbaycana qarşı əks tezislərlə çıxış etməyə başladı. Belə qətiyyətsiz yanaşma Paşinyanı hara aparacaq?

 

- Brüsseldə heç bir yenilik olmayıb. Düşünürəm ki, Brüssel 9 noyabrın növbəti bir nümunəsi oldu. Sadəcə olaraq Brüsseldə Azərbaycanın təklif etdiyi 5 bəndlik paket üzrə razılığa gəlinmişdi. Delimitasiya, demorkasiya, sərhədlərin tanınması, silahlıların çıxarılması məsələləri 9 noyabr sazişində də var idi.

 

- Azərbaycanın təqdim etdiyi təkliflər paketi və danışıqların ruhuna əsasən Ermənistan sülhə gəlməlidir. Amma prosesi uzadan erməni oyunçuları da ortada. Yenə də vəziyyəti gərginləşdirən revanşistlər 9 noyabr, Brüssel razılaşmalarından yayınmaq istəyirlər. Ermənilərin sərsəm oyunları ilə sülh sazişinin imzalanması hansı zamana çəkə bilər?

 

- Paşinyan hakimiyətdə olarsa, sülh sazişinin bağlanması tezliklə baş verəcək. Başqa bir “yan” hakimiyyətə gələrsə, vaxt bir az uzanacaq. Bütün hallarda Ermənistan bizim təklif etdiyimiz 5 bəndlik paketə axır-əvvəl imza atacaq. Paşinyan özü də bunu istəyir və deyir ki, Qarabağ Ermənistan üçün bir yükdür.

Paşinyan bilir ki, sülh müqaviləsini imzalamasa hakimiyyətdə qalmayacaq. Digər tərəfdən, Paşinyan istədi-istəmədi biz Qarabağda, Azərbaycanın sərhəd bütövlüyü istiqamətində son məqsədlərimizə nail olacağıq. Əgər onlar Azərbaycan sərhədlərini tanımasalar, biz də onların sərhədlərini tanımayacağıq. Bu da ona gətirib çıxardır ki, ordumuz istənilən vaxt həm daxildə antiterror əməliyyatlarına başlaya bilər, həm də istənilən vaxt Zəngəzur dəhlizinin tikilməsi prosesində həmin ərazilərdə yerləşdirilə bilər. Bu faktdr.  Ona görə də paşinyanlar buna getməyəcək.

 

- Fuad bəy, dediniz ki, Paşinyan hakimiyyətdə olarsa, sülh sazişi imzalanacaq, gedərsə, uzanacaq. Bu, erməni revanşistlərin marağında olan məsələdir. O zaman “devrilməsi ehtimalı da çoxdur” deyə bilərikmi?

 

- İndi erməni müxalifətinin o gücü yoxdur ki, hakimiyyəti dəyişsin. Son vaxtlar erməni cəmiyyətində normal düşüncəli insanlar da çoxalıb. Revanşistlər hərb ritorikasında xalqdan dəstək ala bilmir. Qarabağ artıq onlar üçün yoxdur. 44 günlük müharibədə işğalçı Ermənistanın 10 minə yaxın əsgəri ölüb. Kim istər ki, indən sonra bu qədər itki olsun. Hansı bir erməni anası istiyər ki, övladı bir işğalçı ordunun tərkibində gedib Azərbaycanda ölsün, üstünə meyidi gəlsin. Təbii ki, istəməz. Məncə xalq artıq bunu anlayır.

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qırmızı xalıda soyunub qışqırdı: “Bizi zorlamayın” VİDEO

İnfeksion endokarditin xüsusi formaları

Sabah Qarabağda yeni savaşın ANONSU verilə bilər

Azad edilmiş ərazilərin bərpasına xərclənən vəsait AÇIQLANDI

Azərbaycanda 1 nəfər koronavirusa yoluxub, ölən olmayıb

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır-FOTO

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

"Putin Ərdoğanın bu təklifini rədd etdi"

"Bütün bunlar ABŞ-ın diqqətindən qaçmayıb"

Həyəcan dolu 3 saat: Bugünkü imtahandan FOTOREPORTAJ

“Onun hekayəsi” TƏQDİM EDİLDİ

Zelenski müharibənin necə bitəcəyini ELAN ETDİ

İradə Əlili MÜKAFATLANDIRILDI

“İgid əsgər, möhkəm dayan” 

"Özü seçmir, sonra da hakimiyyətin siyasətini qəbul etmir"