"Müxtəlif çağırışlar altında sabitliyi pozmağa çalışırlar"

13:29 03-06-2022 | icon 426 | Siyasət
"Müxtəlif çağırışlar altında sabitliyi pozmağa çalışırlar"

Ceyhun Məmmədov: “Azərbaycanda olan mövcud sabitlik bəzi qurumları narahat etməkdədir”

 

Yeni dünya düzənini quran qlobal iştirakçılar güclülərə diqtə etmək, qaliblərə yaşamaq haqqı tanısa da, heç kimi öz hədəfindən kənarda saxlamır. Bu gün ölkəmizin regionda dəyişikliyin önündə dayandığını sözdə qəbul edənlər öz məkirlərindən də əl çəkmirlər. Qarabağda işğalçıya qarşı hərbi zəfərimizi həzm edə bilməyən maraqlı qüvvələr yeni müstəviyə köhnə kirlərini tökməklə vəziyyəti gərginləşdirməkdə davam edir. Bəzi qruplar işğal, müharibə fəsadlarını aradan qaldırmağa çalışan dövlətlərin başını millətin birliyini, əzmini, qürurunu, qorxmazlığını sarsıtmaq naminə dini-etnik ədavət, insan haqları zəminində özü üçün boşluqlar axtarır...

 

Regionun ən güclü və coğrofi xəritədə strateji mövqedə yerləşən Azərbaycanın belə bir gərgin situasiyada nələrə şahidlik etdiyi ortada. Hərb məkanında real gücümüzü qəbul edib, dövlət sərhədlərimizi tanıyan güclərin hansı maraqlarla işğalçıya qarşı sərt sanksiya tətbiq etmək istəməməsi də birmənalı qarşılanmır. Və bu gün post-müharibə dövründə ölkəmizə qarşı hansı oyunlar qurulur?...

 

Versus.az xəbər verir ki, Milli Məclisin deputatı, İctimai birliklər və Dini qurumlar, Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov müsahibəsində müraqlı nüanslara diqqət çəkib.

 

- Ceyhun müəllim, 44 günlük müharibədən sonra bir sıra məkirli qruplar özünü müxtəlif formalarla meydanlarda büruzə verməyə başlayıb. Ermənistana 5 baza prinsipi əsasında təkliflər paketi təqdim edən Azərbaycan işğalçı, separatçı dövlətin sülhə cəlb edilməsini gözlədiyi halda müxtəlif süni əngəllərə şahidlik edirik. Bu gün erməni havadarları, xarici güclər  ölkəmizə qarşı hansı alətlərdən istifadə etməyə çalışır?

 

- Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın qələbəsi heç də bütün dövlətlər tərəfindən birmənalı qarşılanmır. Bu gün biz bir sıra qüvvələrin Azərbaycanda sabitliyi pozmağa cəhd etdiklərinin şahidi olur, zaman-zaman müxtəlif qərəzli hesabatların yayıldığını müşahidə edirik. Əslində isə onlar əsas diqqəti sülhün təmin olunmasına yönəltməli idilər.

Bir neçə gündür ki, Ermənistanın paytaxtında mitinqlər keçirilir, 400 nəfərədən çox adam həbs olunub. Ancaq bununla bağlı heç bir beynəlxalq qurumun hesabatını, reaksiyasını görmürük. Bu, Ermənistanda baş verən ilk hadisə deyil. Artıq belə etirazlar illərdir baş verir və hökumət tərəfindən çox da sərt formada yatırılır. Biz bir dəfə görmədik ki, beynəlxalq qurumlar buna görə Ermənistan hökumətini qınasın. Amma bir neçə gün əvvəl Bakının mərkəzində bir qrup gənc, ayrı-ayrı qrupların nümayəndələri aksiya keçirtdilər, onlara qarşı hər hansı bir zorakılıq, yaxud həbslər olmadı. Hətta aksiyaçılar Daxili İşlər Nazirliyinin qarşısına qədər getdilər. Polis aksiyaçıları dinc şəkildə müşahidə etdi. Amma Böyük Britaniya səfirliyi dərhal bu məsələyə reaksiya verib, aksiyaçılara təzyiq və sair neqativ halların baş verməsi ilə bağlı bəyanat yaydı. Təbii ki, bu anlaşılan deyil. Nəzərə alaq ki, bizim Böyük Britaniya ilə çox yaxşı münasibətlərimiz var. Və belə bəyanatların, açıqlamaların verilməsi əlbəttə qəbuledilən deyil. Bilirsiz ki, Azərbaycanın ayrı-ayrı qurumları buna öz reaksiyalarını verdilər.

Burda bir məsələni də qeyd etmək lazımdır ki, biz ümumi prosesi təhlil edəndə görürük ki, həmin dövrdə təkcə Böyük Britaniya səfirliyinin yox, ümumilikdə Azərbaycanda yayımlanan bir sıra Qərb media orqanlarının, beynəlxalq təşkilatların və xaricdə oturan azərbaycanlı blogerlərin əhalini kütləvi şəkildə mitinqə çağırmasının şahidi olduq. Burda aksiyaçılara xüsusi dəstək var idi. Daha çox kütlə toplamağa çalışırdılar. Məlum olduğu kimi, bu aksiyada o qədər də böyük sayda insan iştirak etmirdi. Aksiyaçılar bəyanat imzaladı. Görünürdü ki, bu, əvvəlcədən hazırlanmışdı. Çünki orda mitinqdə müşahidə olunan nüanslar nəzərə alınmamışdı.

Baxın, bu gün Ermənistan daxilində bu qədər mitinq və qarşıdurmaların olmasına baxmayaraq, Qərbdən heç bir addım atılmır, Azərbaycana qarşı ittihamlar, iddialar səsləndirməkdə davam edirlər.

Hesab edirəm ki, mayın 14-də Bakının mərkəzi küçəsində keçirilən aksiya bu təzahürün nəticələridir. Bu, Qərbin bir sıra dairələrinin Azərbaycana qarşı hücum cəhdlərinin nəticəsi kimi qiymətləndirilməlidir. Qərb əlbəttə məsələyə ikili standartla, qərəzli yanaşır. Hesab edirik ki, bu, problemi həll etmir və Azərbaycana qarşı növbəti qərəzin göstəricisidir. Orada səslənən ittiham və iddiaların heç bir əsası yoxdur.

 

- Həmin ərəfədə Azərbaycana qarşı LGBT mövzusunun istifadə edilməsi barədə yayılan məlumatların mətbuatı “bəzəməsi”, birdən-birə bu mövzunun bu qədər şişirdilməsi və bu cür kampaniyanın aparılması nəyə xidmət edir?

 

- Bu məsələni LGBT təşkilatlarının qabartdığı aydındır. Çünki onlar da Azərbaycanda keçirilən təxribatların bilavasitə iştirakçılarıdır. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox insanlar da bu məsələyə sadəlövh yanaşırlar. Hesab edirəm ki, bu da ümumi problem yaradan məsələdir.

Burda Qərb-Rusiya qarşıdurması fonunda Azərbaycana təzyiqlərin artması ehtimalları var. Yəni burda nəzərə almaq lazımdır ki, bunun arxasında Azərbaycanın yaratdığı yeni reallığı qəbul etmək istəməyən beynəlxalq qurumlar var, dövlətlər var. Burda erməni diasporasının xaricdə fəaliyyəti və bizim bir sıra xaricdə otiran azərbaycanlıların maliyyələşdirilməsi və ümumən Azərbaycana qarşı Qərbin təzyiqlərini artıraraq, öz niyyətlərinə nail olmaq istəyirlər. Bu da özünü bir sıra istiqamətlərdə açıq büruzə verir.  Görünür ki, Azərbaycanda olan mövcud sabitlik, yaratdığı reallıq bir sıra qurumları və dövlətləri narahat etməkdədir. 

 

- Ceyhun müəllim, indiki Azərbaycan reallığına baxanda necə hesab edirsiz, xarici əks qrupların gənclərimizin milli ruhuna təsir etmək gücləri varmı?

 

- Bu gün dünyada bir sıra proseslər gedir. Biz dünyanın bir sıra ölkələrində hansısa qruplar, gənclər vasitəsi ilə ölkələri qarışdırmaq cəhdlərini görürük. Bəli, bizim qarşımızda Suriya, Liviya nümunəsi var və biz bunların tarixinə, yaratdığı nəticələrə baxanda görürük ki, bu həmin dövlətlər üçün çox ciddi faciələr  yaradıb. Birmənalıdır ki, qərbdə oturan müəyyən dairələr, ermənilər, erməni diasporası Azərbaycanda sabitliyi pozmaqda maraqlıdırlar. Düzdür, dövlət insanların həyat şəraitinin yaxşılaşdırılması, dövlətin inkişafı üçün müəyyən addımlarını atır. Amma hesab edirəm ki, burada vətəndaşların da üzərinə çox ciddi vəzifələr düşür ki, vətəndaşlarımız ayıq-sayıq olmalıdırlar. Çünki bu qüvvələr müxtəlif pərdələr, müxtəlif çağırışlar altında Azərbaycanda sabitliyi pozmağa çalışırlar. Bu sabitliyin pozulması da yalnız bir sıra dövlətlərin, xüsusilə də Ermənistanın maraqlarına xidmət edir.

 

- Bir qədər əvvəl “Rossiyskaya qazeta” Qarabağ anklavındakı miskin separatizm qalığını “dövlət”, oradakı bir ovuc ermənini mifik “Dağlıq Qarabağ xalqı” kimi təqdim etdi. Qəzet məqaləni faşist təmayüllü “Yerkramas” erməni nəşrinə istinadla, “Dağlıq Qarabağda ilk rus mərkəzi açıldı” başlıq altında dərc edib. Bu, Azərbaycana qarşı aparılan hansı siyasətdir, təxribatdır?

 

- Rusiya mətbuatı, Rusiya qəzetlərinin eləcə də Ermənistan mediasının zaman-zaman belə təxribatlara çıxış etməsi artıq ənənə halını alıb. Bu baxımdan hesab edirik ki, bu kimi addımlara həm də Ermənistan tərəfi son qoymalıdır. Eyni zamanda hesab edirik ki, iki ölkə arasında imzalanmış Moskva Bəyannaməsinə tam əməl edilməlidir. Ermənistan çalışmalıdır ki, bu prosesə öz töhvəsini versin. Təəssüf ki, bu günə kimi 9 Noyabr və digər razlaşmaların bəndləri Ermənistan tərəfindən yerinə yetirilməyib. Ümid edirik ki, o bəndlər tezliklə öz həllini tapacaq.

Eyni zamanda görünən odur ki, Rusiyadakı bir sıra dairələr də Azərbaycanda sabitliyin pozulmasında maraqlıdırlar. Burda söhbət ondan gedir ki, bu gün Qərb keçmiş münaqişənin tənzimlənməsi ilə bağlı  təşəbbüsü ələ almaq istəyir. Əlbəttə Rusiya da istəyir ki, burada əsas aparıcı rolu özü oynasın. Bu baxımdan Rusiyanın bir sıra dairələri keçmiş münaqişənin tamamilə həllində maraqlı deyil. Ona görə də bir sıra hallarda Azərbaycana qarşı bəyanatları, hesabatları görürük, fərqli münasibətlər olur. Hesab edirəm ki, bu ilk deyil. Azərbaycan Rusiya ilə strateji müttəfiqliklə bağlı sənəd imzalayıb və bu sənəddə də Azərbaycanın suverenliyi, ərazi bütölüyü və digər məsələlər qəti və konkret şəkildə təsbit olunub. Biz hesab edirik ki, Rusiyanın rəsmi dairələri Azərbaycana qarşı bu kimi halların qarşısını ala bilər.

 

- Siz də qeyd etdiyiniz kimi, belə bir şəraitdə gənclərimizdən dini baxışlı “etirazçılar” hazırlanması cəhdləri varmı?

 

- Bir sıra qüvvələr çalışır ki, öz məkirli niyyətlərini həyata keçirməkdən ötrü din amilindən də istifadə edib, radikal gəncləri də bu prosesə cəlb eləsinlər. Ona görə bizim qarşımızda duran vəzifələrdən biri də bu istiqamətdə daha diqqətli olmaqdır. “Dini etiqad və azadlığı” haqqında qanuna edilən dəyişiklik də elə bu baxımdan xüsusi önəm daşıyır. Bu baxımdan da biz çalışmalıyıq ki, öz dini təhlükəsizliyimizi təmin edək.

 

- “Dini etiqad azadlığı” ideyası gənclərə necə təqdim olunmalı, maarifləndirmə işi necə aparılmalıdır?

 

- Dini etiqad haqqında qanunda edilən dəyişikliklər çox mühümdür və özündə bir neçə məqamı əhatə edir. Bunlardan biri odur ki, ibadət yerlərinə, Məscidlərə din xadimini dövlət qurumu təyin edəcək. Məscidə, ziyarətgaha din xadiminin təyin olunması böyük prosedurdur. Burda həmin şəxsin dövlətçiliyə sadiqliyi cidid bir yoxlamadan keçməlidir. Çünki bu adam 500 nəfərlə danışır, müraciət edir. Bu gün cəmiyyətdə bir narazılıq var ki, bəzi din xadimləri neqativ danışır, mövhumatı yayırlar. Ona görə də biz bura yalnız ali dini təhsili olan insanları seçəcəyik. Bir həkim, bir müəllim, bir mühəndis onun diplomu olmadan həmin sahədə işləyə bilərmi, yox. Din sahəsində də dinlə əlaqəsi olmayan, dini bilgiləri kifayət qədər olmayan, yas mərasimləri aparan, Məscidlərdə fəaliyyət göstərən insanlar var. Biz bu mühiti saflaşdırmalıyıq.  Bu baxımdan belə bir qərarın qəbul olunması çox önəmli idi.  Artıq təlimat hazırlanıb və orada hər bir məsələ dəqiq öz həllini tapıb və hər bir məsələ orda ciddi və əsaslı şəkildə göstərilib.

Qanunda digər məsələ ianələrlə bağlıdır. Kimsə istəsə gedib Məscidə yaxınlaşıb orda ianə verə bilər, kimsə istəsə onlayn qaydada edə bilər. Nəzirlərin verilməsində hesabatlılıq, dəqiqlik, şəffafalıq olmaldıır ki, insanlar verdikləri ianələrin aidiyyatı üzrə xərcləndiyini bilsinlər. İnam-etimad mühiti yaransın.

Məlumdur ki, Azərbaycan Prezidenti 2018-ci ildə İlahiyyat İnstitunun yaradılması ilə bağlı mühüm bir sənəd imzaladı. Əvvəlki dövrlərdə bizim vətəndaşlarımız dini təhsil almaq üçün adətən xaricə gedirdilər və bir sıra hallarda həmin gənclər xaricdə zərərli dini təsirlərə məruz qalırdılar. Bu gün o gənclərin arasında kifayət qədər dövlətinə, vətəninə sadiq kifayət qədər gənclərimiz də var. Amma eyni zamanda xarici ölkədə təhsil alarkən həmin ölkələrin zərərli dini təsirlərinə məruz qalan gənclərimiz də var. Biz bunu zaman-zaman Azərbaycandakı dini proseslərdə hiss etmişik. Belə ki, qeyri-ənənəvi təriqətlərin yayılmasına cəhdlər olunub və zaman -zaman da Azərbaycanın müvafiq qurumları addımlar atıblar. Nəzərə alsaq ki, biz həm də müsəlman ölkəsiyik və  bu gün Azərbaycan əhalisinin mütləq əksəriyyəti - 96%-i islama etiqad edir və bizdə dini etiqad azadlığı var, yenə də dini təhlükəsizliyini təmin etməyə çalışmalıyıq. Hesab edirəm ki, İlahiyyat İnstitunun yaradılması bizə həm dini təhlükəsizliyi təmin etməyə, öz dini təhsil sistemimizi qurmağa, eyni zamanda gələcəkdə din sahəsinə kadrların yetişdirilməsinə öz töhfəsini verəcək.  Bu gün bilirik ki, din sahəsində bir sıra problemlər mövcuddur. Bir sıra hallarda dərin dini biliklərə malik olmayan şəxslər dini təbliğat aparırlar və bu da Azərbaycan cəmiyyətində birmənalı qarşılanmır. Hesab edirəm ki, Azərbaycanın müstəqillik tarixində, Azərbaycanın din tarixində qəbul edilmiş qərarlardan biri də belə bir institunun yaradılmasıdır. Ulu öndərin dövründə Dini Qurumlarla İş üzrə Komitə yaradıldı. Qeyd etdiyimiz kimi 2018-ci ildə isə institut yaradıldı. Bu ölkə rəhbərliyinin dinimizə, milli- mənəvi dəyərlərimizin güclənməsinə növbəti tövhəsidir və bu bizim gənclərimizin sağlam dini bilgilərə yiyələnməsinə də öz müsbət təsirini göstərəcək.

 

- Ceyhun müəllim, belə qeydlər var ki, Azərbaycan öz islam modelini yaratmaldır... Bu nədir. Ümumən dünyanın din siyasətinə baxanda, biz bu istiqamətdə nə dərəcədə adekvat addımlar ata bilirik?

 

- Dinə yanaşmada dünyada müxtəlif modellər var. Məsələn, sovet dövrü 70 il mübarizə apardı, bu mübarizə heç bir effekt vermədi. Bu gün biz onun fəsadlarını yaşayırıq. Bəzi ölkələrdə artıq dinə daha geniş yer verilir. Din elə bir sahədəir ki, bütün hallarda sən onunla əməkdaşlıq etməlisən. Yəni dinlə mübarizə, onun qarşısını almaq istənilən effekti vermir.  Dünyada belə bir yanaşma var ki, ideologiyalara qarşı ideologiyalar qoyulmalıdır. Yəni bu gün biz özümüz öz sistemimizi qurmasaq, o zaman xarici təsirləri özümüzdə hiss edəcəyik. Din xüsusi sahədir və dini qurumlarda çalışan mütəxəssislər bunu bilməldiir. O baxımdan institut da iki istiqamətdə kadr hazırlığını qarşısına məqsəd qoyub.  Biri, ayrı -ayrı dövlət qurumlarında çalışacaq mütəxissislərin yetişdirilməsidir.

Bəzən ekstertlər, məmurlar “model” ifadəsini qəbul etmirlər. Amma, bəli biz öz modelimizi yaradırıq. Bizim dini modelimiz, dini baxışımız nədir, biz dinə necə yanaşmalıyıq... Bu model özündə bu sualları açıq. Bizdə dini etiqad azadlığı var, tolerantlıq var, multikulturalizm var, biz müsəlman ölkəsiyik və biz öz dəyərlərimizi qoruyuruq. Biz dünyəvi dövlətik, müsəlman dövlətiyik, din dövlətdən ayrıdır, amma dövlət dindən ayrı deyil. Biz öz dəyərləimizi qoruyuruq. Dövlət dini proseslərə nəzarət etməldiir. Həm də dövlət -din münasibətlərini tənzimləməlidir. Bu kontekstə birinci məsələ bir məmur, müəllim kadrları yetişdirməkdir. Bizim dini modelimizdə bu var.  

 

İkinci məsələ, institut din xadimləri yetişdirir. Bu günə qədər biz bunu xaricdən gələn kadrlarla, bir sıra hallarda dini savadı olmayan insanlarla həll edirdik. Bu da bizə bir sıra hallarda problemlər yaradırdı.

Bu gün post-müharibə dövründə yaşayırıq. Bizim milli ideologiyamızda Xalq Cumhuriyyəti dövründən gələn-  türkçülük, islam və demokratikləşmə var. Bu baxımdan əslində biz dindən istifadə edərək, gənclərimizi milli-mənəvi dəyərlərə sadiq ruhda yetişdirə bilər. Dinimizin xüsusiyyətlərində - “vətəni sevmək imandandır”, “Vətən yolunda şəhid olmaq”, “şəhidlik ən uca məqamdır” tezisləri, şüarları yer alır. Siz vətən müharibəsində şəhid olanların statistikasına baxsanız onların içərisində xeyli iman əhlinin də olduğunu görərsiz. Bu baxımdan hesab edirəm ki, dövlətləri saxlayan onun dəyərləridir.  Cənab prezident də hər zaman bunu xüsusi vurğulayır. Baxın, təsadüfi deyil ki, bu gün Prezidentin tapşırığı ilə  Daşaltıda Məscid inşa edilir, Zəngilanda Məscidi bərpa edirlər, Hadrutda, Suqovuşanda Məscid tikilir. Bu da onu göstərir ki, dövlət rəhbəri milli -mənəvi dəyərlərin formalaşmasına öz töhfələrini verir.

Dünya siyasətinə baxın. Ölkələri dağıtmaq üçün bir din, bir də milli məsələrdən istifadə edirlər. O baxımdan Azərbaycanın çox unikal bir nümunəsi var. Məsələn, biz bu gün Bakının mərkəzində erməni kilsəsini qoruyuruq. 90-cı illərin əvvəllərində bəziləri deyirdi ki, bu erməni kilsəsidir biz bunu dağıtmalıyıq. Bu çox primitiv bir yanaşma idi.  Bu gün Bakıda iki yəhudi sinaqoqu, üç provaslav kilsəsi, katolik kilsəsi fəaliyyət göstərirlər. Bu da Azərbaycandakı mövcud tolerantlığı müəyyənləşdirir. Bəzən bu həqiqətləri yaşadığımıza görə insanlarımız buna adi bir məsələ kimi baxırlar, bu adi məsələ deyl.  Ermənilər Qarabağ müharibəsində çox çalışdılar ki,  “xiristian-müsəlman münaqişəsi” görüntüsü yaradaraq dəstək əldə etsinlər. Amma nə baş verdi: Azərbaycan elə bir siyasət həyata keçirtdi ki, rus provaslav kilsəsi Azərbaycanı dəstəklədi.  Roma katolik kilsəsi Azərbaycana hər hansı bir adi irad bildirmədi, çünki Azərbaycan təkcə Bakıda yox, Vatikanda da kilsələri bərpa və təmir etdirir. Biz bunu yəhudilərlə bağlı deyə bilərik. Qubada olan Qırmızı qəsəbə dünyada unikal bir məkanlardan biridir. Burada dinlər arasında yüksək müasibət var. Bir tərəfdə 3 sinaqoq, bir tərəfdə müsəlman məscidləri fəaliyyət göstərir. Bu siyasət çox uğurla aparılır. Sinaqoq inşa edilib. Dövlət, ayrı-ayrı dini iclamalara yardım ayırır. Bu çox önəmli məsələdir. Bu gün Vatikan Roma Katolik Kilsəsi dünyada siyasi proseslərə təsir etmək imkanına malik bir qurumdur. Məsələn, Amerika siyasətində Baptislər, Yeqovanın şahidləri və digər icmalar dövlətin siyasətinə təsir etmək imkanına malikdirlər. Ona görə də dövlət bu siyasəti uğurla həyata keçirir. Çalışmalıyıq ki, bu siyasəti də gələcəkdə uğurla davam etdirək. /həftə içi/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ